Abbas Zamanov Mədəniyyət
və İncəsənət Universitetində yad
edildi
Bu
günlər ölkə başçısı İlham Əliyevin
sənəncamı ilə anadan olmasının 100 illiyi qeyd
edilən əməkdar elm xadimi, AMEA-nın müxbir
üzvü, professor Abbas Zamanov onu tanıyanların xatirəsində
mərd, mübariz, sözü üzə deyən insan,
görkəmli mətnşünas, ədəbiyyatşünas
alim kimi anılmaqdadır.
Bəlkə
də Abbas Zamanov ən azı çox gənc ikən sovet
repressiya maşınının qurbanı olmuş Mikayıl
Müşfiqin yaşıdı olsaydı və hardasa ötən
əsrin 50-ci illərindən sonrakı elmi, pedaqoji fəaliyyətini,
cəsarətli şəxsiyyət kimi gəlişmələrini
30-cu illərdə sərgiləsəydi yəqin ki, onu da
Müşfiqin taleyi gözləyərdi. Hərçənd
ki, hətta SSRİ-nin rəhbərlərindən olmuş
Xuruşşov zamanında belə səngiməyən, məxsusi
çalarlarıyla özünü büruzə verən
repressiya üsulları Abbas Zamanovdan yan keçmədi və
o da sələfləri kimi sovetin mənfur xislətlərindən
az “yarınmadı”, amma yaşadı, sözünü
axıracan dedi, sınmadı, əyilmədi. Odur ki, hələ
də müsbət aurasının işığını həyatımızda
daim hiss etdiyimiz bu bəstə boylu, qaş-qabaqlı olsa da
daxilən tükənməz nurlu insanın 100 illik yubileyini hər
birimiz doğmamızın, əzizimizin bayramı, şüləni
kimi qarşılayırıq . Onun
çalışdığı, rəhbərlik etdiyi, pedaqoji
fəaliyyətdə bulunduğu idarələrdə, elm, təhsil
ocaqlarında bu günlər xüsusi bir canlanma nəzərə
çarpır, Abbas müəllimin şərəfinə
müxtəlif formatlı tədbirlər bir-birini əvəz
edir. Onun zaman-zaman çiyin-çiyinə
çalışdığı, dərs dediyi, elmi rəhbəri
olduğu insanlar çoxdan çoxdur. Və onların
böyük bir dəstəsi də bu gün Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetində elmi, pedaqoji fəaliyyətlə məşğuldur.
Universitetin Elmi şura zalında baş tutan konfransa
toplaşan bu insanların üzlərindəki məmnunluq ifadəsi
dərhal gözə çarpırdı. Bu, əlbəttə
Abbas Zamanovun xatirəsinin unudulmazlığına işarə
idi.
Konfransı
giriş sözüylə açan universitetin rektoru, professor
Timuçin Əfəndiyev unikal bir şəxsiyyət,
istedadlı alim kimi A.Zamanovun bənzərsizliyindən, onun
elmi fəaliyyətindən, dəyərli monoqrafiyalarından
söhbət açdı, onunla bağlı həyatda rast gəldiyi
maraqlı məqamlara toxundu, şəxsi xatirələrini
dinləyicilərlə bölüşdü.
Sonra
söz universitetinin “Sənətşünaslıq” fakültəsinin
kafedra müdiri, filologiya elmləri doktoru, professor Gülşən
Əliyevaya verildi. Öz məruzəsini daha çox şəxsi
müşahidələri, son dərəcə səmimi, bir qədər
də emosional tonda quran alimin çıxışı konfrans
iştirakçıları tərəfindən böyük
diqqət, maraq və rəğbətlə
qarşılandı. Burda Gülşən xanımın həm
də publisist, yazıçı kimi də səriştəsi
özünü göstərdi.
Görkəmli
alim, filologiya elmləri doktoru Qəzənfər Paşayevin
Abbas Zamanov haqqında söylədiklərindən bu
çağacan alim haqqında bilmədiyimiz bir sıra
faktların şahidi olduq.
Professorlar
Nizaməddin Şəmsizadə ilə Kamran Əliyev bir
vaxtlar dərs aldıqları, müdrik məsləhətlərini
dinlədikləri müəllimləri barədə xatirələrini
söyləməklə dinləyici auditoriyasına xüsusi
bir canlanma gətirdilər.
Sonda
Abbas Zamanovun yadigarları-oğlu Fuad Zamanov və qız nəvəsi
Gülgün Rzayeva valideynlərini bu sayaq möhtəşəm
bir törənlə yad etdiyinə, onlara son dərəcə
duyğulu anlar onlar bağışladığına görə
ADMİU-nun rəhbərliyinə, professor –müəllim heyətinə
təşəkkürlərini bildirdilər.
İntiqam
525-ci qəzet.- 2011.- 12 oktyabr.- S.7.