AZƏRBAYCAN TEATRINDA İLYAS ƏFƏNDİYEV AMİLİ

 

MƏRYƏM ƏLİZADƏ

  

İlyas Əfəndiyevin şəxsiyyəti, ədəbi və dramaturji yaradıcılığı, əsərlərinin teatr təcəssümü və onlardan qaynaqlanan mətləblər İlyas Əfəndiyev dramaturgiyasına məhz yeni elmi konsepsiyaların araşdırma üsulları ilə yanaşmaq imkanı verir.

 

Təbii ki, XX əsrin II yarısında Azərbaycan ədəbiyyatının öndər simalarından sayılan, sağlığında ikən “canlı klassikdeyilib çağırılan, milli dramaturgiya məktəbinin davamçısı qüdrətli qələm ustası İlyas Məhəmməd oğlu Əfəndiyevin ədəbi-bədii fəaliyyətinin bütün təzahürlərini kiçik bir ön söz çərçivəsində əhatələmək mümkünsüzdür. Ona görə ki, İlyas Əfəndiyev çoxsaylı hekayələrlə, povestlərlə, irihəcmli romanlarla, Azərbaycan milli dramaturgiyasının yaraşığına çevrilmiş pyeslərlə yanaşı, həm də miqdarı yüzlərlə hesablanan elmi-tənqidi, filoloji, kulturoloji məqalələrin, publisistik yazıların, resenziyaların müəllifidir, respublikada teatrın yaşam ritmini, teatr prosesini tənzimləyən sənətkarlardan biridir.

Lakin ən önəmlisi budur ki, onun əsərləri yalnız Azərbaycan oxucularına və seyrçilərinə yox, həmçinin dünya xalqlarının ədəbiyyatsevər nümayəndələrinə də yaxşı məlumdur. Müəllifin nəsrinin və dramaturgiyasının əcnəbi dillərə tərcümə tarixi keçən əsrin 50-ci illərindən başlayır. İlyas Əfəndiyev yaradıcılığının işığını, poetikasını, bədii-estetik siqlətini, İlyas Əfəndiyev dünyasının mənəvi parametrlərini bütövlükdə özündə əks etdirə bilmiş ən bariz, xarakterik örnəklər ingilis, rus, alman, tacik, ispan, fransız, çex, eston, slovak, litva, gürcü dillərində nəşr olunmuşdur. Hətta kumık ədəbiyyatında da İlyas Əfəndiyevin tərcümə edilmiş əsərləri özünə layiqli yer almışdır.

Azərbaycan müstəqillik qazandıqdan sonra isə İlyas Əfəndiyev sözün əsl mənasında dünya masştabında, dünya çapında tanınan bir yazar, bir dramaturqdur. Odur ki, İlyas Əfəndiyevin əsərlərinin türkcə nəşri Azərbaycan milli mədəniyyəti üçün son dərəcə əhəmiyyətli bir hadisə kimi qiymətləndirilməlidir. Azərbaycan xalqının ədəbi-bədii irsilə türkiyəli oxucu arasında körpü yaratmaq baxımından da bu addım önəmli mahiyyət kəsb edir. Bu kitabın Türkiyədə nəşr edilməsinin Azərbaycan teatrından ötrü də səmərəsi böyükdür.

Məsələ budur ki, İlyas Əfəndiyevin yazdığı 20 pyesdən düz 19-u Azərbaycanın və eləcə də Türkiyənin müxtəlif teatrlarının səhnəsində uğurla oynanılmışdır. Azərbaycan Milli Dram Teatrının müasir tarixisə birbaşa şəkildə onun adı ilə bağlıdır. İlyas Əfəndiyevin bu teatrların səhnəsində son 50 il ərzində tamaşaya hazırlanmış “İşıqlı yollar” (1947), “Bahar suları” (1948), “Atayevlər ailəsi” (1954), “Sən həmişə mənimləsən” (1964), “Unuda bilmirəm” (1968), “Məhv olmuş gündəliklər” (1969), “Mahnı dağlarda qaldı” (1972), “Qəribə oğlan” (1973). “Xurşunbanu Natəvan” (1981), “Büllur sarayda” (1983), “Bizim qəribə taleyimiz” (1988), “Sevgililərin cəhənnəmdə vüsalı” (1989), “Hökmdar və qızı” (1994) kimi pyesləri çağdaş teatr təfəkkürünün inkişafına güclü təsir göstərmişdir. Məhz lirik-psixoloji dram janrının nəzəri-estetik prinsipləri, bədii qayəsi bu pyeslərin poetikası və arxitektonik quruluşu əsasında ədəbiyyatşünaslıq tərəfindən müəyyənləşdirilir.

“Sən həmişə mənimləsən” (1964) pyesi müəyyən bir dövrün, epoxanın, zamanın simvoludur, rəmzidir, 60-cı illərin məişət romantikasının, lirik-psixoloji münasibətlər şəbəkəsinin güzgüsüdür, adi insan yaşantılarının teatral poeziyasının ifadəsidir. Bu pyes dünyanın 60-cı illər mənzərəsində azərbaycanlı mənəviyyatını, türk əxlaqını əks etdirən bədii bir sənəddir. Müasir azərbaycanlı psixologiyasının ekzistensional mündəricəsinin öyrənilməsi yolunda ilk bələdçi məhz “Sən həmişə mənimləsən” pyesidir. Bunlardan əlavə “Sən həmişə mənimləsən” pyesi Azərbaycan teatr mədəniyyətində yeni bir estetik mərhələnin başlandığını müjdələyib, yeni rejissuranın, yeni aktyor ifaçılığının meydana gəlməsini şərtləndirib, Azərbaycan milli dramaturgiyasının çağdaş axtarışlarının dəyərli təzahürü kimi əlamətdar olub, teatrımızın həm repertuar siyasətinin istiqamətlənməsinə kömək edib, həm də onun sonrakı inkişafı üçün mühüm estetik koordinatları müəyyənləşdirib. Elə 1964-cü ildəcə bu pyes əsasında hazırlanan tamaşanın fantastik uğuru onu müasir Azərbaycan teatrının özünəməxsus “Qağayı”sına çevirdi. İlyas Əfəndiyevin Azərbaycan teatr mədəniyyəti qarşısındakı təkcə bu xidməti imkan verir ki, böyük dramaturji istedada malik bu şəxs xalq tərəfindən mütəmadi şəkildə anılsın, xatırlansın, yad edilsin. Müəllifin pyeslərinin uğurlu səhnə taleyini Azərbaycan teatr tarixində konkret bir dönüş, konkret bir mərhələ olduğunu dərk edən teatrşünaslıq isə “İlyas Əfəndiyev teatrı” terminini elmə daxil edir. “İlyas Əfəndiyev teatrı” anlayışında 60-cı illərdə Azərbaycan teatr poetikası, Azərbaycan teatrının bədii-estetik prinsiplər cədvəli öz əksini tapır.

İlyas Əfəndiyev teatrı” anlayışında 60-cı illərdə Azərbaycan teatr poetikası, Azərbaycan teatrının bədii-estetik prinsiplər cədvəli öz əksini tapır.

Azərbaycan milli teatrını proses kimi götürdükdə, hətta onun təsisatlı (institusional) mərhələsini belə donmuş, statik hadisə kimi deyil, zaman içində bir hərəkət kimi təhlil etməyi tərcih edirəm. Bu mənada, Azərbaycan teatrında konkret zaman kəsiyində İlyas Əfəndiyev amiliniya fenomenini məhz prosesimizin əbədi hərəkəti kontekstində araşdırmaq məqamı yetişibdir. Obrazlı desək, “İlyas Əfəndiyev fenomenini açıqlamaq üçün Jül Vernin məşhur romanındakı Kapitan Nemonun sualtı qayığının devizini xatırlamaq yerinə düşər: “Hərəkətli hərəkətlidə”.

Yeni elmi düşüncənin əsaslarında duran Kvant fəlsəfəsi qeyri-səlis məntiqlə izah olunur, açılır və fövqəladə yeni, gözlənilməz qənaətlərə gəlməyə imkan verir. Çağdaş elmdə məhz bu yeni açılan perspektivlər məni İlyas Əfəndiyevin yaradıcılığını ənənəvi ədəbiyyatşünaslıq və ənənəvi teatrşünaslıq mövqeyindən deyil, “Zaman içində dalğafenomeni kimi araşdırmağa sövq etdi. Odur ki, bununla bağlı tezisləri bəyan edərək, mətləbə keçməzdən öncə bir şeyi tam əminliklə və tam məsuliyyətlə deyim:

İlyas Əfəndiyevin şəxsiyyəti, ədəbi və dramaturji yaradıcılığı, əsərlərinin teatr təcəssümü və onlardan qaynaqlanan mətləblər İlyas Əfəndiyev dramaturgiyasına məhz yeni elmi konsepsiyaların araşdırma üsulları ilə yanaşmaq imkanını verir. Ən əvvəl ona görə ki, bu görkəmli yazar yaşadığı dövrün, yəni onun payına düşən zaman kəsiyinin demək olar ki, əksəriyyətinin bədii-estetik, fəlsəfi, mənəvi-əxlaqi inikasını yaradıb və bu inikas, yəni, pyeslərinin səhnə təcəssümü müasirlərinin düşüncə-duyğularını formalaşdırıb. Bu fakt aksiomadır və mən elmi düşüncələrimdə bundan çıxış edirəm.

Üzərində çalışdığım konsepsiyanın I tezisini bəyan edim:

İnsan varolmasının dördüncü ölçüsü, boyutu olan Zaman özü-özlüyündə paradokslardan və fenomenlərdən ibarətdir. Zamanın bir neçə təzahür formaları var. Bunları düşündükcə, çox tez dəqiq elmi düşüncədən bədii-yaradıcı düşüncəyə keçməli olursan. Fiziki zaman, astronomik zaman, təqvimi zaman, psixoloji zaman, nisbi (relyativ) zaman, fərdi zaman, mücərrəd zaman. Paradoks elə burdan başlayır ki, bütün bu sadalanan anlayışlar bir sözdə – hamının rahatca istifadə etdiyi Zaman, vaxt söz-anlayışında birləşir. İstənilən sənət fenomenini məhz və yalnız Zaman anlayışını paradoks kimi qəbul edəndə cüziolsa, anlamaq mümkün olur.

İcazənizlə, “İlyas Əfəndiyev fenomenini açıqlamaq üçün quraşdırdığım bir sillogizmi sizə təqdim edim:

1. İlyas Əfəndiyev mədəniyyət və incəsənətimizin fenomenidir.

2. Bu fenomen artıq paradoks kimi qəbul etdiyimiz Zamana məxsusdur. Deməli, İlyas Əfəndiyevin özünü, yaradıcılığını, konkret əsərlərini bütövlükdə əhəmiyyətini paradoks çərçivəsində araşdırmaq lazımdır.

Nəzərə alınsa ki, “paradokssözünün lüğəti mənası ilk baxışdan qəribə olan isə deməkdir, aydın olmalıdır ki, İlyas Əfəndiyev irsinə bu rakursdan yanaşma da yalnız ilk baxışdan qəribə kimi dəyərləndirilə bilər.

İlyas Əfəndiyevin dramaturji əsərlərinin adlarına müraciət edib, onları təklif etdiyim rakursdan analiz etmək kifayətdir ki, irəlidə açılan yeni məzmunların məna tutumunu açıq görək. Misal: “Sən həmişə mənimləsən yaxud “Boy çiçəyi” (əbədi zaman), “Məhv olmuş gündəliklər” (yazıya həkk edilmiş günlər), “Unuda bilmirəm” (yaddaş zamanı), “Bizim qəribə taleyimiz” (mistik zaman), “Atayevlər ailəsi” (nəsillər-zaman), “Sevgililərin cəhənnəmdə vüsalı” (infernal (o tay) zaman), “Büllur sarayda” (dondurulmuş zaman) s.

Vaxtınızı alıb bütün pyesləri sadalamayacağam, məncə aydındır ki, bu material göstərdiyim aspektdən analiz üçün son dərəcə səmərəlidir.

I tezis: Hamıya məlumdur ki, İlyas Əfəndiyev parlaq ədəbi debütünə rəğmən (roman s.) özünü dramaturgiyaya həsr edən sözün bu mənasında ötən əsrin ikinci yarısında yeganə xalis dramaturqdur. O da məlumdur ki, dramaturji əsərin bütün məziyyətləri, ideya duyğuları teatr səhnəsinin konkret zaman-məkanında realizə olunur. Bu baxımdan məni maraqlandıran ikinci məsələİlyas Əfəndiyev fenomeni”nin xronotopyəni zaman-məkan vəhdətinin göstəriciləridir. Bu göstəriciləri müəyyənləşdirmək birinci məsələdən nisbətən asandır. Çünki İlyas Əfəndiyevin dramaturgiyasında bədii düşüncəmizdə mövcud olan xronotopların əksəriyyəti (kənd, şəhər, dağ, aran, meşə, kabinet s.) öz əksini tapır. Mən əminəm ki, İlyas Əfəndiyevin dramaturgiyasındakı xronotop məsələsinə müxtəlif rakurslardan yanaşılma məhsuldar olan teatrşünaslıq problemidir.

II tezis bilavasitə İlyas Əfəndiyevin yaradıcılıqla məşğul olduğu konkret tarixi dövrlə bağlıdır. XX əsrin ikinci yarısında Azərbaycanda, SSRİ- dünyada baş verən mənəvi xassəli problemlər İlyas Əfəndiyevin dramaturgiyasında öz əksini tapıbdır. Sirr deyil ki, bu dövrdə zatən istedadlı ləyaqətli sənətkarlar, obrazlı desək, “düz sözüya zarafata salıb deyirdilər, ya da dövr haqqında deyilən düz sözü qorumaqdan ötrü onun ətrafında yayındırıcı şirmalar qururdular. İndi dövr yetişib biz İlyas Əfəndiyevin dramaturji əsərlərində quraşdırıcı şirmaları aradan götürüb, əsərlərininxalis mahiyyəti”ni, dərin fəlsəfi mənalarını adekvat, yəni necə var açıqlaya bilərik. Sözügedən bu əməliyyatların nəticəsində əminəm ki, oxucu-tamaşaçıların gözü qarşısında hardasa yeni, bəlkə gözlənilməz İlyas Əfəndiyev canlanacaq.

İlyas Əfəndiyevin əslində gələcəyə ünvanlandırdığı mesajlar bu gün həssaslıq dəqiqliklə qəbul edilməlidir.

İlyas Əfəndiyevin nəsri Azərbaycan ədəbiyyatının zirvələrindən biridir. O, “Söyüdlü arx” (1958), “Körpüsalanlar” (1960), “Dağlar arxasında üç dost” (1963), “Sarıköynəklə Valehin nağılı” (1978), “Geriyə baxma, qoca” (1980), “Üçatılan” (1981), “Qaçaq Süleymanın ölümü” (1993), “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı” (1996)kimi əsərlərilə Azərbaycan nəsrinin inkişafını yeni mərhələyə yüksəltmişdir. İlyas Əfəndiyevin ədəbi-bədii irsi XX əsr azərbaycanlısının təfəkkürünün, düşüncələrinin, psixologiyasının, ictimai-sosial həyatının, məişətinin, yaşantılarının, duyumlarının aynasıdır, problemlərinin, ağrı acılarının, iztirablarının, iftixarının günahının arxividir, öyrənc yeridir. Rəsmi şəkildə 1939-cu ildən ədəbiyyata gələn müəllif ta ölümünə qədər yazıb-yaratmış, qələmini yerə qoymamışdır. Odur ki, İlyas Əfəndiyev haqlı olaraq ədəbiyyatımızın fəxri sayılır. Təsadüfi deyil ki, bu gün İlyas Əfəndiyevin nəsri, dramaturgiyası, teatr fəaliyyəti barəsində ədəbiyyatşünaslıqda teatrşünaslıqda yazılmış məqalələri, resenziyaları, esseləri, bədii-publisistik oçerkləri, elmi-tədqiqat araşdırmalarını bir yerə toplayıb bir ayrıca kitabxana yaratmaq mümkündür. Belə yazıların sayı 1000-i keçmişdir maraqlısı budur ki, İlyas Əfəndiyevin zəngin bədii irsinin öyrənilməsi tədqiqi hələ davam edir. Elə buna görə İlyas Əfəndiyevin əsərlərinin təkrar-təkrar nəşr edilməsi milli mədəniyyətimiz üçün olduqca önəmli bir hadisə sayılmalıdır.

 

 

MƏRYƏM ƏLİZADƏ

Sənətşünaslıq doktoru,

Professor

 

525-ci qəzet.- 2011.- 1 oktyabr.- S.20.