“Ortaq
hədəfimiz mədəni fəaliyyətlə
yanaşı Qarabağ problemi,
“erməni soyqırımı” iddialarının yox edilməsi olmalıdır”
MÜTƏALİB ULUTANRIVERDİ:
“DƏRNƏKLƏRİMİZ BUNUNLA BAĞLI BİRGƏ
ÇALIŞMALIDIR”
Müsahibimiz Azərbaycan Türkləri Mədəniyyət-Sənət və Həmrəylik Dərnəyinin sədri Mütəalib Ulutanrıverdidir. Həmrəylik Dərnəyi bu ilin əvvəllərində qurulsa da, M.Ulutanrıverdi hələ 1989-cu ildə, Amasyaya gələrkən dərnək qurma istəyində olub. O, rəhbərlik etdiyi qurumun yaranması və fəaliyyətindən danışıb:
– Mən bu dərnəyi yaratmaqla bağlı bir neçə dəfə müzakirələr apardım. 1999-cu ildə Ankarada olan Azərbaycan Mədəniyyət Dərnəyi ilə bu istəyimi bölüşdüm, amma dəstək ala bilmədiyimdən uzun müddət ara verməli oldum. Nəhayət, 2011-ci il yanvarın 2-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Amasyadakı böyüklərimin dəstəyi ilə Amasya azərbaycanlılarının iştirakı ilə bir məclis təşkil etdim. Orda iştirak edən ər kəs dərnək qurulması istiqamətində məni dəstəklədi. Beləcə, Azərbaycan Türkləri Mədəniyyət-Sənət və Həmrəylik Dərnəyini qurdum. İlk fəaliyyətim Amasya və ətrafındakı Azərbaycan mənşəli türkləri bir araya gətirib üzv etmək və nələr ediləcəyi mövzusunda fikir mübadiləsi aparmaq oldu. İşlərimizə Azərbaycan folkloru və musiqisini tanıtmaq və yaşatmaqla davam etdirəcəyik. Ayrıca növbəti aylarda Azərbaycana bir səfər təşkil edərək atalarımızın torpaqlarını gəzib oradakı qohumlarımızı yad edəcəyik. Dərnəyimizə daha çox 40 yaş və bundan yuxarı yaşlı olanlar maraq göstərir, bunu gənc nəsillərə ötürmək istəyirik. İndiyə qədər bir dərnək qurulmasının səbəbi bölgə xalqının bizi özündən biri bilib heç bir ayrı-seçkilik göstərməməsindən qaynaqlanır. Onsuz da bizlər də özümüzü Atatürkün qurmuş olduğu Türkiyə Cümhuriyyətinin özəyi bilməkdəyik. Bu səbəblərdən 50 yaş qrupunda yuxarı böyüklərimiz Azərbaycan ləhcəsini istifadə ediblər. Mən də daxil artıq Azərbaycan türkcəsini anlamaqda və danışmaqda çətinlik çəkməkdəyik. Ancaq ətrafımızda Azərbaycan mənşəli olub olmamasına baxmayaraq Azərbaycan dilinə, musiqisinə və folkloruna böyük rəğbət var. Ayrıca, Qarabağın işğalı və Xocalı soyqırımı kimi hadisələrə bizlər qədər ətrafımızdakılar da eyni həssaslığı göstərirlər. Onsuz da dərnəyimizin quruluş məqsədi “bir millət-iki dövlət” prinsipinə söykənərək sevinclərimizi və ağrılarımızı bölüşmək, eyni zamanda inanclara hörmətli olmaqdır.
–Bildiyimə görə, siz “Azərbaycan Köçləri” mövzusu ilə bağlı da fəaliyyət göstərirsiniz. Bu istiqamətdə nə yeniliklər var?
– “Azərbaycan Köçləri” ilə bağlı indiyə qədər yığcam bir iş görülməyib. Amasya bölgəsinə edilən Qarapapaq köçləri mövzusunda isə yazılmış ümumi bir neçə məqalənin xaricində, edilmiş hər hansı bir iş yoxdur. Buna görə, Azərbaycandan Amasya bölgəsinə ağırlıqlı olaraq, 19-cu əsrin sonlarında edilən Qarapapaq köçlərinin şahidlərinə söykənən, çata bildiyimiz ölçüdə yazılı qaynaqlardan da faydalanaraq ortaya qoymağa çalışdıq. İşimiz nəticəsində, əhəmiyyətli məlumat və məlumatlar ortaya çıxsa da hələ araşdırılacaq və ortaya qoyulacaq bir çox əhəmiyyətli nöqtə var. Bu iş, eyni mövzuda, yaxın bir zamanda nəzərdə tutduğumuz işin infrastrukturunu meydana gətirəcək. Məqsədimiz, bu mövzunu araşdıraraq həqiqətləri ortaya qoya bilmək və elmə bir töhfə təqdim edə bilməkdir.
Onu da deyim ki, Amasya elinə Azərbaycandan edilən ilk köçlər, 19-cu əsrdən əvvəlki fərdi gəlişləri saymasaq, 1828-ci ildən sonra başlayıb. Mövlana İsmayıl Şirvani ilə başlayan bu köçlər, onun ölümündən sonra daha da sıxlaşıb. Əsl məskunlaşma isə 1886-cı ildən sonra başlayıb. Əsl sıxlığına və pik nöqtəsinə də 1890-cı ildən sonra çatıb. 1900-cü ilə qədər davam edən bu sıxlıq, bu tarixdən sonra azalıb. 1886-1900-cü illər arasında Amasya tam mənasıyla bir Qarapapaq köçünə səhnə olub. Bu tarixlər arasında edilən ən fundamental köç Qarapapaq köçüdür. Bugünkü Amasya qarapapaqlarının böyük əksəriyyətinin ataları bu köçlə Amasyaya gəlib. Bu gün Amasyada olan otuz beş qarapapaq kəndi, bu böyük köçdə gələnlərlə qurulub. Bir başqa əhəmiyyətli xüsusiyyət isə köçlərin edildiyi bölgə və bölgələrlə əlaqədardır. Köçlər, əsasən Şərqi Anadoluya, ardından da Orta Anadoluya edilib. Az da olsa Kayseri, Bursa kimi Anadolunun fərqli ellərinə də immiqrant qrupları gələrək yerləşib. Amasyaya yerləşən qarapapaqların keçmişdən günümüzə qədər gələn həyat formalarında din və mədəniyyət əhəmiyyətli bir yer tutub.
– Hazırda Türkiyədəki milli dərnəklərimiz arasında vahid koordinasiya əlaqələri necə qurulub?
–Bizim dərnəyimizdə məqsəd bölgə xalqının mədəni fəaliyyətlərini inkişaf etdirmək və gələcək nəsillərə ötürmək olub. Hər dərnək öz bölgəsində fəaliyyətlərini davam etdirməli, qarşılıqlı olaraq digər dərnəklərlə görüşlər təşkil olunmalıdır. Ortaq hədəfimiz mədəni fəaliyyətləri gündəmə gətirməklə yanaşı Qarabağ probleminin həlli və “erməni soyqırımı” iddialarının yox edilməsi olmalıdır. Mənsub olduğum dərnək Samsun, Tokat, Çorum, Sivas və Amasya ellərində olan azərbaycanlıları əhatə edir. Bu bölgələrdə olan azərbaycanlılar arasında koordinasiyanı təmin etmək birinci vəzifəmizdir.
P.SULTANOVA
525-ci qəzet.- 2011.- 7 oktyabr.- S.4.