Qars müqaviləsi və
Naxçıvanın taleyi
Cənubi Qafqaz respublikaları ilə Türkiyə arasında bağlanmış Qars müqaviləsindən 90 il keçir. Vaxtilə bu müqavilə ilə Türkiyə və Cənubi Qafqaz respublikaları arasında digər məsələlər, xüsusən də ərazi-sərhəd problemi həll olundu. Bu müqavilənin əsas müddəaları Moskva müqaviləsinin müvafiq maddələri ilə üst-üstə düşürdü. Qars müqaviləsi Moskva müqaviləsi ilə müəyyənləşdirilmiş müddəaların təsdiq edilməsidir. Erməni nümayəndələrinin “Ayni xarabalıqları” ilə bağlı təklifləri baş tutmadı, Türkiyənin şimal-şərq sərhədləri dəyişilməz qaldı. Türkiyə ərazi verilməsi baxımından heç bir güzəştə getmədi. Naxçıvanla bağlı məsələ öz ədalətli həllini tapdı. Türkiyə ona zorla qəbul etdirilən Sevr müqaviləsinə qarşı Rusiyanın və Cənubi Qafqaz respublikalarının dəstəyini aldı, Ermənistanla münasibətlərini tənzimlədi.
Qars müqaviləsində öz ədalətli həllini tapan bir sıra məsələlər əvvəlki müqavilələrdə-Gümrü (Aleksandropol) və Moskva müqavilələrində də ya müzakirə olunmuş, ya da imzalanmışdı. “Böyük Ermənistan” yaratmaq üçün bir sıra torpaqlara iddialı olan ermənilər, bu torpaqları əldə etmək üçün siyasi və hərbi vasitələrdən istifadə edirdi. Bu yolda onlara iri kapitalist dövlətləri kömək edirdi. Konkret olaraq Azərbaycanın bir sıra ərazilərini, xüsusilə Naxçıvan ərazisini ABŞ, İngiltərə və Rusiya çox ciddi-cəhdlə Ermənistana vermək istəyirdi. Ermənilər “böyük Ermənistan” uğrunda Türkiyə və Azərbaycanla müharibə aparırdı. Türk ordusu 24 sentyabr 1920-ci ildə ermənilərin hücumlarının qarşısını almaq üçün onlarla müharibə aparmalı oldu və həmin il noyabr ayının 18-də daşnakları məğlub etdi. Dekabrın 2-də Ermənistanla Türkiyə arasında Gümrü müqaviləsi bağlandı. Daşnaklar xəyallarında qurduqları “böyük Ermənistan”ın ərazisinin İrəvan və Göyçə gölü ilə məhdudlaşdığını etiraf etdilər. Gümrü müqaviləsinin 2-ci maddəsində tərəflər Naxçıvan bölgəsi ilə bağlı aşağıdakı razılığa gəlmişdilər: Ermənistan Kükü dağı, Həməsür dağı, Qurdqulaq kəndi, Sayat dağı, Arpaçay evləri, Qəmərli dağı, Saray bulaq dağları, Ararat stansiyası, Araz çayı yaxınlığındakı Aşağı Qarasuyun töküldüyü yerdən keçən zolağın cənubundakı (Naxçıvan, Şahtaxtı, Şərur) əraziyə daha sonra referendumla təyin olunacaq idarə formasına və bu idarənin əhatə edəcəyi torpaqlara qarışmayacaq, indiki ərazidə hələlik Türkiyənin himayəsində yerli idarə yaradılacaqdır.
Müqavilənin 12-ci maddəsinə əsasən isə Türkiyə hökuməti Şərur, Naxçıvan, Şahtaxtı və Culfa yolu ilə tranzit işlərinin sərbəstliyinin təminatını öz üzərinə götürmüşdü. Gümrü müqaviləsinə görə Dəvəli və Arazdəyəndən başqa bu günkü Naxçıvanın sərhədləri demək olar ki, müəyyənləşdirilmişdi. Lakin nədənsə tarixən türk bölgələri olan Uluxanlı, Qəmərli və ən başlıcası isə, 1920-ci ilə qədər Naxçıvanı erməni hücumlarından qoruyan Böyük Vedi və ətrafındakı bir çox kəndlər ermənilərə verilmişdi. Bunun nəticəsində Naxçıvanın şimal-qərb sərhədi Dəvəli olmuşdu.
Ermənistan-Türkiyə müharibəsində daşnakların məğlubiyyəti nəticəsində Türkiyənin regionda hərbi və siyasi nüfuzunun artması, Sovet Rusiyasını Ermənistanı tezliklə sovetləşdirməyə məcbur etdi. Ermənistanın daşnak rəhbərliyi Naxçıvanı Azərbaycandan qoparmaq üçün bütün vasitələrdən istifadə edirdi. 1918-1920-ci illərdə ermənilər silahlı qüvvələrdən istifadə edərək Naxçıvanda qırğınlar törətsələr də əhalini ram edə bilmədilər. 1920-ci il oktyabrın 28-də Sovet Rusiyası ilə daşnak Ermənistanı arasında bağlanmış müqavilə ilə Azərbaycanın rəyi nəzərə alınmadan Zəngəzur və Naxçıvan Ermənistana güzəşt edildi.
1920-ci il noyabrın 29-da Ermənistanda bolşevik hakimiyyəti yaradıldı. Bu münasibətlə Azərbaycan Hərbi İnqilab Komitəsi 1 dekabr 1920-ci ildə bəyanatla çıxış etdi. Bəyanat Rusiyanın diktəsi ilə yazılmışdı və “iki sovet respublikası arasında ərazi mübahisələrinin” Azərbaycanın milli mənafeyinə zidd şəkildə həll edilməsinə yönəlmişdi. Azərbaycan Hərbi İnqilab Komitəsinin bəyanatı Naxçıvan və Zəngəzur müsəlman əhalisinin güclü narazılığına səbəb oldu. Ermənilərin alçaq niyyətlərinə təcrübədə bələd olan Naxçıvan əhalisi bu diyarın Azərbaycandan qoparılmasına qarşı etiraza qalxdı. Bu bəyanat Türkiyə nümayəndələrinin də etirazı ilə qarşılandı. Vəziyyətin kəskinləşdiyini görən Azərbaycan rəhbərliyi B.Şahtaxtinskini Naxçıvana göndərdi. Naxçıvana gələn B.Şahtaxtinski burada yerləşən türk nümayəndələri ilə münasibətləri normallaşdıraraq onlarla birgə Naxçıvanın Ermənistan tərəfindən nəzarətə götürülməsinin qarşısını almaq üçün fəaliyyətə başladı.
B.Şahtaxtinskinin keçirdiyi mitinqlərdə əhalinin böyük əksəriyyəti Naxçıvanın Azərbaycan SSR-in himayəsində müstəqil sovet respublikası kimi təşkil edilməsi arzusunda olduqlarını bildirmişdi. Ermənistan Respublikası Naxçıvan əhalisinin iradəsi qarşısında dura bilməyib diplomatik fənd işlətdi və Naxçıvanı 1920-ci il 28 dekabr bəyanatı ilə müstəqil sovet respublikası kimi tanıdığını bildirdi. Daşnakların ona qarşı ərazi iddialarından imtina edildiyi göstərildi. Rusiya tərəfi də müəyyən siyasi səbəblərdən, Naxçıvanın müsəlman əhalisinin iradəsi ilə hesablaşaraq Türkiyə tərəfinin təkliflərini, Azərbaycan bolşevik rəhbərlərinin bir sıra üzvlərinin mövqeyini nəzərə alaraq Naxçıvanın öz müqəddəratını həll etmək hüququnu tanımaq məcburiyyətində qaldı. Naxçıvan ərazisini Azərbaycandan ayıran Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruriləşdirdi. Ermənistan SSR hökuməti Naxçıvanı ilhaq etmək üçün yeni cəhdlər göstərdi. Lakin 1921-ci ilin yanvarında keçirilmiş rəy sorğusunda Naxçıvan əhalisinin 90 faizdən çoxu mahalın muxtariyyət statusunda Azərbaycan SSR-in tərkibində qalmasına səs verdi.
Naxçıvanın Azərbaycanın tərkibində qalmasına çalışan Behbud ağa Şahtaxtinskinin fəaliyyətini xüsusi qeyd etməliyik. Onun Rusiya XKS-nin sədri V.İ.Leninə göndərdiyi 1 mart 1921-ci il tarixli teleqram-məktubunda Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ, Zaqatala, Borçalı, Qarayazı düzü, Dağıstan, Şimali Qafqaz müsəlman xalqlarının milli tərkibi, sayı haqqında məlumat verilir. O, bu məktubda Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin gələcəyindən duyulan rahatsızlığı çatdırmış, bu mahalların milli tərkibi və coğrafiyasına dair arayışları da əlavə etmiş, Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər vermişdi. B.Şahtaxtinskinin təklifləri V.İ.Lenini maraqlandırmış və o, məsələnin RK(b)P MK Siyasi Bürosunda müzakirə edilməsi barədə göstəriş vermişdi. Bu zaman Türkiyə nümayəndə heyəti Rusiya ilə danışıq aparmaq və müqavilə bağlamaq üçün Moskvaya gəlmişdi. Nümayəndə heyətinə əvvəlcə Bəkir Sami bəy, sonra isə Yusif Kamal bəy rəhbərlik edirdi. Fevralın 26-da başlayan danışıqlar martın 16-da “Dostluq və qardaşlıq haqqında” Moskva müqaviləsi ilə nəticələndi. Müqavilə 16 maddə və 2 əlavədən ibarət idi. Həmin gün RK(b)P MK Siyasi Bürosu B.Şahtaxtinskinin təkliflərini bəyənərək, Azərbaycanın tərkibində Naxçıvan Sovet Respublikası yaradılması haqqında qərar qəbul etdi. Moskva müqaviləsinin üçüncü maddəsinə əsasən, Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusu verildi. Müqavilənin şərtlərinə görə, Azərbaycan onun protektarotını üçüncü dövlətə verə bilməzdi. Bu şərt Türkiyə tərəfinin təkidi ilə qəbul edilmişdi və gələcəkdə Naxçıvanın Ermənistana verilməsinin qarşısını almaq məqsədi daşıyırdı.
Moskva müqaviləsinə görə Naxçıvanın sərhədləri (1 C) əlavəsində göstərilən şəkildə müəyyən edilmişdi: Ararat stansiyası (8930-3080) – Saray bulaq dağı (8071) – Kömürlüdağ (8839) – Sayatdağı (7868) – Qurdqulaq kəndi – Həməsür dağı (8160) – yüksəklik (8022) – Kükü dağı (10282) və keçmiş Naxçıvan qəzasının şərq inzibati sərhəddi (16. s.38). Moskva danışıqlarında Azərbaycanın RSFSR-dəki səlahiyyətli nümayəndəsi B.Şahtaxtinskinin də əməyi və xidməti olub. Rusiya Moskva konfransında Azərbaycanın iştirakını təkid etsə də Moskvada olan B.Şahtaxtinski bunun əleyhinə olub.
Rusiya-Türkiyə danışıqları ərəfəsində Rusiyanın məqsədi – Azərbaycan və Ermənistanı danışıqlara cəlb etmək və onları Türkiyəyə qarşı qoymaq idi. Lakin Rusiyanın istəyi baş tutmadı. Türkiyə Ermənistanın bu danışıqlarda iştirakına razı deyildi, Azərbaycanla isə heç bir problemin olmadığını bildirirdi. Azərbaycan isə bu danışıqlarda iştirak etmək istəmirdi. Moskva müqaviləsinin imzalanmasının böyük tarixi əhəmiyyəti vardır. İlk növbədə, bu müqavilə Rusiya ilə Türkiyə arasında mövcud olan problemləri həll etdi. Rusiya və Türkiyə sıx ittifaqda birləşdi, təbii müttəfiqə çevrildilər. Moskva müqaviləsi Azərbaycanın bütövlüyünü qorudu və Naxçıvanın ərazi mənsubiyyəti məsələsinə aydınlıq gətirdi.
Sovet Rusiyası ilə Türkiyə arasında bağlanmış Moskva müqaviləsi ilə Cənubi Qafqaz respublikaları arasında mübahisəli olan bir sox məsələlər öz hüquqi həllini tapdı. Bundan sonra Rusiya çalışırdı ki, Cənubi Qafqaz respublikaları ilə Türkiyə arasında vahid müqavilə imzalansın. Lakin Türkiyə istəyirdi ki, üç Cənubi Qafqaz respublikası ilə ayrı-ayrılıqda müqavilə imzalasın. 1920-1921-ci illərdə Cənubi Qafqazın tam sovetləşdirilməsi və bu respublikalarda siyasi hakimiyyətin faktiki olaraq Sovet Rusiyasının nəzarətinə keçməsi, Türkiyəni Sovet Rusiyasının təklif etdiyi formatda müqavilə imzalamağa məcbur etdi. Türkiyənin bu formatda danışıqlara getməsinin başqa səbəbləri də var idi. İlk növbədə Türkiyə Moskva müqaviləsini imzalamaqla özü üçün çox mühüm bir neçə məsələni həll etmişdi. Bunlar aşağıdakılar idi: 1. Sovet Rusiyası XVIII əsrin sonlarından etibarən Türkiyəyə qarşı tətbiq etdiyi kapitulyasiya rejimindən və xristian əhalinin işləri ilə ələqadar Türkiyənin daxili işlərinə qarışmaqdan imtina etdi. 2. Türkiyə XIX əsr boyunca çar Rusiyası ilə apardığı müharibələrdə Şərqi Anadoluda və Qafqaz bölgəsində itirdiyi torpaqların əksəriyyətini geri qaytardı (Qars, Kağızman, Ərdəhan, Oltu, Artvin sancaqlarını bütünlüklə, Batum və Sürməli sancaqlarının da bir qismini, ümumi sahəsi 23,6 min kv.km ərazini). 3. Naxçıvanın Azərbaycanın tərkibində saxlanmasına və onun himayəsi altında muxtariyyət yaradılmasına nail oldu. 4. Gürcüstana verilməsinə razı olduğu Batum və ətraf bölgələri əhatə edən ərazidə muxtariyyət yaradılmasına nail oldu. 5. Türkiyə Antanta dövlətlərinə qarşı mübarizədə Sovet Rusiyasından böyük maddi, hərbi və mənəvi kömək aldı.
Aparılan diplomatik danışıqlar və yazışmalardan sonra Türkiyə ilə üç Cənub Qafqaz respublikası arasında Rusiya nümayəndəsinin iştirakı ilə konfransın 1921-ci il sentyabrın 26-da Qars şəhərində keçirilməsi razılaşdırıldı. AK (b)P MK Siyasi Bürosunun 1921-ci il 26 avqust tarixli qərarı ilə Xalq fəhlə-kəndli nəzarəti komissarı B.Şahtaxtinski Azərbaycan SSR-in konfransdakı nümayəndəsi təyin olundu. Azərbaycan diplomatiyası çalışırdı ki, Qarsda güclü təmsil olunsun. B.Şahtaxtinskinin konfransda iştirakı faktının özü Sovet Azərbaycanı rəhbərliyinin bu məsələyə böyük əhəmiyyət verdiyini göstərirdi. Lakin Azərbaycan Kommunist Partiyasının rəhbərliyində olan S.Danielyan, L.Mirzoyan, A.Mikoyan S.Orsonikidze ilə birlikdə hələ 1921-ci ilin iyununda B.Şahtaxtinskini danışıqlardan uzaqlaşdırmağa və onu özləri üçün daha əlverişli adamla əvəz etməyə can atırdılar. Lakin N.Nərimanovun bu məsələ ilə bağlı prinsipial mövqeyi sayəsində B.Şahtaxtinski fəaliyyətini davam etdirə bildi. Qeyd etməliyik ki, Naxçıvan SSR Xalq Komissarları Soveti Qars konfransında Naxçıvan ölkəsinin mənafeyini müdafiə etmək üçün Tağı Səfiyevi ora ezam etmişdi.
Qars konfransı 1921-ci il sentyabrın 26-dan oktyabrın 13-dək keçirildi. Açılışda Kazım Qarabəkir paşa, Yakov Qanetski və Askanaz Mravyan çıxış etdilər. Qars danışıqları çox gərgin və prinsipial keçdi, tərəflər çoxlu mülahizə və təkliflərlə çıxış etdilər. Türkiyə nümayəndə heyəti üç Cənubi Qafqaz respublikası ilə ayrı-ayrılıqda müqavilə bağlamağı təklif etdi. RSFSR-in nümayəndəsi Y.Qanetski bir ümumi müqavilənin bağlanmasında israr edirdi və xeyli sayda dəlillər gətirirdi. Əslində isə Y.Qanetskinin gətirdiyi dəlillər Rusiyanın bu respublikaların xarici siyasətini ləğv etmək, özünə birləşdirmək, gələcəkdə isə vahid dövlət yaratmaq niyyətlərinə xidmət edirdi. Qeyd etməliyik ki, RSFSR bu istiqamətdə Azərbaycan SSR ilə hələ 1920-ci il sentyabrın 30-da “hərbi və maliyyə-iqtisadi ittifaq” haqqında müqavilə bağlamışdı.
Sovet Rusiyası nümayəndəsinin iştirakı ilə Türkiyə üç Cənubi Qafqaz respublikası arasında 13 oktyabr 1921-ci ildə Qarsda müqavilə imzaladı. Müqavilə 20 maddə və 3 əlavədən ibarət idi. Bu müqavilənin bir sıra müddəaları Moskva müqaviləsinin müvafiq maddələri ilə uyğun idi. Ümumilikdə isə bu sənəddə qeyri-bərabər hüquqlu müqavilələr, zorla qəbul etdirilən müqavilələr və Sevr müqaviləsi rədd edilirdi. Müqavilə Qars və Batumun ərazi məsələləri üzrə bütün müddəalar kompleksini, nəqliyyat kommunikasiyalarının fəaliyyətini və vətəndaşların azad hərəkətinin təmin edilməsi, milli və dini mənsubiyyətindən asılı olmayaraq vətəndaş hüquqları məsələlərinin sarsılmazlığı kimi məsələləri əhatə edirdi. Onun xeyli hissəsi qaçqınlar probleminin nizamlanması və hərbi ərazilərin dəyişdirilməsinə, razılığa gələn tərəflər arasında iqtisadi, mədəni və konsulluq əlaqələrinin əsas inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə həsr edilmişdi.
Müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın taleyi ilə bağlı idi. Burada yenə də Naxçıvanın Azərbaycanın tərkibində saxlanması və muxtariyyət verilməsi məsələsi təsbit olunmuşdu. Moskva müqaviləsindən fərqli olaraq, Qars müqaviləsinin 5-ci maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyən edilmişdi. Bunlar Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri olmuşdular. Müqavilənin bu maddəsində göstərilirdi ki, “Türkiyə hökuməti, Azərbaycan və Ermənistan Sovet Respublikaları müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlirlər”. Göründüyü kimi, bu maddə Moskva müqaviləsinin 3-cü maddəsi ilə müqayisədə qısalmışdır. Yəni, Moskva müqaviləsindən fərqli olaraq, Naxçıvanın statusu və tabeçiliyinə aid Azərbaycanın himayəçilik hüququ haqqında müddəa Qars müqaviləsində əks olunmamışdır.
Naxçıvan bölgəsinin ərazisi isə müqavilənin III Əlavəsində göstərilən sərhədlər daxilində müəyyən edilirdi: “[Naxçıvan ərazisi] Urmiya kəndindən [başlayır], oradan düz xətt ilə Arazdəyən stansiyasına (bu stansiya Ermənistan SSR-ə qalacaq), sonra düz xətt ilə Daşburun dağının (3142) qərbinə, oradan Daşburun dağının suayırıcısını (4108), Cəhənnəmdərəsi çayını, Bağırsaq dağının suayırıcısını (6607 və ya 6587) keçərək, “Rod.” (Bulaq) yazısının cənubundan keçmiş İrəvan və Şərur-Dərələyəz qəzalarının inzibati sərhədləri ilə gedərək, 6629 yüksəkliyindən Kömürlüdağa (6839 və ya 6930), oradan 3080 yüksəkliyinə, Sayatdağa (7868), Qurdqulaq kəndinə, Həməsür dağına (8160), 8022 yüksəkliyinə, Küküdağa (10282) və [nəhayət] keçmiş Naxçıvan qəzasının şərqi inzibati sərhədində [qurtarır]”.
Beləliklə, Moskva və Qars müqavilələri Naxçıvanın statusu və tabeçiliyi məsələsini beynəlxalq müqavilələrlə tam şəkildə həll etdi. Qars müqaviləsi müddətsiz imzalanmış və bu müqaviləni imzalayan dövlətlərdən hər hansı biri onu birtərəfli qaydada ləğv edə bilməz. Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında müqaviləni imzalayan ölkələrin qanunverici orqanlarında təsdiq edilmiş və həmin ilin sentyabrın 11-dən qüvvəyə minib.
Qars müqaviləsi imzalandıqdan sonra, Naxçıvan bölgəsi Sovet Sosialist Respublikası elan olunmasına baxmayaraq, Ermənistan Qars müqaviləsinin bu maddəsindən müəyyən bəhanələrlə imtina etməyə cəhd göstərdi. Naxçıvana qarşı ərazi iddiaları ilə çıxış etməyə başladı. Zaqafqaziya MİK-in qərarları ilə 1929-1931-ci illərdə Naxçıvan MSSR-in ərazisinin bir qismi qanunsuz olaraq Ermənistana verildi. Belə ki, 1929-cu ildə Şərur qəzasının Qurd Qulaq, Xaçik, Horadiz, Naxçıvan qəzası Şahbuz nahiyəsinin Ağbinə, Ağxaç, Almalı, Dağ Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qərçıvan sovetliyinə daxil olan Mehri, Buğakər yaşayış məntəqələri, Kilit kəndinin bir hissəsi, ümumən 657 kv. km sahəsi Ermənistana verildi. Sonrakı illərdə də bir sıra ərazilər Ermənistana birləşdirildi. 1990-cı illərdə erməni silahlı qüvvələri Şərur rayonunun Kərki kəndini işğal etdilər. Beləliklə, Naxçıvan Muxtar Respublikasının beynəlxalq Qars müqaviləsi ilə təsbit edilmiş ərazisinin təqribən 15 faizi keçən əsrin 20-90-cı illərində Ermənistan tərəfindən qanunsuz olaraq zəbt edildi.
Qars müqaviləsində muxtariyyətin əsası qoyulmuş, Naxçıvan ərazisində Naxçıvan SSR yaradılmış, lakin 16 iyun 1923-cü ildə siyasi və inzibati statusunda dəyişiklik edilən Naxçıvan SSR Naxçıvan diyarına çevrilib. 1924-cü il fevralın 9-da bölgənin inzibati və siyasi statusu bərpa edilərək Naxçıvan MSSR, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılıb. 1926, 1937 və 1978-ci illərdə Naxçıvan MSSR-in Konstitusiyaları qəbul edilib. Bu Konstitusiyalarda Naxçıvan MSSR-in siyasi, hüquqi və iqtisadi sisteminin əsasları müəyyən edilib. Müstəqillik dövründə isə Naxçıvan MR-in Konstitusiyası 1998-ci ildə qəbul olunub. Bu Konstitusiyada Naxçıvan MR-in statusu “Naxçıvan muxtar dövləti Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır” şəklində təsbit olunub.
Ermənistan Respublikası 1920-ci il dekabrın 28-də Naxçıvanın müstəqilliyini tanıyıb, Qars müqaviləsi ilə ona Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsinə imza atıb, lakin bu gün də belə Naxçıvan iddialarından əl çəkməyib. Naxçıvan regionunu ələ keçirmək istəyən, bunun üçün hər cür vasitələrdən istifadə edən, “Naxçıvan və Şərursuz Ermənistan yaşaya bilməz”, – deyən ermənilərin qarşısına Qars müqaviləsi ilə sədd çəkilib. Bu müqavilənin şərtlərini də erməni daşnakları dəfələrlə pozublar. Ermənistan Respublikasının Naxçıvana qarşı hər hansı ərazi iddiaları heç bir hüquqi əsasa malik deyil və beynəlxalq hüquq normalarına ziddir. Nə Moskva, nə də Qars müqavilələri bugünədək etibarsız elan edilməyib. Bu müqavilələr indiyədək öz hüquqi qüvvəsini saxlayır.
İsmayıl
HACIYEV,
AMEA
Naxçıvan Bölməsinin sədri,
Akademik
525-ci qəzet.- 2011.- 5 oktyabr.- S.2.