Osman
Gündüz: “Azərbaycanda ənənəvi KİV yeni media
tipinə, internet sisteminə çoxdan inteqrasiya olunub”
İnformasiya
texnologiyalarının inkişafı bütün dünyada
müxtəlif sahələrə təsirsiz ötüşmədi.
Bu təsir özünü media sahəsində də göstərməkdədir.
Belə ki, texnologiyaların inkişafı yeni media, internet
mediasının yaranmasına səbəb oldu. Dünya ölkələrində
uzun müddətdir gedən bu proses Azərbaycanda
özünü 90-cı illərin ortalarından göstərməyə
başlayıb. Yeni media mütəxəssisləri hesab edirlər
ki, hələ ölkədə bu sahənin inkişafı
üçün çox işlər görülməlidir.
Müsahibimiz
Azərbaycan İnternet Forumunun prezidenti, yeni media üzrə
ekspert Osman Gündüz bu və digər məsələlərlə
bağlı fikirlərini açıqlayıb.
–
Osman müəllim, sizcə informasiya texnologiyalarının
inkişafı Azərbaycanda media sahəsinə nə kimi təsir
göstərib?
– Təbii ki, diqqət yetirdikdə görürük ki, informasiya texnologiyalarının, informasiya cəmiyyətinin formalaşması Azərbaycan media bazarına da ciddi olaraq təsir edib. Yəni bu təsir həm infrastruktur, həm yeni kadrlar ordusunun yaranması, həm oxucularla münasibət, həm də yeni media subyektlərinin yaranması nöqteyi-nəzərindən özünü göstərməkdədir. Yeni media demək olar, media bazarında tamamilə ciddi keyfiyyət, kəmiyyət dəyişiklikləri əmələ gətirib. Bu proses Azərbaycanda təxminən 97-98-ci illərdən getməyə başlayıb. Artıq bir qədər müddət keçdiyindən təbii, nəticələr barədə də danışmaq olar. Son dövrlər isə biz yeni media sahəsinin ən dinamik və daha surətlə inkişaf edən sahəyə çevrilməsini müşahidə edirik. Yeni media sahəsi dedikdə artıq texnologiyalardan istifadə etməklə qurulan medianı nəzərdə tuturuq. Yəni oxucularla, istifadəçilərlə interaktiv münasibətə imkan verən media subyektini başa düşürük. Ənənəvi qəzetlərin internet resursları, xəbəryönümü üçün yaradılmış kağız versiyası olmayan internet qəzetlər, agentliklər, bloqlar, sosial şəbəkələr hamısı yeni bir media olaraq xarakterizə olunur. Ona görə hesab edirəm ki, artıq demək olar, Azərbaycanda tam sürətlə yeni bir media deyilən sferanın formalaşması prosesi gedir. Artıq bizdə bloqsfera, demək olar, formalaşıb. Bununla bağlı bir neçə dəfə böyük tədbirlər keçirilib. Azərbaycanda bloqçular, bloq yazarları ordusu var. Eyni zamanda ancaq internetdə olan xəbər resursları mövcuddur. Hesab edirəm ki, bu sahədə də inkişaf gedir. Yəni tək siyasi gündəlik xəbərlər mövzusunda deyil, həm də müxtəlif sahələr üzrə, məsələn, texnologiyalar, idman, tibb üzrə xəbər resursları var. Sosial şəbəkələr də surətlə inkişaf edir, ona görə düşünürəm ki, Azərbaycanda artıq İKT yetərincə media sektoruna təsir edib.
– Bəs media sektoru İKT-nin yaratdığı imkanlardan yetərincə yararlana bilirmi?
– Hesab edirəm ki, yeni texnologiyalardan, xüsusilə, veb-2 deyilən yeni müasir texnologiyalardan o dərəcədə də yararlanmaq mümkün olmayıb. Hər gün yeni-yeni texnologiyalar meydana gəlir. Bu yeni texnologiyalar daha yeni imkanlar ortaya qoyur. Bu texnologiyalar üzərində oxucularla münasibətlər qurmağa, diskussiyalar aparmağa imkan verən platformalar yaratmaq olar. Amma mənim fikrimcə, yeni texnologiyaların verdiyi imkanlardan hələlik o qədər də istifadə olunmur. İstifadə olunursa da, məhdud bir çərçivədədir. Bütövlükdə ölkə üzrə söyləmək ki, yeni texnologiyalardan media sahəsinin inkişafı üçün tam surətdə, yüksək səviyyədə istifadə olunur, düşünürəm ki, bunu demək bir qədər tez olardı. Ona görə ki, burda müəyyən problemlər var və onların həlli də vacibdir. İlk növbədə kadrlar problemini vurğulamaq lazımdır. Təbii ki, yeni media subyektlərini işə salmaq üçün müəyyən bacarıqlar tələb olunur. Bu bacarıqlar informasiya texnologiyaları, yeni media texnologiyaları, yeni alətlərin işə salınması ilə bağlıdır. Bacarıqların yetərincə olmaması yeni media texnologiyalarının sürətli inkişafının qarşısını alan amillərdən biridir. Ona görə bacarıqların da yetərli olmamasının kökündə dayanan başlıca səbəb jurnalistika təhsili verən universitetlərdə mövcud standartlarla bağlıdır. Mənə düşünürəm ki, universitetlərin jurnalistika fakültəsində müəyyən bir transformasiya getməlidir. Bazar hansı bacarığı, standartı tələb edirsə, ali məktəblər də ona uyğun tədris proqramlarını dəyişməlidirlər.
– Bu sahənin problemlərindən biri kimi də
adətən yeni medianın qanuni çərçivəsinin
olmaması, yəni tənzimlənməsi qeyd edilir. Bunu ciddi problem
saymaq olar, yoxsa hesab edirsiniz daha aktual problemlər mövcuddur?
–
Düzdür, bu sahənin dövlətlə olan münasibətlərinin
hüquqi müstəviyə gətirilməsində müəyyən
problemlər var. Ənənəvi mediada qeydiyyatdan keçdikdən
sonra akkreditasiya, dövlət dəstəyi ilə
bağlı heç bir problemlə qarşılaşmırsan.
Yəni akkreditasiyadan keçərək müstəqil
olaraq dövlət qurumlarının tədbirlərində
iştirak edirsən, həm də dövlət dəstəyindən
bəhrələnmək imkanların olur. Mən
prezidentin sərəncamı ilə yaradılmış
KİV-lərin İnkişafına Dövlət Dəstəyi
Fondunun mediaya ayırdığı qrant yardımları ilə
bağlı məsələni nəzərdə tuturam. Bilirsiniz ki, davamlı olaraq media orqanlarının
müxtəlif mövzulu layihələri bu qurum tərəfindən
maliyyələşdirilir. Yeni media subyektləri,
xəbər saytları, onlayn internet resursları
üçün bunlar hələlik tənzimlənməyib.
Bəziləri qeydiyyatdan keçmək istəmirlər,
amma istəyənlər var. Ona görə bunun prosedurası həll
olunmalıdır. Tutaq ki, hansısa bir xəbər
resursunu gündə 20 min adam oxuyur,
hansısa qəzetin isə 15 nəfər oxucusu var, amma həmin
qəzet yardım ala bilir. Məncə bu iki məsələyə,
yəni akkreditasiya və dövlət dəstəyi məsələlərinə
müəyyən aydınlıq gətirilməlidir. Təhsil
problemi ilə bağlı bayaq qeyd etdim, əlavə olaraq
bildirmək istəyirəm ki, hazırda biz bu problemin həlli
üçün ali məktəblərdə
jurnalistika təhsili verən kafedralarla birlikdə layihə
gerçəkləşdiririk. Hansı ki biz həmin
universitetlərə bazarın tələblərinə, yeni
medianın tələblərinə uyğun tədris
proqramı hazırlayırıq. Hazırda
bu tədris proqramlarının təkmilləşdirilməsi
ilə məşğuluq. BDU və digər
universitetlərdə əməkdaşlıq şəklində
biz bunu işləyirik. Artıq layihə fəaliyyətə
başlayıb. Burda nəzərdə
tutmuşuq ki, kadrlar problemini aradan qaldırmaq
üçün jurnalistika fakültələrində yeni
media texnologiyalarını təkmilləşdirmək
üçün yeni tədris proqramları tətbiq edək.
Onlar bazarın tələblərinə uyğun
olaraq tələbələrdə yeni bacarıq vərdişlərinin
formalaşmasına imkan verəcək. Universitetlərə
həmçinin təklif edəcəyik ki, yeni media
texnologiyaları ilə bağlı kurslar olsun. Yəni
multimedia jurnalizmi, onlayn jurnalizmi, vebiditor və sairə,
hansı ki yerlərdə işləmək üçün
bunlara ehtiyac var. Universitetlərin biri ilə pilot qaydada internet
televiziya studiyası açmaq fikrimiz var. Jurnalistika fakültəsi
olan bütün universitetlərdə onlayn qəzetlərin modulunu
verəcəyik. Yəni hər universitetin
özünün onlayn qəzeti olacaq. Bu
sanki bir laboratoriya rolunu oynayacaq. Məktəblərdə
fizika, kimya, biologiya laboratoriyaları kimi. Həmin
modul jurnalistika fakültəsinə imkan verəcək ki, tələbələrə
o onlayn qəzet laboratoriyalarında işləyə bilsinlər
ki, təcrübə qazanmaq imkanları olsun. Yəni tələb
orda xəbər, şəkil, link yerləşdirə biləcək.
Biz bu laboratoriyanı necə işlədə bilməklə
bağlı müəllimlər üçün də müəyyən
təlimlər keçirməyi nəzərdə tutmuşuq. Müəllim
üzərində çalışmalıdır ki, tələbələrə
də orda praktika keçə bilsinlər.
– Yeri gəlmişkən,
media jurnalistika fakültələrini bitirən tələbələri
hazır kadr kimi əldə edə bilmir. Bu da
onların siz də qeyd etdiyiniz kimi praktiki
bacarıqlarının olmamasından irəli gəlir. Sizcə müəllimlərin bu məsələdə
rolu nə qədərdir? Yəni müəllimlər
yeni standartlarla ayaqlaşa bilirlərmi?
– Son
dövrlər mən müşahidə edirəm ki, müəllimlərin
əksəriyyəti artıq həm könüllü, həm
məcburi olaraq texnologiyalara, kompüterlərə meyl edirlər,
onları mənimsəyirlər. Elə müəllimlər
var öz bloqlarını yaradıblar. Amma
təbii ki, müəyyən qisim var ki, bunlara qarşı bir
qədər etinasızdır. Lakin bununla
yanaşı gərəkdir ki, əyani təhsil müəssisələrində
jurnalistika kafedralarında maddi texniki baza olsun. Birinci keyfiyyətli və surətli internet, ikincisi
veb internet studiyalar olmalı, tələbə və müəllimlərin
işləməsi üçün müəyyən baza
yaradılmalıdır. Məsələn,
mən ABŞ-da universitetlərdə altı ay bununla
bağlı təcrübə keçdim. Orda hər
müəllimin özünün otağı, ayrıca
geniş zolaqlı interneti var. Bundan əlavə, bir iş
mühiti, yaradıcı şərait mövcuddur. Yəni müəllim dərsə başlamazdan əvvəl
internetə girir, axtarıb tapır, tələbələri qəbul
edir, onlara nəsə göstərə bilir. Müəllimlər kompüter otağında yox, elə
öz otaqlarında hansısa təcrübələr keçə
bilirlər. Ona görə
düşünürəm ki, hazırda jurnalistika fakültələrində
bizim müəllimlər üçün də belə şərait
yaradılmalıdır.
– Sizcə
internet medianın bayaq qeyd etdiyimiz kimi bəlli çərçivələrinin
olmamasının nə kimi mənfi cəhətləri ola bilər?
– İnternet bir qədər daha açıq şəbəkədir
və liberaldır. Buna görə də daha sürətli
inkişaf edir. Fikir versək, ənənəvi
və yeni mediaya artıq fərqləri görəcəyik.
ABŞ-da mütəxəssislər belə qənaətə
gəliblər ki, artıq orda 2017-ci ildə kağız
mediaya nöqtə qoyulacaq. Ümumiyyətlə,
BMT-nin bununla bağlı bir açıqlaması var və
qeyd edilir ki, 2030-2040-cı illərdə kağız mediaya
nöqtə qoyulur. İndi bu kontekstdən
yanaşanda tənzimlənmə məsələsinə də
diqqət yetirmək lazımdır. Bəzən
belə çıxışlar eşidirik ki, internet media
internet televiziya tənzimlənməlidir. Bu,
Azərbaycanda necə tənzimlənmə bilər ki,
dünyada bununla bağlı oturuşmuş bir mövqe yoxdur.
Ola bilər, dünyada bununla bağlı müəyyən
addımlar atılsın, bir yanaşma olsun, ondan sonra
baxıla bilər. Amma indi hesab edirəm
ki, Azərbaycanda daha çox bu sahənin inkişafına diqqət
yetirmək yaxşı olar, nəinki tənzimlənməsinə.
O ki qaldı hansısa qeyri-qanuni xəbərlərin saytlarda
yerləşdirilməsi, pornoqrafik videoların, təhlükəli,
zərərli informasiyaların yayılmasına, bunun
qarşısını almaq üçün Azərbaycanda
qanunvericilik mövcuddur. Cinayət Məcəlləsində
pornoqrafiya ilə bağlı maddə var. İstəsən,
pornoqrafiyanı kasset vasitəsilə, istəsən internetdə
yay, eyni cinayət tərkibi yaradır. Yaxud
şərəf və ləyaqətin alçaldılması
ilə bağlı yazını istər qəzetin
özündə, istərsə də saytında yerləşdir,
yenə eyni cinayət tərkibi yaradır. Yəni cinayət cinayətdir və bu kimi hallar
qanunlarda tənzimlənir. Yaxud da artıq
Azərbaycanda bununla bağlı presedent də var, ona görə
düşünürəm ki, burda video-audio cəhətdən,
zərər baxımından qorxulu məqam yoxdur. Əgər kimsə bunu edibsə, qanunvericiliklə
cavab verməlidir. İnternetdə
olması səbəbindən ayrıca qanunvericiliyin qəbul
olunmasına ehtiyac yoxdur. Azərbaycan
kibercinayətkarlıq haqqında konvensiyaya da qoşulub.
Ola bilsin, burda ehtiyac var ki, necə ki, ənənəvi mediada
müəyyən etik qaydalar, kodekslər var internet aləmində
də bu proses gücləndirilsin. Azərbaycan
İnternet Forumu olaraq zaman-zaman biz bu məsələləri
qaldırırıq. “Copyright” (müəlliflik
hüququ) problemi mövcuddur. Məncə,
bu həm də bu sahədə ən ciddi problemlərdən
biridir. Yəni son vaxtlar bu sahədə
müəllif hüquqlarının pozulmasını
müşahidə edirik. Hansısa bir
bloqçu gözəl fakt tapır və əla yazı
yazıb qoyur bloquna. Onun da stabil oxucuları var, yəni
gündə tutaq 300 adam onun bloquna daxil
olub, oxuyur. Amma görürsən ki, axşam
televiziyalarda onun bloqunda olan materialı səsləndirdilər,
istinad da yoxdur. Yaxud hansısa qəzetdə
yazı çıxıb və həmin qəzetin oxucuları
da 5-10 min nəfərdir. Bloqçu ona
istinad edilmədiyi üçün şikayət edir. Bu mənada düşünürəm ki, ki,
“Copyright” yeni mediada çox aktual və ciddi problemlərdən
biridir. Yəqin ki, bunun
qarşısını almaq üçün müxtəlif
addımlar atıla bilər. Çünki
bu cür addımlara ehtiyac var. Bu yaxınlarda Nabranda 150 nəfər
bloqçunun iştirakı ilə bu məsələni
müzakirə etdik. Son dövrlər
bloqsfera gücləndirilib, yeni xəbərlər gəlir, digər
media, qəzetlər, saytlar, televiziyalar materialdan istifadə
edirlər. Bu, doğru deyil.
– Siz yeni
media mütəxəssisi olaraq, təbii ki, bu sahənin daha da
inkişafının tərəfdarsınız. Ənənəvi media sahiblərində isə bir
narahatlıq var. İnternet mediasının inkişafı ənənəvi
mediaya necə təsir edib?
– 10 ildən
artıqdır ki, bu təsir özünü göstərir. Son dövrlər isə bu təsirlər daha da
güclənib. Düşünürəm
ki, baş verənləri təbii qəbul etmək
lazımdır. Çünki bu
qaçılmaz bir prosesdir. Biz
qloballaşma dövründə yaşayırıq və
dünyanın inkişafı bunları diqqətə edir.
Azərbaycanda bu təsirlər gec
başlayıb, artıq dünya ölkələrində təsir
məsələsi müzakirə olunmur. Bu,
çoxdan bitib. Orda transformasiya prosesi
başa çatıb və elə ölkələr var ki,
gözləyirlər ki, kağız, yəni çap mətbuatı
nə vaxt öləcək, sıradan çıxacaq. Yəni inkişaf etmiş ölkələrdə
bunu proqnoz edirlər. Hələlik Azərbaycanda
mən belə bir təhlükəni görmürəm.
Eyni zamanda düşünürəm ki, qəzet
redaksiyaları, ənənəvi KİV sahibləri gərək
qabaqlayıcı addımlar atsınlar. Məncə,
belə addımların atıldığı artıq hiss
olunmaqdadır. Belə ki, bu gün Azərbaycanda
üzdə olan, nüfuzlu qəzetlərin sahibləri bunu dərk
etdikləri üçün tədricən yeni media sahəsinə
meyl ediblər. Yəni bu gün
bütün üzdə olan qəzetlərin saytları var,
orda tək xəbərlər deyil, artıq videolar audiolar yerləşdirirlər.
Elektron KİV-lər, yəni radio, televiziyalar verilişlərinin
variantını internetə qoyublar, radiolar internet üzərindən
yayımlanır. Bunu belə ümumiləşdirə
bilərik ki, Azərbaycanda ənənəvi KİV yeni media
tipinə, internet sisteminə çoxdan inteqrasiya olunub. Ona görə onlar çoxdan hesablayıblar ki,
perspektiv bunun üzərindədir və düz də ediblər.
Bizim tövsiyəmiz bu ola bilər ki, onlar
yeni medianın üzərində reklamla, bizneslə
bağlı məsələlərdən, pullu xidmətlərdən
yararlana bilərlər. Məsələn, mən
Amerika təcrübəsində görürdüm ki, orda
artıq qəzetə abunə yazılma prosesi ilə
bağlı internet saytın pulsuz oxunmasını da onun
içərisinə daxil etmişdilər. Yəni sən abunəni ödəməmişdinsə,
onda pulsuz müəyyən hissələri oxuya bilərdin.
Amma qəzetə, sayta ayda 5-10 dollar verib abunə
yazılmaqla, qəzeti evdə əldə edə və
saytı oxuya bilirsən. Düşünürəm
ki, Azərbaycanda da artıq ənənəvi media subyektləri
həm bu yeni medianın üzərində reklamla, bizneslə,
həm pulu xidmətlərlə bağlı məsələləri
nəzərdən keçirsələr, gələcəkdə
onları elə ciddi problemlər, təhlükə gözləməz.
Yeri gəlmişkən, biz bu yaxınlarda yeni
medianın problemləri ilə bağlı böyük tədbir
keçirməyi nəzərdə tutmuşuq. Problemlər dövlət qurumları, yeni media
subyektləri ilə birgə ciddi müzakirə olunacaq.
P.SULTANOVA
525-ci qəzet.-
2011.- 6 oktyabr.- S.6.