İlyas Əfəndiyevin virtual
muzeyinin təqdimatı olub
Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrında xalq
yazıçısı İlyas Əfəndiyevin virtual
muzeyinin təqdimatı mərasimi gerçəkləşib.
İ.Əfəndiyevin həyat və
yaradıcılığının əks olunduğu virtual
muzey Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü
və dəstəyi ilə “Musiqi dünyası”
jurnalının elmi nəşrlər mərkəzinin mütəxəssisləri
tərəfindən hazırlanıb.
Tədbiri
giriş sözü ilə teatrın direktoru İsrafil
İsrafilov açaraq İ.Əfəndiyevin Azərbaycan ədəbiyyatı
və dramaturgiyasındakı yeri haqqında fikirlərini dilə
gətirib: “İlyas Əfəndiyev Azərbaycan ictimai fikrinin
formalaşmasında, mədəni və mənəvi həyatımızda
müstəsna yerə malik olub. Azərbaycan ədəbiyyatı,
teatrının inkişafı bir sıra mötəbər
şəxsiyyətlərlə yanaşı, İlyas Əfəndiyevin
adı ilə sıx bağlıdır. Tədbirin bu məkanda
keçirilməsi heç də təsadüfi deyil.
Çünki Akademik Milli Dram Teatrı İlyas Əfəndiyevin
ikinci evi sayılır”.
Sənətşünaslıq
doktoru, professor Məryəm Əlizadə İ.Əfəndiyevin
ədəbiyyata gəlişi, bu sahəyə bəxş
etdiyi yaddaqalan əsərləri haqqında danışıb:
“Ədəbiyyata 1939-cu ildə “Kənddən məktublar”
adlı hekayələr kitabı ilə gələn ədib
söz sənətinin, demək olar ki, bütün
janrlarında qələmini sınayaraq, məqalə,
oçerk, hekayə, povest, roman, ssenari, pyeslər yazıb. Beləliklə
də XX əsr Azərbaycan ədəbiyyatının ən
görkəmli nümayəndələrindən biri kimi təkcə
ölkəmizdə deyil, onun hüdudlarından kənarda da
tanınıb. İlyas Əfəndiyev dramaturgiyamızın
tarixində ən şərəfli yerlərdən birini tutur.
O, milli ədəbiyyatın, estetik fikrin inkişafında əvəzsiz
xidmətləri olan istedadlı dramaturq kimi məşhurlaşıb.
İlyas Əfəndiyev XX əsr dramaturgiyamızda yeni
lirik-psixoloji üslubun əsasını qoyaraq, aktyor və
rejissorların yetişməsinə şərait yaradıb.
Akademik Milli Dram Teatrında yazıçının demək
olar ki, bütün pyesləri səhnələşdirilib.
Teatrda müasirlik, bədii-estetik kateqoriya
anlayışları da bilavasitə onun adı ilə
bağlıdır. Aktyora, onun səhnədəki
yaşantılarına böyük önəm verən
dramaturq, aktyorları çox sevirdi.
Azərbaycan
Dövlət Gənc Tamaşaçılar teatrının
baş rejissoru, xalq artisti Cənnət Səlimova ədibin “Məhv
olmuş gündəliklər” pyesinin ilk dəfə səhnəyə
qoyulduğu illəri yada salaraq, uzun illərdən sonra Gənc
Tamaşaçılar Teatrında tam yeni üslubda səhnələşdirilən
əsəri müqayisə edib. C.Səlimovanın sözlərinə
görə, xalq artisti Vaqif Əsədovun təqdimatında
yeni üslubda, maraqlı tərtibatda, teatrın gənc
aktyorlarının ifasında hazırlanan tamaşanın
uğurlu alınmasının əsas səbəblərindən
biri yazarın əsərinin bütün dövrlər
üçün aktual problemləri əks etdirməsidir.
“Musiqi
dünyası” jurnalının baş redaktoru Taryel Məmmədov
çıxışında təqdimatı həyata
keçirilən virtual muzey haqqında ətraflı məlumat
verib: “30 saat video, 18 saat audio materialların yer
aldığı virtual muzeydə İlyas Əfəndiyevin
müsahibələri, çıxışları, xatirələri,
nəşr edilən əsərləri və məqalələri
toplanıb. Hazırda yalnız Azərbaycan dilində fəaliyyət
göstərəcək virtual muzeyin daha sonra ingilis dilində
versiyası da hazırlanacaq. İstifadəçilər
ilyasafandiyev.musigi-dunya.az saytına daxil olmaqla bu virtual muzeylə
yaxından tanış ola biləcəklər”.
Təqdimat
mərasimində çıxış edən Baş nazirin
müavini, xalq yazıçısı Elçin Əfəndiyev
təqdimatın İ.Əfəndiyevin ruhən bağlı
olduğu Milli Dram Teatrında keçirilməsini xüsusilə
sevindirici olduğunu bildirib. Elçin atasının xatirəsinə
göstərilən böyük hörmət və ehtirama
görə tədbirin təşkilatçılarına və
iştirakçılarına minnətdarlığını
bildirib. Sonda xalq artisti Aygün Bayramova, caz
ifaçıları Şahin Növrəsli, İsfar Sarabski,
pianoçu Murad Hüseynovun çıxışları dinlənilib.
HÜSNİYYƏ
525-ci qəzet.- 2011.- 8 oktyabr.- S.21.