“BMT-yə istiqamətlənməyimiz
sülh prosesinə əlavə təkan
vermək niyyəti güdür”
SƏFİR
NASİR ƏBDÜLKƏRİM ƏBDÜRRƏHMANLI:
“ÜMİD EDİRİK Kİ AMERİKA BİZİM BMT-yə
ETDİYİMİZ BU MÜRACİƏTƏ QARŞI
ÇIXMAYACAQ”
Nasir Əbdülkərim Əbdürrəhmanlı
Fələstinin Azərbaycana təyin olunmuş ilk fövqəladə
və səlahiyyətli səfiridir. 1988-ci ildən Fələstinin
xarici işlər nazirliyində çalışan diplomat
ölkəsinin bundan əvvəl Tunis, Malayziya,
İndoneziyadakı təmsilçiliyində
çalışıb. İlk səfir fəaliyyətinə
Azərbaycandan başlayan diplomat “525”ə müsahibəsində
bunu özü üçün şərəf
saydığını vurğulayıb.
–Cənab səfir, Azərbaycanda diplomat
kimi çalışmağın nə kimi
üstünlükləri var?
–İlk səfir fəaliyyətimə
burada başlamışam. Ümumiyyətlə digər
ölkələrlə müqayisə etsək söyləmək
olar ki, Azərbaycanın xüsusilə Qafqaz regionunda yerləşməsi
mənim üçün önəmli hadisədir.
Çünki sovetlər dövründən bu yana həmin
ittifaqa daxil olan ölkələrlə belə yaxından
tanışlıq və əməkdaşlıq imkanım
olmayıb. Azərbaycan regionda yeganə dövlətdir ki, bura
səfir kimi təyin olunmuşam. Üstünlüklərə
gəlincə, deyə bilərəm ki, hər bir ölkənin
özünəməxsusluğu var. Azərbaycanın
özünəməxsus xüsusiyyətləri çoxdur,
amma mən mədəni tərəfini, gözəl, əsrarəngiz
təbiətini xüsusi vurğulamaq istərdim. Azərbaycanla
Fələstini birləşdirən məqamlardan biri də məhz
mədəniyyət sahəsidir. Mədəniyyət hər
iki dövlətin tarixi dəyərlərinə və köklərinə
əsaslanır. Bu sahədə xalqlarımızın
oxşarlıqları var. Eyni zamanda mətbəximizdə də
bənzərliklər var. Düşünürəm ki, Azərbaycan
bu söylədiyim sahələrdə, eləcə də digər
cəhətləri ilə bəzi ölkələri üstələyib.
–Fələstin Azərbaycan münasibətlərinin
hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?
–Azərbaycanla Fələstin arasında
əlaqələr tarixə söykənir. Bu əlaqələr
hər iki ölkənin mərhum prezidentləri Yasir Ərəfat
və Heydər Əliyev dövründə də mövcud
idi. Azərbaycanla Fələstin arasında diplomatik əlaqələr
hər zaman olub. Amma bizim səfirliyimiz əvvəl Azərbaycanda
deyil, başqa ölkədə yerləşirdi. Bakıda
diplomatik korpusumuzun fəaliyyətə başlaması təbii
ki, diplomatik əlaqələrimizin daha da gücləndirilməsinə
gətirib çıxaracaq. Siyasi əlaqələrlə
yanaşı biz Azərbaycanla digər sahələrdə də
əməkdaşlıqda maraqlıyıq.
Çalışırıq ki, turizm, mədəniyyət,
ticarət kimi sahələrdə əlaqələrimiz
yüksək səviyyəyə çatsın.
–Bu sadaladığınız sahələrdə
əlaqələr qurulubmu və onların səviyyəsi barədə
nə deyə bilərsiniz?
–Siyasi əlaqələr dediyim kimi
inkişaf etməkdədir. Amma digər sahələrdə əlaqələrimiz
başlanğıc mərhələsindədir. Və bu əlaqələrin
inkişafına səy göstəririk. Səfirlik olaraq
çalışırıq ki, dövlətlərimiz
arasında bir sıra müqavilələr imzalansın, bu
müqavilələr turizm, iqtisadiyyat və humanitar sahələri
əhatə etsin. Düşünürəm ki, biz sənədlərin
imzalanmasına nail olsaq, o zaman əlaqələrimizin gələcək
inkişafına bir baza yaranmış olacaq.
–Azərbaycanla Fələstin
qarşılıqlı olaraq hansı məhsulların idxal və
ixracını həyata keçirə bilər?
–İqtisadi sahəyə nəzər
salsaq, indi Azərbaycan Fələstindən yalnız dərmanlar
idxalı ilə məşğuldur. Bizim beynəlxalq
standartlara cavab verən 6 dərman zavodumuz fəaliyyət
göstərir. Eyni zamanda kənd təsərrüfatı məhsulları
da kifayət qədər var. Bunlar zeytun, turşu məhsullarıdır.
Biz bu kimi sahələrdə Azərbaycanla əlaqələrimizi
inkişaf etdirməyin tərəfdarıyıq. Eyni zamanda
enerji sahəsində əməkdaşlıqda maraqlıyıq.
İnvestorların qarşılıqlı olaraq səfərləri,
vəziyyəti öyrənib müəyyən işlər
qurmaları da əməkdaşlığımızı
üçün vacibdir. Gələcəkdə bu kimi
planlarımız var. Məqsədimiz isə iki dövlət
arasında əlaqələri möhkəmləndirməkdir.
–Bu gün beynəlxalq gündəmin əsas
məsələlərindən biri Fələstin lideri Mahmud
Abbasın ölkəsinin BMT-yə üzvlüyü ilə
bağlı müraciətidir. Siz bununla bağlı hansı
qərarı gözləyirsiniz və qərar müsbət
olmasa Fələstin hansı addımları atacaq?
–Məlum olduğu kimi Fələstin
artıq BMT-yə üzv dövlət olmaq üçün tələbini
təqdim edib. Bu Təhlükəsizlik Şurasına təqdim
olunub. Əgər biz Təhlükəsizlik Şurasında bu
tələbə qarşı hər hansı bir sanksiya, əks
qərarla rastlaşsaq, onda digər seçimlərə əl
atacağıq. Bu variantlardan biri də Baş Assambleyaya qəbul
olunmağımızdır. Burda artıq Fələstin
müşahidəçi dövlət qismində təmsil
olunacaq ki, bu da Fələstinin digər beynəlxalq təşkilatlara
da üzvlüyünə gətirib çıxara bilər.
Bizim seçimimiz İsrail tərəfi ilə davamlı
sülh prosesi, sülh müqaviləsinin imzalanmasıdır.
Biz İsraillə sülh yolu ilə bu prosesin nizamlanmasında
maraqlıyıq. Fələstinin suverenliyinin təmin
olunmasında bizim hədəfimiz sırf sülh vasitələrindən
istifadə etməkdir. Lakin sülh prosesinə sadiq
qalmağımız üçün konkret olaraq ciddi bir
müttəfiqə də ehtiyacımız var. Yəni
qarşı tərəfin ciddiliyinə ehtiyacımız var.
Belə olarsa, prosesin sülh yolu ilə nizamlanmasına nail ola
bilərik. Ümumiyyətlə, bunun üçün biz
İsrail tərəfi ilə həmişə
danışıqlara hazır olmuşuq, prosesin
nizamlanmasına çalışmışıq və hesab
edirəm ki, burada əsas məsələ qaçqınlar,
Şərqi Qüds, su problemi, eyni zamanda həbsdə
olanların problemləridir. Bunlar həllini tapmalıdır.
Bizim BMT-yə istiqamətlənməyimiz sülh prosesinə əlavə
bir təkan vermək niyyəti güdür. Yəni sülh
prosesinə əlavə bir güc vermək üçün məhz
BMT-yə üz tutmuşuq və tələbimizlə
çıxış etmişik.
–ABŞ prezidenti bir müddət əvvəl
67-ci il hüdudları çərçivəsində Fələstin
dövlətinin yaradılmalı olduğunu bəyan
etmişdi Lakin indi bunun əleyhinə çıxır. Sizcə
ABŞ-ın mövqeyini dəyişməsinə nə səbəb
olub?
–Doğru söylədiniz, məhz ötən
il ABŞ prezidenti Barak Obama BMT Baş Assambleyasının
bildirmişdir ki. 2011-ci ilin sentyabrda Fələstini BMT-də
tam hüquqlu dövlət kimi görmək istəyir. Amma bu
çıxışdan sonra indi onu müşahidə edirik
ki, Birləşmiş Ştatların mövqeyində dəyişiklik
var. Dəyişiklik isə ondan ibarətdir ki, artıq bu qərara
qarşı Vaşinqton öz mövqeyini ortaya qoyub.
Ümumiyyətlə, ola bilsin bu, ABŞ-ın daxilində olan
siyasi hesablamalardan, gələn il keçiriləcək
seçkilərdən doğan bir məsələdir. Ümid
edirik ki Amerika bizim BMT-yə etdiyimiz bu tələbimizə,
müraciətimizə qarşı çıxış etməyəcək.
67-ci il prinsiplərinə gəlincə, bir neçə ay əvvəl
də Obama vurğulamışdı ki, məsələ 67-ci
il hüdudları çərçivəsində həll
olunmalıdır. Amma İsrailin baş naziri Benyamin Netanyahu
Vaşinqtonda olduğu zaman bu mövqeyə qarşı öz
kəskin etirazını bildirdi və onun Obama ilə
danışıqlarından sonra nədənsə bu mövqedə
dəyişiklik hiss olundu. Sülh prosesində bu əsas
mövzu kimi qoyulsa da, sonra dəyişdirildi. Netenyahunun özünün
irəli sürdüyü bir sıra şərtlər
artıq əsas olmağa, sülh prosesində əsas rol
oynamağa başladı. Bu fikrin ortaya qoyulması bizim
üçün həqiqətən mövqedə dəyişikliyə
gətirib çıxardı və Netenyahu hökumətində
heç də bu sülh prosesinin nizamlanmasına öz ciddiliyini
göstərmir. Əgər bir halda ki, baza prinsipi olaraq hər
iki dövlətin yaradılması məsələsi gündəmdədir,
onların hər ikisi olmalıdır. Amma niyə Fələstinin
BMT-yə üzvlüyünə qarşı
çıxılır? Bu təbii ki, beynəlxalq qanunlara
ziddir. Beynəlxalq hüquqa uyğun olaraq bu iki dövlətin
yaradılması məsələsi gündəmdədir. Niyə
bu gün bu qərara qarşı çıxılır?
–Türkiyənin son günlər Orta
Şərqdə mövqeyinin gücləndirilməsinin
şahidi oluruq. Eyni zamanda Fələstin məsələsində
də Türkiyə prinsipial yanaşma sərgiləyir. Bunun
fonunda isə türkiyə İsrail münasibətləri gərginləşməkdədir.
Siz baş verənləri necə qiymətləndirirsiniz?
–Bu hər iki dövlət öz daxili
işidir. Hər iki dövlət arasında əlaqələr
tarixi dostluğa söykənir. Türkiyə ilə İsrail
dost və müttəfiq dövlətlər olub. Bilirsiniz ki, əlaqələrin
gərginləşməsinə səbəb İsrail ordusunun
9 türk sülh fəalı və dinc vətəndaşını
qətlə yetirməsi olub. Əgər İsrail buna görə
Türkiyədən üzr istəsəydi, onda əlaqələr
hazırkı səviyyə çatmazdı. Amma İsrail
hökuməti buna getmədi. Düşünürəm ki, bu
ideologiyadan doğan bir məsələdir. Yəni
hazırkı İsrail hökuməti ideoloji hökumətdir
və daha radikaldır. İsrail bu məsələdə
güzəştə getməməklə Türkiyə kimi
regionda böyük dövlətin önəmini dərk etmədi
və ondan üzr istəməkdən imtina etdi. Ona görə
münasibətlər bu səviyyə çatıb. Türkiyə
çalışır ki, İsraillə ərəb dövlətləri
arasında bir vasitəçilik etsin. Amma qarşı tərəf
ideologiyasının əsiri olduğu üçün
Türkiyə kimi böyük dövləti nəzər
almadı. Ümumiyyətlə sülh prosesinin
nizamlanmasında Türkiyənin tarixi rolu olub və Ankara
prinsipial mövqe ortaya qoyub.
–Azərbaycanın Fələstin məsələsində
tutduğu mövqeyi necə dəyərləndirirsiniz və
sizi rəsmi Bakının Fələstin məsələsinə
yanaşması qane edirmi?
–Biz Azərbaycanın bu məsələdə
dəyişməz və birmənalı mövqeyini yüksək
qiymətləndiririk. Bir neçə gün əvvəl
xarici işlər naziri Elmar Məmmədəyarov BMT-də
çıxışı zamanı bir daha ölkənizin Fələstinə
dəstəyini səsləndirdi. Prezident İlham Əliyev də
Fələstin lideri Mahmud Abbasın Azərbaycana səfəri
zamanı bu problemlə rəsmi Bakının dəstəyini
ifadə etmişdi. Ümumiyyətlə, Azərbaycan müxtəlif
rəsmi dairələrdə Fələstinin mövqeyindən
çıxış edib. Azərbaycan 1967-ci ilin
hüdudları çərçivəsində, paytaxtı
Şərqi Qüds olmaqla Fələstinin müstəqil
dövlət kimi qurulmasını dəstəkləyir. Bunun nəticəsi
olaraq Fələstinin Azərbaycanda səfirliyi
açılıb. Bu da gələcəkdə əlaqələrimizin
daha da gücləndirilməsinə gətirib
çıxaracaq. Azərbaycanın bu məsələdə Fələstinin
tərəfində olmasının başlıca səbəbi
ölkələrimizin qardaş olmasıdır. İkincisi, Azərbaycan
həmişə beynəlxalq hüququn və BMT-nin qərarlarının
tərəfdarı olub və onun tətbiqini istəyib. Bu da
ölkənizin beynəlxalq hüquqa riayət etməsindən
irəli gəlir. Azərbaycan prezidenti siyasi əlaqələrin
Fələstinlə daha yüksək səviyyə
qaldırılması təşəbbüsü ilə
çıxış edib. Bunun nəticəsi olaraq biz əlaqələrimizin
günü-gündən inkişafının şahidiyik.
P.SULTANOVA
525-ci qəzet.- 2011.- 1 oktyabr.- S.9.