Gənc yazar Feyziyyənin “Mesaj” kitabının təqdimat mərasimi olub
Oktyabrın 9-da Bakının mərkəzindəki “Əli və Nino” kitab evinin qarşısında gənc yazar Feyziyyənin “Mesaj” adlı şeirlər və esselər kitabının təqdimat mərasimi keçirilib. Bu, “Oxu zalının seçimi” seriyasında çap edilən ilk kitabdır.
Xalq şairi Vaqif Səmədoğlu Feyziyyənin yaradıcılığına dəyər verərək deyib ki, istedadlı gənc yazarların varlığı Azərbaycan ədəbiyyatının guya geriləməsi haqda fikirləri alt-üst edir. Feyziyyənin şeirləri ilə ilk dəfə Facebook-da tanış olduğunu deyən V.Səmədoğlu sosial şəbəkələrdə çoxlu şeir yazanlarla yanaşı az sayda şairlərin də olduğunu söyləyib. “Feyziyyə şeir yazan yox, məhz şairdir”.
Feyziyyə Azərbaycan Yazıçılar Birliyinin gənc üzvlərinin cəmləşdiyi Gənc Ədiblər Məktəbində təmsil olunub. AYB-nin gənclər üzrə katibi, Gənc Ədiblər Məktəbinin rəhbəri Rəşad Məcid mərasimdəki çıxışında Feyziyyənin yaradıcılığını yüksək dəyərləndirərək, sözügedən seriyanın ilk nəşrinin məhz bu xanım yazarın kitabı olmasını təqdirəlayiq hal kimi vurğulayıb.
Tənqidçi Əsəd Cahangir Feyziyyənin şeirlərindəki cəsarəti xüsusi qiymətləndirib, yeni kitabdan bir şeiri nümunə olaraq səsləndirməklə, fikrini əsaslandırıb.
Təqdimat mərasimində tənqidçi Cavanşir Yusifli, şairlər Salam Sarvan, Səlim Babullaoğlu, tanınmış publisist İradə Tuncay da çıxış edərək, gənc şairəyə yeni yaradıcılıq uğurları arzulayıblar.
“525-ci qəzet”in redaktor müavini, kitabın redaktoru Seyfəddin Hüseynli bildirib ki, yaradıcılıqlarının ilkin dövründə gənc yazarların öz üslubunu, fərdi dəst-xəttini formalaşdırmaları çətin prosesdir: “Amma Feyziyyə artıq buna nail olub. Onun şeirlərinin ilk misralarından özünəməxsus stili diqqəti çəkir”.
Gənc yazar təqdimat mərasiminin sonunda “Mesaj” kitabını qələm dostları və oxucuları üçün imzalayıb.
525-ci qəzet.-
2011.- 11 oktyabr.- S.7.