Böyük bir
örnək
İnsanın
kimliyi onun nəyə can atmağında, nəyi sevməyində,
nəyə nifrət etməyindədir. İnsanın
zövqü, şövqü, sevinci, kədər, əzab və
qəmi bu mənada hər şeydən çox maraq
doğurur və onun yaşamaq qüdrətini ifadə edir. Bu
mənada böyük Azərbaycan müəllimi,
yazıçı, şair, dramaturq və ictimai xadimi Abdulla
Şaiqin həyat yolu sözün tam mənasında bir
örnəkdir.
Abdulla Şaiqi ilk uşaqlıq illərindən, dilimiz söz tutandan tanımışıq. İlk şeiri söyləyəndən, ruhumuzu ifadə etməyə başlayandan tanımışıq o böyük Azərbaycan ədibini. Həmişə onu xatırlayanda ən doğma adam, ən müdrik şəxsiyyət kimi tanışmışıq o böyük “ruh doktoru”nu (A.Musaxanlı), elə bilmişik ki, o, bizimlə birgə kənddə, məhəllədə, şəhərdə, eyni küçədə yaşayır, hər bir işimizə diqqət yetirir. Elə bilmişik ki, bizim düşüncələrimizə ən çox bələd olan, hamıdan artıq bizi gələcəyə səsləyən, hər gün səhər tezdən günəş kimi könlümüzə işıq saçan Dədə Qorqud misallı bir türk müdrikidir. Aradan xeyli keçəndən, uşaqlığa vida edəndən, yaşlaşandan, uşaqlarımızın uşaqlarının da Abdulla Şaiq adına heyranlıqla bağlılığını görəndə indi həm yanılmadığımıza sevinir, həm də bunun sirrini bilməyə çalışırıq. Abdulla Şaiqin – o nadir şəxsiyyətin, görkəmli müəllimin, romantik şairin, istedadlı naşirin, ədəbiyyatşünas-alimin, tərcüməçinin, tənqidçinin, nəzəriyyəçinin, ictimai xadimin əbədiyyən var olmasının sirri nədir? Bu sualın cavablandırılması üçün, şübhəsiz ki, onun işi, əməli, ideyası, xidmətləri, əsərləri ən etibarlı mənbədir. Çünki, onun özünün də inandığı, dəfələrlə təkrarladığı “hər bir insanın dəyəri onun işi, əsərləri ilə ölçülür” fikri hər zaman cəmiyyətdə şəxsiyyətləri seçmək üçün meyar sayılır.
Uşaqlıq illərindən əsərlərini sevə-sevə oxuduğum, əzbərlədiyim, “Köç” hekayəsində özümün və böyüdüyüm bölgənin adamlarının həyatını, məişət və məşğuliyyətini gördüyüm Abdulla Şaiqin obrazı xəyalımda möhtəşəmliyi ilə seçilir, onun çinar kimi iri gövdəli, nağıl qəhrəmanları kimi yenilməz biri olduğunu sanırdım. Lakin zaman keçdi. Tale məni xəyalımın qəhrəmanı olan Abdulla Şaiqin oğlu – ədəbiyyatşünas- alim, Azərbaycan tənqid tarixinin tədqiqatçısı, akademik Kamal Talıbzadə ilə tanışdırdı. Onun rəhbərliyi ilə ədəbiyyatşünaslıq tədqiqatına başladım. Azərbaycan tənqidinin tarixi təcrübəsi, nəzəri xüsusiyyətləri, şəxsiyyətləri barədə əsərlər yazdım və zaman-zaman Abdulla Şaiqin əsərlərini yenidən mütəxəssis gözü ilə, həm də akademik Kamal Talıbzadənin qeyri-rəsmi, yəni çap olunmamış, belə də demək olar, şifahi şərhlər, kommentariyaları ilə yenidən oxudum. Oxuduqca uşaqlıq xatirimdəki obrazın cizgiləri daha da işıqlanmağı, dəyişməyə başladı, millətinin, vətəninin əzablarını taleyində yaşadan, nurani sifəti və qocalığının kədərli çöhrəsində parçalanmış vətəninin şırımları ilə daha çox maraq doğurmağa başladı. Və gördüm ki, o böyük romantik Şaiq elə gənclik illərində də yaşlı nəslə məxsus müdrik məntiqi ilə vətənin əzablarına könül dünyasında ayna tutub.
Abdulla Şaiq XX əsrin əvvəllərində Azərbaycanda meydana gələn məşhur füyuzatçılar hərəkatına mənsub yaradıcı şəxsiyyətlər sırasına daxildir. Elə buna görə də onun əsərlərində “türkləşmək, islamlaşmaq, avropalaşmaq (müasirləşmək)”= azərbaycançılıq konsepsiyası parlaq şəkildə ifadə olunur. Bu dəyərlər mövqeyindən çıxış edən Abdulla Şaiqin ortaq dil, din, tarix, mədəniyyət, gələcək tale barədə düşüncələri onu Turan coğrafiyasına bağlayır, “dildə, fikirdə və əməldə birlik” (İsmayıl Qaspiralı) ideyasının daşıyıcılarından biri kimi məşhurlaşdırırdı.
Abdulla Şaiq ümumtürk tarixinə böyük qiymət verir, onun tədqiq və tədrisinin əhəmiyyətini tez-tez nəzərə çatdırırdı. Ədəbiyyata dair dərsliklərində, publisistik yazılarında, nəsr, dramaturgiya və poeziyasında bu işi ardıcıl və sistemli şəkildə davam etdirən Abdulla Şaiqin yaradıcılıq və həyat təcrübəsi indi müasirlərimizə böyük bir örnəkdir.
Böyük ədibin oğlu akademik Kamal Talıbzadə ilə XIX əsrin sonu, XX əsrin əvvəllərində baş verən hadisələr barədə tez-tez və geniş söhbətlər edir, onun məsləhəti ilə bu dövrün fakt, sənəd, hadisə, problem, şəxsiyyət və əsərləri haqqında daha aydın təsəvvür əldə etməyə çalışırdım. Xüsusilə bu dövrün intibah səciyyəsi məni maraqlandırır, Azərbaycanın “neft və milyonlar səltənəti”nə çevrilməsi, ortaq türklük dəyərlərinin formalaşması, milli mətbuat və jurnalistikanın ictimai fikir institutu statusu qazanması, yəni müasirlik düşüncəsinə rəvac verməsi və “dördüncü hakimiyyət” kimi fəaliyyət göstərməsi doğrudan da cəlb və cəzbedicidir. Çünki bu dövrün xaosu içindən, “iki od” arasından Azərbaycan Xalq Cümhuriyyəti Simurğ quşu kimi təzahür edib. Bu yolda Abdulla Şaiqin də öz xidmət payı var; əsərləri, tələbələri, dostları, düşüncə və əməlləri ilə. Lakin biz bunlardan xəbərdarıqmı, onları olduğu kimi tanıyırıqmı? Dövrün ədəbi-nəzəri materiallarına, xüsusən də mətbuatına dərindən bələd olan və Abdulla Şaiqin əsərlərinin sovet dövründə nəşrinə böyük əmək sərf edən akademik Kamal Talıbzadə ilə bu mövzuda söhbətlərimizdə o, həmişə özünü qınayır, atasının əsərlərinin çoxcildliyində yol verdiyi “xətalar”dan danışır və kədərlənirdi.
Abdulla
Şaiq könlündə Turan duyğuları yaşadan
romantik şair idi. Onun əsərlərinin ideya-bədii məzmununda,
ruh bütövlüyündə, məqsəd
aydınlığında bunu görmək
mümkündür. Ədibin romantikası sənətin bədiiliyinə
bağlı, estetik idealın mahiyyətindən doğan və
sentimental duyğuların təkamülündən yaranan pafoslu
romantizm deyil. Bu, fransız
inqilabçı-demokratlarının “azadlıq, bərabərlik,
qardaşlıq” prinsipləri ilə süslənən siyasi
üsyankarlıq da deyil. Abdulla Şaiqin romantizmi gerçək
həyat mənzərələri, insan taleləri və
ictimai-siyasi təzadların yaratdığı yaradıcılıq
keyfiyyətidir. Bəlkə elə buna görədir ki,
A.Şaiqin irsi uzun müddət realizm prinsipləri ilə də
təhlil edilib. Real həyatın gözəllikləri və
səfaləti içərisində, tale burulğanında min
bir sevinc və əzablarla qarşılaşan Azərbaycan
insanının romantik duyğuları üzərində
formalaşıb Abdulla Şaiqin romantizmi.
Abdulla
Şaiq Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra
1920-ci illlərdən etibarən demokratik bir dövlət
rejiminin yerinə totalitar prinsiplərə əsaslanan yeni
siyasi hakimiyyətin gəlməsini yaxından müşayiət
edir, xalqının haqq və hüquqlarının
boğulduğunu görürdü. O “millətlər və
siniflər bərabərsizliyi”ni elan edən sovet hakimiyyəti
təbliğatçılarının kommunizmə dair xəyalpərvərliyini
də görür, 1920-ci ildə “dostu və bəradəri”
hesab etdiyi məşhur Azərbaycan maarifçisi Firidun bəy
Köçərlinin daşnak-bolşevik qaragüruhlu tərəfindən
sorğu-sualsız Gəncədə güllələndiyini,
AXC liderlərindən Nəsib bəy Yusifbəylinin, Fətəli
xan Xoyskinin, Həsən bəy Ağayevin və
başqalarının güllələndiyini, bir sıra milli
dövlət xadimlərinin həbs və sürgün edilməsi
və mühacirətə zorlanmasını ürək
ağrısı ilə qarşılayırdı.
O, dostu
Firudin bəy Köçərli ilə birgə kütlənin
xalq səviyyəsinə yüksəlməsi yolunda
çalışan ən işıqlı simalardan biridir. Bu
ideyanı ədibin “İki kötük, yaxud iki familiyanın
məhvi. Bəradərim Firudin bəy Köçərliyə”
başlığı ilə 1916-cı ildə (avqust, sentyabr,
oktyabr) “Doğru söz” qəzetində silsilə şəklində
nəşr etdirdiyi əsərində açıq-aydın
görmək mümkündür. Nədənsə bu əsərin
də sonrakı nəşrlərində “iki kötük” və
“bəradərim Firudin bəy Köçərliyə” ifadələri
ixtisar olunub. Fikrimcə iki kötük, iki familiyanın
nadanlıq səbəbindən bir-birinə düşmən kəsilməsi,
nəsillərin qan davası səbəbindən bir-birini
qırmasının tənqid olunması, bütövlükdə
millətin faciəsinin təsviri və tənqidi məsələlərini
qabartmamaq üçün bu addım atılmışdır.
Şair
şövqlü, işə həvəsi,
yazıb-yaratmağa, yaşamağa zövqü, həyata
meylli olmaq deməkdir. Bu mənada onun götürdüyü ədəbi
təxəllüs böyük Azərbaycan mütəfəkkiri
Əlibəy Hüseynzadənin “Həyat meyli-füyuzatdır”
məqaləsinin əsas tezislərinə cavab verir.
Abdulla Şaiq 1937-ci il repressiyalarının şahidi olmuş, onun ağrılarını canında hiss etmiş söz ustadıdır. Onlarla istedadlı tələbəsinin, Azərbaycanın ən məşhur ədib, şair, ictimai xadimləri olan dostlarının gedər –gəlməzə göndərilməsini gözləri ilə görmüş, onların həbsə, məhbəsə düçar olduqlarını, Sibirə sürgün edilməsini, qırmızı terrorçular tərəfindən yaradılan məhbus “üçlüyün” (troykanın) “məhkəmələr” tərəfindən alçaldıldığını əzablar içində qarşılamış, xalqının, dövləti və vətəninin taleyinin təhlükədə olduğunu mətnaltı fikirlərində, gizli əlyazmalarında ifadə etmişdir. Repressiyanın qurbanı olan Ruhulla Axundov, Tağı Şahbazi Simurğa həsr edilən şeirlər, “Xalq düşməninə”, “Vətənin yanıq səsi”, “Gəmirik”, “Arazdan Turana” kimi əsərlər bunu təsdiqləyən parlaq yaradıcılıq nümunəsidir. Qırmızı terrorçuların təqibindən yaxa qurtarmaq istəyinin nəticəsidir ki, heç vaxt biblioqrafiyasında bir zaman “Açıq söz” qəzetində redaktoru olduğunu xatırlatmağa belə çəkinmişdir. Bu çəkinmə və ehtiyat ömrünün axırınadək davam etmiş, hətta oğlu, irsinin varisi, tərtibçi və redaktoru, akademik Kamal Talıbzadənin fəaliyyətinə təsir göstərmişdir. Bu təsir yalnız siyasi motivlərlə məhdudlaşmır, həm də fiziki cəhətdən “yox olmaq” qorxusunu genetik şəkildə təlqin edirdi. Ayrıca xatırlatmaq lazımdır ki, həmin qorxu hissi valideynləri 1937-ci ildə cəzaya məruz qalanları bütün ömrü boyu izləyib. Eyni zamanda SSRİ miqyasında yaşanan bu qorxu hissi 1960-cı illərin “yeni dalğa” ədəbiyyatında nifrətlə əvəz olundu və “qırmızı imperiyanın” totalitar rejiminin çökməsinə təsir göstərən enerji mənbəyinə çevrildi. Bir faktı xatırlamağa dəyər. Azərbaycan mətbuatının görkəmli araşdırıcısı professor Şirməmməd Hüseynov söyləyir ki, Sovet hakimiyyətinin süqutu ərəfəsində, milli dəyərlərə qayıdışın sürətləndiyi vaxtlarda akademik Kamal Talıbzadəyə Abdulla Şaiqin “Açıq söz” qəzetinin müəyyən müddət redaktoru olduğunu dedim. O isə birmənalı inkar etdi və bildirdi ki, bu faktı açıqlamağa ehtiyac yoxdur.
Sovet hakimiyyəti illərində Abdulla Şaiqi daima narahat edən, qorxu yaşadan bir məsələ də qardaşı Axund Yusif Talıbzadənin taleyinə bağlı həqiqətlər idi. Dövrünün görkəmli ictimai-siyasi xadimi, ilahiyyatçı mütəfəkkiri, publisisti, olan Axund Yusif Talıbzadə (ədəbi imzası Müslümzadə) həm də hərbçi kimi tanınmış, Türk-islam ordusunun Qafqaza gəlişi zamanı fəallıq göstərmiş, sovet hakimiyyəti qurulduqdan sonra Nəriman Nərimanovun tövsiyəsi ilə bir müddət Naxçıvanda hərbi komissarlıqda işləmiş, 1920-ci ildən sonra Orta Asiyada baş qaldıran antisovet hərəkatda Ənvər paşa ilə birlikdə iştirak etmişdir. Kamal müəllim söyləyirdi ki, əmim Axund Yusif döyüşlərin birində sonadək vuruşaraq yaralanıb özünü çaya atdığını atasına bildirmişdilər və onun qanlı köynəyi ilə üzərində gəzdirdiyi kiçik həcmli “Quran”ını gizli şəkildə atama çatdırmışdılar. Buna görə də atam həmişə daxili narahatlıq və qorxu hissi keçirirdi.
Abdulla Şaiq Azərbaycan və Türkiyə ədəbiyyatları arasında ortaq dəyərlərin müəyyənləşdirilməsi və tərənnümünə ömür sərf edən şəxsiyyətdir. Sovet hakimiyyəti illərində özünün bu tərəfini məcburən gizlətməyə məcbur olsa da, kimliyində “Arazdan Turana” qədər böyük bir ərazidə məskunlaşan türkün taleyinə bağlı duyğuları yaşadıb, bu mövzuda yazdığı əsərləri, misraları arxiv küncündə gizlətməyə gücü yetib.
İndi aradan illər, onilliklər keçib, tarix şəxsiyyətəpərəstişin acı təcrübəsini saxlayır və total hakimiyyət dövrünün faciələrinə səbəb olanlara lənət oxunur, şair işıqlı gələcəyə, haqqa, ədalətə inama haqq qazandırır.
Bir şeirinin sonunda romantik şair Abdulla Şaiq bulanıq suların durulacağına inanır, kinli, qan içən xainin boynunun vurulacağını gözləyir, “Sənə də məhkəmə qurulmazmı?” deyə haqqın qələbə çalacağını bildirsə də mövcud siyasi rejimin və dövlət başçısının “kin ilə çapdığı zülm atına bir çidarlı yüyən” vurulmadığından əziyyət çəkir, göz yaşları ilə müşayiət olunan kədərlə deyilir:
Kim
itirmiş mənim itirdiyimi?
Bu xəzan
yoldu hər bitirdiyimi.
Şairin
itirdiyi köhnə dostları, tələbələri, ideya və
əməl yoldaşları idi: Hüseyn Cavid, Əhməd
Cavad, Salman Mümtaz, Seyid Hüseyn, Bəkir Çobanzadə,
Atababa Musaxanlı, Mikayıl Müşfiq, Məmməd
Kazım Ələkbərli, Əli Nazim və onlarla
başqaları...
Abdulla
Şaiq yaradıcılığını, şəxsiyyəti
və sosial-psixoloji yaşam həqiqətlərini ictimai-mədəni
inkişafın tarixi kontekstində araşdıranda bir daha əminlik
yaranır ki, Şaiq fenomeni Azərbaycan insanının vətəndaşlıq
haqlarını ifadə etməyi ən mühüm vəzifə
bilib. Görkəmli ədib milli kimlik və bəşərilik
duyğularını tərənnüm edən dünya
klassiklərinin tutduğu yolu seçərək
özünün və həmvətənlərinin azad və
müstəqil yaşaması, Azərbaycanın əbədi
var olması üçün tanrının müqəddəs
pay kimi verdiyi bir ömrü şövqlə ona həsr edib.
Şamil VƏliyev
Professor
525-ci qəzet.-
2011.- 8 oktyabr.- S.22.