Serbiya səfiri: “Erməni
qoşunları Azərbaycanın işğal
olunmuş ərazilərini tərk etməlidir”
“AZƏRBAYCAN VƏ
SERBİYA ÖZ MÜSTƏQİLLİYİNƏ DƏYƏR
VERƏN DÖVLƏTLƏRDİR”
Serbiyanın Azərbaycanda
fövqəladə və səlahiyyətli səfiri Zoran
Vayoviçin APA-ya müsahibəsi
– Cənab səfir, Serbiyanın Azərbaycandakı
səfirliyi bir müddət əvvəl fəaliyyətə
başlayıb. Əvvəllər Azərbaycanda olmusunuz?
– Serbiyanın Azərbaycanda səfirliyi
bu ilin martında açılıb. Mən mayda Bakıya gələrək
etimadnaməmi Azərbaycan prezidenti İlham Əliyevə təqdim
etmişəm. Çox şadam ki, səfirliyimiz UNESCO-nun
siyahısına daxil edilmiş İçərişəhərin
mərkəzində yerləşir. Bura mənim çox
xoşuma gəlir, səfirlik üçün binanın
axtarışı ilə şəxsən məşğul
olmuşam. Səfirliyimizin rəsmi açılış mərasimi
keçirilməyib, açılış mərasiminin gələn
il keçiriləcəyini gözləyirik. Lakin səfirlik fəaliyyət
göstərir, biz həmçinin konsulluq şöbəsi
açmağa hazırlaşırıq. Bundan əvvəl
Bakıya bir neçə dəfə səfər etmişəm.
Çünki əvvəllər Serbiyanın Türkiyədəki
səfirliyində işləyirdim, Azərbaycanla münasibətlərə
dair məsələlər səfirliyimizin səlahiyyətinə
daxil idi. Sonra Serbiyanın Azərbaycanda fövqəladə və
səlahiyyətli səfiri vəzifəsinə təyin
olunduğumu eşidəndə çox sevindim. Hələlik
Azərbaycanın regionlarında olmamışam, amma deyə
bilərəm ki, ölkəniz 20 illik müstəqilliyi ərzində
fantastik nəticələrə nail olub. Bu nəticələri
hər addımbaşı his etmək olar – yeni yollar tikilir,
irimiqyaslı infrastruktur layihələri gerçəkləşdirilir,
sosial obyektlərin tikintisinə böyük diqqət
ayrılır, yeni neft və qaz yataqları kəşf olunur,
hər il ölkənin valyuta ehtiyatları artır,
bütün bunlar bir daha Azərbaycanın malik olduğu
böyük potensialı göstərir.
– Azərbaycanla Serbiya arasında ikitərəfli
münasibətlərin inkişafını necə dəyərləndirirsiniz?
– Ölkələrimiz arasında ikitərəfli
münasibətlərin səviyyəsi artan xətlə
inkişaf edir və tərəfdaşlığımız
yeni strateji səviyyəyə çıxır. Hazırda
Serbiya ilə Azərbaycan arasında fikir
ayrılığı yoxdur, əksinə həm ikitərəfli
münasibətlərdə, həm də beynəlxalq səviyyədə
qarşılıqlı anlaşma var. Çox şadam ki,
Serbiya ilə yaxşı siyasi münasibətlərə malik
olan ölkədə işləyirəm. Ölkələrimiz
bir-birini beynəlxalq arenada və bütün beynəlxalq təşkilatlarda
müdafiə edirlər.
– Serbiya Azərbaycanla hansı sahələrdə
əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır?
– Siyasi münasibətlərimiz ən
yüksək səviyyədədir. Son bir il ərzində bir
sıra qarşılıqlı səfərlər həyata
keçirilib. Serbiya prezidenti Boris Tadiç ötən ilin
mayında Azərbaycana, prezident İlham Əliyev isə bu
ilin iyununda Serbiyaya rəsmi səfər edib. Xarici işlər
nazirləri Vuk Yeremits və Elmar Məmmədyarovun
görüşləri mütəmadi və intensiv xarakter
daşıyır. Serbiya iqtisadi əməkdaşlıqda və
iqtisadi-ticari münasibətlərin inkişafında son dərəcə
maraqlıdır. Təəssüf ki, bu əlaqələrin səviyyəsi
siyasi münasibətlərin səviyyəsinə uyğun
deyil.
– Bu ilin payızında Belqradda Serbiya-Azərbaycan
hökumətlərarası komissiyanın ilk iclası
keçirilməlidir. İclası tarixi və gündəliyi
dəqiqləşib?
– Qeyd olunan komissiyaya Serbiya tərəfdən
həmsədrlik edən xarici işlər nazirimiz Vuk Yeremitsin
avqustun 31-də Azərbaycana iki günlük rəsmi səfəri
zamanı komissiyanın ilk iclasının noyabrın 3-4-də
Belqradda keçirilməsi barədə razılıq əldə
olunub. İclas çərçivəsində həmçinin
ilk biznes-forum da keçiriləcək. Ümidvarıq ki, bu forum
çərçivəsində iqtisadi sahədə əməkdaşlığa
dair saziş və biznesin inkişafında maraqlı olan
iş adamları arasında bəzi müqavilələr
imzalanacaq. Serbiya öz iqtisadiyyatına Azərbaycan sərmayəsinin
cəlb olunmasında maraqlıdır, Azərbaycan tərəfi
də Serbiyada infrastruktur layihələrində iştiraka, o
cümlədən yolların, limanların tikintisi kimi layihələrə
qoşulmağa marağını ifadə edib. Hesab edirəm
ki, hökumətlərarası komissiyanın ilk iclası
iqtisadi əməkdaşlığı daha da möhkəmlətmək
istiqamətində mühüm addım olacaq.
– Serbiyada Azərbaycan firmaları fəaliyyət
göstərirmi? Ölkəmizdə serb şirkətlərinin
sayı çoxdur?
– Belqradda artıq Serbiya-Azərbaycan
Ticarət Palatası fəaliyyət göstərir. Əsas fəaliyyət
sahəsi tikinti və xarici ticarət olan bəzi Azərbaycan
şirkətləri artıq Belqradda öz nümayəndəliklərini
açıblar. Bakıda da tikinti biznesinə cəlb
olunmuş bəzi Serbiya şirkətlərinin nümayəndəlikləri
var.
– Serbiya Azərbaycanla energetika sahəsində
əməkdaşlığı inkişaf etdirməkdə
maraqlıdır?
– Serbiya öz ərazisindən keçə
biləcək istənilən enerji layihəsində
iştiraka maraq göstərir. Serbiya ərazisində keçəcək
istənilən kəmər ölkəmiz üçün sərfəli
ola bilər.
– Səfirliyiniz ölkələrimiz
arasında elmi və mədəni əlaqələri
inkişaf etdirmək üçün hansı addımları
atmağı düşünür?
– Bu məsələ də Serbiyanın
xarici işlər naziri Vuk Yeremitsin Bakıya səfəri
zamanı müzakirə olunub. Biz tələbə və
müəllim heyəti arasında mübadilə aparmaq,
müxtəlif sərgilər təşkil etməyi
planlaşdırırıq. Belqrad Filarmoniyasının Qəbələ
festivalında iştirak etmək üçün Azərbaycana
səfərini təşkil etmək istərdim. Serbiya təmsilçiləri
həmçinin Azərbaycanın müstəqilliyinin 20 illiyi
yubileyi ilə əlaqədar keçiriləcək
Ümumdünya Gənclər Forumuna da qatılacaqlar.
– Ölkənizə vizanı necə
almaq olar?
– Serbiyanın viza siyasəti kifayət qədər
liberaldır. Serbiya Türkiyə ilə viza rejimini ləğv
edib, ötən il isə Azərbaycanla viza rejimini ləğv
etmək təşəbbüsü ilə
çıxış edib. Bu hər iki ölkənin vətəndaşlarına
sərbəst səyahət etmək və mədəniyyət
və turizm sahəsində ikitərəfli əlaqələri
daha da inkişaf etdirməyə imkan verərdi. Lakin hazırda
ölkələrimiz arasında viza rejimi mövcuddur. Biz ilin
sonuna kimi konsulluq şöbəsi açmaq və Serbiyaya səfər
edəcək Azərbaycana vətəndaşlarına viza verməyi
planlaşdırırıq.
– Ölkələrimiz arasında ticarət
dövriyyəsinin həcmi nə qədərdir?
– Təəssüf ki, ticarət
dövriyyəsinin həcmi çox da böyük deyil, bu,
ölkələrimiz arasında siyasi münasibətlərin səviyyəsinə
uyğun deyil. Ötən il ticarət dövriyyəsinin həcmi
10 milyon dollara yaxın olub. Ticarət dövriyyəsinin əsasını
kənd təsərrüfatı, ərzaq məhsullarının
idxalı təşkil edir. Serbiyanın energetika layihələrin
aktiv qoşulmasını istəyərdik. Neft və qaz Azərbaycanın
ixracatının əsas hissəsini təşkil edir, biz bu
sahədə də iştirak payımızı
artırmağı arzulayardıq. Əminəm ki, hökumətlərarası
komissiyanın ilk iclası ölkələrimiz arasında
ticarət dövriyyəsinin inkişafına təkan
vermiş olacaq. Biz energetika sahəsində əməkdaşlığı
dərinləşdirməkdə, xarici ticarət sövdələşmələrinin
sayını artırmaqda və Azərbaycana kənd təsərrüfatı
məhsulları ixrac etməkdə maraqlıyıq. Hazırda
Azərbaycanda serb şirkətlərinin layihəsi əsasında
akkumulyator zavodunun layihəsi üzərində iş gedir.
İqtisadi münasibətlərin möhkəmləndirilməsi
iki ölkə arasında qarşılıqlı münasibətlərin
inkişafının əsas prioritetlərindən biridir və
səfirlik dövlət qurumları və özəl sektorla əlaqə
qurmaqla bu prosesdə aktiv rol oynayır.
– Serbiyanın Dağlıq Qarabağ
münaqişəsində mövqeyi necədir?
– Serbiyanın bu məsələdə
mövqeyi dəyişilməz qalır. Serbiya Azərbaycanın
ərazi bütövlüyünü, müstəqilliyini və
suverenliyini dəstəkləyir. Münaqişəni sülh
yolu ilə həll etmək vacibdir. Erməni qoşunları Azərbaycanın
işğal olunmuş ərazilərini tərk etməlidir,
çünki bütün beynəlxalq təşkilatlar, o
cümlədən BMT-nin məlum 4 qətnaməsi Azərbaycan
ərazilərinin işğal altında olduğunu təsdiqləyir.
Serbiya beynəlxalq arenada bu məsələdə Azərbaycanı
aktiv şəkildə dəstəkləyir.
Biz öz müstəqilliyimizə dəyər
verən kiçik dövlətlərik və XXI əsrin beynəlxalq
münasibətlərində mövcud olan ikili standartlar siyasətinə
qarşıyıq. Hərdən bu ikili standartlar Dağlıq
Qarabağ münaqişəsinin həlli məsələsində
də hiss olunur. Dünyanın aparıcı siyasi
oyunçularının iştirakı ilə belə Azərbaycan
hələ də ədalətin zəfər
çalmasına, ərazilərini geri qaytarmağa, məcburi
köçkünlərin öz evlərinə dönməsinə
nail ola bilmir. Azərbaycan da Kosovo məsələsində
Serbiyanı dəstəkləyir. Serbiyanın cənub hissəsi,
Kosovo Muxtar Vilayəti və Metoxiya birtərəfli qaydada
müstəqilliyini elan edib ki, Serbiya bunu qəbul etmir.
525-ci qəzet.- 2011.- 4 oktyabr.- S.3.