Milli maraqlar ətrafında birləşərək, dövlətçiliyimizin möhkəmlənməsi üçün bir hədəfə yönəlməliyik”

 

NİYAZİ HACIYEV: “ESTONİYADA AZƏRBAYCAN DİASPORU İKİ ÖLKƏ ARASINDA KÖRPÜ ROLUNU OYNAYIR” 

 

Qarşıdan Azərbaycanın dövlət müstəqilliyini elan etməsinin 20-ci ildönümü gəlir. Ötən illər digər sahələrdə olduğu kimi diaspor quruculuğu işində də bir sıra uğurlarla yadda qalıb. 90-cı illərin əvvəllərində formalaşmağa başlayan Azərbaycan diasporu bu gün özünəməxsus bir inkişaf yolu keçib. Estoniya-Azərbaycan icmasının sədri, “Aydan” Mədəniyyət Mərkəzinin rəhbəri Niyazi Hacıyev “525”ə müsahibəsində bu inkişafdan danışıb.

 

–Niyazi müəllim, Azərbaycanın ötən 20 ildə keçdiyi yolu necə xarakterizə edərdiniz?

–Müstəqillik elan etmək asandır, amma onu qoruyub saxlamaq, möhkəmləndirmək çox çətindir. Azərbaycan 20 il əvvəl öz müstəqilliyini çətin və ağır bir şəraitdə elan etdi. Bu o dövrə təsadüf edirdi ki, biz həm də Ermənistanın işğalı ilə qarşılaşmışdıq. Daxilixarici çətinliklərə, təzyiqlərə baxmayaraq müstəqilliyini elan edən Azərbaycan bu yolda inamla və mətinlə addımlayaraq, bütün çətinliklərə sinə gələrək öz müstəqilliyini nəinki qoruyub saxladı, həm də günü-gündən möhkəmləndirdi. Azərbaycan sübut etdi ki, onun müstəqilliyini əlindən almaq bir daha heç kimə nəsib olmayacaq. Ötən 20 ildə ölkəmizin surətli siyasiiqtisadi inkişafı, əldə etdiyi irimiqyaslı nailiyyətlər əlbəttə ki, xaricdə yaşayan biz azərbaycanlıları da həmişə sevindirir və qürurlandırır. Biz müstəqilliyimizin 20 illiyi ilə bağlı danışanda dövlətimizin keçdiyi həm faciəli, həm də şərəfli yolu mütləq vurğulamalıyıq. Çünki müstəqillik bizə heçasan başa gəlməyib. Ona görə hər birimiz dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi və gücləndirilməsi üçün çalışmalıyıq.

Sizin fikrinizcə, müstəqillik illərində Azərbaycanın ən böyük nailiyyəti nə olub?

–Əlbəttə ki, uğurlarımız çoxdur. Amma düşünürəm ki, ən böyük uğurumuz müstəqilliyin ilk illərində baş vermiş vətəndaş müharibəsinin qarşısının alınması idi. O zaman milli lider Heydər Əliyev xalqın tələbi və istəyi ilə hakimiyyətə gəlməsəydi, nə baş verəcəyini təsəvvür etmək belə çətin idi. Məhz bundan sonra xalqda bir inam, sabaha ümid yarandı. Ona görə də daxildə baş qaldırmış üsyanın qarşısı alındı. Eyni zamanda bu sıraya iqtisadi, siyasi uğurlarımızı əlavə etmək olar. Azərbaycanın bu gün dünya birliyində özünəməxsus yer tutması, regionun lider dövləti olması təbii ki, uğurların ən başında dayanır. Bu yerə çatmağımız isə bir-iki ilə baş verməyib. Məhz düşünülmüş, ölçülüb-biçilmiş siyasət nəticəsində indiki mərhələyə çatmışıq.

–Bəs ötən 20 ili diaspora quruculuğu baxımından necə xarakterizə edərdiniz?

Bayaq qeyd etdiyim kimi müstəqilliyimizin ilk illərində qarşılaşdığımız problemlərin tədricən aradan qaldırılması bizə digər sahələrdə də uğurlar əldə etməyə imkan verdi. Diaspora quruculuğu prosesinin başlanılması çox vacib və önəmli addımlardan biri idi. Bilirsiniz ki, milli lider Heydər Əliyev o zaman xaricə etdiyi səfərlərin hər birində həmin ölkələrdə yaşayan soydaşlarımızla görüşür, onlara öz məsləhət və tövsiyələrini verirdi. Sonrakı illərdə isə bu istiqamətdə mühüm addımlar atılmağa başladı. Diaspora Komitəsinin yaradılması bu işə daha böyük dəstək oldu. Dünya Azərbaycanlılarının indiyə kimi 3 qurultayı keçirilib. Avropa Azərbaycanlıları Konqresi və digər qurumlar fəaliyyət göstərir. Bu gün azərbaycanlıların dünyanın hər yerindən səsi gəlir.

Dövlətin diaspora quruculuğunda əsas rolu koordinasiya etməkdir. Məsələn, Diasporla İş üzrə Dövlət Komitəsi yaranmazdan əvvəl bizim əlaqələrimiz özfəaliyyət səviyyəsində idi. İndi isə münasibətlərimiz tamamilə başqa səviyyədədir. Azərbaycana Estoniya dövlət qurumlarının, parlament üzvlərinin, digər qurumların qarşılıqlı səfərləri oldu. Diaspora Komitəsi icma bu münasibətlərdə körpü rolunu oynayır.

Sizin fikrinizcə, Azərbaycan diasporu hansı inkişaf mərhələlərindən keçib bu gün hansı mərhələdədir?

Baltikyanı ölkələrdə diaspora fəaliyyətindən danışarkən onu deyə bilərəm ki, 1988-ci ildən başlayaraq biz bu sahədə bir inkişaf yolu keçmişik yerli ictimaiyyətə tam inteqrasiya olmuşuq. Baltikyanı Azərbaycan Cəmiyyətləri Konqresi fəaliyyət göstərir. Hazırda Litva milli azlıqlar birliyinin rəhbəri Mahir Həmzəyev, , Latviya milli azlıqlar şurasının sədri Roman Əliyev, Estoniyada Eldar Əfəndiyev keçmiş milli münasibətlər naziri, hazırda parlament üzvü, Zaur Abbasov isə Kohtla Jarve şəhəri bələdiyyə üzvüdür. Bütün bunlar onu göstərir ki, Azərbaycan cəmiyyətləri artıq yaşadıqları ölkələrdə bir tərəfdaş, həmkar kimi fəaliyyət göstərir, dövlətin daxili xarici siyasətində fikirimiz nəzərə alınır.

Sizcə, bu gün diaspor qurumlarının əsas vəzifələri nədən ibarətdir?

Əlbəttə ki, başlıca vəzifəmiz ümumi milli maraqlar ətrafında sıx birləşərək dövlətçiliyimizin möhkəmlənməsi, həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırmaq, bir hədəfə yönəlməkdir. Eyni zamanda səfirliklərimiz olan ölkələrdə birgə fəaliyyət göstərməliyik. Bildiyiniz kimi bu ilin fevral ayında Estoniyada Azərbaycan səfirliyi açılıb, çox təcrübəli diplomat Tofiq Zülfüqarov səfir təyin olunub. Bu qısa müddətdə səfirliklə birgə bir neçə tədbir keçirmişik çox gözəl işbirliyi yaranıb.

Hazırda Azərbaycanın ən böyük problemi Qarabağ münaqişəsidir. Bu istiqamətdə fəaliyyətiniz barədə deyə bilərsiniz?

–1988 ci ildə Sovetlər birliyində Estoniyada ilk yuridik Azərbaycan icmasının yaranması bilavasitə Qarabağ münaqişəsi nəticəsində baş verdi. Artıq 1991-ci ildə Estoniya ictimaiyyətində doğru fikri, rəyi Azərbaycan tərəfə keçirə bildik bu gün Estoniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bütün beynəlxalq təşkilatlarda ölkəmizin mövqeyini dəstəkləyir.

Rəhbərlik etdiyiniz qurumun fəaliyyəti barədə deyə bilərsiniz?

–Bu gün Estoniya-Azərbaycan icmasının bazar günü məktəbi, gənclər idman mərkəzi, Kukla teatrı, Zərifə Əliyeva adına uşaq bağçası, Gənclər Mərkəzi fəaliyyət göstərir. Eyni zamanda Eston Dövlət radiosunda “OCAQ” verilişi yayımlanır, ümumən təşkilatımız hər imkanı olan Eston ictimaiyyəti tərəfindən tanınan, özünə hörmət qazanan bir qurumdur.

 

 

P.SULTANOVA

 

525-ci qəzet.- 2011.- 4 oktyabr.- S.5.