Xoşbəxt cütlük

 

Paşa dayıya və Valya xalaya həsr olunur

 

Siz xoşbəxt ər-arvad görmüsünüzmü? Şəxsən mən görmüşəm, amma bu xoşbəxtliyin altında böyük bədbəxtçilik gizlənmişdi...

Onlar qəribə ar-arvad idilər, bəlkə qəribədən də qəribə. Cavanlar bu cütlüyü dyad Paş, yəni Paşa dayı və tyotya Valya kimi çağırırdılar. Heç kimi acılamaz, kiminsə toyuğunu daşlamazdılar, can deyib, can eşidərdilər, öz mehribançılıqlarıyla hamını təəccübləndirərdilər. Mən onlarla qonşuydum, daha doğrusu, müvəqqəti qonşu düşmüşdüm. Moskva Dövlət Universitetinin jurnalistikasında oxuyanda öz arzuma əsasən “Rıbak” qəsəbəsinə praktikaya (təcrübəyə) göndərilmişdim. Bu qəsəbə öncələr kəndiymiş, sonradan təsərrüfatı çox olduğuna, adamları artdığına görə qəsəbə statusu vermişdilər. Hər yerdə olduğu kimi. Qəsəbə olmağına qəsəbə idi, amma kolxoz hələ də dururdu.

Mənzərəli bir yer idi. Rusiyaya xas olmayan dağı-daşı, bağı-bağatı vardı. Qəsəbə kəndi xatırladırdı. Burada yaşayanlar hələ də kəndli statusunu itirməmişdilər, yəni özlərini şəhərli kimi hiss eləmirdilər. Qəsəbənin aşağısından çay axırdı. Çay dərəni yuduğundan üstündə iri bir uçurum əmələ gəlmişdi. Onun adı uzundərə olduğundan yadımda saxlamamışam, amma mənasını unutmamışam. Təxminən “bol sulu çay” kimi səslənir.

Deyilənə görə, ər-arvad hardansa gəlməydi, öz keçmişləri haqqında danışmağı da xoşlamırdılar. Əvvəllər hər ikisi kolxozun fermasında işləmiş, təqaüdə çıxandan sonra bir inək, beş donuz, beş-altı qazdan ibarət təsərrüfatlarında xoşbəxt günlərini yaşamağa başlamışdılar. Heç kim onların içməyini və çəkməyini görməmişdi. Rus olasan, arağa və siqaretə həsrət qalasan? Heç kim buna inanmaq istəmirdi.

Paşa dayı ilə Valya xala həyatlarını yelə vermiş, günlərini sayan adam təsiri bağışlamırdılar. Onlar, sanki, bu dünyaya sevib-sevilmək üçün gəlmişdilər. Əvvəllər elə bilirdim ki, bu ər-arvad da başqaları kimi şəhərə köçmüş uşaqlarının yolunu gözləyir, ürəklərində xiffət də çəkirlər, amma bunu məharətlə gizlədirlər, başqaları kimi ağlayıb-sızlamırlar.

Bir də görürdün ki, Paşa dayı gödəkcəsiz çölə çıxıb, axşamın ayazında ulduzlara baxır, bu zaman Valya xalanın həyacanlı, titrək səsi gəlirdi:

– Paşacan, Paşa, gəl içəri soyuqlayarsan, sənin o yaşın deyil, heç olmasa çiyninə bir şey sal.

Paşa dayı:

– Bu saat gəlirəm, Valyacan, sən heç narahat olma, göydə ulduzlar çoxdur, onların istisi məni üşüməyə qoymaz, – cavabını verərdi.

Valya xala sevimli inəkləri “Milka”nı sağanda, Paşa dayı heyvanın kürəyini sığallayardı, ona qoşduğu mahnını züm-zümə edərdi. “Ax, maya miloçka, ax maya duşeçka!”, – deyərdi.

Qonşu öz qızını, balaca Ksyuşanı döyəndə Paşa dayı dəli kimi evdən çıxıb yüyürər, qonşunu o ki var, danlayardı, Ksyuşanın qırmızı bantlarından öpərdi, “heç belə gözəl balanı da incidərlər” – deyə vaysınardı.

Mən səhər işə gedəndə Valya xala Milkanın südündən bir stəkan mənə uzadardı. “Al iç bunu, səhərdən axşama kimi işləyəsən axı, iç ki, ürəyin sağlam olsun, ürəyin sağlam olanda, zehnin də yaxşı işləyər, sən də bizim kolxozumuzdan, gözəl qızlarımızdan yaxşıca yazılar yazarsan” – deyərdi. Axşam evə gec qayıdanda, Paşa dayı, “oğlum, yəqin acmısan, bircə qaşıq sup içsənə”. O, oğlum və sup sözlərini rus dilində çox incə və sevgiylə deyirdi: “sınoçek”, “supçik”...

Rıbak qəsəbəsində oturub-durduğum bir oğlan varıydı. Adı Vasyaydı, mənimlə yaşıd idi, kolxozun traktorunu sürürdü. Onu mənə bağlayan balığa vurğunluğuydu. Axşam saat 6-dan sonra, avqust günəşi öləziyəndə biz çayın qırağına enər, tilovlarımızı çaya sallayıb, bəxtimizi sınayardıq, tutduğumuz balıqları, ay və qaladığımız ocağın işığında bişirib yeyərdik, rus samoqonundan da əlli-əlli vurardıq.

Bir dəfə, kefimizin kök vaxtı ona dedim:

– Paşa dayı ilə Valya xala çox mehriban adamdılar, belələrini heç bizim kənddə də görməmişəm.

Mən Vasyaya kəndimizin adamları, onların həddən artıq mehriban olmaları ilə bağlı fəxrlə danışmışdım, hətta gülməli əhvalatları da ona böyük məhəbbətlə söyləmişdim.

Mənim bu sözümün cavabında Vasya:

– Mən də belə ər-arvadı heç yerdə görməmişəm, hətta evimizdə də. Gözümü açandan atamla-anam hər gün dalaşırdılar. Ona görə də anam başqasına ərə getdi, atam özgəsiylə evləndi, mənsə qoca nənəmin umuduna qaldım, – dedi.

Qocalar qəsəbənin kənarında, köhnə qəbiristanlığın yanında yaşayırdılar, mənim kirayələdiyim koma da ordaydı. Doğrusu düşdüyüm evin qəbiristanlığa yaxın olmasını sonralar bildim, əvvəlcə üşəndim, sonra öz qəbiristanlığımızı xatırladım və sakitləşdim, şəhərə qayıtmağıma da az qalırdı, ona görə də evi dəyişməyim yaxşı düşməzdi. Bu ev əvvəllər bir balıqçının olmuşdu və onun qurutduğu balıqların iyi hələ də artırmadan getməmişdi. Qoca balıqçının yerində əhlikef oğlu qalmışdı, evə az-az gələrdi. Özünün dediyinə görə, şəhərdə bir məşuqəsi vardı və onun bağladığı turşuları, soyutma kartofunu qoyub, bu dərəbəylikdə yaşamaq ürəyincə deyildi. “Kef elə, qoca (o, mənə “starik” deyə müraciət edirdi), dünya beş günlükdü, beşi də kifir və qəlbsiz adamların əlindədir” – deyirdi.

Çaydan tutduğumuz balıqdan artıq qalanda qocalara da pay gətirirdim. Onlar mənim bu səxavətimin əvəzində tanrıya dua edirdilər, ondan diləyirdilər ki, ürəyiyumşaqlığımın və mehribançılığımın əvəzini versin.

Hərdən Paşa dayı ilə uçurumun kənarında oturub, uzaqlardan gələn çaya baxırdıq, onu gözlərimizlə daha da uzaqlara, günbatan tərəfə yola salırdıq. Çay öz ovuna tərəf aramla sürünən gürzəyə oxşayırdı. Başı getdikcə nazilir, ortası yoğunlaşır, quyruğu daşlara dəyib şaqqıldayır və haralardasa itib-batırdı.

Düzü, bu qocaların kimliyi, mehribançılıqlarının səbəbi məni çox maraqlandırırdı, dolayısı ilə bunu Paşa dayıdan soruşsam da, hər dəfə söhbətdən yayınırdı, bir bəhanə ilə söhbəti tamam başqa tərəfə döndərirdi.

– Eh, oğlum, o qədər qocalmışıq ki, hardan gəlib, hara getdiyimizi də bilmirik. Bizi yaşadan dualarımızdır, əslində isə çoxdan bu dünyaya əlvida demişik, – deyə, sanki, öz-özünə danışırmış kimi deyirdi...

Qəzetdə keçdiyim təcrübənin müddəti başa çatırdı. Qəsəbəni tərk eləməzdən əvvəl Paşa dayıgilə sağollaşmağa gəldim. Axşam təzə düşmüşdü. Evin sahibi həyətdə qışa hazırlıq görürdü, səhərdən doğradığı odunları artırmaya daşıyırdı. Valya xala gözə dəymirdi.

Artırmadakı lampanın işığı həyəti güclə işıqlandırırdı. Mənim gəldiyimi görən Paşa dayı, qucağındakı odunları yerə qoydu, belini dikəltdi, ürəyinə damıbmış kimi:

– Gedirsən? – deyə soruşdu, ağlamsınan kimi oldu.

– Gedirəm, – dedim.

– Bir də, yəqin buralara qayıtmazsan?

– Kim bilir, – deyə onun qəmli sifətinə baxdım. Düzü, istəmirdim ki, qocalar mənim getməyimə görə məyus olsunlar. – Kim bilir, – deyə yenidən təkrar elədim. Bəlkə elə təyinatımı bura aldım.

– Çox yaxşı olar, – Paşa dayı sevindi, amma tez də kədərləndi, – vətəndə səni gözləyənin var, yəqin?

– Hə, atam-anam, bacım-qardaşım, qohum-əqrəba, dost-tanış, – deyə sinonimləri yan-yana düzdüm.

– Vətən yaxşıdır, adam doğulduğu yerlərə hökmən qayıtmalıdır. Ən gözəl vaxtların orda keçib, axı. Biz bura köçəndən sonra doğulduğum yerlərin qədrini bilmişəm. Əslində elə uzaqda da deyil, çayın yuxarı başındadır.

Bu sözlərdən sonra o, artırmanın taxta pilləkənlərinə çökdü və mənə də oturmağı təklif elədi.

– Yanını yerə qoy, sənə sözüm var, – dedi.

Oturdum. Burnuma təzə doğranmış odunun iyi gəldi.

– Bilirəm, sən sabah gedirsən və yəqin ki, buralara qayıtmayacaqsan. Mən də bu gün-sabahlığam. Ürəyimdəkiləri özümlə aparmaq istəmirəm, –deyə o başı ilə qəbiristanlıq tərəfi göstərdi. –Valya da bu gün evdə deyil, qonşu kəndə bacısıgilə gedib. Köhnə rəfiqəsinin ruhunu şad edənlərə qarışıb, yəqin. Yox, o, içən deyil. Biz heç birimiz içmirik, sən yəqin bilirsən, heç çəkmirik də. –Başımla təsdiqlədim. –Yaxşı yazırsan. Ötən dəfəki yazını da oxudum. Kəndimizi yaxşı təsvir eləmisən. Çay da yaxşıdır. Gur axır, balıqları da çox. Hə, Vaska gətirmişdi, dedi ki, təzə qonşunun yazısıdır. Qəzet də yaxşıydı. Səliqəli, çox şeyə yarıyar, xüsusən də ocaq qalamağa. Ancaq bilirsən, o, çay elə də yaxşı deyil, sən dediyin kimi, yaxşı deyil. Çoxlarını üzü aşağı axıdıb. Çox rəhimsizdir. Bizim uşaqları da bir vaxtlar... O, sözünün dalını gətirmədi, yan-yörəsinə boylandı, sanki kiminsə eşidəcəyindən qorxurdu. Sonra yenə də aram-aram danışmağa başladı. – Hə, bunu sənə demək olar. Yad adamnan qorxmağa dəyməz. Gedənnən sonra hamısını unudacaq və burdakıların heç birinə demək imkanı olmayacaq. Sözlərimnən incimə. Həyat belədir... Gərək, heç kim bunları sənə dediyimi bilməsin, heç Valya xalan da.

– Əlbəttə, bilməz,-deyə onu anladığımı həm sözlə, həm də başımla təsdiqlədim.

– Yaxşı günlər idi... Mən Valyanı mədəndə görmüşdüm, neft mədənində. Onda təzəcə məktəbi qurtarmışdı. Mən də əsgərlikdən gəlmişdim. Gözümüz bir-birimizi elə əvvəlcədən tutmuşdu. Yeni il axşamı diskotekada ürəyimi ona açdım. Elə hamının yanında, qışqıra-qışqıra dedim ki, onu sevirəm. O da güldü, məndən aralaşdı, nəsə dedi, amma səs-küydə eşitmədim...

Paşa dayı bu sözləri gülə-gülə deyirdi, uşaq kimi sevinirdi, sanki, hadisə bu gün baş vermişdi.

– Sonra biz evləndik. Əkiz uşaqlarımız oldu, biri oğlan, biri də qız. Çox mehriban idik. İstirahət günləri mədən işçilərilə yığışıb çayın kənarına gedərdik, yeyib-içərdik, deyib-gülərdik...Uşaqlar oynaşardı, biz də onlara baxıb fəxr eliyərdik. Məktəbə uşaqları ikimiz aparardıq. Uşaqlar bir-birilərindən ayrı durmazdılar. Eyni hərəkəti edər, eyni şeyi xoşlayar, eyni rəngdə paltar geyərdilər... Amma sonra hər şey dəyişdi. Heç bilmədik necə oldu. Bəlkə də hər şey mənim işdən çıxmağımnan və yaxşı pul dalınca qaçmağımnan oldu. Kömür şaxtasında yaxşı maaş verirdilər. Mən ora işə düzəldim, Valya öz iş yerində qaldı. Sonra işimi dəyişməyimdən peşman oldum. Çox yorulurdum, evə gələndə ya yolda içirdim, ya da evdə, Valya da mənə qoşulurdu, sonra isə dava-dalaş başlanırdı. O məni, mən onu söyürdüm...Bilirsən, bizim keşiş bir dəfə yaxşı bir söz dedi, dedi ki, bədbəxtlik tədricən, xoşbəxtlik isə qəfil gəlir. Onun dediyi düz çıxdı, bədbəxtçiliyi biz özümüz hazırlamışdıq.

Bir gün işdən qayıdanda uşaqları görmədim. Onlar yoxa çıxmışdılar, stolun üstündə isə əl boyda kağız qoymuşdular. O kağızı sonra bizdən milislər aldı və qaytarmadı... Dama-dama kağızda bir neçə cümlə vardı: “Atacan, anacan, biz sizi çox sevirik. Ona görə də sizin dalaşmağınızı istəmirdik. Çox vaxt da bizim üstümüzdə dalaşırdınız. Axı, bizi yedizdirib-içirtmək, geyindirmək lazımdır. İstəyirik ki, mehriban olasınız. Biz gedirik...”

Paşa dayını qəhər boğdu, göz yaşları sifətində cığır açdı... Cibimnən dəsmal çıxarıb verdim ki, göz yaşlarını silsin, amma o, imtina elədi və quru-qaxac əllərinin arxası ilə gözlərini sildi, burnunu ovcu ilə silib üstünə sürtdü...

– Uşaqları çayın aşağısından tapdılar. Əllərini məftillə bir-birinə bağlamışdılar... Hə, özlərini uçurumnan atmışdılar...

Biz bir müddət bir-birimizin üzünə baxa bilmədik. Xəcalət çəkirdik. Sonra bir gün Valya məni oğlumun adı ilə çağırdı. “Paşa can,-dedi, artırmaya çıx, bax gör qazlarımız uzağa getməyiblər ki...” Hə, mənim adım, Yefim Pavloviçdi, pasportda da belə yazılıb. Mən də onu qızımın adı ilə “Valya” – deyə çağırmağa başladım. Yevdakiya Pavlovnanı...

Sonra bura köçdük. Nə qədər eləsək də çaydan kənar düşə bilmədik. Əvvəllər çaydan zəhləm gedirdi. Sonra bu hiss keçib getdi... Əslində çay bizə bir az da doğmalaşdı... Son dəfə uşaqları o qucaqlamışdı. Çayın nə günahı. Bəlkə də dərd çəkir. Ona görə də axıb qurtarmaq istəyir...Ömür qurtarar, çay qurtarmaz...

Paşa dayı dayandı. Sanki nəfəsi çatmırdı, tövşüyürdü. Bir müddət susduq, sonra o, məyus halda dedi:

– Qorxuram ki, bir zaman gələr, mənim də göz yaşlarım quruyar. Bəs, onda uşaqları kim ağlayacaq...O dey, Valyanınkı ağlamaqdan qurudu, indi heç ağlaya da bilmir. Biz gecəcələr səssiz-səmirsiz ağlamışıq, gündüzlər də dərdimizi öz içimizdə çəkmişik ki, heç kim ağladığımızı görməsin. Biz hamının mehriban olmasını istəyirik...

Səhərisi günü mən Valya xala ilə xudahafisləşmədən qəsəbəni tərk etdim. Mənə elə gəldi ki, Valya xalanı görsəm, göz yaşlarımı saxlaya bilməyəcəm...

Bu hadisəni üstündən 25 il keçəndən sonra qələmə aldım. Mən o qocaları unutmamışam. Faciələr çətin unudulur...

 

 

Fevral, 2011

 

Elçin HÜSEYNBƏYLİ

 

525-ci qəzet.- 2011.- 8 oktyabr.-S.29.