Fəxri Uğurlunun “Dərviş”i Türkiyədə yeni tərcümədə çap edilib

 

Yazıçı Fəxri Uğurlunun “Dərviş” hekayəsi bu yaxınlarda Avrasiya Yazarlar Birliyinin aylıq dərgisi “Qardaş qələmlər”də çap olunub. Jurnal əsasən türkdilli ölkələrin yazıçılarının əsərlərini çap edir. “Dərviş” hekayəsi Türkiyədə bundan əvvəl də (“Baykara” dərgisi və dörd Azərbaycan yazarının hekayə və povestlərinin toplandığı “Dört dörtlük” kitabında) çap olunub. Bu dəfə isə “Dərviş” hekayəsi Türkiyə oxucularına tərcüməçi, jurnalist, türk dilləri üzrə mütəxəssis Seyfəddin Altaylının çevirməsində təqdim edilib.

“Dərviş” hekayəsi Fəxri Uğurlunun “Tanrı dağları” silsiləsində ilk hekayəsidir. “Tanrı dağları” silsiləsinə ümumilikdə bu hekayələr daxildir: “Dərviş”, “Şeyx Sənan”, “Leylinin məcnunluğu”, “İsgəndərin qanunu”, “Peyğəmbər”, “Fərhadın Xosrovu öldürməsi”, “Məryəmin oğlu”, “Dul”, “Ana, sənin ərin kimdi?..”, “Oğlum sonuncu dayanacaqda düşəcək...”, “Ehsan”, “Atillanın qəbri”.

Fəxri Uğurlu (Əliyev Fəxri Ağa oğlu) 1968-ci ildə Bakıda doğulub. 1986-cı ildə orta məktəbi bitirib, elə həmin il Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olub. 1987-89-cu illərdə sovet ordusunda xidmət edib. 1993-cü ildə universiteti bitirib. 1986-cı ildən mətbuatda bədii yazılarla çıxış etməyə başlayıb. Hələ tələbə ikən üç kitabı – “Tək ağac” (1992), “Diləklərin azması” (1993), “Oğuznamələr” (professor Kamil Vəliyevlə birlikdə – 1993) işıq üzü görüb. Sonralar daha üç kitabı – “Üç kəndin bir dərdi” (Şəhidlər haqqında – 1995) Uşaqların mahnısı” (1999), “Tanrı dağları” (2010) çap olunub. 1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

 

 

“MEDİA FORUM”

 

525-ci qəzet.- 2011.- 1 oktyabr.- S.17.