II Bakı Beynəlxalq
Kitab Sərgi-Yarmarkasına Gənc Ədiblərlə
görüş yekun vurdu
II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının bağlanış mərasimi olub. Mərasimdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli üç günlük sərgi-yarmarkanın uğurla baş tutduğunu və əhali arasında çox böyük marağa səbəb olduğunu deyib. Nazirliyin Nəşriyyat sektorunun müdiri, əməkdar incəsənət xadimi, tanınmış şair Çingiz Əlioğlu, M. F. Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov da 3 gün davam edən sərgi-yarmarka çərçivəsində kitab təqdimatları, tanınmış yazarlarla görüşlər, ədəbi-bədii gecələr, simpoziumlar və müzakirələr keçirildiyini bildiriblər.
25 ölkəni əhatə edən tədbirdə 121 Azərbaycan, 135 beynəlxalq nəşriyyatın kitabları təqdim olunub. Sərgi-yarmarkada son üç ildə ölkə nəşriyyatlarında, eləcə də ABŞ, Rusiya, İran, Türkiyə, Macarıstan, Makedoniya, Slovakiya, Belarus, Latviya, Moldova, Özbəkistan, Qırğızıstan, Tacikistan və digər ölkələrdə nəşr edilən kitablar, nəşr məhsulları nümayiş etdirilib.
Çıxışlardan sonra sərgi-yarmarkada iştirak edən hər bir nəşriyyat-poliqrafiya evinə sertifikatlar təqdim olunub.
Daha sonra ötən iki ildə Azərbaycan Yazıçılar Birliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi kimi fəaliyyət göstərən Gənc Ədiblər Məktəbinin (GƏM) toplantısı keçirilib və Sərgi-yarmarkaya bu görüşlə yekun vurulub. Görüşə Birliyin katibi və Məktəbin rəhbəri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid aparıcılıq edib, əvvəlcə Sərgi-Yarmarka və GƏM barədə fikirlərini bölüşüb. R.Məcid Sərgi-Yarmarkaya məhz GƏM üzvlərilə görüşün yekun vurmasının müsbət simvolik məna daşıdığını vurğulayıb. Sonra söz gənc yazarlara verilib. Məktəbin məzunlarından Qismət, Elşad Ərşadoğlu, Zərdüşt Şəfizadə, Elvin Bakiroğlu şeir oxuyublar. Gənc yazan Pərvin çıxış edərək, GƏM-in fəaliyyətinin önəmi və ümumən bədii yaradıcılıq barədə fikirlərini bölüşüb. Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının çıxışında ədəbiyyatın mahiyyəti, ədəbi mühitin və bədii yaradıcılığın özünəməxsusluqları barədə dəyərli fikirlər, həmçinin bu mövzuda gənclərə dəyərli tövsiyələr yer alıb.
Nərmin
HÜSEYNZADƏ
525-ci qəzet.-
2011.- 1 oktyabr.- S.11.