“Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda” mükafatın təqdimatı keçirilib

 

Dünən Demokratik İslahatlar Partiyasının (DİP) təsis etdiyi “Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda” mükafatın təqdimat mərasimi keçirilib. DİP-in qərargahında keçirilən tədbirdə partiya sədri, deputat Asim Mollazadə mükafatın təsis olunması barədə məlumat verib. O bildirib ki, DİP-in Siyasi Şurası 22 iyul – Milli Mətbuat Günü münasibətilə “Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda” adlı mükafat təsis edib. Onun fikrincə, “Əkinçi” qəzetindən başlanan yol ölkə KİV-ləri tərəfindən layiqlə davam etdirilir. Azərbaycanda jurnalistikanın inkişaf etdiyini deyən A.Mollazadə ölkədə bacarıqlı jurnalistlərin yetişdiyinə görə çox sevindiyini vurğulayıb: “Bu mükafat daha çox rəmzi xarakter daşıyır. Amma biz daha çox cəmiyyətdə diqqəti söz və mətbuat azadlığına yönəltmək istəyirik. Əminəm ki, yaxın gələcəkdə Milli jurnalistikamızın daha çox uğurlarının şahidi olacağıq”.

Tədbirdə Azəri-Press İnformasiya Agentliyinin (APA) baş direktoru Vüsalə Mahirqızı – Azərbaycanda çoxşaxəli elektron medianın inkişafındakı xidmətlərə görə, ann.az portalının baş redaktoru Zahir Əzəmət – Azərbaycan ədəbiyyatı və mədəniyyətinin təbliğindəki xidmətlərə görə, “Ekspress” qəzetinin redaktoru Qalib İbrahimoğlu – Azərbaycanın siyasi həyatının mediada peşəkarcasına işıqlandırılmasına və siyasi şərhlərinə görə, aze.az saytının baş redaktoru Sevinc Əhmədova – Azərbaycanla bağlı məlumatların xarici dillərdə beynəlxalq ictimaiyyətə çatdırılmasında xidmətlərə görə diplom və mükafatla təltif olunublar. APA-nın baş direktoru Vüsalə Mahirqızı DİP rəhbərinə təşəkkür edərək bildirib ki, Azərbaycanda siyasi partiyaların rəhbərləri mətbuata münasibətdə daha çox tənqidi mövqe tuturlar: “Bu mənada Demokratik İslahatlar Partiyasının jurnalistlərin əməyini qiymətləndirməsi təqdirəlayiq haldır”.

 

 

BƏXTİYAR

 

525-ci qəzet.- 2011.- 5 oktyabr.- S.6.