İnternet jurnalistikası: mediada “təzə əsrin ibtidası”

 

İnternet ənənəvi jurnalistikanı və çap mediasındakı təsəvvürləri mətbuatın özündən də xəbərsiz dəyişdi. Qəzetçilikdəki bir çox atributlar – mürəkkəblə yazılmış əlyazmalar, soyuq redaksiyalarda boynuna şərf, çiyninə palto, başına papaq keçirib yazını qələmlə qaralayan redaktorlar, jurnalistlərin məlumat almaqçün qapı-qapı gəzmələri, hətta çayxanalarda isti söhbətlər də yoxa çıxmaqdadı.

Yeni anlayış – internet jurnalistikası anlayışı yarandı. Xəbər saytlarının istifadəçiləri, qəzetləri internetdən oxuyan, informasiya agentliklərini internetlə izləyən oxucuların sayı artır, internet televiziya, radio və çap mediasının vahid meydanına çevrilir.

İnternet jurnalistikası ənənəvi jurnalistikadan seçilir, onun öz tələbləri, fəlsəfəsi var. İnternet jurnalisti kompüter, mobil əlaqə, fotoaparat, videokamera, rəqəmsal diktofon, müasir skaner, printerlə “silahlanıb”. Ən əhəmiyyətlisi isə o, daim beynəlxalq şəbəkədədi, bir anın içində istənilən yerdən məlumatı çəkib gətirə bilər. İnternet jurnalisti ana dilindən savayı ən azı bir xarici dili bilməli, bir neçəsini isə heç olmasa təxmini başa düşməlidi. İnternet jurnalisti elektron poçtla gələn məlumatdan baş çıxarmalı, onu informasiyaya çevirməyi bacarmalıdı.

İnternet jurnalistikasında tək müxbirlər yox, redaktorlar da ənənəvi jurnalistikada olduğundan fərqlənir. Yeni media yeni redaktor tipini – kontent-redaktorluğu yaradıb.

İngilis dilindən tərcümədə “kontent” mahiyyət, məzmun deməkdi. Bu bir az informasiya ötürmək mənasını da verir. Kontent-redaktor anlayışı məlumatla işləyən insanı ehtiva edir.

Saytların heç də hamısı operativ fəaliyyət göstərmir. Çoxlu korporativ, şəxsi saytlar, QHT-lərin, dövlət təşkilatlarının internet səhifələri var. Ancaq hər bir internet səhifəsi nə vaxtsa təzələnməlidi və bu vaxt işin yaxşı alınması üçün kontent-redaktora ehtiyac yaranır.

Məqalə yazmağı, xəbər, press-reliz hazırlamağı və aydın məsələdi ki, redaktə etməyi bacarmayan adamın kontent-redaktor işinin öhdəsindən gələ biləcəyinə inanmaq çətindi. Daha bir tələb texniki savadla bağlıdı. Kontent-redaktor kompüterdə ən azı ofis proqramlarından, qrafik proqramdan baş çıxarmalı, saytda materialları təzələmək qaydalarını bilməlidi. Kontent-redaktor özündə texniki və yaradıcı qabiliyyətləri birləşdirən şəxsdi.

Varlı şirkətlərdə saytı işlədən adamın, kontent-redaktorun qarşısında qoyulan əsas tələb – bir neçə xarici dili bilməkdi.

İmkansız QHT-lər və ya saytını tez-tez təzələməyən dövlət idarələri öz internet səhifələrini bir qayda olaraq başqa işlə məşğul olan, amma interneti bilən adamlardan birinə tapşırır.

Əyləncə saytlarını təzələyən kontent-redaktorların əksəri texniki bilikləri güclü, yazmaq, redaktə etmək qabiliyyəti zəif olan gənclərdi.

Kontent-redaktor üçün ən ağır iş yeri xəbər istehsal edən jurnalist kollektivlərindədi. İnformasiya saytının kontent-redaktoru hər gün onlarla xəbər, iri məqaləylə işləyir. O həm müxbir, həm redaktor, həm də texniki işçidi. Onun zövqü, yazını şəkil, link, videosüjetlə zənginləşdirə bilməsi oxucuların sayına əməlli-başlı təsir edir. Kontent-redaktorun həssaslığı internet səhifəsinin ümumi tərtibatının təkmilləşdirilməsi, yəni sayt qurulanda və ya saytın tərtibatı təzələnəndə oxucu üçün daha rahat bir dizaynın tapılması işinə də yaraya bilər.

Azərbaycanlı kontent-redaktora ana dilində olan materialların hərəsi bir şriftdə gələ bilər. Bu, necə deyərlər, yerli problemdi. Vətəndaşların elektron poçtla göndərdiyi xəbərlərin faydalı və ziyanlı olanını ayırmaq (kontent-redaktor bəzən ictimai təzyiqə məruz qalır, xəbərinin saytda yerləşdirilməsini çox arzulayanlar dalbadal elektron məktub yollayır, hətta zəng edirlər), məktuba cavab verib-verməməyi müəyyənləşdirmək, təmkini itirməmək isə ümumi “dərddi”.

Anonim ünvanlardan gələn informasiyalarla nə cür davranmaq məsələsi də kontent-redaktor üçün çətin işlərdən biridi: informasiya yollayanın məqsədini duymaq və hər hansı çirkli oyunun iştirakçısına çevrilməmək istedad tələb edir.

Kontent-redaktorun hər gün üzləşdiyi daha bir problem rəsmi mənbələrin, şirkətlərin və QHT-lərin mətbuat xidmətlərindən, ictimaiyyətlə əlaqələr üzrə strukturlarından gələn press-relizlərdi. Bu cızma-qaralar həm müxbirlərin, həm də redaktorların xeyli vaxtını alır. İki-üç abzaslıq xəbərin əvəzinə iki-üç səhifəlik press-relizlər olur. Mətbuat xidmətlərinin və piar menecerlərinin xəbər yazmaq qabiliyyətinin artması bütün medianın işini xeyli asanlaşdırardı.

İnternet səhifəsindəki materialın oxunaqlılığı həm də onun “bəzəyindən” – maraqlı şəkil və videosüjetlərin, linklərin olmasından, hətta şriftinin ölçüsündən asılıdı.

Şəkil materialın ölçüsünə uyğun kəsilməli, mövzudan kənar olmamalıdı. Qeyri-müəyyən şəkillər oxucunu çaş-baş salır. Azərbaycan mediasında, xüsusilə kriminal xəbərlərin təqdimatında çox vaxt hadisə ilə bağlılığı olmayan şəkillər verilir.

Yaxud bilyardla bağlı xəbərdi, azərbaycanlı bilyardçının qələbəsindən və ya məğlubiyyətindən bəhs edir, baxırsan, şəkil də var, bilyard şarlarıdı – rəngli, alabəzək... Amma Azərbaycanda yalnız rus bilyardı yayılıb, rus bilyardında isə rəngli şar olmur. Rəngli şarlardan daha çox ABŞ-da məşhur olan “Pul” bilyard oyununda istifadə edilir. Xırda detaldı, amma nəzərə alınmır...

Şəklin solda, sağda, ya mərkəzdə yerləşdirilməsi də fotodakı şəxsin hansı rakursdan baxmasından asılıdı. Belə məqamlara diqqət yetirən kontent-redaktor azdı. Linklərin işləməməsi, üzərində müvafiq işarə peyda olsa da şəklin böyüməməsi kimi xırda texniki səhvlər onlayn jurnalistikasının adına yaraşmayan qüsurlardı. Bəzən xırdaca qeyri-dəqiqlik bütün işi korlayır, kontent-redaktor yerləşdirdiyi skripti bir də yoxlamalı olur.

İşçi qüvvəsinin məhdudluğu kontent-redaktoru texniki biliklərə daha dərindən yiyələnməyə məcbur edir. O, saytda sorğular, bannerlər yerləşdirir, yeni bölmələr yaradır, forumda dəyişiklik edir. Bu onun işi deyil, amma nə etməli, informasiya bazarında uduzmaq istəmirsənsə çevik olmalısan.

“Siçan”ı şəkilə yaxınlaşdırarkən onun götürüldüyü mənbənin adının ayrıca pəncərədə görünməsinə Rusiya saytlarında tez-tez rast gəlmək olur. Bu sırf texniki məsələdi və bizim saytlar da belə imkanlardan istifadə etsə, jurnalistikada etik prinsiplərin qorunmasına yaxşı zəmin yaranar.

“Day.az” saytında getmiş “Fidan və Xuraman Qasımovalar Kapelhausda çıxış edəcək” başlığında tələbəsi sözünün itməsi (“Fidan və Xuraman Qasımovaların tələbəsi Kapelhausda çıxış edəcək”)xəbərə tam ayrı məna verib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin binasının girəcəyində vurulmuş lövhədə qurumun adının ingilis dilində səhv yazıldığı haqda material yayan “1news.az” saytı öz yazısında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin adının düz getmədiyini görə bilməyib.

“Trend” agentliyinin saytında (“Trend.az”) yerləşdirilən xəbərdə adı çəkilən idmançıların hamısının adı və ya soyadı səhv gedib. Gecə növbəsində çalışan kontent-redaktorun yol verdiyi qüsurdu bu.

İşçi qüvvəsinin çatışmazlığı da saytın keyfiyyətli material hazırlamasına mənfi təsir edir. Vaxtilə çox məşhur olan “Realnı Azerbaydjan” qəzetinin onlayn versiyasında (“Realazer.com”) cəmi iki işçi çalışırdı.

Mənbənin göstərilməməsi, plagiat halları tez-tez müşahidə olunur. Əziyyət çəkib informasiya hazırlayan kontent-redaktor etik normaları gözləyib mənbəni göstərir, amma az sonra öz əməyinin oğurlandığını görür. Başqa bir informasiya saytı materialda yalnız ilkin mənbənin adını saxlayır, onu hazırlayana, tərcümə, redaktə edənə istinad etməyi məqbul saymır. Bu, düzgün deyil, axı, tutalım, rus mənbəsi onu sizə Azərbaycan dilində, Azərbaycan oxucusunun marağına uyğun hazırlamamışdı.

Belə hallardan qorunmaqçün kontent-redaktor bəzən üzərində çox əziyyət çəkdiyi materialda ilkin mənbəni göstərməmək məcburiyyətində qalır. Amma bunun özü də artıq etik normanın pozulması deməkdir.

Fərqli hallar da olur. Səhər elektron poçta Diaspor Komitəsindən press-reliz gəlir, günorta isə “Turan” agentliyi eyni məlumatı “etibarlı, diplomatik mənbələrə istinadən” yayır.

Azərbaycanda böyük kollektivi olan bir sıra informasiya agentliklərində, telekanallarda əməkdaşların yerli informasiya saytlarına girişinə məhdudiyyət qoyulub. KİV rəhbərləri bu yolla müxbirlərin başqa mənbələrin xəbərini mənimsəməsinin qarşısını almağa çalışdıqlarını deyirlər. Belə redaksiyalarda informasiyaya çıxış yalnız kontent-redaktorda, rəhbər işçidə olur. Bunun həm yaxşı, həm də pis tərəfi var. Mənimsəmək imkanından məhrum olan jurnalist yalnız özü informasiya istehsal edir, amma o, müəyyən qədər informasiya mühitindən də məhrum olur, günün nəbzini redaktorun tapşırıqları əsasında tuta bilir. Kontent-redaktorsa istənilən məlumatı mənimsəyə bilər. O bütün günü müxtəlif mənbələrə baş vurur, maraqlı informasiyaya rast gələndə müxbirə xəbəri yoxlamağı tapşırır. Vaxt varsa, müxbir özü nəsə yazır, yoxdusa onda redaktor hazır məlumatı bir az dəyişdirib saytda yerləşdirir.

Başqa mənbənin yaydığı məlumatı yoxlayıb sonra öz saytında öz məlumatın kimi yerləşdirmək də onu mənimsəməkdi.

Başlığı qısa vermək ehtiyacından da bəzi qüsurlar yaranır. “Media forum”da “Səfir ölkədən qovuldu”kimi başlığa rast gəlmək olar. Əslində isə bu, faktiki mümkün deyil, səfir nazirliyə dəvət olunur, ona “persona non qrata” elan edildiyi bildirilir, ölkəni tərk etmək üçün vaxt verilir. Bu bildiriş elə səfirin mədəni şəkildə qovulmasıdı, amma “qovulmaq” ifadəsi işlənməsə yaxşıdı.

Kontent-redaktor informasiya müharibəsinin önündədi, “arxa cəbhə”də hazırlanan məhsul bircə düyməni basmaqla onun ixtiyarından çıxıb ictimailəşir. Qalmaqallar, ictimai təzyiq, forumlardakı müzakirələr, mümkün məhkəmə çəkişmələri bu müharibənin fəsadları sırasındadı.

Hazırda Azərbaycanda jurnalistikanın tədrisi sistemində internet jurnalistikasına, kontent-redaktorluğun tədrisinə xüsusi yer yoxdu. Ancaq internet sürətlə öz şərtlərini diqtə etməkdədi, artıq mətbuat, agentliklər, televiziya və radiolar saytsız ötüşə bilmir. Lap yaxın vaxtda “İşçi tələb olunur: kontent-redaktor” tipli elanlara rast gələcəyik. Əslində kontent-redaktor axtarışı başlayıb, sadəcə, saytlara yaxşı redaktor axtaranlar bəzən özləri də bilmirlər ki, əslində kontent-redaktor axtarırlar.

 

 

İsmayıl İSMAYILOV

 

525-ci qəzet.- 2011.- 12 oktyabr.-S.6.