Emin Həsənli: “Azərbaycanda orduya ictimai nəzarət anlayışı artıq formalaşıb”

 

“BİZİM DÖVLƏTİMİZ TARİX ÜÇÜN QISA SAYILAN BİR ZAMANDA ÇOX GÜCLÜ ORDU YARADA BİLİB”

 

1991-ci il oktyabrın 9-da Milli Ordunun yaradılması barədə Milli Məclis qanun qəbul edib. Bəs, Milli Ordu necə qurulub, hansı çətinliklər üzə çıxıb, bu gün ordumuzun durumu necədir? Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli ordumuzun işğal altındakı torpaqlarımızı azad etməyə qadir olduğunu Lent.az-a müsahibəsində bir daha vurğulayır...

 

– Azərbaycan ordusunun qurulması barədə qərar müstəqilliyimiz elan edilməmişdən öncə qəbul edilib. 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə prezidentin fərmanı olub, oktyabrın 9-da isə Milli Məclis Silahlı Qüvvələrin yaradılması barədə qanun qəbul edib. Bununla bağlı parlamentdə geniş müzakirələr aparılıb. Müzakirələr zamanı bəziləri bildirirdilər ki, Silahlı Qüvvələr yox, Prezident Qvardiyası yaradılsın. Eyni zamanda bəziləri Daxili Qoşunlarda xüsusi təyinatlıların olduğunu əsas gətirərək, Azərbaycanın ayrıca ordusunun yaradılmasına etiraz edirdilər. Nəhayət, bu fikir müxtəlifliklərinə baxmayaraq, sonda ordunun yaradılması barədə qərar qəbul edilib. Bundan 3 il əvvəl də Ermənistan haqsız olaraq müharibə elan etmədən torpaqlarımızı işğal etməyə başlamışdı. Bunun üçün ilk olaraq ermənilər rusların himayəsi ilə yüz minlərlə azərbaycanlını Qərbi Azərbaycandan – dədə-baba torpaqlarımızdan qovdular. Eyni zamanda paralel olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalını həyata keçirdilər. Onu da qeyd edim ki, Azərbaycan 5 dövlətlə həmsərhəddir. Onların da içərisində ən böyük sərhədi Ermənistanladır. Təəssüf hissi ilə bildirmək lazımdır ki, nəinki Dağlıq Qarabağ, bütövlükdə indiki Ermənistan dövlətinin ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Əslinə qalsa, biz haqlı olaraq Ermənistana tarixi torpaqlarımızın geri qaytarılması iddiasını qaldırmalıyıq. Təəssüf ki, reallıq tamamilə əksinədir. Həmin müharibə nəticəsində sərhəd boyu olan şəhərlərimiz, kəndlərimiz yandırıldı, minlərlə vətəndaşımız öz dədə-baba yurdlarından qovuldu, ölkəmizin ərazisinin 20 faizi işğal edildi. Müharibənin ilk dövrlərində SSRİ rəhbərliyinin, erməni lobbisinin Ermənistana dəstək verməsinə baxmayaraq, Azərbaycanın vətənpərvər oğulları səfərbər olunub torpaqlarımızın müdafiəsinə qalxdılar. Bəli, belə demək mümkünsə, vətənpərvər oğullarımızın könüllü olaraq torpaqlarımızın müdafiəsinə qalxmasını Milli Ordunun formalaşmasının ilk işartıları hesab etmək olar. Bu gün Azərbaycanın hər bir kəndində şəhid məzarlığı, Qarabağ əlilləri, müharibə veteranları var. Bütün bunlar Azərbaycan xalqının nə qədər qəhrəman, mübariz xalq olduğunu, torpaqlarını qorumağa hazır olduğunu sübut edir.

– Ordu quruculuğuna hansı problemlər mənfi təsir göstərib?

– 1991-ci ildə Azərbaycan öz müstəqilliyini elan etməsinə baxmayaraq, Milli Ordunun yaradılması prosesi gecikdi. Təəssüf ki, o zamankı hakimiyyətin qeyri-peşəkarlığı, idarəetmə təcrübəsinin olmaması Azərbaycanda vahid komandanlığa əsaslanan ordunun yaranmasını əngəllədi. Vətənin müdafiəsinə qalxmış oğullarımız bəzən siyasi partiyalara məxsus, qeyri-peşəkar insanların komandirlik etdiyi dəstələrdə xidmət edirdi. Bir sözlə, vahid komandanlıq, koordinasiyalı xidmət yox idi. Bu da Azərbaycan ordusunun güclənməsinə mənfi təsir göstərən amillərdən biri idi. Bu proses hərb elminə əsaslanmış şəkildə aparılmırdı. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu proses sürətlənməyə başladı. Xüsusən Naxçıvanski adına liseyin məzunlarının orduya cəlb olunması ordu quruculuğunda müsbət rol oynadı. Onu da qeyd edim ki, məhz Heydər Əliyev 1971-ci ildə Naxçıvanski adına liseyi yaratmışdı. Bu, çox böyük uzaqgörənlik idi. Azərbaycan ordusunda xidmət edən zabitlərin bir çoxu o liseyin məzunlarıdır. Heydər Əliyev gəncləri SSRİ-nin ayrı-ayrı mülki məktəblərinə təhsil almağa göndərdiyi kimi gəncləri ayrı-ayrı hərbi məktəblərə təhsil almağa göndərirdi. O hərbi məktəblərin və Naxçıvanski adına hərbi liseyin məzunları ordu quruculuğu prosesinə cəlb edildi. Heydər Əliyev 1993-cü il noyabrın 2-də azərbaycanlılara müraciət nəticəsində keçmiş SSRİ-nin tərkibində olmuş müxtəlif ölkələrdə hərbi xidmətdə olan zabitlərimiz Azərbaycana qayıtdılar. O insanlar orduya cəlb edildi, ordu quruculuğu elmi əsaslarla aparıldı.

– Bu, cəbhə xəttindəki vəziyyətə necə təsir etdi?

– Qısa zamanda Füzuli və Qarabağ istiqamətində uğurlu əməliyyatlar keçirildi. 1994-cü ilin may ayında düşmən atəşkəs elan edilməsinə məcbur edildi. Atəşkəs müqaviləsinin imzalanması bizə dövlət quruculuğu, ordu quruculuğu ilə məşğul olmağa imkan verdi. “Əsrin müqaviləsi” imzalandı, Azərbaycan iqtisadiyyatı gücləndi. Azərbaycanda vahid komandanlığa əsaslanan ordu, 1999-cu ildə Hərbi Akademiya, 2001-ci ildə Təlim-Tədris Mərkəzi yaradıldı. 2001-ci ildə Heydər Əliyev ilk məzunlara diplomları özü təqdim etdi. 1997-ci ildən Azərbaycanda kadr hazırlığı NATO standartlarına uyğun keçirilir. Azərbaycan 1994-cü ildə NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşuldu, bütün beynəlxalq tədbirlərdə iştirak etdi. 1997-ci ildə sülhyaratma bölüyü yaradıldı. Əvvəlcə Kosovada, sonra Əfqanıstanda qardaş Türkiyə taborunun tərkibində sülhyaratma bölüyümüz fəaliyyət göstərdi. Kosovada bu missiya dayanıb, indi Əfqanıstanda davam edir. Azərbaycan İraqda anti-terror koalisiyasında aktiv iştirak etdi.

Azərbaycan ordusunun beynəlxalq əlaqələri genişləndi, 50-dən artıq dövlətlə ikitərəfli və çoxtərəfli müqavilə imzalandı. Eyni zamanda Azərbaycan gəncləri qardaş Türkiyədə, Avropada, ABŞ-da, Rusiyada, Çində, Pakistanda hərbi təhsillərini davam etdirdilər, kurslar keçdilər, akademiya təhsili aldılar. Bu gün Azərbaycan hərbi məktəblərində Orta Asiya ölkələrinin kursantları təhsil almağa başlayıb. Hərbi tibb fakültəsi yaradılıb, Azərbaycan Tibb Universitetinə qəbul olan oğlanların bir qrupu Mərkəzi Klinik Baş Hospitalın tərkibindəki Tibb fakültəsində oxumağa başlayırlar. Bu il o tələbələrin 18 nəfəri rezidenturaya qəbul olub.

– Milli Ordunun maddi-texniki bazası necə qurulub?

– Ordumuz sürətlə silahlandırılır. Azərbaycan ordusu üçün modern silahlar alınıb. Təlimlərə yüksək diqqət yetirilir. Heydər Əliyev də o təlimlərdə iştirak edir, hərbi hissələrdə, döyüş bölgələrində olur, hərbçilərlə görüşür, onların problemləri ilə maraqlanır, qayğı göstərirdi. Bu gün bu proses Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycanın hərbi büdcəsi bütövlükdə Ermənistanın hərbi büdcəsindən çoxdur və hərbi büdcə get-gedə də artır. Azərbaycanda 2008-ci ildə hərbi parad keçirilib, 2009 və 2010-cu illərdə Müdafiə Nazirliyinin, Sərhəd Qoşunlarının və Daxili Qoşunların birgə taktiki əməliyyat təlimləri həyata keçirilib. Bu il də müstəqilliyimizin 20 illiyi ilə bağlı hərbi parad keçirildi.

Yeri gəlmişkən, Azərbaycanda Fövqəladə Hallar Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Müdafiə Sənayesi Nazirliyi artıq bir çox silahların istehsalına başlayıb.

Bu gün Azərbaycan gəncliyi çox fərəhlə Azərbaycan ordusunda xidmət edir. Gənclərimizin mənəvi-psixoloji hazırlığı çox yüksəkdir.

– Silahlı Qüvvələrə, şəhid ailələrinə, veteranlara, müharibə əlillərinə diqqət və qayğı hansı səviyyədədir?

– Silahlı Qüvvələrin veteranlarına xüsusi diqqət və qayğı var. Azərbaycan Milli Qəhrəmanlarına prezident fərdi təqaüdü verilir, onların mənzil problemləri həllini tapır. Şəhid ailələrinə, Qarabağ əlillərinə, Çernobıl əlillərinə prezident təqaüdü verilir. Qarabağ əlillərinə, şəhid ailələrinə, Çernobıl əlillərinə prezident tərəfindən hər il evlər, avtomobillər verilir. Dövlətin bu istiqamətdə diqqət və qayğısı artıb. Veteranlara xüsusi güzəşt edilir, işlədikləri yerlərdə əmək haqlarından vergi tutulmur. Ordu sıralarına gedənlər qayıdan zaman öz iş yerlərinə bərpa olunur. Hərbi qulluq keçmə dövlət qulluğuna, xüsusən hüquq-mühafizə orqanlarına işə götürülərkən əsas şərt kimi qəbul edilir. Ehtiyata buraxılan zabitlərin mənzillə, torpaqla təmin olunma məsələləri dövlətin xüsusi diqqət və qayğısındadır. Hər il prezident tərəfindən Silahlı Qüvvələrin şəxsi heyətinə mənzillər verilir və bu il də bu proses sürətlənəcək. Yaxın 3-4 il ərzində demək olar ki, Azərbaycanda bu yöndə problem aradan qaldırılacaq.

Qaçqın və məcburi köçkünlərimiz məcburiyyət qarşısında zabitlərin yaşadıqları mənzillərdən istifadə edirdilər. Yaxın illərdə hərbi və tələbə şəhərciklərindən qaçqın və məcburi köçkünlərin yeni evlərə köçürülməsi nəzərdə tutulur. Artıq zabitlər o evlərlə də təmin olunacaqlar. Mübariz İbrahimov Azərbaycan gəncliyinin torpaqlarımızın işğal altında qalması ilə heç vaxt barışmayacağını sübut etdi. Ali Baş Komandan Silahlı Qüvvələrimizin qarşısına hər an torpaqlarımızı işğaldan azad etməyə hazır olmağı əsas tapşırıq kimi qoyub. Bu gün Azərbaycan hərbçiləri quru, dəniz və hava sərhədlərini uğurla qoruyur, qarşıya qoyulan hər bir tapşırığı da yerinə yetirməyə layiqdir. Müstəqilliyimizin 20 illiyi Heydər Əliyevin “Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir” kəlamını sübut etdi. Azərbaycanın keşiyində duran güclü Silahlı Qüvvələri var. Prezident də çox haqlı olaraq qeyd edir ki, Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusudur və regionda sülhün təminatçısıdır. Biz inanırıq ki, bu ordumuz mütləq Azərbaycan torpaqlarını işğaldan azad edəcək. Bir vaxtlar Azərbaycanın müstəqil dövlət olacağına, güclü ordusu olacağına inanmayanlar vardı. Bakı-Tiflis-Ceyhan Neft Əsas İxrac Boru Kəmərinə, Bakı-Tiflis-Ərzurum Qaz Kəmərinə əfsanə kimi baxanlar vardı, bu gün onların hamısı reallaşıb. Gec-tez Azərbaycan torpaqlarının işğaldan azad olması da reallaşacaq. Buna inam günü-gündən artır. Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın dövlət müstəqilliyi bəzi dövlətlərdə olduğu kimi yalnız atributlardan ibarət deyil. Biz regionda və beynəlxalq aləmdə müstəqil kurs yeridirik. Bu, Azərbaycanın necə qüdrətli dövlət olduğunun sübutudur. Azərbaycan regionun lider dövlətidir, get-gedə beynəlxalq nüfuzunu artırır. Azərbaycan hərbçiləri haqqında dünyanın ən nüfuzlu ordularının rəhbərləri, NATO rəhbərliyi yüksək sözlər deyir. Azərbaycana səfər edən müxtəlif ölkələrin müdafiə nazirləri təlim-tədris mərkəzlərində, hərbi məktəblərdə olurlar və ölkələrində də belə bir şərait olmasını arzulayırlar.

– Ordunun ictimaiyyətlə əlaqələrinə necə baxırsınız?

– İctimaiyyətin orduya dəstəyi böyükdür. Artıq fərəhlə demək olar ki, Azərbaycanda orduya ictimai nəzarət prosesi formalaşıb. Məhz onun nəticəsidir ki, tez-tez qəzetlərin baş redaktorları, millət vəkilləri, QHT nümayəndələri, ziyalı qadınlar, jurnalistlər hərbi hissələrdə olurlar. Bu özü Azərbaycanda orduya ictimai nəzarət prosesinin necə yüksək səviyyədə həyata keçdiyinin bariz nümunəsidir. Bununla yanaşı Azərbaycana səfər edən müxtəlif ölkələrin qeyri-hökumət təşkilatlarının nümayəndələri, insan hüquqları üzrə müvəkkillər də cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olurlar. Onlar əsgərlərimizin yeməklərindən tutmuş yatmaqlarına qədər olan bir günlük prosesi öz gözləri ilə izləyirlər. Onlar da Azərbaycan Ordusunun dünyanın inkişaf etmiş orduları ilə bir səviyyədə olduğunu etiraf edirlər. Bəli, Azərbaycan tarix üçün qısa bir zamanda çox güclü ordu yaratmağa qadir olub. Hər bir vətəndaş ordumuzun güclü olması üçün çalışmalıdır. Ancaq təəssüf ki, bəzən bir sıra mətbuat orqanlarında ordumuzla bağlı mənfi yönümlü yazılar yer alır. Bu kimi hallara yol verilməməli, ordumuz gözdən salınmamalıdır. Birincisi ona görə ki, Azərbaycan müharibə vəziyyətindədir. Belə bir zamanda ordunu gözdən salacaq, aşağılayacaq böhtan xarakterli yazılar qəbuledilməzdir. İkincisi ona görə ki, ordu iqtidara, müxalifətə deyil, xalqa, millətə, dövlətə məxsusdur. Orduya qrup mənafeyindən, siyasi mənafedən yanaşmaq doğru deyil. Bu cür yanaşmanın əziyyətini Dağlıq Qarabağ münaqişəsinin birinci dönəmində yaşamışıq. Mənim əsas istəyim odur ki, orduya belə yanaşmanı dayandıraq. Artıq elə bir zaman yetişib ki, biz ordumuza və ordumuzun simasında dövlətimizə sahib durmağı öyrənməliyik. Bunun üçün ziyalılar, jurnalistlər, QHT-lər bu kimi hallara mənfi münasibətlərini ortaya qoymalıdırlar.

 

 

Lent.az

 

525-ci qəzet.- 2011.- 8 oktyabr.- S.8.