ORALARDA KİMLƏR VAR: YAZAR AİLƏLƏR

 

Şair-publisist: Kənan Hacı – Jurnalist: İlhamə Dağlı –2

 

Bu işin müxtəlif tərəfləri var.Bir ailədə eyni sənət və eyni iş adamlarının öz aralarında dil tapması və sakit günlər yaşaması məncə bir o qədər də asan iş deyil.Çünki ayrı-ayrı sənət sahibləri olanda yanlışlar o saat aradan götürülə bilir.Vay o gündən ki, bizim bu günlərin yazar ailələri kimi olasan və işlərin də yağ kimi gedə.Ən azından mənəvi təsəlli tapmasanız da, maddi durum heç zaman yetər dərəcədə ola bilməyib məncə. Bunu mən apaydın bilirəm.Amma bir-birini başa düşmək baxımından bunun həm də zor tərəfləri də var.Xatırlayıram : dünyaca məhşur yazarlardan birindən soruşublar ki,sizin üçün ən acı,ən ağır olan nədir? Deyib : ən çox ona yanıram ki, mənim bu uzun ömrüm boyu nə işlə məşğul olduğumu anam bilmədi.Soruşublar niyə? Deyib : çünki mən ingilis dilində yazdım anam isə ingilis dilində heç bilmədi.

Şükürlər Allaha ki, mənim bu proyektimin insanları nə işlə məşğuldular özləri də bilirlər.Və düşünürəm ki, bu yazar ailələr həm də mehriban ailələrdi.Amma bunların da ən qorxulu tərəfi, birinin yazısını o birisi bəyənməməsi və inkarlığıdı.

Ailədə bir uşaq var.

 

–İlk uşağınız olana qədərki dövrlə uşaq doğulandan sonrakı vaxt nə ilə fərqlənir?

K.Hacı:- Abi, biz hələ uşaq olana qədərki dövrü yaşamaqdayıq. Hər ikimiz o vaxtı səbirsizliklə gözləyirik, ikimizdən birimiz hələ yol gələn o uşağı müvəqqəti olaraq əvəz edirik. Bu da bir məşqdir. Pis alınmır. O mənim ərköyünlüyümə dözür, mən də onun şıltaqlığına.

İ.Dağlı:-Bu dövr bir növ subaylığa bənzəyir. Uşaq ailənin təməlini daha da möhkəmləndirir, uşaqsız ev susuz dəyirman kimidir. İnşallah, inanırıq ki, tezliklə evimizdə çağa səsi eşidiləcək. Hər dəfə şopinqə çıxanda çoxlu uşaq paltarları alıram. Əsas odur ki, ailədə sağlam aura hökm sürür, bir-birimizi anlayırıq. Yəqin ki, Allah qismət edərsə, arzumuz yerinə yetsə bütün vaxtımı körpəmə həsr edəcəyəm.

– Çox vaxt siz ikiniz də evdə olmursunuz. Belə vaxtlarda uşağınıza kim baxır və ya baxardı, vaxtı necə bölürsünüz?

K.Hacı:- İlhamə xanım Bakı Dövlət Universitetində çalışır, günün çox hissəsini işdə olur, mən də həmçinin. Evdən səhər çıxıb axşam qayıdırıq. Nə qədər çətin olsa da o, ev işlərinin öhdəsindən gəlir, üstəlik, yataq xəstəsi olan qayınanama, anasına qulluq edir, yəni vaxtı düzgün bölə bilir. O yaşlı, xəstə qadın da elə uşaq kimidir. Yəqin ki, uşağa baxmaq da problem olmaz. O baxımdan elə indidən arxayınam.

İ.Dağlı:- Əgər bu xoşbəxtlik mənə üz versə, analıq məzuniyyətindən istifadə edəcəyəm. İşə çıxarkən isə onu uşaq bağçasına verəcəyimi düşünürəm. Çünki uşağa evdə baxa biləcək başqa bir şəxs yoxdur. Anam ağır yataq xəstəsidir, qayınanam isə rəhmətə gedib. Yəqin ki, uşağın tərbiyəsiylə birbaşa özüm məşğul olacağam. Kənan da bəri başdan bu vəzifəni mənə həvalə edib.

–Ən çox incik gününüz nə vaxt olub? Nə üstündə? Küsəndə necə barışırsınız?

K.Hacı:-Bilirsiniz, mən bir az hövsələsiz adamam, bu hövsələsizlik bəzən onun əsəbləşməsinə səbəb olur. Bir məsələ də var ki, müəyyən məsələlərdə təsadüfi hallarda bir-birimizə kompromisə gedirik. Nə o dediyindən dönür, nə də mən. Və inciklik yaranır. Amma çox tez barışırıq. Çox vaxt ilk təşəbbüsü mən edirəm. Kimin haqlı-haqsız olmasından asılı olmayaraq o, həmişə gözləyir ki, mən gəlib barışım. Mənim küsü saxlamağa da hövsələm çatmır. Hövsələsizliyim belə məsələdə işimə yarayır.

İ.Dağlı:-Gündəlik küsüb-barışmaları nəzərə almasaq, böyük mənada skandal yaşamamışıq. Bir də deyirlər, ər-arvadın savaşı yaz yağışı kimidir. Kənanın hövsələsizliyi mənim kimi səbirli adamı hövsələdən çıxarır. Bu, yazı-pozu adamlarının əksəriyyətinə xas olan bir xüsusiyyətdir. Mən çox kinliyəm, bunu bildiyindən çox vaxt özü barışır. Elə bil heç nə olmayıb. Mən uşaqlıqdan evin ərköyünü olmuşam, bu ərköyünlük hələ də məndə qalır. Bəzən o, mənim ərköyünlüyümə dözmür. Amma küsəndə də ilk addımı Kənan atır. Əlbəttə, böyük mənada xəyanət olarsa, onu heç vaxt bağışlamaram.

– Yaradıcılıq və uşağınızın tərbiyə məsələsini necə qurmusuz? Uşağınızla çoxmu vaxt keçirirsiniz?

K.Hacı:-Bu suala yuxarıda cavab vermişəm.

İ. Dağlı:-Yaradıcılıq ən çox vaxt aparan bir işdir. Mən heç vaxt uşağımın tərbiyəsini yaradıcılığıma qurban vermərəm. Əksinə, yaradıcılığımı qurban verərəm. Çünki o uşağın gələcəyi mənim üçün həyati bir məsələdir. Vaxtımın çoxunu uşağıma həsr edəcəyəm.

–Həyat yoldaşınızdan bir valideyn və bir qələm sahibi kimi razısınızmı?

K.Hacı:-Mən inanıram ki, o yaxşı valideyn olacaq. Yaradıcılıq baxımından baxışlarımız fərqlidir, bəzən ədəbi yöndə mübahisələr edirik. Əlbəttə, hər kəs yenə öz fikrində qalır. Amma o, öz sahəsini çox gözəl bilən bir mütəxəssisdir. Bu, tərif deyil, real faktdır. Dilçiliklə məşğuldur, dialektləri araşdırır, xeyli sayda elmi məqalələri çap olunub. Eyni zamanda bədii yaradıcılıqla da məşğul olur. Mən çox vaxt öz yazılarımda dillə bağlı məsələlərdə onun fikriylə hesablaşıram. İlhamə xanım üç kitabıma redaktorluq edib.Ümumən, razıyam.

İ.Dağlı:-O, öz üzərində həddən çox çalışır, Kənanın mütaliəsi çox zəngindir. Antik dövrdən tutmuş müasir dünya ədəbiyyatına qədər demək olar ki, bütün müəllifləri oxuyub. Klassik ədəbiyyatı da yaxşı bilir. Fəlsəfi, dini, tarixi kitablar onun stolüstü kitablarıdır. Mən onunla tanış olanda onun mütaliə dairəsinin genişliyi məni heyrətləndirmişdi. Tərcüməylə məşğul olur, reportajlar yazır, roman üzərində işləyir, arada şeir, hekayə də yazır, üstəlik, ədəbi tənqidlə də məşğul olur. Onun xeyli sayda ədəbi tənqidi yazıları var, tərcümələri var. Çox məhsuldardır. Hərdən mən onun səhhətinə görə çox narahat oluram, axı səhhəti qaydasında deyil, qara ciyərində ciddi problemlər var. Mümkün qədər onu qorumağa çalışıram.

–Ailə qayğılarınızı necə bölüşürsünüz?

K.Hacı:- Bizim ailədə konkret bölgü yoxdur. O, əksər hallarda çalışır ki, problemlər məni yormasın. Bu, onun xarakterindən gələn bir şeydir, heç vaxt fikirləşmir ki, bu kişi işidir, qoy özü həll eləsin. Bütün məişət problemlərini birlikdə həll etməyə cəhd edirik, hər ikimiz ailənin rifahı üçün çalışırıq. O,həm də bir yazar kimi mənim qayğımı çəkir, çalışır ki, yaradıcılığa daha çox vaxt sərf edim. Bir yaradıcı insan olaraq da məni dəyərləndirdiyi üçün ona minnətdaram.

İ.Dağlı:- Ailəmiz o qədər də böyük deyil, irili-xırdalı problemləri çalışıb birlikdə aradan qaldırırıq.

–İkili imza ilə yazınız çıxıbmı və bu hansı yazıdır?

K.Hacı:- Xeyir, ikili imza ilə yazımız çıxmayıb. Gələcəkdə bu olacaq, ya olmayacaq, deyə bilmərəm.

İ.Dağlı:- İkili imza ilə yazımız çıxmayıb və belə bir ehtimal da yoxdur.Çünki mən onun yazılarını ancaq çap olunandan sonra oxuyuram. Onun üç kitabının redaktoru olmuşam, dillə bağlı məsələlərdə çox vaxt mənimlə məsləhətləşir.

–Ailəvi bayramlarınız hansılardı və bu əlamətdar günləri kimlərlə keçirirsiniz?

K.Hacı:- Bayaq qeyd etdiyim kimi biz ikimiz də eyni gündə anadan olmuşuq, mart ayının üçü ikimiz üçün də bayram hesab olunur və bu günü hər il xüsusi olaraq qeyd edirik. Tanış olduğumuz gün, toy günümüz əlamətdar günlər sırasındadır. Bu günlərdə dostları bir yerə toplayırıq, istəyirik ki, onlar da sevincimizə şərik olsunlar.

İ.Dağlı:- Bildiyiniz kimi, mayın 10-da tanış olmuşuq. Bu gün həm də mənim gül bayramım olur, Kənan həmin gün evə gül dəstəsiylə gəlir. Bu, artıq ənənə şəklini alıb. Bizim toyumuz sentyabrın 2-sinə təsadüf edib. Evliliyimizin bir ili tamam olana qədər hər ayın 2-sini təkcə ikimiz qeyd edirdik. Həmin günləri çox vaxt evdə, bəzi hallarda isə restoranda keçirmişik. Bir də anamın ad günləri olanda sevinirəm ki, şükür, anam bu il də ad gününü bizimlə birlikdə keçirdi.  

–Bəy əfəndi, siz xanımınızdan nə soruşmaq istərdiniz?

K.Hacı:-Biz bəzən yorulana qədər bir-birimizi sorğu-suala çəkirik. Məncə, sualımı qəzet vasitəsilə deyil, birbaşa özünə versəm, daha yaxşı olar.

–Xanım əfəndi, siz həyat yoldaşınızdan nə soruşmaq istərdiniz?

İ.Dağlı:- O məndən uzaqda deyil axı. Şükür, özündən nəsə soruşa bilirəm.

 

lll

 

Kənan Hacıdan bir şeir

 

tənha günlərimin şeirləri

dadır görən?

kədərin dozası bir az

çox olub,

bilirəm,

qanımı sıxmışam varağın üstə,

varaq qızardıqca

üzüm ağarıb,

bilirəm,

yenə ürəyim soyumayıb,

pəncərəmə üz söykəyib

sızlayan ayın işığına da

zülm eləmişəm,

sübhün gözü açılıncayadək

didərgin duyğuların əlində

çırpınıb, bilirəm,

əski günahlarımı

hər dəfə salır yadıma

tənha günlərimin şeirləri...

    

köçəri quşlar kimi

baş alıb gedir doğma yerlərə,

tənha günlərimin şeirləri,

burda köçəri quşlar

gözündən vurulurlar...

İlhamə Dağlıdan bir esse

 

...Qəfildən könlünə siqaret düşdü. Amma siqareti yox idi, on il idi ki, siqareti tərgitmişdi. Birdən yadına düşdü ki, iki gün əvvəl dostlarından biri siqaretini oğlanın daxmasında unutmuşdu. Oğlan tez siqareti tapıb yandırdı, acgözlüklə tüstünü ciyərlərinə çəkdi.

Siqaretin tüstüsü burula-burula havaya qalxırdı. Oğlan siqaret damağında çarpayıya uzandı və ona elə gəldi ki, bu tüstü deyil, qızın saçlarıdır, yavaş-yavaş onun üzünə dağılır.

 

NOT: “YAZAR AİLƏLƏR” proyektimizdə,layihəmizdə iştirak eləyən bütün qələm sahiblərinə təşəkkürümü bildirir və onlara cansağlığı, yaradıcılıq uğurları arzu edirəm.

 

 

Tofiq ABDİN

 

525-ci qəzet.- 2011.- 8 oktyabr.- S.23.