Vətəndaş alimin qeyrəti və cəsarəti

 

“Qeyrət, a vətəndaşlar!

Himmət, a vətəndaşlar!”

 

M.Ə.Sabir

 

Anadan olmasının bu il 100-cü ildönümü tamam olan görkəmli ədəbiyyatşünas və mətnşünas alim, əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, professor Abbas Zamanov mənim uşaqlıq xatirələrimin əsas qəhrəmanlarından biridir. Valideynlərimlə Abbas müəllimgilin evinə gedəndə o, məni tez-tez dilə tutar, şeirlər soruşar, mənasını izah edərdi. Mən onun üçün “Araz axar şirin-şirin // Özü şirin suyu şirin” deyə oxuyanda o, qaşlarını sallayıb: “Araz axar acı-acı” – söylə qızım, deyərdi. Əlbəttə, mən körpə idim və bu iradın mənasını çox-çox sonralar anladım... Əlbəttə, mənim xatirə yazan vaxtım deyil: nə yaşım, nə də mənəvi səlahiyyətim Abbas Zamanov kimi böyük şəxsiyyət haqqında xatirə danışmağıma hələ imkan vermir. Lakin həm Abbas müəllimin əlindən su içmiş, həm də onun kimi alimin kitabları və əməlləri ilə filologiya elmləri doktoru olmuş bir ədəbiyyatçı kimi mənə doğma olan Abbas Zamanovun 100 illik yubileyində onun irsinin nəzəri-tarixi dəyəri və yeri haqqında yazmağa mənəvi haqqım var. Belə bir qədirşünaslıq taleyin mənə həvalə etdiyi mənəvi missiyadır.

Abbas Zamanov XX əsri demək olar ki, başabaş yaşadı. O, 82 illik (1911-1993) ömrünün bütün şüurlu anlarını Azərbaycan xalqının tarixi taleyinə, ədəbiyyat və mədəniyyətinin tədqiq və təbliğinə həsr etmiş çox milli bir alim idi. Əminəm ki, sovet imperiyasının dağılmasına ən çox sevinən insanlardan biri bu imperiyanın əlindən ən çox rəncidə olmuş Abbas Zamanov idi. O, 1990-cı il 20 yanvar faciəsinin acılar, ilə bərabər, totalitar rejimin dağılmasından dolayı sevincləri, ömrü boyu zəka və qəlbi ilə xidmət etdiyi milli istiqlal dəyərlərini də yaşadı. Bu XX əsrdə yaşayıb yaratmış alim, yazıçı və milli ruhlu şəxsiyyətlərin ən böyük arzusu idi.

XX əsrin 60-cı illərində müvəqqəti “Xruşov mülayimləşməsi”ndən istifadə edən daşnak xislətli ermənilər Naxçıvanı Ermənistanla birləşdirmək planı qurublarmış. Vahid sovet xalqı, ümumi sovet vətəni kimi süni şüarları əldə dəstəvuz edən hiyləgər ermənilərin iç üzünü ilk dəfə açan Abbas Zamanov olub.

1960-cı ildə S.Vurğunun vəfatının beşinci ildönümü qeyd ediləndə EA-nın Rəyasət Heyətinin salonunda yerdən söz alan Abbas müəllim bu hiyləgər plana qarşı sərt və cəsarətli çıxış edir. Mərasimin şahidi olmuş xalq yazıçısı Elçin “Ədəbiyyat və cəsarət tərcümanı” adlı xatirəsində yazır: “Abbas müəllim həmin odlu-alovlu çıxışında qədim Azərbaycan diyarı Naxçıvanın üzərini qara buludların almasından, erməni millətçilərinin Naxçıvanı Azərbaycandan qoparmaq məqsədilə ciddi fəaliyyətə başlamasından, Moskvada onların havadarlarının olmasından danışdı... Və Abbas Zamanov xitabət kürsüsündən düşüb parterdə öz yerində oturdu.

Elə bil ki, bütün zal hipnoz olmuşdu. Mülayim bir adam olan rəhmətlik Arif müəllim (Akademik Məmməd Arif – G.Ə.K.) Rəyasət Heyətində ayaq üstə dayanmışdı və zalın sakitləşməsini gözləyirdi. Zal isə sakitləşmək bilmirdi. Nəhayət, Arif müəllimin səsi eşidildi:

– Abbas Zamanov buradakı çıxışında hissə qapıldı. Mən inanıram ki, o özü də bu çıxışından peşman olacaq.

Bu zaman Abbas müəllim yerindən qışqırdı:

–Çətin!

Və bu bir kəlmə sözə görə yenidən qopan alqış aləmi lərzəyə saldı” (“Müasirləri Abbas Zamanov haqqında”, B., “Çinar-çap”, 2003, s. 9-21.)

Bu, sonralar bütün Azərbaycan xalqının qürurla danışdığı Abbas Zamanov cəsarəti idi. Bu cəsarət əsl vətəndaş və ziyalının qeyrətindən qidalanmışdı. Əlbəttə, bu qəhrəmanlıq Abbas müəllimə çox baha başa gəldi. Müxtəlif bəhanələrlə onu işdən və o zaman üçün ağır cəza olan partiyadan çıxardılar, əsərlərinin çapı, mətbuatda, radio və televiziyada çıxışları yasaq edildi. Bütün bunlar mərd kişini sındırmadı. Yəqin elə onda da Abbas müəllim ondan kefini, necəliyini soruşanlara əvvəlki kimi belə cavab verirmiş: “Şikayət etməyə elə bir əsasım yoxdur!”. Bəli, Abbas Zamanov şikayət eləyən kişilərdən deyildi və ömrünün sonuna kimi də heç kimdən və heç kəsdən şikayət eləmədi. Abbas müəllim 7 il belə bir basınca, ictimai laqeydliyə dözdü, fəqət əməlində peşman olmadı. Fikrimizcə, bunun da səbəbini Elçin fəlsəfi – psixoloji baxımdan olduqca dəqiq izah edir: “Abbas müəllim XX əsrin əvvəllərindən xalqına xidmət edən böyük Azərbaycan ziyalıları nəslindən aldığı əxlaq, əqidə, cəsarət estafetini ən qorxulu-qadalı illərdə belə əlindən salmayan bir qələm sahibi, bir ağsaqqal dost idi, etibarlı idi, təpərli idi, ona güvənirdik.

O, bizim ziyalı keçmişimizlə bugünümüz arasında canlı bir körpü idi və yaxşı, nə qənimət ki, həmin milli ziyalı mənəviyyatını təcəssüm etdirən, onun üçün çox qiymətli olan, bəlkə də ömrü boyu içində gəlişini gözlədiyi üçrəngli bayrağımızın bir daha ucaldığını görüb getdi”. Hörmətli yazıçı böyük Azərbaycan ziyalılığının portret cizgilərini belə mənalı tamamlayır.

Abbas Zamanov çoxcəhətli fəaliyyət imkanlarına malik idi. O, şübhəsiz ki, birinci növbədə tədqiqatçı ədəbiyyatşünas və ədəbiyyat tarixçisi, mətnşünas, muzeyşünas, pedaqoq, publisist, döyüşçü, beynəlxalq ədəbi əlaqələrin fədakar qurucusu... vətənşünas idi.

Öz tədqiqatları, ictimai-tarixi fəaliyyəti, milli və beynəlxalq maraqları və əlbəttə, 82 sənəlik ömrü ilə Abbas Zamanov zəngin və ziddiyyətli, qanlı və qalmaqallı XX əsrin adamı idi. Şübhəsiz ki, Abbas müəllim bütövlükdə ədəbi-tarixi prosesə böyük Mirzə Ələkbər Sabir poeziyasının prizmasından nəzər salırdı. Sabirin həyatı, poeziyası, mühiti və müasirləri A.Zamanovun əsas elmi araşdırma obyekti olmuşdur.

Abbas Zamanovun ən yaxın dostlarından olan xalq yazıçısı Elçin onun haqqında xatirə məqalələrində maraqlı bir etiraf edir: “Abbas müəllim o işi görür ki, onu bizim heç birimiz görmürük”. Bəs bu hansı iş idi?! İlk növbədə o iş idi ki, Abbas müəllim böyük bir fədakarlıqla öz cüzi əməkhaqqı hesabına Azərbaycanda çıxan maraqlı kitabları Türkiyəyə, İrana, İraqa, Almaniyaya göndərir. Və dünyanın bir çox ölkələrdə Azərbaycanla bağlı çap olunmuş kitab və məqalələri SSRİ-nin dəmir sərhədlərindən keçirib Azərbaycana gətirirdi. Şahidlər qeyd edirlər ki, “Türkiyədə Ərzurum Atatürk Universitetinin kitabxanasında “Abbas Zamanovun bağış kitabları” adlı üç mindən çox kitabı əhatə edən kitabxana meydana gəlmişdir...

Respublikamızdakı ən zəngin elmi məxəz və ədəbi-tarixi xəzinələrdən biri də Abbas Zamanovun şəxsi arxividir” (Akademik İsa Həbibbəyli). Əcnəbi ölkələrin alimləri Abbas müəllimin göndərdiyi kitablardan bəhrələndikləri kimi, Abbas müəllimin yetişdirdiyi aspirant və doktorantlar da onun arxivində olan nadir əsərlərdən yetərincə istifadə etmişlər.

İnamla demək olar ki, Abbas Zamanov Sabiri təkcə tədqiq etmir, həm də öz üslubunda, zəmanəsinin imkanları hüdudunda onun ənənələrini davam etdirirdi. Sabir öz yaradıcılığı ilə İran inqilabına bir ordudan artıq xidmət göstərmişdir (A.Səhhət). Və Abbas Zamanov da taleyin amansız bir ədalətsizliyi ucbatında İran adlı dövlətin sərhədi ilə hüdudlanmış Azərbaycan ərazisində yaşayan Azərbaycan türklərinin taleyi ilə yaxından maraqlanmışdır. Sağlığında o çalışırdı ki, tariximiz və taleyimizlə bağlı kitablar ərəb əlifbası ilə ya Bakıda, ya da Təbrizdə çap olunsun ki, Cənubdakı həmvətənlərimiz həmin kitabları oxuya bilsinlər. Azərbaycanın tarixi bir ədalətsizlik üzündən, Rusiya və İran arasında işğal yolu ilə ikiyə bölünməsi bir vətəndaş ziyalı, qeyrətli türk oğlu kimi Abbas Zamanovun ən böyük dərdlərindən biri idi. Üstəlik, 1948, 1952, 1988-ci illərdə azərbaycanlıların indi Ermənistan adlanan ata-baba torpaqlarından deportasiya olunması Abbas müəllimin yarasının qaysağını hər dəfə qoparırdı. 1993-cü ildə o bu dünyadan yarıya bölünmüş və işğal olunmuş vətən dərdi ilə getdi. Çox güman ki, bu dünyadan gedərkən o da sevimli Sabir kimi “Mən gedərsəm, var olsun amalım” deyə bildi və onun buna mənəvi haqqı var idi. Biz bu gün Abbas Zamanov kimi fədakar alimlərin, qeyrətli və cəsarətli kişilərin dönməz amalının işığında yol gedirik.

Abbas müəllim totalitar sovet rejiminin qılıncının dalı da, qabağı da kəsəndə kapitalist ölkələrində yaşayan alimlərlə – Almaniyada Əhməd Şmide, Türkiyədə Yavuz Akpınar və Seyfəddin Altaylı, İranda Cavad Heyət və Hüseyn Düzgün, İngiltərədə Turxan Gənceyi, Fransada Səlim Turan Hüseynzadə ilə əlaqələr saxlayır, onlar vasitəsilə Azərbaycan həqiqətlərini bütün dünyaya yayır, onları da Azərbaycanda tanıtdırırdı. O, Azərbaycanı, onun ədəbiyyat və mədəniyyətini dünyaya tanıdan qüdrətli alim və vətəndaş ziyalı idi.

Abbas Zamanovu sözün ən dolğun mənasında maarifçi adlandırmaq olar. O, öz əsərlərində A.A.Bakıxanov və M.F.Axundzadənin tutmuş M.T.Sidqiyə qədər görkəmli Azərbaycan maarifçilərinin keçdiyi yolu izləmiş, Azərbaycan maarifçi realizminin 1830-1930-cu illər arasındakı yüzillik təkamülünə nəzər salmışdır. Onun haqqında yazdığı adamların, demək olar ki, hamısı maarifçi idi. Realist Mirzə Cəlil və Sabir də, romantik Səhhət və Şaiq də yaradıcılıq metodlarının müxtəlifliyinə baxmayaraq, A.Zamanovun tədqiqatlarına ilk növbədə maarifçi kimi daxil olurdular. Amerikaya, Avropa ölkələrinə, Türkiyə və İrana ədəbi-mədəni irsimizin nümunələrini göndərərkən də Abbas müəllim əsl maarifçi kimi hərəkət edirdi, bir çox maarifçilərin görə bilmədiyi işi görür-dünya azərbaycanlılarını maarifləndirir. Bu, həm də böyük bir siyasi əməl- dünyada Azərbaycan diasporunu formalaşdırmaq, onlara sahib çıxmaq qayəsinin sovet dönəmində mümkün olan ifadəsi idi. Biz bilməzdik ki, o zaman Abbas Zamanov milli ideologiyamızın – azərbaycançılıq məfkurəsinin təməl daşlarını qoyur. O, özü təpədən- dırnağadək bir azərbaycançılıq simvolu idi, o, Azərbaycan qayəsi ilə nəfəs alırdı.

Abbas müəllim həm də konkret olaraq maarifçi idi. O, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru olarkən muzeyşünasdan çox maarifçi kimi çalışır, iftixara layiq söz sənətimizi, qüdrətli bədii-fəlsəfi fikrimizi sadə xalqa təbliğ edir, bədii-estetik zövq duyğusu aşılayırdı.

Abbas müəllim uzun müddət o zamankı Azərbaycan Dövlət Universitetində “Azərbaycan sovet ədəbiyyatı” kafedrasına rəhbərlik etmişdir. Bu böyük elm təşkilatçısı həm də Qori müəllimlər seminariyası məzunlarının – Ü.Hacıbəylinin, Mirzə Cəlilin, F.Köçərlinin və b. müəllimlik ənənələrini yeni dövrdə davam etdirən nəcib bir pedaqoq, əsl milli ziyalı idi.

Tarixi şəxsiyyətin milli-mənəvi gücü bundadır ki, o, ən azı yaşadığı dövrün tarixini özünə işlətməyi bacarır. Tarixi şəxsiyyətlər yaradır və əslində tarix şəxsiyyətlərə xidmət edir. Çünki bu əsrdə tarixi istədiyi səmtə yönəltməyi bacaran ideologiya hakimi-mütləq idi. Düz 70 il – 1920-1990-cı illərdə totalitar sovet ideologiyası xüsusilə milli düşüncəyə qənim kəsildi. Kəsilən başlar düşünən başlar idi. Düz danışıb baş aparanlar başı ilə vidalaşmalı oldu. Yalnız baş çıxaranlar başını qoruya bildi. Abbas müəllim də öz zəmanəsindən baş çıxaranlardan biri idi. O, öz dövrü, öz əsri, öz milləti haqqında nə dedisə, Sabirin dili ilə dedi. Bu dil çox iti, çox sərt və amansız idi. Bu, Azərbaycan xalqının satira dili idi. Abbas müəllim Sabirdən yaza-yaza əməlli-başlı sabirləşmişdi, “əsrinin ayinəsi” olmuşdu.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev 5 oktyabr 2011-ci ildə böyük ədəbiyyatşünas və mətnşünas alim, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Abbas Fəttah oğlu Zamanovun anadan olmasının 100 illiyinin layiqincə keçirilməsi barədə geniş sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Özünün zəngin fəaliyyəti ilə Abbas Zamanov milli ədəbiyyatşünaslığın bir məktəb kimi formalaşdırılması və inkişaf etdirilməsi sahəsində təqdirəlayiq xidmətlər göstərmişdir. Ölkəmizdəki yüksək ixtisaslı kadrların azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda hazırlanmasında onun böyük əməyi vardır.”

Sərəncam Azərbaycan filoloji elminə və onun böyük xadimlərinə nəcib diqqət və qayğıkeşlik ifadə edir. Bu tarixi sənəddə Abbas Zamanovun milli taleyimizə xidmət edən əməlləri yüksək qədrşünaslıqla dəyərləndirilir və gələcək nəsillərin yaddaşına köçürülür.

 

 

Gülşən ƏLİYEVA-KƏNGƏRLİ,

filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2011.- 8 oktyabr.- S.24.