Bakıda “Yer elmləri: yeni yanaşmalar və nailiyyətlər” adlı
beynəlxalq konfrans keçirilib
Dünən
Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya
İnstitutunun təşəbbüsü ilə gənc alim və
tələbələr üçün “Yer elmləri: yeni
yanaşmalar və nailiyyətlər” adlı IV beynəlxalq
konfrans təşkil edilib. İnstitutun Gənc Alimlər
Şurası tərəfindən təşkil olunan konfransda
Avstriya, Rusiya, Türkiyə, İran, Qazaxıstan və digər
ölkələrdən gənc alimlər iştirak edir.
İki gün davam edəcək konfransın yekununda gənc
alimlərə sertifikatlar təqdim olunacaq. Beynəlxalq konfrans
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin
İnkişafı Fondu və “bp” şirkətinin dəstəyi
ilə keçirilir.
Konfransda çıxış edən
Geologiya İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, akademik
Akif Əlizadə konfransın əhəmiyyətindən
danışaraq Azərbaycanda elmin bu sahəsinə xüsusi
diqqət yetirildiyini deyib. O bildirib ki, Azərbaycan dövləti
gənc alimlərin elmi potensialının inkişaf etdirilməsi
üçün zəruri addımları atmaqdadır və
elm sahəsində çalışan gənclər xarici dilin
və müasir texnologiyanın əhəmiyyətini dərk
etməlidirlər. A.Əlizadə simpoziumda yer elmləri sahəsində
yeni istiqamətlərin müzakirə olunacağını
söyləyib. Onun sözlərinə görə, Azərbaycan
ərazisində 9-10 ballıq zəlzələ
ocaqlarının olması ilə bağlı səslənən
fikirlərin həqiqiliyinin müəyyənləşdirilməsi
məqsədilə geniş tədqiqat işlərinin
aparılmasına ehtiyac var. Zəlzələ
ocaqlarının müəyyənləşdirilməsi ilə
bağlı yeni metodik yanaşma mövcuddur. Konfransda Azərbaycandan
Nərminə Hüseynova, Əfşan Babazadə “Cənubi Xəzər
hövzəsinin dəniz hissəsindəki Alt Pliosen Məhsuldar
qat rezervuarlarının xarakteristikası və
çöküntütoplanma şəraitinin proqnozu”, “Azərbaycan
və Türkmənistanın məhsuldar və
qırmızı qatları (Alt Pliosen): mikroelementlərin paylanması
və korrelyasiyası”, Türkiyədən Yasəmin Korkusuz
“Yalova ərazisində P dalğasının ilk
daxilolmalarının böyük miqdarda polyarizasiyasından
istifadə etməklə fokal mexanizmlərin köməkçi
müstəvilərdən fərqi”, Belarusdan İqor Yaşin
“Pripyat çökəkliyinin Mərkəzi neftli-qaz
perspektivli rayonunun aşağı famen
çöküntülərində domanik fasiyaları”,
Rusiyadan Mariya Mışenkova “Şimali Elbrus
dağlarının flüidolitləri”, Avstriyadan Yelena
Çevelça “Səs dalğalarının köməyi ilə
Sucker Rod nasos sisteminin qiymətləndirilməsi” mövzusunda
məruzələr ediblər.
Qeyd edək ki, konfransın ikinci
günü Moskva Dövlət Universitetinin professoru Nikolay
Koronovskinin və digər gənc alimlərin yer elmlərinin
müxtəlif istiqamətlərində apardıqları tədqiqatlara
dair məruzələri dinləniləcək.
S.QARAYEVA
525-ci qəzet.- 2011.- 6 oktyabr.- S.2.