Erkəklər

 

Hekayə

 

Biz yola çıxanda mən onu yazmaq fikrində deyildim. O mənə obraz olaraq maraqlı gəlmirdi. Sadəcə, bir yolçuluğa çıxmışdıq və amac da tam başqaydı. Bu qadında qəribə nəsə vardı. Qəribə də deməzdim. Onda insanı özünə bağlayan, yanında saxlayan hansısa bir güc vardı. Mənim nə onunla sevgili olmaq, nə hansısa formada kişi-qadın ilişgisi qurmaq, nə sekslə məşğul olmaq, hələ-hələ onu yazmaq istəyim heç yox idi. O, mənə çəkici görünmürdü. Xoşladığım qadın tipi deyildi. Buna baxmayaraq onda xoş nəsə vardı. Mən bunun adını bilmirəm. Onda elə bir naxış vardı ki, insan məhz o naxışa görə onun yanında olmağa can atırdı. Söz-söhbəti ört-basdır eləmək, hər şeyin üstündən yüngülcə keçmək, heç kəsin xətrinə dəyməmək kimi bacarıqları olmasaydı, ona qadın demək çətin gələrdi. Elə situasiya yarana bilərdi ki, bir kişi həmin situasiyada özünü necə apararsa, o da özünü elə aparsın. Birdən də o təpədən-dırnağa qadınlaşardı. Boynuma alım ki, belə vaxtlarda ona baxmaq adamın gözlərini rahatlayırdı. İnsanın ən əsəbi vaxtında da lazımi sözü tapıb deyə bilirdi. Ümumiyyətlə, o ən əsəbi adamı da sakitləşdirməyi bacarırdı. Bu bacarığı məni valeh eləyirdi. Onun yanında sakit olurdum. Rahat olurdum. Onun yanında güclü olurdum. Biz dost idik. Yəqin ki, dost idik. İlişgimizə başqa ad tapmağa çətinlik çəkirəm. Mənə çox ağıllı görünürdü. O, danışanda gözlərinə fikir verirdim, görürdün ki, ağıllı danışır. Hər kəlməsi gözlərində bir cür ifadə olunurdu. Bənizi təravətli deyildi. Yaşından cavan görünən qadın demək olmazdı ona. Ama mən onun yaşından qoca göründüyünü də demək istəmirəm. Hər halda tərbiyəli adam nəinki belə deməz, heç bunu düşünməz də. Mən onda yaxşı şeylər görməyə çalışırdım. Məsələn, onunla söhbət etmək maraqlıydı. Uğurlu bənzətmələri olurdu. Yaxşı yumoru vardı. Elə gözəl gülürdü ki... Adam istəyirdi nəsə danışıb onu güldürsün. Özü də sakitcə zarafat edirdi. O zarafat edəndə yaman ürəyim açılırdı. Hər hərəkətindən yumor yağırdı. Heç vaxt şit zarafat eləməzdi. Zarafatları duzlu alınırdı. Sözü deməmişdən üzü işıqlanırdı. Elə bil edəcəyi zarafatın öncədən siqnallarını ötürür. Bilirdin ki, indi yenə qan eləyəcək. Gözəl gülüşü vardı , ancaq özü heç gözəl deyildi. Hətta gözəl olan heç bir yeri yox idi. Mən ona çirkin də demək istəməzdim. O, mənə çirkin görünmürdü. Diqqətlə baxanda qəşəng yer tapardın. Məsələn, ayaqlarına yaraşıqlı demək olardı. Düzdür, mənim dümdüz qadın ayağından xoşum gəlmir, onun ayaqları dümdüz idi, mən daha çox əzələli qadın ayaqlarını sevirəm, bu mənə daha seksi görünür, hər halda onun ayaqları da pis deyildi. Ayağının dərisi tarım idi, üzündən daha şık görünürdü. Bəmbəyaz ayaqları vardı. Özü də ağ idi yəqin ki, ama yorğun qadının üzünün rəngini aydınlaşdırmaq bir az zor olur. Yorğunluq üzə nəsə bir bozumtulluqmu verir yoxsa damarlar gərildiyi üçün üz bir az badımcanımı olur, nəsə belə dərinin rəngini bilmək çətindi. Əsas odur ki, o, xoşagəlimli idi. Hətta bəlkə xoşagəlimli də deyildi. Hətta bəlkə tamamilə xoş deyildi. Ancaq adam onu çox istəyirdi. Mən onu çox istəyirdim. Yəni mən onu qadın kimi istəmirdim də deməyə dilim gəlmir, ama gerçəkdən də o qadın kimi məndə heç bir hiss oyatmırdı.

Biz hava limanından çıxan kimi o mənə macal vermədən taksiyə yaxınlaşdı. Yükünü əlində bəkr-bərk saxlamışdı. İmkan edib ondan bu yükü ala bilmədim. Elə uçaq enər- enməz o yerindən qalxıb yuxarıdan yükünü götürdü. Yük ağır deyildi. Ona görə baqaja verməmişdik. Hər halda mən ona bir kişi kimi yardım etmək istərdim. O, tələsirdi. Elə tələsridi elə bil sınağa gedir. Əslində bizim elə bir təcili işimiz yox idi. Otelə gedirdik. Arxayın da gedə bilərdik. Ona çata bilmirdim. Uçaqdan çıxan kimi dedi ki, gərək tələsək ki, qeydiyyatdan tez keçək. Fikirləşdim niyə tələsək axı, görüləcək vacib işimiz yoxdur? Özümüzü boş yerə niyə qaça-qaça salaq. Ama bunu ona deməyə fürsətim olmadı. Elə qaça-qaça qeydiyyat məntəqəsinə çatdıq. Ordan qaça-qaça keçdik. Qaça-qaça çöl qapısına tərəf yollandıq. Qaça-qaça küçəyə çıxdıq. Çıxan kimi də nəfəs dərmədən taksilərə sarı getdi. Tələsik taksiylə ucuza danışdı. Mən də qoyun kimi yanında durdum. Taksiyə oturan kimi məni yuxu basdı. Bir də çatanda ayıldım. Taksi düz otelin qapısının ağzında dayanmışdı. Əlimi pulqabıma atdım. O, tələsik taksinin pulunu ödədi və maşından düşdü. Yükünü götürüb otelə girdi. Mən də dinməz – söyləməz arxasınca . Hazırlaşırdım ki, otaqlarla maraqlanım resepsiona çatan kimi o , yenə mənə macal vermədən danışmağa başladı. Oteldə iki ayrı otaq yox idi. Gec olduğu üçün biz çıxıb başqa yerə getməyə ərindik. İkimiz də yorğunduq. Heç nə eləməsən də yol adamı yorur. Resepsiondakı adam dedi ki, səhərə bir şey düşünərik. İndi gecdir. Heç kimdən qalıb gedəcəyini öyrənmək olmaz. Biz bir otaqda qalmalı olduq. O, otağı da ucuza danışa bildi. Kartımızı alıb liftlə yuxarı qalxdıq. O, susurdu. Ancaq üzü danışırdı. Görürdüm ki, ürəyində danışır. Fikri heç məndə deyildi. Mən onun yanında özümü dilsiz- ağızsız uşaq kimi hiss edirdim. İlk dəfəydi ki, hansısa qadın mənə bu hiss yaşadırdı. İşgüzar ifadə vardı üzündə. Elə bil görəv başındaydı. Ona baxanda adama həmişə elə gəlirdi ki, bu dəqiqə çox önəmli bir məsələni necə yoluna qoymaq barədə düşünür. Həvəsim yox idi. Nə haqda belə ciddi – cəhdlə düşündüyünü soruşmadım. Hərəmiz öz yerimizə girib meyid kimi yatdıq.

Heç bilmədim mən özüm oyandım, yoxsa o məni oyatdı. Qəfildən gözlərimi açdım. Elə ayıq, gümrah hiss elədim özümü elə bil indicə yuxudan durmamışam. Uzaq başı 3 saat filan yatardıq. O, geyincəkli otağın ortasında dayanmışdı.

– Günaydın.

– Günaydın.

– Yeməyimizi yeyib alış-verişə çıxaq. Səhər yeməyinin bitməsinə az qalıb. Əl-üzünü yu düş aşağı. Mən düşürəm.

– Sən heç yatmamısan? Nə tez oyanmısan? Şəhərdə də yeyə bilərdik. Niyə tələsirsən ki?

Sualları ard-arda düzdüm. Ama o heç birinə cavab vermədi.

– Mən düşdüm. Tez ol.

Biz orda olduğumuz bir həftəni beləcə tezdən oyanıb, səhər yeməyini yeyib dükanlara qaçırdıq. O lazım oldu-olmadı yolboyu bütün dükanlara girib qiymətlərlə maraqlanırdı. Endirimli yerlərə daha çox girirdik. O, mallara baxanda özünü unudurdu, mənim yanında olduğumu unudurdu. Ümumiyyətlə o bütün günü mənim varlığımı unudurdu. Bu məni narahat eləmirdi. Çünki bura ona kömək etməyə gəlmişdim. İşini görürdüm, yüklərini daşıyırdım, qulluğunda dururdum, hara desə ora gedirdik. Yəni hiss eləyirdim ki, özümü çox da gözə soxmasam yaxşıdır. Elə nə desə onu eləyirdim. Ama bu gəzinti mənimçün ağır idi. Ömründə bir saat dükan gəzməyən adam səhərdən axşama bir həftə küçələri ələk-vələk elədik. Ancaq qətiyyən bezmirdim. Əksinə, sevinirdim onunla gəldiyimə. Çünki getməmişdən onu tamam başqa cür tanıyırdım. Həmişə geyimli- keçimli, baxımlı olardı. Saçı-başı qaydasında olardı. Nə vaxt yanına getsən adamı rahat, gülə-gülə qarşılardı. Hardasa oturanda deyib-gülərdi. Qayğısız görünərdi. Burda tam başqa yanını gördüm. Qayğılı, yorğun, baxımsız, zəhmətkeş. Onsuz da zəhmətkeş olduğunu bilirdim. Amma gözlərinlə görməyənə qədər hər şeyi sonuna qədər dərindən anlamaq olmur. O, bir həftə dayanmadan dükan gəzib mal axtardı. Daha ucuzuna almaq üçün topdançılarla, satıcılarla çənə döydü. Bu çox ağır idi. Ona nədəsə kömək etdiyim üçün əslində sevinirdim. Düzdür, mən hər səfərində onunla gələ bilməyəcəkdim, yenə də yarımaq xoş idi.

Bəzən ayaqlarını çox aralı qoyub otururdu. Bunu bilərəkdən eləmirdi. Beyni çox məşğul olurdu. Nə elədiyini bilmirdi. Bəzən məni ümumiyyətlə görmürdü. Üzümə baxmadan öz işində ola bilərdi. Özümü gözəgörünməz hiss eləyirdim onda. Əslində bundan rahatsız olmurdum. Əksinə, ona qadın kimi marağım olmadığını hiss etməsindən ehtiyatlanırdım deyə işimə gəlirdi. Hərdən də onun yerinə özümü pis hiss edirdim. Mən qadın olsaydım, belə oturmazdım , yanımdakı kişi məni istəməsəydi, özümü təhqir olunmuş sayardım və s. Onun elə bil heç vecinə deyildi. Əslində, onda qadınsal əlamətlər çox idi. Məsələn, astadan danışırdı, aramla, pauzalarla danışırdı. Söhbət zamanı hərəkətlərində ara-sıra gözə dəyən işvə olurdu. Dediyim kimi yumşaq idi. Aranı sakitləşdirə bilirdi. İstəyəndə zövqlə geyinirdi. Heç vaxt ağzını yekə açıb gülmürdü. Güləndə çox xoş olurdu. Güləndə pişik kimi yığılırdı, nazlanırdı. O, ümumiyyətlə, çox elastiki idi. Adama elə gəlirdi onu qucaqlasa qucağında itər. Baxmayaraq ki, heç də arıq qadın deyildi. Hətta qarnı da vardı. Mən çox fikirləşirdim ki, onun niyə belə yekə qarnı var. Çox kök də demək olmazdı ona. Yəni bu qarın onun bədəninə uyğun gəlmirdi. Elə bil hamiləydi. Az qalırdım soruşum ki, niyə qarnı belə böyükdü? Amma bunu necə soruşa bilərdim? Qarnı qarpız kimi dik və yekəydi. Ən qəribəsi də bu idi. Belə böyük qarnı olan, dolu bir qadın necə bu qədər elastiki və yumşaq ola bilir. Vücudu silikon kimiydi. Ancaq xarakterində heç vaxt ağlıma gətirmədiyim sərtliklə qarşılaşırdım ara-sıra. Onu mülayim adam kimi tanıyırdım. İndisə dediyini deyir, elədiyini eləyirdi. Öncələr yolagəlimli, güzəştə gedən bilirdim onu. Orda sərt üzünü gördüm. Hərdən gülləkeçirməz olurdu. Hər gün qarşımda bambaşqa bir insan canlanırdı. Bu günə qədər tanımadığım yepyeni bir insan.

 

 

( Ardı var)

 

Aysel ƏLİZADƏ

 

525-ci qəzet.- 2011.- 8 oktyabr.- S.28.