“Məqsədimiz Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaqdır”

 

ERİK RUBİN: “CƏNUB DƏHLİZİ” LAYİHƏSİNİ REALLIĞA ÇEVİRMƏK ÜÇÜNAZƏRBAYCAN VƏ TÜRKİYƏ QAZ NƏQLİNƏ DAİR SAZİŞİ BAŞA ÇATDIRMALIDIR” 

 

ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müavinin köməkçisi Erik Rubinin APA-ya müsahibəsi

 

– Cənab Rubin, hazırkı məqamda Amerika-Azərbaycan münasibətlərini neçə qiymətləndirirsiniz? Birləşmiş Ştatların Azərbaycandakı prioritetləri nədir?

– ABŞ Azərbaycanla təhlükəsizlik (ələlxüsus Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, terrorla mübarizə və Əfqanıstan), enerji, demokratik və iqtisadi islahatlara əsaslanan strateji tərəfdaşlığa önəm verir. Bu yaxınlarda səfir Brayza qeyd edib ki, ABŞ-Azərbaycan “strateji tərəfdaşlığı möhkəmdir və daha da möhkəmlənməkdədir”. Bununla razı olmamaq mümkün deyil. Birləşmiş Ştatlar Azərbaycanın beynəlxalq təhlükəsizlik səylərinə töhfəsini çox yüksək qiymətləndirir. Azərbaycanlı və amerikalı əsgərlər çiyin-çiyinə İraq, Kosovoda dayanır və 90 nəfər Azərbaycan hərbi qulluqçusu Əfqanıstanda xidmət edir. Azərbaycan qoşunların nəqlində və qeyri-hərbi yüklərin Əfqanıstandakı beynəlxalq qüvvələrə çatdırmaqda aparıcı rol oynamaqda davam edir. ABŞ həmçinin Azərbaycanın Avropalı müttəfiqlərimizin təbii qaz marşrutlarını diversifikasiya etmək səyini dəstəkləyir.

Ötən il dövlət katibi Klinton Bakıya səfəri zamanı dediyi kimi, bizim ən yaxın münasibətlərimiz öz vətəndaşlarının insan haqlarına hörmətlə yanaşan demokratik ölkələrlədir. Birləşmiş Ştatlar əmindir ki, Azərbaycanın gələcək sabitliyi və rifahına demokratik və iqtisadi islahatlar ən yaxşı şəkildə xidmət etmiş olacaq. Azərbaycanda islahatların tərəqqisi bizim ikitərəfli əlaqələrimizin genişləndirilməsi və onun öz təhlükəsizliyi üçün mühüm bir amildir.

– Bu yaxınlarda Avropa Birliyi Xəzərin qaz ehtiyatlarını Qərb bazarlarına nəql edəcək Transxəzər boru kəmərinin tikintisi ilə əlaqədar Azərbaycanla danışıqlara başlamaq niyyətini açıqlayıb. Lakin Rusiya bu addımı pisləyib. Bu layihəyə Amerikanın yanaşması neçədir?

– Birləşmiş Ştatlar Xəzər regionundaondan kənarda etibarlı və rəqabət qabiliyyətli enerji sektorunun inkişafını dəstəkləyir. Çoxsaylı və rəqabətli ixrac xətləri ABŞ, Azərbaycan və Xəzər regionunun enerji hasil edən digər dövlətlərinin maraqlarına uyğundur. Transxəzər boru kəməri Xəzərin enerji sektoruna və Avropanın enerji təminatının diversifikasiyasına müsbət təsir edəcək, amma bu məsələdə qərar vermək Avropa Birliyi, Azərbaycan və Türkmənistana aiddir.

– “Cənub Dəhlizi” layihəsi Avropanın enerji təchizatının diversifikasiyasında aparıcı bir elementdir. Bu layihə Amerika üçün niyə mühümdür? “Cənub Dəhlizini” reallığa çevirmək üçün nə edilməlidir?

– Təchizatçıların, nəql marşrutlarının və bazarın diversifikasiyası hasilatçı, nəqliyyatçı və istehlakçı dövlətlərin iqtisadienerji təhlükəsizliyini artırmış olur. Birləşmiş Ştatlar “Cənub Dəhlizinin” inkişafını davamlı olaraq dəstəkləyir. Bu, Xəzər regionunda enerji hasil edən müttəfiqlərimizin rifahını artırır və müstəqilliyini möhkəmləndirir. Bu, habelə bizim Avropalı müttəfiqlərimizin enerji təhlükəsizliyini dəstəkləyir və qarşılıqlı əməkdaşlığı gücləndirmiş olur. Lakin “Cənub Dəhlizi”ni reallığa çevirmək üçün Azərbaycan və Türkiyə qaz nəqlinə dair sazişi başa çatdırmalıdırlar. Biz hər iki tərəfi mümkün qədər danışıqları tez yekunlaşdırmaq və sazişi imzalamağa səsləyirik. Sonda hansı ixrac marşrutunun seçiləcəyi önəmli deyil, önəmlisi olan yeni qaz ehtiyatlarının yeni xətlərlə Qərbə doğru axmasıdır.

– Azərbaycanla Ermənistan arasında uzun illər davam edən Dağlıq Qarabağ münaqişəsi Azərbaycan üçün böyük bir problem olaraq qalmaqdadır. Tərəflər arasında son təmaslar nəticəsiz bitdi, halbuki Amerika və digər vasitəçilər münaqişəni yenə də sülh yolu ilə çözmək əzmində idilər. Siz yaxın gələcəkdə sülh razılaşmasının əldə edilməsinə inanırsınızmı? Yekun çözüm üçün Dağlıq Qarabağa verilə biləcək və beynəlxalq təcrübədə mövcud olan bir muxtariyyət örnəyi görürsünüzmü?

– ABŞ Minsk Qrupunun həmsədri kimi münaqişə tərəfləri ilə işləməyə sadiq qalmaqdadır. Məqsəd Qarabağ münaqişəsinin davamlı və sülh yolu ilə və Helsinki Yekun Aktının üç əsas prinsipi əsasında həllinə nail olmaqdır: güc tətbiq etməmək, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə hüququ. Kazanda əsas prinsiplər üzərində yekunlaşmasa da, prezidentlər Əliyev və Sərkisyan prezident Medvedyevlə müştərək bəyanatda qeyd ediblər ki, bəzi məsələlərə dair qarşılıqlı anlaşmaya nail olublar. Onlar həmçinin tam sülh çözümü üçün çərçivə olacaq Əsas Prinsiplər üzərində işi davam etdirmək razılığına gəliblər. ATƏT-in Minsk Qrupu vasitəçilərinin yardımı ilə münaqişə tərəfləri ortaq məxrəcə gəlmək məqsədilə işi davam etdirirlər. ABŞ tərəflərə mövqelərini aydınlaşdırmaqda və sazişə nail olmaq üçün ixtilafları aradan qaldırmaqda yardım edir. Münaqişənin hərbi həlli yoxdur. Yalnız danışıqlar yolu uzun müddətli sülh və sabitliyə aparır, regional inkişaf və əməkdaşlıq üçün yeni imkanlar açır.

 

 

525-ci qəzet.- 2011.- 7 oktyabr.- S.1.