Elm fədaisi,
yorulmaz müəllim, qeyrətli vətəndaş
Azərbaycan
ədəbiyyatşünaslıq elminin XX əsrin ikinci
yarısında yetişmiş görkəmli simalarından
AMEA-nın müxbir üzvü, professor Abbas Zamanovun anadan
olduğu gündən 100 il keçir. O, özünün Məmməd
Arif Dadaşzadə, Feyzulla Qasımzadə, Mir Cəlal, Cəfər
Xəndan, Əli Sultanlı, Məmməd Cəfər və Həmid
Araslı kimi böyük məsləkdaşları ilə
birlikdə ölkəmizdə ədəbiyyatın və elmin
inkişafında, ədəbi əlaqələrimizin vüsətlənməsində,
alimlərimizin yeni, istedadlı, vətənpərvər nəsillərinin
yetişməsində təqdirəlayiq xidmətlər
göstərmişdir. Ümummilli lider Heydər Əliyev Abbas
Zamanovu yaxından tanımış, xalqımız
qarşısında xidmətlərini yüksək qiymətləndirmişdi.
O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
vəzifəsində çalışarkən A.Zamanovun vəfatı
xəbərini alanda “Səs” qəzetində nəşr olunan
başsağlığı məktubunda yazmışdı:
“Böyük alim, Azərbaycan elminin, ədəbiyyatının,
mədəniyyətinin inkişafında öz fədakar əməyi
ilə əvəzsiz rol oynamış Abbas Zamanovun xidmətləri
unudulmazdır. Ədəbiyyatımızın bir çox
ölkələrdə tanınması və təbliğ
olunması onun adı ilə bağlıdır. Şübhə
yoxdur ki, Abbas Zamanovun yaratdığı əsərlərdən
milli mədəniyyətimiz gələcəkdə də bəhrələnəcəkdir”
(“Səs” qəzeti, 7 aprel 1993-cü il).
Abbas Fəttah oğlu Zamanov 1911-ci ildə oktyabr ayının 10-da Şərurun Maxta kəndində yoxsul əkinçi ailəsində dünyaya gəlmişdir. Özü danışardı ki, 1918-ci ildə erməni quldur dəstələrinin hücumundan xilas olmaq üçün Cənubi Azərbaycana köçən şərurlular arasında onların da ailəsi varmış. Anadan yetim qalmış Abbas atası və qardaşı İsmayılla Xoyda sığınacaq tapmışdılar. Fəttah kişi bir ərbabın malikanəsində muzdurluq edir, ailəsinin yarımac güzəranını böyük çətinliklə yoluna qoyurdu. Xeyli zəifləmiş xəstə qardaşı məhrumiyyətlərə, müalicəsizliyə dözməyib dünyasını dəyişmişdi.Daşnak həmlələrinin qarşısı alınandan sonra Maxtaya qayıdan Fəttah kişi evlənmiş, uşaqlarının sayı artmışdı. Cütü, öküzü olmayan ailəni dolandırmaq zor iş idi. Əlacsız qalan ata Abbası uşaq evinə verməli olur. Burada yaşaya-yaşaya təhsil almağa müvəffəq olan A.Zamanov 1926-cı ildə Bakı darülmüəllimininə qəbul edilmişdir. O, təxminən 40 il sonra Maarif komissarlığının arxivində çalışarkən özünün o zamankı şəxsi işinə rast gəlib. Saralmış qovluğunun üzərində yazılıbmış: “Ədəbiyyatdan “əla”, riyaziyyatdan “iki üstəgəl” qiymət aldığı və çocuq evində yaşadığı üçün qəbul edilsin”. Ədəbiyyatdan “əla”nı imtahan günü ona şəxsən Abdulla Şaiq müəllim yazıbmış... (Bu sənədin fotosurətini vaxtilə Abbas müəllim xəfif kədər qarışıq bir iftixar duyğusu ilə bu sətirlərin müəllifinə göstərmişdi).Darülmüəllimini bitirdikdən sonra Astraxanbazarda (indiki Cəlilabad) bir il müəllimlik edir. Onu rayon komsomol komitəsinin katibi seçirlər. Daha bir ildən sonra A.Zamanovu gənclər mətbuatında işə köçürürlər. O dövrün çox populyar qəzetlərindən “Gənc işçi”nin redaktor müavini olur və uzun müddət dövri mətbuatda, mədəniyyət sahəsində çalışır, Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru vəzifəsində işləyir.Bakıda Nizami muzeyinin ekspozisiyasında Böyük Vətən müharibəsi dövrü ədəbiyyatının əks olunduğu xüsusi guşədə Sevastopolun müdafiəçisi Əbülhəsənin, Kerçdə panton batalyonunda vuruşan İsmayıl Şıxlının, topçu zabit Ənvər Əlibəylinin, kəşfiyyatçı İslam Səfərlinin portretləri cərgəsində rəngi solmuş bir foto da nümayiş etdirilir. Cəbhə şəraitində, irəlicədən heç bir hazırlıq görülmədən, tələm-tələsik çəkilmiş bu şəkildə kontrast o qədər zəifdir ki, təsvir edilən adamın paqonlarından onun hərbi rütbəsini çətinliklə təyin etmək olur. Lakin dolu sifət, təbəssüm qonmuş qalın dodaqlar, nikbinlik və xeyirxahlıq ifadə edən gözlər isə... Özüdür ki, var: şəkildə cəbhəçi-jurnalist Abbas Zamanovun tanış və mehriban siması canlanır. O, öz cəbhə oçerklərini qələmə alanda məhz həmin şəkildəki görkəmdə və qiyafədə olmuşdur. Bəli, Azərbaycan ədəbiyyatının yorulmaz tədqiqatçısı kimi yalnız respublikamızda və keçmiş Sovetlər İttifaqında deyil, bir sıra xarici ölkələrdə də yaxşı tanınan Abbas müəllim Azərbaycan mətbuatı tariximizdə həm də qorxmaz cəbhəçi jurnalist kimi yaşayır.Şimali Qafqaz cəbhəsində 58-ci ordunun tərkibində vuruşan və əvvəlcə “İrəli”, sonra isə “Fəhlə-Kəndli Qızıl Ordusunun döyüşçüsü” adlı cəbhə qəzetlərində əməkdaşlıq edən A.Zamanovun aldığı təltiflər və təşəkkürlər arasında bir sənəd var. Bu, 1943-cü ildə Sovet İttifaqı Teleqraf Agentliyi (TASS) tərəfindən cəbhəyə – Abbas müəllimin adına göndərilmiş Fəxri fərmandır. Həmin Fəxri fərmana o, öz əsas əsgəri vəzifəsini yerinə yetirməklə yanaşı, Azərbaycan oxucularını cəbhə həyatı ilə tanış edən maraqlı yazılar yazıb çap etdirdiyi üçün layiq görülmüşdür. Bu yazıların səhifələrində sərrast atəşlə onlarca faşisti məhv etmiş snayper Ziba Qəniyevanın, qeyri-bərabər döyüşdə xariqələr göstərib düşmən generalını əsir almış Fariz Səfərovun, qara xaç nişanlı təyyarələri vurub salan Adil Quliyevin, od saçan düşmən pulemyotunun lüləsinə sinəsini sipər edərək hücuma keçən döyüşçülərimizə yol açan Gəray Əsədovun, faşist tanklarının qənimi Yaqub Gözəlovun, yaralanmış komandirini öz çiyinlərində atəş yağmuru altından çıxarıb xilas edən tibb bacısı Səlimə Xəlilovanın fədakarlıqlarına dair unudulmaz epizodlar canlandırılmışdır.O zaman hələ şairlər böyük epik poemalarını, ədiblər roman və povestlərini hasilə gətirib ayrıca kitablar kimi nəşr etdirməyə, dramaturqlar pyeslərini tamaşaya qoydurmağa macal tapmamışdı. Operativ yazılan şeirlər, xırda hekayə və oçerklər, publisist məqalələr qəzet sütunlarında, jurnal səhifələrində, təşviqat vərəqələrində dərc olunur, öz oxucusuna vaxtında çatır və dövrün tələblərindən doğan böyük vətənpərvərlik vəzifəsini vicdanla yerinə yetirirdi.Nəsrimizin, onun bədii publisistika qolunun və oçerkliyin müasir mərhələsində A.Zamanovun “Cəbhə dəftərindən” kitabı bəlkə də sənətkarlıq baxımından bu gün bir o qədər diqqəti cəlb etməzdi. Lakin Böyük Vətən müharibəsinin canlı şahidləri tərəfindən yazılan şanlı salnaməsində azərbaycanlı cəbhəçi jurnalistin qələmə aldığı kiçik bir yarpaq olmaq etibarilə bu kitabça nadir hadisələrdəndir. Onu oxuyarkən bir daha aşkar görmək olur ki, dünənki adi Azərbaycan fəhləsi, kəndlisi, həkimi, müəllimi, tələbəsi, şagirdi, müharibə günlərində xalqın taleyi həll edilərkən az bir müddət içərisində cəbhə gerçəkliyinin tələblərinə əsasən necə dəyişmiş, təkcə zahiri görkəmi, paltarı, silahı ilə deyil, mahiyyətcə, mənaca, öz xarakteri və psixikası etibarı ilə necə mübariz əsgərə çevrilmiş, rabitəçi, tankçı, topçu, snayper, təyyarəçi, tibb bacısı... olmuşdur. Bu böyük tarixi həqiqətin kiçik bir hissəsini də olsa əks etdirdiyinə görə Abbas müəllimin oçerkləri bizim üçün xüsusi əhəmiyyət kəsb edir.Mən bəzi cəbhə qəzetlərində də, arxanın mətbuat orqanlarında da Abbas müəllimin 1941-45-ci illərdə çap etdirdiyi bir çox oçerklərini oxumuşam. Onlarca oçerki arasında ikisini göstərmək mümkün deyil ki, eyni tərzdə yazılmış olsun. Vaxtın qıtlığına baxmayaraq, öz oçerklərinin kompozisiyası üzərində müəllif dönə-dönə düşünüb-daşınmış, onların hər biri üçün xüsusi təqdimat üsulundan istifadə etmişdir.Bu oçerklər döyüşləri kənardan görən, yalnız eşitdikləri əsasında yazan bir nabələdin yox, cəbhənin sınaqlarını, səngər həyatının üzüntülərini, hücum döyüşünün oyatdığı yüksək əhval-ruhiyyəni, güllə yarasının ağrısını, dost itkisinin acısını şəxsən yaşamış bir zabitin, qeyrətli Azərbaycan oğlunun canlı şəhadətidir. Vaxtilə onlar Vətənin səadəti uğrunda vuruşan igidləri yeni qəhrəmanlıqlara ruhlandırmış, arxa cəbhə adamlarının qələbəyə inamını qüvvətləndirmişdir. Bu yazıların alovu vətənimizin bədxahlarını həmişə alışdırıb yandırmışdır. Alov saçan bu sətirlər o illərdə olduğu kimi, bu gün də Qarabağın azad olunması üçün amadə olan müstəqil Azərbaycanın fədakar əsgərlərinə mənəvi dəstəkdir.Müharibədən sonra A.Zamanov Azərbaycan Dövlət Universitetində təhsil almağa başlayır. Lakin vaxt dar idi. Cavanlıq çağlarını cəbhə yemişdi. Sənədlərini qiyabi Pedaqoji İnstituta verir və iki ilə oranı müvəffəqiyyətlə bitirib həmin institutda ədəbiyyat nəzəriyyəsindən dərs deməyə başlayır. Feyzulla Qasımzadə və Əli Sultanlı kimi tanınmış həmkarlarının məsləhəti və tövsiyəsi ilə iş yerini dəyişir və universitetdə XX əsr Azərbaycan ədəbiyyatından mühazirələr oxumağa başlayır. Əsrin ədəbiyyat korifeyləri Mirzə Cəlil və M.Ə.Sabir barədə elmi axtarışlar onu cəlb edir və bu nəcib fəaliyyətini ömrünün sonuna qədər davam etdirir.Beləliklə də universitetin filologiya fakültəsində sıravi müəllimlikdən başlayan A.Zamanov həmin ali məktəbin ən nüfuzlu qurumlarından biri olan Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri vəzifəsinə qədər yüksəlmiş, 8 il həmin kafedranı böyük müvəffəqiyyətlə idarə etmişdi. O, bir müəllim kimi ali təhsil, tədris prosesinə öz adı ilə bağlı yeniliklər tədbiq edirdi. Məsələn, ilk dəfə məhz Abbas müəllim universitet mühazirəsini, özəlliklə seminarları bunun üçün zərurət olduqda auditoriyadan çıxarıb Nizami adına Azərbaycan Ədəbiyyatı Tarixi Muzeyinin salonlarına, bəzi görkəmli şair və ədiblərin mənzil-muzeylərinə aparmışdı. Məhz onun təşəbbüsü və müşayiəti ilə bizim bir çoxumuz ilk dəfə Nizami muzeyində olmuş, XX əsrin əvvəllərindəki ədəbi proses haqqında mühazirəni həmin mərhələni əla əyani vasitələrlə əks etdirən əlvan salonda, C.Məmmədquluzadənin ev muzeyində dinləmiş, “Molla Nəsrəddin” jurnalının 1906-cı ilin aprelində çıxmış birinci sayını heyran-heyran əlimizə almış, bu tarixi və taleyüklü təmasdan ürəklərimiz riqqətə gəlmişdir.Onun müəllimliyi dərs deməklə bitmirdi. Tələbələrinin yataqxana, təqaüd, məişət, sağlıq problemləri də həmişə Abbas müəllimin diqqət mərkəzində idi. 1950-ci ilin fevralında – çovğunlu bir gündə bərk soyuqlamış, hərarətim yüksək olduğu üçün bir neçə gün dərsə gedə bilməmişdim. Bunu eşidən Abbas müəllim dərhal universitetin yaxınlığındakı “Passaj” bazarından mer-meyvə alıb bir-iki tələbə yoldaşımla yanıma gəlmişdi. Onun həyəcan təbili bütün yataqxana rəhbərliyini ayağa qaldırmışdı. Dərhal təcili yardım gəlmiş, mənə o zaman çox dəbdə olan pensilin iynəsi vurulmuş, hərarətim düşmüşdü. Üzərindən 60 il keçəndən sonra demək çox çətindir: həmin gün, o uzaq “Altıncı Dağlıq” küçəsindəki yataqxanada mənim qızdırmamı salan həkimin vurduğu iynə idi, yoxsa Abbas müəllimin özünün dənələyib ağzıma qoyduğu, “güleyşə” narın cana məlhəm şirəsi?Tələbələrinə böyük qardaş, ata münasibətini Abbas müəllim ömrünün axırına qədər qoruyub saxladı, istedadına inandığı cavanların aspiranturaya qəbulundan başlamış, ailə həyatı qurarkən onlar üçün elçilik etməyə qədər, bütün müşküllərinin həllində yaxından iştirak etdi. O, yüz işin içində vaxt tapır, universitetin son kursunda təhsil alan yetirmələrinin diplom işləri, aspirantların namizədlik dissertasiyaları haqqında məqalələr yazıb dövri mətbuatda nəşr etdirir, onları ruhlandırırdı. A.Zamanovun sözün həqiqi mənasında, mənəvi atalıq, ağsaqqallıq qayğısından pay almış bu cür gənclərdən Baloğlan Şəfiyev, Kamran Əliyev, Nizaməddin Şəmsizadə və qeyriləri artıq çoxdan elmlər doktoru, professor kimi ali məktəb kafedralarında, akademiya institutlarında səmərəli elmi yaradıcılıq işi ilə məşğuldurlar. Belə bir faktın da üzərindən keçə bilmirəm: Abbas müəllim mənim də ilk kitabım (“Firidun bəy Köçərli”) haqqında rus dilində ilk geniş məqalələrdən birini yazıb “Literaturnıy Azerbaydjan” jurnalında nəşr etdirmişdi (1964).
A.Zamanovun tərcümeyi-halında taleyüklü rol oynamış məşhur hadisə də onun ali məktəbdə müəllimlik fəaliyyətinin qaynar çağında baş vermişdi. Məlum olduğu kimi, xalq şairi Səməd Vurğunun vaxtsız vəfatından sonra, 1957-ci ildən başlayaraq hər il baharda şairin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilirdi. İş elə gətirib ki, mən bu gecələrin hamısında iştirak etmişəm. S.Vurğun martın 21-də doğulmuşdu. 1960-cı ilin Novruz bayramından bir həftə sonra, martın 29-da Akademiyanın böyük salonunda keçirilən növbəti tədbirin aparıcısı AEA-nın vitse-prezidenti, akademik M.A.Dadaşzadə, məruzəçisi isə filologiya elmləri doktoru, professor Cəfər Xəndan idi. Hər şey o zamankı rəsmi yığıncaqlarda olduğu kimi, “öz qaydası ilə” davam edirdi.
Məruzədən və irəlicədən
çıxışı nəzərdə tutulmuş bəzi
natiqlərdən sonra Abbas müəllim söz istəyib xitabət
kürsüsünə qalxdı. S.Vurğun
yaradıcılığının əhəmiyyətindən,
onun əsərlərində öz əksini tapan xalqlar
dostluğu ideyasından müxtəsər
danışan natiq getdikcə həyəcanlanırdı. Bu
yerdə heç kəsin gözləmədiyi, lakin bir-iki
saniyə keçər-keçməz salondakıların 99
faizinin şərik olduğu çox güclü bir həyəcan
yaşandı. Abbas müəllim deyirdi: – Çox təəssüf
ki, indi bu dostluğu pozmaq istəyən bəzi qüvvələr
meydana çıxıb. Bu yaxınlarda Yerevanda idim. Mənə
məlum oldu ki, orada Naxçıvanın Ermənistana birləşdirilməsi
üçün yığıncaqlar keçirilir, qərarlar
qəbul edilir, təxribatçılıq ruhunda tərtib
olunan sənədlər hazırlanır. Mən inanıram, əgər
Səməd Vurğun sağ olsaydı, hökmən deyərdi
ki, biz Naxçıvanın bir qarışını da
heç kəsə verməyəcəyik! Salondan
o vaxta qədər heç bir yığıncaqda eşitmədiyim
bir gurultu qopdu, güclü çəpik dalğası qəzəblə
döşəməyə çırpılan təpik
gumbultularına, aramsız davam edən
fit-fışqırıq səslərinə
qarışıb elə bir təəssürat oyadırdı
ki, vaxtilə ermənilərin yandırıb xaraba
qoyduqları “İsmailiyyə” binasının tavanı indicə
çatlayıb dağılacaqdı. Nə zaman
qoşulduğumu bilmədiyim bu uğultu bir neçə dəqiqə
çəkdi. Arif müəllim
sarsılmış, həyəcandan rəngi qıpqırmızı
qızarmışdı. Axı bu gecə də olmasa,
günü sabah ondan yığıncağın
aparıcısı kimi bu fövqəladə ideoloji hadisə
haqqında “yuxarı idarə” qarşısında hesabat vermək
tələb olunacaqdı... Nəhayət, salonda nisbi bir
sakitlik əmələ gəldi. Yığıncağın sədri
salona müraciətlə dedi: – Yoldaşlar, Abbas Zamanov
çox həyəcanlı olduğundan bir qədər hissə
qapılmışdı. İndi o da sakitləşib, yəqin
ki, çıxış edib dediklərindən peşiman
olduğunu etiraf edəcəkdir... (Bununla dünya
görmüş Arif müəllim A.Zamanovun qarşıdan gələn
çox ağır cəzasını bir qədər
yüngülləşdirmək istəyirdi). Lakin bir daha xitabət
kürsüsünə yaxınlaşan Abbas müəllim
sözünün üstündə çox möhkəm
durmuşdu: – Mən dediyimi demişəm və sözümdən
qaçmıram!Yenə də gurultulu alqışlar qopdu...
Yığıncaq pozuldu. Həmin tədbirin
iştirakçılarından Elçin Əfəndiyev (o
zaman 16 yaşı təzə tamam olmuşdu) xeyli sonra
2003-cü ildə yazmışdı: “Qardaş
olub Hayıstan-Azərbaycan!” kimi süni mahnıların sədaları
altındakı yalançı “xalqlar dostluğu”
şüarçılığı mühitində Abbas
Zamanovun o axşamkı çıxışı sosialist
Bakısının ətalət içində mürgüləyən
ictimai həyatında günün günorta çağı
çaxan qəfil ildırım kimi bir şey oldu.
Sonralar isə məlum oldu ki, o çıxış Azərbaycanın
taleyində mühüm rol oynayıb...” Tezliklə Abbas müəllimi
partiyadan çıxardılar. Tələbələrilə
ünsiyyətini təhlükəli sayaraq universitetin filologiya
fakültəsində mühazirə oxumaqdan kənar etdilər,
kitab və məqalələrinin nəşrinə qadağa
qoydular, ayda 83 manat almaqla kiçik elmi işçi vəzifəsində
işləmək üçün bizim Nizami adına Ədəbiyyat
İnstitutuna göndərdilər. Akademik Məmmədağa
Şirəliyev o zaman İnstitutun direktoru, mən partiya təşkilatının
katibi və elmi katib, f.e.d. Məsud Əlioğlu isə həmkarlar
təşkilatının sədri idi. Bu gün məmnun-məmnun
xatırlayıram ki, bütün hüquqlarının bərpa
olunduğu 1968-ci ilə qədər Nizami İnstitutunda ona
“gözün üstə qaşın var” deyən olmadı.
İşlədi, yazdı və tədriclə çap
olunmağa başladı...Sözü gedən
yığıncaqdan bir qədər sonra məlum oldu ki, sən
demə, Moskva Mikoyan, Tevosyan kimi yüksək vəzifəli
bişərəf ermənilərin təşəbbüsü
və təşkilatçılığı ilə
qaldırılmış bu müdhiş məsələni xəlvətcə,
o vaxt deyildiyi kimi, “afişirovat eləmədən”, əl
altından “həll edib” cəmiyyəti artıq baş
vermiş fakt qarşısında qoymaq istəyirmiş. Amma
müdrik bir Azərbaycan atalar məsəlində deyildiyi kimi,
“daş qayaya rast gəlmişdi”. Abbas müəllimin o tarixi
çıxışı və həmin
çıxışın doğurduğu əks-səda
Xruşşova gedib çatmış, o da “ağrımaz
başına dəsmal bağlamaq” istəməyib deyibmiş
ki, “biz ölkə daxilində ərazi məsələlərini
müzakirə etmirik...”Xruşşovun ağlının
beşdə biri Qorbaçovda olsaydı, Ermənistan heç
vaxt Dağlıq Qarabağla bağlı indi şahidi
olduğumuz bu qələti edə bilməzdi.
Abbas
Zamanov çox mötəbər bir mənəviyyat
körpüsü idi: Azərbaycanla xarici ölkələr
arasında, ədəbiyyatımızın və elmimizin
dünəni ilə bu günü arasında, artıq
ömrünü başa vurmaqda olan yaradıcı
ziyalılarımızla gənc istedadlar arasında...Təqribən
60 il bundan əvvəl bu sətirlərin müəllifi Azərbaycanın
yeganə Dövlət Universitetində tələbə ikən,
filologiya fakültəsində müntəzəm olaraq
keçirilən ədəbi yığıncaqların,
görkəmli yazıçılarla görüşlərin,
müxtəlif yubiley təntənələrinin təşkilində
sevimli müəllimimiz Abbas Zamanov xüsusilə fəal
iştirak edərdi. Həmin yığıncaq və
görüşlərin bir çoxu haqqında o, özü təşəbbüs
irəli sürər, sonra isə necə deyərlər, qolunu
çırmayıb hazırlıq işinə girişər,
tələbələrə unudulmaz təsir
bağışlayan həmin görüşlərin yüksək
səviyyədə, mütəşəkkil keçməsi
üçün əlindən gələni əsirgəməzdi.
Vaxtilə M.Ə.Sabiri yaxından tanımış, onun
şagirdlərindən olmuş xəstə
pensiyaçını bu məclislərdən birinə gətirib
öz böyük müəllimi haqqında xatirələrini
söylətmək üçün o nə qədər səy
göstərmişdi! Qocaman yazıçılarımız Məmməd
Səid Ordubadini və Abdulla Şaiqi, C.Məmmədquluzadənin
həyat və məslək yoldaşı, böyük ədib
haqqında mötəbər xatirələr kitabı
yazmış Həmidə xanım Məmmədquluzadəni,
M.Ə.Sabirin müasiri və yaxın dostu, görkəmli
maarif xadimi Camo Cəbrayılbəylini, Abbas Səhhətin
şagirdlərindən, təbabət professoru Emin Əfəndiyevi
bizim nəsil ilk dəfə universitetin akt salonunda, filologiya
fakültəsinin 107 saylı çoxyerli auditoriyasında, tələbə
yataqxanamızın qiraət salonunda keçirilən həmin
görüşlərdə şəxsən
tanınmışdır. Bu cür görüşlər nəsillər
arasında canlı körpü yaradır, qocaman ədəbiyyat
və mədəniyyət xadimlərimizə gümrahlıq,
sevinc bəxş etdiyi kimi, elm təşnəsi olan gəncləri
də həvəsləndirir, onların seçdikləri sənətə
məhəbbətini daha da artırır, vətənpərvərlik
duyğularına pərvəriş verirdi.
XX əsr
ədəbiyyatı son dərəcə mürəkkəb,
ziddiyyətli bir dövrün, inqilablar epoxasının ədəbiyyatıdır.
Bu ədəbiyyatın böyük nümayəndələri,
ilk növbədə C.Məmmədquluzadə və M.Ə.Sabir,
onların əməl və məslək dostları olan digər
görkəmli sənətkarlar Rusiyada baş vermiş 1905-ci
il inqilabının bilavasitə təsiri nəticəsində
ictimai-ədəbi həyatın qaynar qoynuna
atılmış, xalq səngərində öz baş
mövqelərini tutmuş, buradan da ədəbi fikrin
inkişafına istiqamət vermiş, qəflətdə
qalanların gözlərinin açılması, azadlıq və
tərəqqi arzularının Azərbaycanda və Yaxın
Şərqdə geniş yayılması üçün
tarixi xidmətlər göstərmişlər. Buna görə
də tamamilə təbiidir ki, A.Zamanovun elmi fəaliyyətində
C.Məmmədquluzadə və M.Ə.Sabirin
yaradıcılığı, bütövlükdə “Molla Nəsrəddin”
ədəbi cərəyanı əsas yer tuturdu. Bu sahədə
Abbas müəllimin apardığı uzun müddətli
ardıcıl elmi axtarışların ilk və ən
uğurlu nəticəsi “Sabir və müasirləri” probleminin
həllinə həsr olunub 1966-cı ildə hasilə
yetmiş namizədlik dissertasiyasıdır. Məlum olduğu
kimi, bu əsər üçün Ali Attestasiya Komissiyası
müəllifə birbaşa filoloji elmlər doktoru alimlik dərəcəsi
vermişdi. Həmin tədqiqat və “Sabir gülür”,
“Şairin dünya şöhrəti”, “Yaşasın şəhriyari-hürriyyət”
kimi sanballı məqalələri də müəllifin
öz əsas tədqiqat obyektinin vacib problemlərinə
qarşı heç zaman soyumaq bilməyən məhəbbətindən
bizə yadigar qalan gözəl nişanələrdir.”Əməl
dostları”, “Aydan arı, sudan duru”, “Ömər Faiq Nemanzadə”,
“Məsləkim tərcümeyi-halımdır” kimi məqalələri
A.Zamanovun bir araşdırıcı kimi daim narahat təbiəti
haqqında, ictimai fikir tariximizin ayrı-ayrı
faktlarını dürüstləşdirmək
üçün qeyrətlə sərf etdiyi əmək
haqqında aydın təsəvvür oyatmaqdadır. Keçən
əsrin əvvəllərində xalqın qabaqcıl
yaradıcı ziyalıları ən mütərəqqi
ideyaları həmvətənlərinə, soydaşlarına
çatdırmaq üçün bədii ədəbiyyatdan,
böyük çətinliklə açmağa nail olduqları
yeni kitabxana və məktəblərdən, təsis etdikləri
qəzet və jurnallardan, teatrdan, musiqidən, bədii tərcümədən
xüsusi səy və ardıcıllıqla istifadə edirdilər.
Maraqlıdır ki, H.Zərdabi, C.Məmmədquluzadə, M.Ə.Sabir,
Ə.Hüseynzadə, N.Nərimanov, Ə.Qəmküsar, A.Səhhət,
A.Şaiq, Ü.Hacıbəyli, Ö.Faiq, S.Hüseyn,
S.S.Axundov kimi yaradıcı ziyalılarımızın
istisnasız olaraq hamısı o zaman müəllimlik
etmiş, böyük əksəriyyəti mühərrirliklə
məşğul olmuş, bir çoxu dram əsəri
yazmış, teatr yaratmış, pyeslərin tamaşaya qoyulmasında
şəxsən yaxından iştirak etmişlər. XX əsrin
görkəmli xadimlərini bu mənada xalqımızın
iş və fəaliyyət ensiklopedistləri adlandırmaq
olar. Buna görə də Abbas müəllimin kitab və məqalələrində
Azərbaycan yazıçılarının ədəbi
yaradıcılığı ilə yanaşı, onların
ictimai fəaliyyətinə, pedaqoji işinə də
geniş yer verilmiş, teatr məsələlərinə
xüsusi diqqət ayrılmışdır.
Abbas
Zamanov Mirzə Ələkbər Sabirin bir növ fanatına
çevrilmişdi. Şairin
yaradıcılığının elmi-nəzəri təhlili
və əsərlərinin nəşri sahəsində bitib-tükənməyən
fəaliyyəti öz yerində. Sabirin həyat tarixçəsində
böyüklüyündən-kiçikliyindən
asılı olmayaraq, elə bir fakt, hadisə, sənəd
yoxdur ki, Abbas müəllim onu ələk-vələk edib dəqiqləşdirməsin,
öz mötəbər tədqiqatçı
möhürünü vurmasın. Öz tədqiqatları nəticəsində
prof. A.Zamanov belə obyektiv bir qənaətə gəlmişdi
ki, Sabir nəyin pis, nəyin əyri, nəyin düz
olduğunu müstəqim tərzdə demirdi. On illər boyu cəhalətin
kütləşdirdiyi şüurları oyatmaq, hərəkətə
gətirmək üçün moizə və nəsihət
artıq kara gəlmirdi. Şirin qəflət yuxusuna
dalanları “bidar etmək” üçün onlara gülmək,
onları güldürmək lazımdır ki, diksinib
ayılsınlar, gözlərini açıb gərnəşdikdə
bərk sancmaq lazımdır ki, bir daha qəflət yuxusuna
getməsinlər. Alim, el arasında deyildiyi kimi, qala
üstündə qala qurur, yəni Sabirin yaradıcılıq
amalı haqqında şəxsi qənaətini dahi M.F.Axundzadənin
bu mötəbər mülahizəsi ilə bir növ
möhürləmiş olurdu: “Pis və çirkin adətləri
insanın təbiətindən istehza və masqaradan başqa
heç bir şey qoparıb çıxara bilməz”.Abbas
Zamanovun elmi tədqiqatlarının ədəbiyyat elmimizin
tarixində oynadığı çox əhəmiyyətli
rol haqqında təsəvvürü tamamlamaq məqsədilə
akademik Həmid Araslının özünə məxsus səmimiyyətlə
qələmə aldığı bir etirafını yada
salmağa ehtiyac duyuram. O, hələ 1981-ci ildə A.Zamanovun
“Sabir gülür” kitabına müqəddiməsində
yazmışdı: “Müasirləri Sabir haqqında”
kitabının nəşrindən sonra məlum oldu ki, biz
böyük şair barəsində çox şeyləri
bilmirmişik. Həmin monoqrafiyanın elmi məziyyətini Həmid
müəllim, haqlı olaraq həm də onda
görürdü ki, “Yazılış tərzi etibarilə bu
əsərdə sosioloji təhlil ilə bədii təhlil
bir-birini tamamlayır, beləliklə, Sabir kimə və nəyə
gülür sualı ilə yanaşı, o, necə
gülür sualına da cavab verilir”.
Abbas müəllim Cənubi Azərbaycanla hər cür əlaqələrin canlandırılmasını, ədəbiyyatımızın İranda yaşayan soydaşlarımız arasında geniş yayılmasını, Cənubdakı ədəbi proseslə bizləri tanış etməyi özünün birinci dərəcəli vəzifələrindən biri sayır və bu vəzifənin yerinə yetirilməsi üçün fədakarlıqla çalışırdı. Bu münasibətlə 1980-ci illərin əvvəllərində “Azərbaycan müəllimi” qəzeti səhifələrində “Cənubdan səslər” adı altında maraqlı bir rubrika açmışdı. Həmin mövzuda nəşr etdirdiyi məqalələrin hər birində alim o illərdə Təbrizdə və Tehranda az da olsa nəşr edilən bədii kitablardan birini təqdim və təhlil edir, öz tələbələrini, gənc ardıcıllarını da bu işə həvəsləndirirdi. Bir dəfə məndən soruşdu:- Sən 25 il əvvəl dissertasiya yazanda oxuyub istifadə etdiyin ərəb əlifbasını unutmamısan ki?Cavab verdim ki, “Xeyr, Quranı orijinalında oxumağım da bu işə öz müsbət təsirini göstərir”.- Bəs elə isə Təbrizdən, Tehrandan gələn təzə kitablara niyə reaksiya vermirsən? Haqlı irad idi. Müəllimimin qarşımda qoyduğu vəzifə borcuma əməl edib bu mövzuda bir neçə yazı yazdım, elə onun təqdimatı ilə “Azərbaycan müəllimi” qəzetindəcə dərc etdirdim. Bəli, A.Zamanov bizim ədəbiyyatçılar mühitində elə böyük nüfuz sahibi idi ki, onun daş qoyduğu yerə biz, tələbələri həmişə baş qoymağa hazır idik. Güney Azərbaycan poeziyasının o zamankı ağsaqqalı Həbib Sahirin, xalqın səadəti uğrunda cavan canını qurban vermiş Əlirza Oqtayın, dahi sənətkar Məhəmmədhüseyn Şəhriyarın kitabları haqqında həmin yazılarımın əmələ gəlib işıq üzü görməsi üçün mən öz unudulmaz müəllimimin işıqlı xatirəsinə minnətdaram.A.Zamanov tərtib və mətnşünaslıq sahəsində də səmərəli çalışmış, M.P.Vaqif, C.Məmmədquluzadə, M.Ə.Sabir, N.Nərimanov, Ə.Haqverdiyev, S.Qənizadə, S.S.Axundov, B.Abbaszadə Hambal, S.Hüseyn və başqalarının ədəbi irsinin müxtəlif illərdə nəşrə hazırlanmasında tərtibçi, redaktor, şərhçi, müqəddimə müəllifi qismində böyük yaradıcılıq əməyi sərf etmişdir.Abbas müəllimin hazırlayıb nəşr etdirdiyi tematik məcmuələr ədəbiyyatşünaslıq elmimizdə tərtibçilik mədəniyyətinin ən kamil nümunələrindəndir. İstedadlı tələbələrindən Kamran Əliyevin köməyi ilə tərtib etdiyi “Molla Nəsrəddinçi şairlər” adlı sanballı kitabda bu qəbildən olan on yeddi şairin irsindən səciyyəvi nümunələr toplanmış, onların hər birinin tərcümeyi-halı barədə ən zəruri məlumatlar verilmiş, şeirlərdə rast gəlinən əcnəbi sözlərin mənası mətnin altındaca açılmış, müəlliflərin şəkilləri dərc olunmuşdur.Təkcə bunu yada salmaq kifayətdir ki, “Müasirləri Sabir haqqında” kitabında yerləşdirdiyi A.Səhhətin “Sabir” məqaləsinə Abbas müəllim 20 şərh vermişdir! Həmin şərhlərdə digər xalqlara məxsus görkəmli sənətkarlar, konkret bədii əsərlər, məşhur dövlət adamları, dövri mətbuat nümunələri və s. haqqında müxtəsər, lakin dəqiq məlumat var. Bu, iynə ilə gor qazmaq məsəlini yada salan çox ağır bir iş olub fədakarlığa bərabərdir. Odur ki, Abbas müəllimin tərtib etdiyi hər hansı kitabı vərəqləyən hər bir oxucu əlavə heç bir soraq kitabına, ensiklopediya və lüğətə müraciət etmədən həmin kitabdakı bütün vacib məqamları lazımi dərəcədə mənimsəyə bilir.Abbas müəllimin həyat və yaradıcılığının bəzi məqamları kimi, onun dissertasiya müdafiə edib elmi dərəcə alması da sözün yaxşı mənasında böyük sensasiya doğurmuşdu. İş belə gətirmişdi ki, dostu, yaşıdı, hətta tələbəsi olan həmkarlarının bir çoxu çoxdan elmlər namizədi, doktoru, professor olmuşdu. Onların arasında akademiya üzvləri də vardı. Müxtəlif səbəblər üzündən Abbas müəllimin müdafiə məsələsi gecikirdi. O, öz nəcib missiyası, az-çox maddi imkanları, məqalə və resenziyaları, ədəbi-ictimai tədbirlərdəki çıxışları ilə elmimizin ağsaqqalı Əziz Şərifdən tutmuş, tələbəsi Bəkir Nəbiyevə qədər bir sıra iddiaçılara əlindən gələn köməyi əsirgəməmiş, bəlkə elə bir də buna görə özünün elmi dərəcə alması məsələsi xeyli ləngimişdi. Moskvadakı görüşlərimizdən birində öz dostunu ərkyana məzəmmət edən professor Əziz Şərif Abbas müəllimə demişdi: “Sən nə vaxta qədər başqalarının dəyirmanına su tökəcəksən, öz dəyirmanını işlətməyin vaxtı keçir axı?!” Nəhayət, 1967-ci ildə dekabr ayının ikisində Abbas Zamanov namizədlik əsəri kimi müdafiəyə təqdim etdiyi dissertasiyası üçün birbaşa filologiya elmləri doktoru alimlik dərəcəsi alır. (Bu münasibətlə elmi şura əlavə bir yığıncaq da keçirməli olmuşdu). Onun dissertasiyası belə adlanırdı: “M.Ə.Sabir və müasirləri”. Abbas müəllim hələ ADU-nun filologiya fakültəsində çalışmağa başladığı 1948-ci ildən etibarən XX əsr Azərbaycan ədəbiyyatı fənnindən mühazirələr oxuyur, elmi axtarışlarında da bu istiqamətə üstünlük verirdi. Ədəbiyyatımızın tarixinə yaxşı bələd olan alim istedadlı bir tədqiqatçı həssaslığı ilə müəyyən edə bilmişdi ki, keçən əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı öz inkişafının yeni, mürəkkəb və məsul bir mərhələsinə daxil olmuşdur. Əsasən realist və romantik istiqamətlərdə inkişaf edən ədəbiyyatın milli azadlıq hərəkatı və xalqın milli özünüdərkinin inkişafı ilə təması bu zaman daha da genişlənib möhkəmlənmişdi. Ədəbiyyat yalnız kəskin sosial problemləri və prosesləri əks etdirmir, həm də öz bədii imkanları ilə bu proseslərə təsir göstərir, xalqın milli şüurunun formalaşmasını sürətləndirirdi. C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, M.Hadi, Ə.Hüseynzadə, H.Cavid, A.Şaiq, N.Nərimanov, M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli kimi böyük yazıçı, şair, dramaturq, publisist və mütəfəkkirlərin yaradıcılıqlarında, ictimai-ədəbi görüşlərində Azərbaycan ədəbiyyatının yeni bir mərhələsinin bədii yetkinlik səviyyəsi, inkişaf qanunauyğunluqları öz əksini tapmışdır. Adları ədəbiyyatımızın tarixinə qızıl hərflərlə həkk edilmiş bu böyük ədəbi simalar arasında dahi satirik Mirzə Ələkbər Sabirin özünə məxsus şərəfli yeri var.Sabirin sənətdə yolu, müxtəsər tərcümeyi-halı, ədəbi irsinin böyük məna və əhəmiyyəti haqqında ilk mötəbər məlumatı şairin müasiri və ən yaxın dostu, ixtisasca həkim olan görkəmli şair və tərcüməçi Abbas Səhhət (1874-1918) vermiş, “Hophopnamə”nin ilk nəşrini yoluna qoymuşdu. Bu geniş və dəqiq məlumat sonralar Sabirə dair nəşr olunmuş bütün tədqiqatlarda yetərincə kara gəlmiş, haqlı olaraq yüksək qiymətləndirilmişdir. Sabirşünaslıq elmimiz böyük şairin vəfatından, “Hophopnamə”nin ilk nəşrlərindən sonra uzun müddət durğunluq mərhələsini yaşamışdı. 1922-ci ildə Bakıda şairə heykəl qoyulduğuna, paytaxtın ilk kütləvi kitabxanasına onun adının verildiyinə baxmayaraq, Sabir haqqında kitablar bir yana dursun, peşəkar alimlərin geniş tədqiqatının nəticəsi olan iri həcmli, sanballı bir elmi məqalə belə yazılıb nəşr edilməmişdi. Çoxları bilmir ki, Azərbaycanda Sabir haqqında 1923-cü ildə nəşr olunmuş ilk kitabçanın müəllifi ADU-nun müəllimi, rus və qədim slavyan dilləri mütəxəssisi Aleksandra Vasilyevna Lukyanova (1894-1974) olmuşdur. O xanım Azərbaycan dilini bilmədiyinə görə Maarif komissarlığının sifarişi ilə Sabirin şeirləri rus dilinə tərcümə olunmuş, A.Lukyanova həmin sətri tərcümə əsasında öz əsərini rusca yazmışdı. Sonra bu kitabça Azərbaycan dilinə tərcümə edilib nəşr olunmuşdu... Məşhur ədib və tənqidçi, Stalin repressiyasının qurbanı olmuş Seyid Hüseyn (1887-1937) keçən əsrin 30-cu illərinin əvvəllərində Sabirin həyat və yaradıcılığı ətrafında xüsusi araşdırmalar aparmış, onun bu zaman hələ sağ olan ailə üzvləri, dostları, müəllim yoldaşları, keçmiş şagirdləri ilə görüşmüş, xatirələrini dinləmiş, bütün bunların əsasında 1934-cü ildə şairin “Bütün əsərləri”nin (“Hophopnamə”nin) yeni, mükəmməl nəşrini hazırlamış, həmin nəşrə yarı elmi, yarı bədii, çox da oxunaqlı bir müqəddimə yazmışdı. S.Hüseyn özü də Sabiri yaxından tanımış, bir müddət ona böyük şairlə dostluq etmək şərəfi nəsib olmuşdu. 1910-1911-ci illərdə Bakının Balaxanı kəndindəki camaat məktəbində müəllimlik edən Sabir ailəsinin güzəranına dəstək olsun deyə axşamlar Bakıda nəşr edilən bəzi qəzetlərin mətbəələrində mürəttib (tərtibçi), müsəhhih (korrektor) kimi çalışırdı. S.Hüseyn də sözü gedən çağlarda öz hekayə və məqalələrini nəşr etdirməklə yanaşı, mətbəədə də çalışırdı və onlar bu zəmində tanış olmuşdular... Sözü gedən geniş müqəddimədəki bir sıra çox maraqlı fakt və hadisələri, o cümlədən də şairin evlənmə tarixçəsini S.Hüseyn dostluq çağlarında bilavasitə Sabirin özünün ona danışdıqları əsasında işləyib hazırlamışdı. Professor Cəfər Xəndan 1940-cı ildə bu müqəddimədəki faktlardan da faydalanmaqla Sabirin yaradıcılığı haqqında ayrıca namizədlik əsəri yazmış, 1961-ci ildə isə “Şairin həyatı” adlı yaxşı elmi-bədii bir kitab nəşr etdirmişdi. Sabir irsinin peşəkar tədqiqatçıları professor Mir Cəlal Paşayev, AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov, dosent Həbibulla Səmədzadə, professorlar Məmməd Məmmədov, Alxan Bayramoğlu A.Səhhətin məlum müqəddiməsindən nəşət edən faktları öz tədqiqatlarında yeni tapıntıları ilə zənginləşdirmiş, özəlliklə də şairin satiralarının müfəssəl elmi təhlilini vermişlər. Lakin Sabirin öz müasiri olan Azərbaycan yaradıcı ziyalıları – şair, ədib, müəllim, jurnalist və mütərcimlərlə qarşılıqlı əlaqələri, ümumən müasirlərinin ona münasibəti, dərin hörmət və ehtiramı, əlbəttə, barmaqla sayılan qədər az da olsa, bəzi nadan və mürtəce müasirləri tərəfindən təqiblər, böhtanlar... açılmamış qalırdı. A.Zamanov öz tədqiqatları ilə çox zəngin faktlar əsasında sübut etdi ki, Sabir yaşadığı mühitdə heç vaxt kimsəsiz, köməksiz qalmamışdır. Xalq, onu təmsil edən mötəbər insanlar, qədirşünas oxucular həmişə öz qüdrətli şairini sevmiş, şeirlərini məmnun-məmnun, həvəs və həyəcanla oxumuş, bu sədaqətli oxucular dar gündə, özəlliklə ağır xəstə çağlarında öz kömək əlini sənətkara uzatmış, ona yardımçı olmuş, nadanların təqib və təhqirlərindən qorumuşlar. Müasirləri şairin hakim dairələrdə layiqincə qiymətləndirilmədiyindən sıxılır, kədərlənir, inciyir, lakin ruhdan düşmürdülər. Onlar inanırdılar ki, haqq nazilsə də, üzülməyəcək, dahi Sabir həyat səhnəsinə çıxan yeni, qədirşünas nəsillər tərəfindən yetərincə qiymətləndiriləcəkdir. Sabirin Abbas Zamanov tərəfindən araşdırılıb ümumiləşdirilən belə müasirləri arasında F.Köçərli, Qafur Rəşad, Abbas Səhhət, Əli Fəhmi, Üzeyir Hacıbəyli, Sara xanım Vəzirzadə, Tağı Şahbazi, Yusif Vəzir, Türfəsultan Rəhimbəyli, Şirin Qiyasbəyli, Əliabbas Müznib, Mehdi bəy Hacinski, C.Məmmədquluzadə, S.M.Qənizadə, Əli Razi, Əliskəndər Cəfərzadə, Qantəmir, Seyid Hüseyn, İsmayıl Həqqi, İsgəndər Qəffari, Abdulla Şaiq, Mustafa Mərdanov, Hacağa Abbasov, Nemət Bəsir, Əli Nəzmi, Məhəmməd Hadi kimi şair, nasir, jurnalist, müəllim, mütərcim və aktyorların yetmişdən artıq nümayəndəsi vardır!Beləliklə də şəxsən şahidi olduğum namizədlik əsəri üçün elmlər doktoru dərəcəsi almaq Azərbaycan filologiya elminin tarixində çox nadir hadisə idi, lakin yeganə hadisə deyildi. İlk dəfə 1943-cü ildə görkəmli dilçi alim Məmmədağa Şirəliyev namizədlik dissertasiyası kimi müdafiəyə təqdim etdiyi “Bakı dialekti” əsəri üçün birbaşa filologiya elmləri doktoru adına layiq görülmüşdü. Sonralar o, professor elmi adı almış, Azərbaycan Elmlər Akademiyasına üzv seçilmişdi. Dünya türkologiya elmində təqdir olunan akad. M.Ş.Şirəliyev uzun illər boyu (vəfat etdiyi günədək) Dilçilik İnstitutunun direktoru vəzifəsində çalışmışdı...Abbas Zamanov da çoxdan layiq olduğu şöhrətə məhz elmlər doktoru olduqdan sonra qovuşmağa başladı. 1968-ci ildə akademiyada Nizami adına Ədəbiyyat Muzeyinin direktoru vəzifəsinə təyin edildi. 1974-cü ildə ona professor elmi adı verildi. Elə həmin ildə Türkiyə Cümhuriyyəti Dil Qurumunun üzvü seçildi, müsabiqə yolu ilə ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri vəzifəsini icra etməyə başladı. 1980-ci ildə ona əməkdar elm xadimi adı verildi. 1982-ci ildə Yazıçılar İttifaqına üzv qəbul edildi. 1983-cü ildə Azərbaycan EA-nın müxbir üzvü seçildi. 1989-cu ildə Türkiyənin Konya şəhərindəki Səlcuq Universitetinin fəxri doktorluğuna layiq görüldü...Abbas müəllim klassik irsi intensiv olaraq tədqiq etməklə yanaşı, çağdaşı olan cari ədəbi prosesi də diqqətlə izləyirdi. Onun yeni bədii və elmi kitablar, müasiri olan görkəmli yazıçı, alim və tənqidçilərin yubileyləri, digər dillərdən dilimizə çevrilmiş təzə əsərlər, Bakı, Gəncə, Naxçıvan teatrlarının premyeraları, təzə filmlər, qarşılıqlı ədəbi əlaqələr və s. haqqında məqalələri, ədəbi-nəzəri mübahisələrdə fəal iştirakı “Cari ədəbi proses və ədəbi tənqid” mövzusu daxilində ayrıca araşdırma üçün zəngin mənbədir. A.Zamanovun bu qəbildən əsərlərinin mühüm bir qisminin ayrıca kitablar kimi nəşr olunması təqdirəlayiq bir hadisədir (“Cənubdan səslər”, toplayan, tərtib edən və müqəddimənin müəllifi Orxan Seyidov, elmi redaktoru akademik İsa Həbibbəyli, 364 səh., Bakı, 2010. “Seçilmiş əsərləri”, tərtib edən akad. İsa Həbibbəyli; redaktoru Dilsuz, 311 səh., Bakı, 2003). Yeri gəlmişkən, f.e.n. Gülgün Rzayevanın “Abbas Zamanov” (Bakı, 1999) kitabının ciddi tədqiqat əsasında, həm də alimin yaradıcılığına yüksək ehtiram duyğusu ilə yazıldığını məmnuniyyətlə qeyd etməyi lazım bilirəm).Abbas müəllimin məqalə və resenziyaları prinsipial, obyektiv mövqelərdən yazılmış ədalətli çıxışlar olduğu üçün həmişə rəğbətlə qarşılanırdı. Tək bircə resenziyasını yada salmaqla kifayətlənəcəyəm. “Yersiz müdaxilə” adlı bu rəy “Ədəbiyyat və incəsənət” qəzetinin 9 dekabr 1956-cı il tarixli sayında dərc olunmuşdu. Dahi Üzeyir Hacıbəylinin sözü gedən məşhur komediyasının tarixi əhəmiyyətindən bəhs edən müəllif göstərirdi ki, “əsərin yaşarılığına səbəb onun ürəkləri dilləndirən nikbin musiqisi, xalq müdrikliyindən doğan mənalı satirası və oynaq dramatik konfliktidir”. Bunun ardınca elə ilk abzasdaca “filmin bəzi müvəffəqiyyətləri ilə yanaşı” sözlərindən sonra göstərilirdi ki, onun çəkilişində “ciddi nöqsanlara da” yol verilmişdir. Başlıca qüsur kimi göstərilirdi ki, filmi yaradanlar iş prosesində ilk mənbə olan məşhur komediyaya yersiz müdaxilə, əlavə və ixtisarlar etmiş, bununla da əsərin fikri-bədii səviyyəsinə xələl gətirmişlər. Abbas müəllim “Molla Nəsrəddin” jurnalının redaksiyasındakı epizodları filmə almağı əsassız hesab edir və göstərirdi ki, əsərdəki hadisələrin baş verdiyi 1910-cu ildə bu redaksiya Bakıda yox, Tiflisdə fəaliyyət göstərirdi. Abbas müəllimin bu mülahizəsinə də şərik olmamaq mümkün deyil: Cəlil Məmmədquluzadənin Gülnazı qaçırmaq üçün Sərvərin düzəltdiyi kələyin iştirakçısı kimi göstərilməsi həqiqətən də tamaşaçıların çox ciddi etirazına səbəb olur...Mirzə İbrahimovun “Böyük dayaq” romanı, Nəbi Xəzrinin “Avropa xatirələri” şeirlər məcmuəsi, Həmid Məmmədzadənin “M.F.Axundov və Şərq” monoqrafiyası, Əkrəm Əylislinin “Quşu uçan budaqlar” dramının səhnə təcəssümü, İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” dramı, Süleyman Rəhimov, Rəsul Rza, Əziz Şərif və başqaları haqqında nəşr etdirdiyi məqalə və rəylər, 1988-ci ilin aprelində Azərbaycan Yazıçılar İttifaqında keçirilən yığıncaqda gənc ədəbi qüvvələrin yaradıcılığına dair çıxışı və s. Abbas müəllimin ədəbi prosesi diqqətlə izləyən və yaxşı bilən tənqidçi, nüfuzlu söz sahibi olduğunu dönə-dönə təsdiq etməkdədir.
Zamanov
bütün şüurlu həyatını, istedad və
bacarığını Azərbaycan ədəbiyyatının,
ədəbi əlaqələrimizin tədqiqinə, nəşrinə
və təbliğinə həsr etmiş görkəmli alim,
tədqiqatçılarımızın böyük bir nəslinin
yetişməsində müstəsna əməyi olan yorulmaz
müəllim, xalqının taleyüklü problemləri
yolunda canfəşanlıq nümunəsi göstərən
möhkəm iradəli, qeyrətli Azərbaycan vətəndaşı
idi. Halal şöhrəti vətənimizdən
xeyli uzaqlarda yayılmış Abbas müəllimi yalnız
yaxın qonşularımız İranda və Türkiyədə
deyil, Avropa və Asiyanın bizdən uzaq ölkələrində
də ədəbi-elmi dairələr, görkəmli alim, ədib
və jurnalistlər on illər boyu Azərbaycan ədəbi-elmi
fikrinin mötəbər bilicisi və təmsilçisi kimi
tanımış, uyarlı problemlərlə bağlı
onunla müntəzəm olaraq yazışmış, məsləhətləşmiş,
ona inanmışlar. O, mənim bildiyimə görə, yeganə
Azərbaycan alimi idi ki, uzaq-yaxın ölkələrdən aldığı
məktub və teleqramların üstündə poçt
şöbəsi, küçə adı, ev və mənzil
nömrəsi əvəzinə cəmi üç kəlmə
söz olardı: “Bakı, Abbas Zamanov”. “Ələxa”
(Bağdad), “Qardaş ədəbiyyatlar” (Ərzrum), “Ulduz
işığı” (Təbriz) və digər dərgilərdə
Abbas müəllimin qarşılıqlı ədəbi əlaqələr
sahəsindəki təmənnasız xidmətləri dərin
minnətdarlıq duyğuları ilə etiraf edilir.
Onların birindən alınmış bu səmimi etirafı həyəcansız
oxumaq olmur: “Biz, Cənubi Azərbaycan ədibləri A.Zamanovun
hər bir kitabını, məqaləsini səbirsizliklə gözləyirik.
O, öz şəxsi nümunəsi ilə bizi tərbiyə
edir, doğma ədəbiyyatı sevməyin,
araşdırmağın yolunu göstərir”. A.Zamanovun
Azərbaycan ədəbiyyatı və elmi,
qarşılıqlı ədəbi əlaqələr sahəsində
böyük xidmətləri Bolqarıstan, Avstriya, Almaniya və
bir sıra digər Avropa ölkələrində dönə-dönə
etiraf edilmiş, minnətdarlıq duyğuları ilə yad
olunmuşdur. AMEA-nın müxbir üzvü Yaşar
Qarayevlə professor Şamil Salmanov bu qənaətlərində
tamamilə haqlı idilər ki, A.Zamanovun şəxsiyyəti,
alim və vətəndaş fəaliyyəti mənəvi yaddaşın,
varislik hissinin nuruna qərq olub. Tədqiq etdiyi dövrün
klassikləri ilə o qədər
qaynayıb-qarışıb ki, Abbas müəllimin
özünün surətini də daha çox Sabirin, Mirzə
Cəlilin, Hüseyn Cavidin müasirləri arasında təsəvvürümüzə
gətiririk.
Ölkəmizin
elmi-ədəbi ictimaiyyəti bu günlərdə görkəmli
elm fədaisi, yorulmaz müəllim, qeyrətli vətəndaş
Abbas Zamanovun 100 illiyini qeyd edir. İnanıram ki, onun elmi irsi gələn
yüzillikdə də, sonradan da, yəni Mirzə Cəlilin və
Sabirin irsi durduqca yaşayacaqdır. Onların irsi isə
ölməzdir.
Bəkir NƏBİYEV,
Akademik
525-ci qəzet.- 2011.- 7 oktyabr.- S.6-7.