Şair ruhlu alim Xanəli Kərimli haqqında bildiklərim və düşündüklərim

 

Hər şagird, hər tələbə müəllim ömrünün silinməz bir səhifəsidir. İllər keçdikcə, zaman dəyişdikcə o səhifələr şirin bir xatirə kimi sənin keçmişinə çevrilir və sən zamanın axarında “itirdiyin”, yaddan çıxardığın ömrün qayğılı, bəzən də qayğısız anlarını o səhifələrdə tapırsan. Onda ömür daha da bütövləşir, məzmunlu və mənalı olur. Mən xoşbəxtəm ki, ömrümün 60 ilindən çoxunu müəllimliklə baş-başa yaşamışam və yaşımın ixtiyar çağında da bu peşədən doymamışam. Müəllimlik elə müqəddəs peşədir ki, o, hər bir insanı, həm də bu peşəyə vurğun olan, ona qəlbən bağlı ömür yaşayanların özlərini də kamilləşdirir, formalaşdırır, vaxtından əvvəl “ağsaqqallaşdırır”.

45 ilə yaxındır ki, Naxçıvan Dövlət Universitetində çalışıram. Bu illərdə minlərlə tələbəyə dərs demişəm. İftixar hissi keçirirəm ki, bu gün Azərbaycan filologiya elminin ən qabaqcıl nümayəndələri içərisində mənim yetirmələrimin öz yeri, öz mövqeyi var. Bunları görəndə, uğurlarına sevinəndə ürəyim dağa dönür. Fəxr edirəm ki, əməyim hədər getməyib, ömrümü mənalı yaşamışam.

Bir vaxtlar tələbəm olmuş, bugünsə Naxçıvan Dövlət Universitetində çiyin-çiyinə çalışdığımız filologiya üzrə fəlsəfə doktoru, dosent, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanəli Kərimli də mənim yaddaş səhifəmdə özünəməxsus bir yer tutub. X.Kərimli ötən əsrin 60-cı illərinin sonu, 70-ci illərin əvvəllərində APİ-nin (indiki ADPU) filialı kimi fəaliyyət göstərən Naxçıvan filialına aparılan üçüncü qəbulun nümayəndəsidir. Onlar 1969-70-ci tədris ilində filiala qəbul olunanda artıq filialın ikinciüçüncü kurslarında tələbələr təhsil alırdı.

Mən birinci kursda onlara “Ədəbiyyatşünaslığın əsasları” fənnindən dərs deyirdim. Onda, etiraf edim ki, Xanəli qrup yoldaşlarından o qədər də fərqlənmirdi. Qrupda çalışqanlığına, ictimai işlərdə fəallığına görə çox da diqqəti çəkmirdi. Bəlkə də, bu xüsusiyyətlər onun şəhər mühitinə, ali məktəb həyatına hələ də alışa bilməməsindən, düşüncəsində, təsəvvürümdə kök salmış kənd psixologiyasından irəli gəlirdi. Amma zaman, mühit və şərait getdikcə öz işini görürdü. Mən onu da digər fəal tələbələr kimi həyatın axarına qoşulduğunu, öz üzərində işlədiyini görürdüm. Xanəli birinciikinci kursları filialda, üçüncüdördüncü kursları APİ-yə dəyişilərək orada başa vurdu. Bakı mühiti, elmi-ədəbi qaynarlıq onun da həyatında əbədi və pozulmaz izini qoydu. Feyzulla Qasımzadə, Əbdüləzəl Dəmirçizadə kimi akademiklərdən, İsmayıl Şıxlı, Afat Qurbanov, Məmmədhüseyn Təhmasib, Qusdan Bağırov, Məmməd Məmmədov... kimi tanınmış alim və qələm adamlarından dərs alan Xanəli ali məktəbi fərqlənmə diplomu ilə bitirdi. Dövlət İmtahan Komissiyası onu aspiranturaya məsləhət görsə də, lakin Xanəli ailə vəziyyəti ilə bağlı aspiranturaya gedə bilmədi, Nizami adına Ədəbiyyat institutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin dissertantı kimi 1987-ci ildə “Cənubi Azərbaycan demokratik ədəbiyyatında hekayə janrının inkişafı (1941-1970)” mövzusunda uğurla namizədlik işini müdafiə etdi.

Xanəli tərcümeyi-hal xarakterli bir yazısında təhsili ilə bağlı maraqlı fakt-lar qeyd edir. Bəlkə də, bir çoxları bu faktları yazmaz. Ancaq Xanəli yazır. Bu da onun mənəvi böyüklüyündən irəli gəlir: “Orta təhsil illərində bir dəfə də olsun abırlı dərs oxumadım. Baxmayaraq ki, hər bir dərsliyim var idi. Birinin vərəqini qatlamadım. Müəllimlərim nə danışardılarsa, növbəti dərs mən də o danışılanları danışardım. “3” aldığım gün sevincimin həddi-hüdudu olmazdı. Rüb qiymətlərimiz oxunanda uşaqların içində gizlənərdim... Məndə kitaba, elmə dəli bir həvəs onuncu sinfin III rübündə başladı...”. Lakin ali məktəbin ilk semestrlərindən ancaq əla qiymət alaraq Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirdi.

Xanəli Kərimli təyinat üzrə doğulub boya-başa çatdığı Şahbuz rayonuna göndərilir və rayon təhsil şöbəsinin 1973-cü il 16 avqust tarixli əmri ilə Badamlısu qəsəbə məktəbinə ixtisası üzrə müəllim təyin edilir. O, 1973-1991-ci illər arasında Şahbuz rayonunda müəllimlik fəaliyyəti ilə məşğul olur. 1991-ci ilin avqustundan Naxçıvan Dövlət Universitetində yenicə nəşrə başlayacaqFikir” qəzetinin redaktoru vəzifəsinə təyin olunur. Qəzetin ilk nömrəsi 1991-ci il oktyabr ayının 15-də işıq üzü gördü. Təkcə universitet həyatında deyil, eyni zamanda Naxçıvan elmi-ədəbi mühitində bir hadisə kimi qiymətləndirilən “Fikir” qəzeti yeni bir ab-hava yaratdı. Qəzet az bir zamanda geniş oxucu auditoriyası, tələbə və müəllimlərdən ibarət bir müxbir heyəti yaratdı. Qəzetin birinci nömrəsinin ikinci səhifəsində o vaxt Azərbaycan ədəbiyyatı kafedrasının işçisi, indi isə Əməkdar elm xadimi, filologiya elmləri doktoru, universitetin tədris işləri üzrə prorektoru Hüseyn Həşimlinin mənimlə müsahibəsi də dərc olunmuşdu. Xanəli Kərimli 1996-cı ilə qədər bu qəzetin redaktoru oldu. Hələ o vaxtlar qəzet səhifələrində həm redaktor, həm də bir qələm adamı kimi çıxış edən Xanəlinin oxucu auditoriyası geniş idi. Yadımdadır, qəzetin 1995-ci il saylarının iki nömrəsində onun “Ağrı” poeması dərc edildi. 90-cı illərin ağrı-acılarını əks etdirən bu poema məzmun və ideyasına görə diqqəti çəkdiyi üçün mənim də iştirakımla universitetdə geniş müzakirə edildi. Bu da universitet həyatına, tələbə auditoriyasına, müəyyən mənada, bir qaynarlıq gətirdi.

Xanəli redaktor işləyə-işləyə mənim bilavasitə təşəbbüsümlə onu əvvəl saathesabı yolla, rəhbərlik etdiyim “Azərbaycan ədəbiyyatı” kafedrasına işə götürdük. O, müəllim kimi orta məktəbdə xeyli təcrübə toplasa da, ali məktəbdə, geniş tələbə auditoriyasında ilk addımlarını məsuliyyətli atırdı. Hər bir mühazirəyə ciddi hazırlaşan Xanəli çalışırdı ki, tələbələri razı salsın, onların tələblərini ödəsin. Xanəli 1996-cı ildən 1998-ci ilə qədər universitetin Beynəlxalq Əlaqələr Şöbəsinin rəisi vəzifəsində çalışdı. İndi isə Xarici tələbələrlə üzrə dekan vəzifəsindədir. İşlədiyi müddətdə ondan heç bir narazılıq eşitməmişəm.Öz işinə həmişə tələbkarlıqla yanaşan Xanəli ikinci çağrış (2000-2005) Naxçıvan Ali Məclisinin deputatı seçildi, indi Naxçıvan MR-in Əməkdar müəllimidir.

Mən Xanəli ilə təkcə müəllimlik fəaliyyətimizlə bağlı birgə işləməmişəm. Onunla həm də Naxçıvan Dövlət Universitetində filologiya üzrə fəaliyyət göstərən ixtisaslaşdırılmış Müdafiə şurasında da səkkiz ilə yaxın birgə fəaliyyət göstərmişik. Bu müddət ərzində keçirilən hər bir müdafiə iclasında onun prinsipial mövqeyi, məzmunlu çıxışları, ən başlıcası davranış etikası çoxları kimi məni də qane edirdi.Çıxışlarındakı qərəzsizlik, davranışında və əqidəsindəki təmənnasızlıq Xanəlinin başlıca keyfiyyətlərindəndir.

Xanəli 80-ə yaxın və bəlkə də çox elmi, ictimai, publisist məqalənin, Cənubi Azərbaycan ədəbiyyatının ortaali məktəblərdə tədrisi ilə bağlı metodik vəsaitin müəllifidir.Artıq təkcə Azərbaycanda deyil, Türkiyə, İranda da elmi-ədəbi ictimaiyyət Xanəlinin imzasını tanıyır və qəbul edir.

Xanəli Kərimli həm də şairdir. 5 şeir kitabının müəllifidir ki, bu kitablardan sonuncusu “Duyğularım, düşüncələrim” adı ilə 2011-ci ildə İranda nəşr edilib.

Şairlik ona doğulub tərbiyə aldığı ailədən, kökdən gəlir. Xanəlinin özü bu barədə yazır: “Doğulduğum ailə kəndin (X.Kərimli 1951-ci il noyabr ayının 27-də Şahbuz rayonunun Mahmudoba kəndində doğulub –Y.A) kasıb ailələrindən biri idi. On bir nəfərlik ailəmiz həm də kəndin ən böyük ailəsi idi. ... bizim ailə təbiəti etibarı ilə bütöv birfolklor məktəbi” idi. Atamın elə bir savadı olmasa da, çox təbli kişi idi. Bəzən özündən şeir qoşar, aydın və səlis nitqi ilə deyərdi. Heç kəsə bənzəməyən təkrarsız səsi var idi. O, eyni zamanda gözəl ney çalmaq qabiliyyətinə malik idi. Hər geçə bir nağıl, rəvayət, əfsanə danışmasaydı yuxumuz gəlməzdi.

Kənd içərisində “Aşıq Allahverdikimi ad çıxarmış əmimin də dağ çayı kimi təmiz, ciyərdən gələn şaqraq səsi var idi. Mən ilk dəfə “Aşıq Valeh və Zərnigar”, “Aşıq Qərib”, “Abbas və Gülgəz” dastanlarını əmimin dilindən və ifasından eşitmişəm”.

80-cı illərdən bədii yaradıcılığa başlayan Xanəlinin ilk şeirləri hələ o vaxtlar ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılandı. İlk qələm təcrübələrindən biri olan “Toğluqayanın Məmməd Araza məktubu” şeri sərhədlərin açılmadığı bir vaxtda – 1985-ci ildə Türkiyədə “Qardaş ədəbiyyatlar” dərgisində yayımlandı və müəllifə hörmət gətirdi. Bu gün Xanəlinin bədii yaradıcılığı ilə bağlı müxtəlif elm və sənət adamlarının 70-ə yaxın məqaləsi işıq üzü görüb. Anar, Sabir Rüstəmxanlı, Nizami Cəfərov ... kimi tanınmış imzalar haqqında ayrıca monoqrafiyalar yazan fəlsəfə doktoru Sabir Bəşirov Xanəli Kərimli yaradıcılığı ilə bağlı “Xanəli Kərimli: Bir ömrün nağılı” adlı özünəməxsus dəyəri olan monoqrafiya yazıb və bu monoqrafiyaQanun” nəşriyyatı tərəfindən 2011-ci ildə nəşr edilib geniş elmi ictimaiyyətə çatdırılıb.

Xanəli Kərimli haqqında yazan akademik İsa Həbibbəyli haqlı olaraq bu qənaətdədir ki “Xanəli Kərimli yeni dövr Azərbaycan şeirində vətəndaşlıq lirikasının əsas yaradıcılarından biridir”.

Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Camal Mustafayevsə yazır: “Şair Xanəli Kərimlinin gözəl poeziyası ilə şəxsiyyəti təbiətən bir-birini şərtləndirir, tamamlayır. Onun nəcib milli ziyalılığı hər yerdə nəzərə çarpır, mənəvi bütövlüyü, halallığı, təmiz adı-zəhmətlə istedadın vəhdətindən doğan keyfiyyətləri yüksək dəyərləndirilir”.

Bu kimi faktların sayını daha da artırmaq olar.

Mən Xanəlinin istər elmi və istərsə də bədii yaradıcılığını həmişə izləmişəm, qənaətlərimi mətbuat vasitəsi ilə geniş oxucu auditoriyası ilə bölüşmüşəm. X.Kərimli M.Araz sənətinin ecazkar qüdrətindən yaradıcılıqla bəhrələnmişdir. Ümumiyyətlə, Xanəlinin bir sıra şeirləri ideya-bədii dəyəri ilə geniş oxucu kütləsinin qəlbini ovsunlamışdı. “Zaman və mən” şeiri bu baxımdan diqqəti cəlb edir.

 

Zaman dəyirman daşıdır,

Mən də buğda dənəsiyəm.

Ha qaçsam da bu qovğadan,

Bir gün una dönəsiyəm.

 

Qovğasından qaçammıram,

Qapısını açammıram,

Mən ki, haqq-hesab anmıram...

Axır dilə gələsiyəm.

 

Zaman mənə nə veribdir?..

Mən zamana nə vermişəm?..

Kimin kimdə hesabı var?..

Bir gün vurub-böləsiyəm.

 

Qanunqaydaynan gərək,

Hesabımız taraz gələ,

Hesab-kitab gedə-gedə,

Bir gün düşüb öləsiyəm.

 

Söz sənətini uca tutan, bunun haqq yolu olduğunu dərk edən və çətinliklərdən qorxmayan müəllif başqa bir şeirində yazır.

 

Şair haqqın yolçusudur,

Haqq yolu kəfən yoludur.

Kəfənin özü biçənin

Yolu da Vətən yoludur.

 

X.Kərimli həm də bir sıra xarici ölkələrdə keçirilən beynəlxalq elmi, ədəbi, ictimai tədbirlərdə də universitetimizi, geniş mənada elmi-ədəbi mühitimizi layiqincə təmsil etmişdir.

İndi Xanəli Kərimli 60 illiyinin astanasında, yaradıcılığının müdrik çağındadır. Onu bu münasibətlə təbrik edir, yeni uğurlu yaradıcılıq, geniş fəaliyyət arzulayıram.

 

 

Yavuz AXUNDLU,

 Professor

 

525-ci qəzet.- 2011.- 5 oktyabr.- S.7.