“Azərbaycanda orta sahibkarlığın inkişafı ilə mediaya gələn reklamların həcmi adekvat deyil”

 

VÜSALƏ MAHİRQIZI: “ARAŞDIRMA JURNALİSTİKASINI FƏALLAŞDIRMAQLA QƏZETLƏR ÖZÜNÜ HƏLƏ BİR MÜDDƏT DƏ QORUYUB SAXLAYA BİLƏR”

 

APA İnformasiya Agentliyinin baş direktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüsalə Mahirqızı ilə söhbətimizdə çap mediasının hazırkı durumu, mətbuatın problemləri, internet medianın inkişafı barədə fikirlərini açıqlayıb.

 

– Vüsalə xanım, sizin fikrinizcə, mətbuata dövlət dəstəyi konsepsiyasının həyata keçirilməsi çap mediasının durumuna necə təsir göstərib?

– Bilirsiniz ki, APA dövlət dəstəyindən yararlanmayan qurumlar siyahısındadır. Amma bu prosesin içində olduğumuz üçün, əlbəttə ki, vəziyyətə qiymət vermək mümkündür. Hesab edirəm ki, Azərbaycanda çap mediasının inkişafı üçün müəyyən bir çərçivənin yaradılması baxımından Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) fəaliyyəti məqbul sayıla bilər. Düzdür, müəyyən vaxtlarda müəyyən iradlar, müzakirələr olur. Amma düşünürəm ki, Azərbaycan mətbuatının iqtisadi cəhətdən durumunun çox pis olduğu, reklam sferasında boşluğun hökm sürdüyü bir vaxtda bu fond yazılı mətbuat üçün kifayət qədər yaxşı bir nəfəslik, pəncərədir. Bu pəncərədən necə istifadə olunması ilə bağlı müxtəlif fikirlər, yanaşmalar ola bilər. Amma hesab edirəm ki, KİV-ə Dövlət Dəstəyi Fondunun yaradılması və fəaliyyəti dövlətin mediaya diqqətinin nəticəsidir.

– Bu gün mətbuatın müəyyən problemləri də mövcuddur. Adətən media mütəxəssisləri problemlərdən danışarkən medianın iqtisadi durumu, jurnalistlərin peşəkarlığı, onların sosial vəziyyəti kimi məsələləri önə çəkirlər. Siz medianın başlıca problemi kimi hansını qeyd edə bilərsiniz?

– Əlbəttə ki, bu sadalananlar hər biri problem kimi mətbuatın qarşısında dayanıb. Amma mən düşünmürəm ki, bu problemləri yalnız KİVDF-nin fəaliyyəti ilə aradan qaldırmaq olar. Birincisi, bu fond hələ yeni yaranıb, ikincisi fondun büdcəsi o qədər böyük deyil, nəhayət vəsaitlərin paylaşdırılması və digər məsələlərlə bağlı müxtəlif fikirlər var. Mənim yanaşmam isə bu fikirlərlə üst-üstə düşmür. Çünki problemlərin hamısını məhz maddi tərəflə bağlanması da doğru deyil. Peşəkarlıq məsələsi daha çox təhsillə bağlı olan bir məsələdir. Yaxşı pulu olan media qurumlarımız var ki, onlar da peşəkar işçinin tapılmasından və işlədilməsində müəyyən çətinliklərlə üzləşirlər. Deyək ki, bizim kifayət qədər pulumuz ola bilər, amma müəyyən sahələr var, fotomüxbir və s. Həmin kadrlar ümumiyyətlə, Azərbaycanda yoxdur və onları yetişdirmək lazımdır. Yaxud müxtəlif istehsalat laboratoriyaları olmalıdır ki, peşəkar jurnalist yetişsin. İkincisi, KİVDF-nin yaradılması dediyim kimi təqdirəlayiqdir, amma bütün ölkələrdə belə fondlar keçici fəaliyyət göstərirlər. Bizim mediamızın müstəqil biznes strukturları kimi ayaqda durması üçün onların reklam hesabına yaşaması lazımdır.

 

DÜNYANIN HEÇ YERİNDƏ MEDİA QURUMLARI SATIŞDAN VƏ YAXUD ABUNƏDƏN BÖYÜK PULLAR ƏLDƏ ETMİR.

 

Onların qazandığı pulların böyük hissəsi məhz reklamla bağlıdır. Azərbaycanda orta sahibkarlığın inkişafı ilə mediaya gələn reklamların həcmi adekvat deyil. Bunun isə çox sadə təhlili var. Məlumdur ki, Azərbaycanda bu gün ən çox inkişafda olan iki sahə var: turizm və tikinti sahəsi. Amma bu iki sahənin heç birindən mediaya reklam gəlmir. Bu sahələrdə mediaya reklamın gəlməsi təmin olunmasa, burda müəyyən həvəsləndirici yollarla və başqa administrativ şərtlərin həyata keçirilməsi ilə turizm və tikinti sektorundan mətbuata pul axmasa, bizim özümüzün müstəqil olaraq ayaqda durmamız çox çətindir. Bunlar özləri də reklama möhtacı olan sahələrdir.

Eyni zamanda bu sahələrdən mediaya pul gəldiyi halda belə media qurumlarına menecment təfəkkürünə malik insanların rəhbərlik etməyəcəyi halda ordan alınan pul inkişafa yönəldilməyəcək. Düşünürəm ki, indiki halda mətbuat orqanlarına verilən pullardan-bunu elə böyük pul hesab etmirəm, amma kiçik məbləğ də deyil-necə səmərəli istifadə olunması məsələsi redaksiya daxilində menecerlərin həll edəcəyi məsələdir. Yəni bunu KİVDF rəhbəri Vüqar Səfərli həll edə bilməz. Bu, həmin qurumun Müşahidə Şurasının konpetensiyasına daxil olan məsələ də deyil. Redaksiya daxilində həmin pullardan daha necə səmərəli istifadə etmək olar, onun istifadəsi ilə daha necə əlavə vəsaitlər qazandırmaq, tirajı artırmaq, başqa reklamlar cəlb etmək olar kimi məsələlər müzakirə olunub, variantlar tapılmalıdır. Hesab edirəm ki, bunun haqqında ciddi düşünmək lazımdır. O vəsait redaksiyalara əlavə investisiya olaraq verilir, nəinki maaşların ödənilməsi və s. proseslərlə bağlı. Amma indiki halda həmkarlarımı da başa düşürəm. Qəzetlərdə vəziyyət elədir ki, o vəsait yalnız və yalnız gündəlik xərclərə sərf olunur. Mən isə düşünürəm ki, əslində o vəsait əlavə investisiya kimi cəlb olunmalı idi və həmin mətbuatı daha da inkişaf etdirə bilərdi. Yəni pul qoyub, pul qazanmaq üçün bir investisiya rolunu oynamalı idi.

Zənnimcə, dövlətin burda mediaya göstərəcəyi ən böyük dəstək o ola bilərdi ki, min dəfələrlə demişəm, bir də təkrar edirəm ki, rəsmi qurumların və dövlət orqanlarının tender elanlarının, reklamlarının mətbuata açılması lazımdır. Bu, həm o qurumların tenderlə bağlı şəffaflığını təmin edəcək, eyni zamanda bununla müstəqil mətbuata yaxşı vəsait cəlb oluna biləcək. Bizim qanunda rəsmi qurumların elan və tenderlərinin müstəqil mətbuatda yayıla bilməz kimi maddəsini aradan qaldırmaq lazımdır. Əgər o maddənin götürülməsinə nail olsaq, onda artıq kifayət qədər yaxşı vəsaitin cəlb olunmasına nail ola bilərik. Hətta bunun üçün ayrıca bir qurum da yaradıla bilər. Türkiyə təcrübəsi mövcuddur və həmin təcrübədən yararlanmaq mümkündür. Bilirsiniz ki, Türkiyədə reklam və elan qurumu var və həmin qurum çox şəffaf şəkildə fəaliyyət göstərir, reklam və elanlar müxtəlif müsabiqələr vasitəsiylə mətbuat orqanları arasında bölüşdürülür. Hansı mətbuat orqanı öz öhdəliyini yaxşı yerinə yetirə bilirsə, həmin mətbuat orqanı gələn dəfə daha artıq bu reklam və elanların alınmasına nail olur. Bununla mətbuat özünü inkişaf etdirib, ayaqda dura biləcək və belə olan halda tiraj da çoxalacaq, nəticədə isə özəl sektordan reklam özü-özünə gələcək. Hesab edirəm ki, bizə ən böyük dəstək bu ola bilər. Problemin həllində çıxış yolunu mən bunda görürəm. Nəinki dediyim kimi müəyyən vaxt ərzində müəyyən qəzetlərə pulların verilməsi.

– Bu məsələ bir müddət əvvəl Mətbuat Şurası vasitəsiylə müzakirə olundu. Hətta Türkiyənin sözügedən qurumundan nümayəndələr də Bakıya dəvət olundular. Amma sonra bir hərəkət olmadı. Sizcə, buna səbəb nə oldu?

– Bəli, əvvəlcə Mətbuat Şurası, yanılmıramsa, sonra KİVDF Mətbuat Şurası ilə bağlı belə müzakirələr apardı. Hətta Türkiyəyə üç nəfərdən ibarət belə bir səfər də həyata keçirilmişdi. Orda bununla bağlı müxtəlif görüşlər də olmuşdu. Yəqin ki, gələndən sonra təkliflər hazırlayıb müvafiq qurumlara təqdim ediblər. Mən dəqiq təkliflərin verilib- verilməməsini söyləyə bilmirəm, çünki o vaxt həmin qrupda yox idim, yəni səfərdə təmsil olunmurdum. Ona görə də bu məsələ ilə bağlı sonrakı prosesləri bilmirəm. Amma hesab edirəm ki, əgər səfər edilibsə, onun hesabatı da olub. Lakin göründüyü kimi nəticə hələ ki, yoxdur. Mən bir media mütəxəssisi olaraq deyirəm ki, bu problemin başqa çıxış yolu yoxdur. Biz bayaq söylədiyim yolu getməsək, ayrı yol, başqa variant yoxdur. Bu həm şəffaflığın təmin olunmasına, xidmət edən bir məsələ olacaq eyni zamanda həm də mətbuatın inkişafı üçün ciddi bir təkan olacaq. Amma indiki şəraitdə ona nail olmaq bir qədər çox çətindir.

– Problemlərdən biri kimi də medianın siyasiləşməsidir. Bu gün Azərbaycanda rəsmi qəzetlər və partiyalı mətbuat orqanları mövcuddur. Sizcə müstəqil medianın inkişafına təsir baxımından bu amilin rolu nə dərəcədədir?

– Dünyanın hər yerində dövlət mətbuatı yalnız bir rəsmi qəzetlə təmsil olunur. Yaxud bu iki dildə çap olunur. Mənim fikrimcə, Azərbaycanda rəsmi mətbuat orqanlarının sayı çoxdur. Əlbəttə ki, bunun müstəqil medianın inkişafına mənfi təsiri var. Elə bayaq vurğuladığım kimi KİV, tender və elanlar haqqında qanunumuzda göstərilən

 

RƏSMİ DÖVLƏT QURUMLARININ TENDERLƏRİNİN YALNIZ RƏSMİ MƏTBUATDA ÇAP OLUNMASI BARƏDƏ MADDƏ MÜSTƏQİL MƏTBUAT ÜÇÜN ƏN BÖYÜK MANELƏRDƏN BİRİDİR.

 

Əgər bu gün o tenderlər bütün mətbuat üçün açıq olsa, kifayət qədər yaxşı vəsait cəlb etmək olar. Siyasi partiyalara məxsus qəzetlərə gəlincə, dünyada belə nəşrlər var. Hətta inkişaf etmiş ölkələrdə partiyaların qəzetləri mövcuddur. Bu mətbuat üçün yaxşı deyil, amma partiyalı mətbuatın olmasını faciə də saymıram, çalışmalıyıq ki, müstəqil media maliyyələşsin reklam axını olsun, tirajı o qədər artsın ki, partiya qəzetləri bunun kölgəsində qalsınlar.

– Azərbaycanda son illər yeni media, internet mediası inkişaf etməkdədir. Bu istər-istəməz çap mediasına öz təsirini göstərir. Sizcə bu təsir nə dərəcədədir və çap mediasının Azərbaycanda perspektivi varmı?

– Hələ ki, bizdə çap mediasının perspektivi var. Amma onu da vurğulayım ki, internet medianın çap mətbuatını sığışdırması prosesi yalnız Azərbaycanda getmir. Artıq bu, dünyada qəbul olunmuş bir qaydaya çevrilib. Məsələn, bu yaxınlarda mən oxudum ki, Amerikada düşünürlər artıq 2025-27-ci illərdə bütün çap mediasını yığışdırsınlar. Yəni insanlar üçün artıq internet media həm əhəmiyyət kəsb edir, həm də onlar üçün sərfəlidir. Biz də hər gün düşünürük ki, necə edək ki, bütün saytlarımız, videogörüntülərimiz, şəkillərimiz tam formatda ən bahalıdan tutmuş ən ucuz telefonlarda belə tuta bilsin. Çünki artıq biz klassik kompüter və noutbukların belə işə yaramadığını müşahidə edirik. Daha çox yayılmaq istəyirsənsə, bütün hər şeyin insanın əlində cəmləşdiyi telefonda olmaqda maraqlı olmalısan. Bütün sosial şəbəkələr demək olar ki, özlərinin mobil versiyalarını yaradırlar. Biz də bütün saytlarımızın mobil versiyalarını yaratmışıq. Çünki başqa cür inkişafla ayaqlaşa bilmirsən. Hesab edirəm ki, internet mediasında yeni texnologiyalar meydana gəldikcə internet mediada onları tətbiq etməlidir. Çünki əgər internet media bu yeniliklərə adaptasiya olunmasa, geri qalmış sayılacaq. Dediyim kimi, indi artıq klassik formatda olan kompyuterdə internet medianı izləyən adamlar azdır, nəinki telefonlarda. Telefonlarda bu artıq artıq kütləvi şəkil alıb. Biz sonucda bütün fəaliyyətimizi telefonlara yönəldirik ki, orda görünək. Əslində belə surət, yəni xəbəri baş verəndən bir az sonra yaymaq, bir dəqiqədən bir saytı yeniləmək oxucu üçün daha maraqlıdır. Çünki o, hər an yeni xəbər almaq istəyir. Amma bir gün sonra həmin xəbəri qəzetdə oxumaq oxucu üçün maraqlı deyil. Bununla belə, düşünürəm ki, hələ də bizim ölkəmizdə internetin kütləvi olaraq yayılmaması və hər şeyi verə bilməmək imkanın olması qəzetlərin mövcudluğunu saxlayıb. Məsələn, araşdırma jurnalistikasını fəallaşdırmaqla qəzetlər özünü hələ bir müddət də qoruyub saxlaya bilər. Çap mediasının bu mənada perspektivini görürəm.

– Bəs başqa hansı üsullardan istifadə edərək çap mediası yaşaya bilər?

– Araşdırma jurnalistikasını artıq vurğuladım. Düşünürəm, o şeyi ki, internet medianın vaxtı yoxdur etməyə, çap mediası bunu edə bilir. İnternet media operativ xəbər verir, onlayn yeniləmə ilə məşğul olur, olayları isti- isti yerindən verirsən. Amma sosial və siyasi araşdırmalar aparıb nəticələr əldə etmək çap mediasının funksiyasıdır. Azərbaycanda ümumiyyətlə, geri qalmış sahələrdən biri araşdırma jurnalistikasıdır.

Əgər biz araşdırma mediasını qəzetlərə gətirə bilsək, onu ciddi hay- küy yaradan, məsələn, aylarla müzakirə olunan, araşdırmalara səbəb olacaq mövzular işləsək, hesab edirəm ki, bu qəzetlərin qalmasına və tirajını artırmasına gətirib çıxaracaq. Əks halda, yəni dünənki informasiyaların bu gün çap etmək, yaxud dezinformasiyaları qəzet səhifələrinə yığmaq tirajı günü-gündən öldürəcək. Çünki artıq Azərbaycanda ciddi dezinformasiya saytları peyda olub və ona görə pul verib qəzet almağa dəyməz.

– Bu gün Azərbaycan oxucusu da daha çox informasiya qəbul etmək istəyir və ona maraq göstərir. Sizcə, qəzetlər araşdırmalara böyük yer versə, bu, cəmiyyət üçün nə qədər maraqlı olacaq?

– Hesab edirəm ki, Azərbaycanda araşdırmaya maraq göstərən oxucu kütləsi var. Bir nümunə gətirim. Mən Türkiyədə dəfələrlə şahidi olmuşam ki, insanlar 40-50 səhifəlik bir qəzeti alırlar və bilirsiniz ki, Türkiyədə qəzetlər çox ucuzdur, ordan özləri üçün maraqlı olan 2-3 səhifəni götürür və qalanını zibil qutusuna atıb gedir. Bu, Türkiyədə çox normal qəbul edilir. Mən ona iddia etmirəm ki, Azərbaycanda, ümumiyyətlə, dünyada bundan sonra tirajı milyonlarla olan qəzetlər çıxarmaq mümkündür. Amma araşdırma jurnalistikasının da öz oxucuları var, onu oxuyan intellektual kütlə var. Əlbəttə,

 

MÜASİR OXUCU ZAMANI OLMAYAN OXUCUDUR.

 

Ona görə dedim ki, artıq adamlar klassik kompüter qarşısında oturub xəbər oxumurlar. Onlar yolda gedəndə, nəqliyyatda, bir yerdə dayanarkən beş dəqiqə içərisində əllərində olan telefon vasitəsiylə baş verənlərdən xəbər tuturlar. Artıq oxucu razılaşmır ki, o, gəlsin, vaxtını itirsin, kompüterin qarşısında xəbər alsın. O istəyir ki, yolda getsin, eyni zamanda xəbəri dinləsin, oxusun yəni başqa bir işi görə-görə həm də xəbərin içində olsun. Müasir oxucu artıq bizdən bunu istəyir. Müasir texnologiyalar da buna yönəlib. Amma mən hesab edirəm ki, insan zövqündə bir qəzet, kitab oxumaq keyfi də var. Bunu oxucuya vermək lazımdır. Elə qəzet çıxarmaq lazımdır ki, oxucu vaxtını ayırıb onu oxumaq məcburiyyətini hiss etsin.

– Bayaq təhsil məsələsini vurğuladınız. Ümumiyyətlə, hazırda ən çox müzakirə olunan məsələlərdən biri də jurnalist təhsili ilə bağlıdır. Media orqanları jurnalistikanı bitirən gənclərdən hazır kadr kimi yararlana bilmirlər. Siz işçi götürərkən bunu hiss edirsinizmi və necə düşünürsünüz, təhsil sahəsində hansı yeniliklərə ehtiyac var?

 

“MEDİA NÜMAYƏNDƏLƏRİMİZ BÖYÜK MEDİA KORPORASİYALARINDA İŞLƏMƏLİ, ORDA OLMALI, ŞƏXSİ MÜNASİBƏTLƏR QURMALIDIRLAR”

 

– Bizə son vaxtlar hazır, tanınmış jurnalistlərin CV-ləri gəldiyinə görə, ümumiyyətlə, sıfırdan işçi götürmək praktikamız çox az olur. Daha çox CV-lər və müsabiqə yolu ilə işçiləri qəbul edirik. Amma belə praktikamız da var ki, çalışırıq universitetlərə açıq olaq, bura laboratoriya rolu oynasın. Məsələn, Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Bakı Slavyan Universiteti ilə mütəmadi olaraq əməkdaşlıq edirik, bu ali təhsil ocaqlarından praktikantları qəbul edirik. Əgər onların arasında hansısa ümid verən tələbələr varsa, onları işə cəlb edib, sonra isə işə götürürük. Hazırda da bizim ofisimizdə praktikadan gəlib APA- da işləyən, rəsmi işçimiz olan insanlar var. Ümumiyyətlə, mənim yanaşmam belədir ki, bu sahədə bizim yerli laboratoriyalarımız yaranmalıdır. BSU bildiyimə görə bununla bağlı bir iş gördü. Azərbaycan Televiziyasında Etibar Babayevin rəhbərliyi ilə Televiziya Akademiyası yaradılıb. Bu sahədə mən xüsusi olaraq “İrəli” Media Akademiyasını qeyd etmək istəyirəm. Bu akademiyadan daha istedadlı insanlar çıxır. Çünki orda könüllülük əsasında cəlb olunurlar. Bu sahədə müəyyən gəlişmələr var. Amma indiki halda eyni zamanda bilirsiniz ki, Azərbaycanın dövlət xətti ilə xaricdə təhsil proqramları həyata keçirilir. Xarici ölkələrə təhsil almağa gedən tələbələrimiz var və onların arasında jurnalistika fakültəsinin tələbələri də var. Hesab edirəm ki, bu sahədə indikindən qat-qat artıq iş görməliyik. Özü də burada söhbət tək ondan getmir ki, bu uşaqlar hamısı oxumalı və gəlib APA, “Trend”, “525”də işləməlidirlər. Bizim dünya mediasında çalışacaq, böyük transmilli kompaniyalarda praktika keçəcək və qalıb orda işləyəcək Azərbaycan diasporasının üzvü olacaq insanlara ehtiyacımız var. Bu bizim çox ciddi problemimizdir. Son vaxtlar böyük transmilli media qurumlarında Azərbaycanla bağlı qalmaqala səbəb olan yazılar gedir. O yazıların bir çoxunun arxasında düşmənlərimizin dayandığı açıq-aşkar bəllidir. Heç bir fakta əsaslanmayan, hansısa mənbələrə əsaslanan yazılar verilir. Amma təsəvvür edin ki, həmin media qurumlarında onların 10-15 nümayəndəsinin olmasına rəğmən, bizim bir nümayəndəmiz, bir praktikantımız belə yoxdur. Bir daha təkrar edirəm ki, söhbət yalnız gəlib Azərbaycanda qalmaqdan getmir, peşəkarlıq deyəndə təkcə onu nəzərdə tutmuram ki, məqalə yaza bilmirik və yaxud da dünya standartlarına uyğun yaza bilmirik. Əlbəttə, belə deyil. Azərbaycanda yaxşı xəbər yazan jurnalistlər var. Dəfələrlə xəbərlərimiz transmilli medianın səhifələrində istinadla öz əksini tapıb. Amma ümumiyyətlə, biz bu sahədə indikindən qat-qat artıq iş görməliyik. Azərbaycan üçün bu əsas problemlərdən biridir. İndi dünyada hər hansı məsələni top və tüfəng həll etmir. Hər şeyi informasiya müharibəsi həll edir və biz bu informasiya müharibəsində zəif durumdayıq. Bunu özümüz üçün etiraf etməliyik. Səbəbləri də qeyd etdim. Bizim media nümayəndələrimiz böyük media korporasiyalarında işləməli, orda olmalı, şəxsi münasibətlər qurmalıdırlar. Biz ona çalışmamalıyıq ki, ölkə çərçivəsi ilə məhdudlaşmayaq.

– İnternet mediasının inkişafı barədə fikirlərinizi bildirdiniz. Siz də medianın bu sahəsinə rəhbərlik edirsiniz. Təbii ki, hazırda bu sahədə ciddi rəqabət gedir. APA və rəhbəri olduğunuz digər saytların öndə olması, bu rəqabətlə ayaqlaşması üçün nə kimi yeniliklərin tətbiqini düşünürsünüz?

– Bizim bir xeyli yeniliklərimiz olacaq. Mən onları açıqlamaq istəmirəm. Dediyiniz kimi rəqabət mühitində çalışırıq. Amma bu yaxınlarda bizim tamamilə yeni bir sistemimiz olacaq, onu oxucularımız görəcək. Artıq bununla bağlı işə başlamışıq. Əsas məsələ, prioritet bundan ibarətdir ki, bizim mətbuat orqanlarımız müasir texnologiyaların bütün vasitələrində açılıb oxunmalıdır.

 

İNTERNETDƏ PROBLEM OLA BİLƏR, AMMA TƏQDİMATDA PROBLEM OLMAMALIDIR.

 

Hər yerdən görünmək lazımdır. Müasir oxucu istəyir ki, harda varsa xəbər onun ayağına gəlsin. Yəni bütün texnikalar vasitəsiylə. Ona görə bütün saytlarımızı buna adaptasiya etmək istəyirik. Yeni layihələrimiz var. Qrupun daxilində tamamilə yeni bir layihə işləyirik. Biz indiyə qədər Azərbaycan mətbuatında tətbiq olunmamış bir layihə işləyirik və yaxın günlərdə bunu görəcəksiniz. Başqa layihələrimiz də var, yaxın altı ay üçün 4 layihəni həyata keçirməyi nəzərdə tutmuşuq. Amma mən hələlik açıqlama vermək istəmirəm, yavaş-yavaş onlara start veririk.

– Bu yeniliklər içərisində yeni saytların olması da mümkündürmü?

– Saytlar da olacaq və onların içərisində yeni texnologiyalara, dünya standartlarına uyğun müəyyən dəyişikliklər də olacaq.

 

 

P.SULTANOVA

 

525-ci qəzet.- 2011.- 8 oktyabr.- S.10-11.