Kütləvi
informasiya vasitələrində siyasi mədəniyyət
anlayışına müasir baxış
Azərbaycan
mətbuatı zaman-zaman xalqımızın azadlıq
arzularının gerçəkləşməsinə, siyasi mədəniyyətinin
tərəqqisinə, milli şüurun formalaşmasına
müsbət töhfələr verib. Təsadüfi deyil ki, XX
əsrin sonlarında müstəqilliyimiz bərpa edildikdən
sonra demokratik, hüquqi, dünyəvi dövlət
quruculuğunu inkişaf modeli kimi qəbul edən Azərbaycanda
söz və məlumat azadlığının təmin edilməsi,
Kütləvi İnformasiya Vasitələrinin sərbəst fəaliyyətinə
zəruri şərait yaradılması prioritet vəzifə
kimi müəyyənləşdirilib. Ümummilli lider Heydər
Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində
plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran
süni maneələr aradan qaldırıldı, KİV-lərin
fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək
beynəlxalq standartlara uyğunlaşdırıldı.
Azərbaycanın
sürətlə inkişaf etdiyi, demokratikləşmə
prosesinin dərinləşdiyi, cəmiyyət həyatının
bütün sahələrinin yeniləşdiyi müasir
dövrdə Kütləvi İnformasiya Vasitələri, o
cümlədən milli mətbuatımızın
qarşısında yeni vəzifələr durdu. Prezident
İlham Əliyev də Milli Mətbuatımızın 135
illiyi münasibətilə jurnalistlərə
ünvanladığı təbrik məktubunda həmin vəzifələrə
işarə edərək dedi: “Bu gün Azərbaycan mətbuatı
müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət
və şəffaflığın təmin edilməsində,
milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində,
demokratik özünüdərkin, siyasi mədəniyyətin
inkişafında, milli-mənəvi və ümumbəşəri
dəyərlərin qorunub saxlanması və təbliğində
mühüm rol oynamalı, tədris və maarifləndirmə
sahəsində fəaliyyətini gücləndirməlidir.”
Qanunvericilik KİV-də siyasi mədəniyyətin
formalaşmasına stimul verir
Bu gün Azərbaycanda söz və mətbuat
azadlığı ilə bağlı qanunvericilik aktları
kifayət qədər zəngindir. 1998-ci ildə senzuranın ləğv
olunması Azərbaycanda demokratiyanın,
aşkarlığın, o cümlədən KİV-in
inkişafına güclü təkan verdi.
Müasir Azərbaycanın iqtisadi, sosial, mənəvi
və siyasi həyatının bütün sahələri
dünya sivilizasiyasının nailiyyətlərinə tam cavab
verən səviyyədədir. XX əsrin
son on ilində yaradılmış böyük iqtisadi və
siyasi potensial yeni minilliyin çağırışlarına
adekvat cavab vermək, Azərbaycanı inkişaf etmiş
ölkələr səviyyəsinə qaldırmaq
üçün mühüm amilə çevrildi.
KİV-in sərbəst fəaliyyətinin təmin edilməsi
üçün qanunvericilik bazası tam təkmilləşdirilərək
beynəlxalq standartlara uyğunlaşdırıldı. 1999-cu ildə qəbul
edilmiş “KİV haqqında”, 2005-ci ildə qəbul
edilmiş “İnformasiya əldə etmək haqqında”
qanunlar və digər bu kimi sənədlər KİV-in hərtərəfli
inkişafına təminat yaratdı. Təsadüfi
deyil ki, KİV-in kəmiyyətinə görə bu gün Azərbaycan
MDB ölkələri arasında lider mövqelərdən
birini tutur.
Əlbəttə, Azərbaycanda KİV sahəsində
müəyyən problemlər də mövcud olub. Bu problemlərin aradan
qaldırılması məqsədilə Prezident İlham Əliyev
2008-ci il iyunun 30-da “KİV-in
inkişafına dövlət dəstəyi
Konsepsiyası”nı təsdiq etdi. KİV-in inkişafına
dövlət dəstəyinin əsas məqsədi vətəndaş
cəmiyyəti quruculuğu prosesində onların
mühüm rolunu nəzərə almaqla fikir, söz və məlumat
azadlığını inkişaf etdirmək, KİV-in
müstəqilliyini dəstəkləmək, redaksiyalara
yardım mexanizmini təkmilləşdirmək, informasiya
sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini
stimullaşdırmaq, cəmiyyət və KİV arasında səmərəli
əməkdaşlığı gücləndirmək və
digər mühüm məsələləri həll etməkdən
ibarətdir. Konsepsiyaya müvafiq olaraq 2009-cu ildə
AR Prezidenti yanında KİV-in İnkişafına Dövlət
Dəstəyi Fondu yaradıldı. Fondun əsas vəzifəsi
söz və məlumat azadlığının təmin edilməsini,
KİV-in inkişaf etdirilməsi üçün nəzərdə
tutulmuş müddəaların həyata keçirilməsini,
habelə KİV-in proqram, layihə və digər tədbirlərini
maliyyələşdirməkdən ibarətdir.
Azad sözü inkişaf etdirmədən...
Hər bir cəmiyyətin inkişafı onun
qarşısında duran sosial-siyasi və digər vəzifələrin
uğurlu həllindən çox asılıdır. Buna görə
mədəniyyətin inkişafı tarixi zərurətə və
tələbata çevrilir. İndi getdikcə
daha çox aydın olur ki, əmək mədəniyyətini
yüksəltmədən istehsalı irəliyə aparmaq, kütlələrin
hüquqi səlahiyyətini artırmadan siyasi mədəniyyətini,
diskussiya etmək mədəniyyətini yüksəltmədən
demokratiyanı inkişaf etdirmək, ünsiyyət və
davranış mədəniyyətini yüksəltmədən
isə sosial sferanı təkmilləşdirmək
qeyri-mümkündür. Həmçinin
azad sözü inkişaf etdirmədən cəmiyyətdə
siyasi mədəniyyəti əxlaqi dəyərlər müstəvisində
formalaşdırmaq mümkünsüzdür. Çünki, əxlaqi mədəniyyətin
inkişafı cəmiyyətin hər bir üzvündə fəal
vətəndaş mövqeyinin formalaşmasında
özünü göstərir.
Əlbəttə, cəmiyyətimizin siyasi mədəniyyətinin
inkişafı mürəkkəb və çətin prosesdir. Lakin, əsaslı
demokratikləşmə başqa sahələrdə olduğu
kimi KİV-də də bürokratizmə qarşı
barışmaz mübarizə aparır, siyasi və ictimai mədəniyyətin
inkişafı üçün şəraiti
yaxşılaşdırır. Çünki,
siyasətin əsasını insanların siyasi fəaliyyəti
və bu prosesdə qərarlaşan əlaqələr təşkil
edir. KİV-lər isə cəmiyyətdəki
müxtəlif sosial qüvvələrin siyasi hakimiyyətə
münasibətini ifadə etməlidirlər.
Siyasi mədəniyyət
siyasi proses subyektlərini bilavasitə öz fəaliyyətində
göstərən, varislik əsasında cəmiyyətin
siyasi həyatının təzələnməsini təmin
edir. Mediada siyasi mədəniyyət, vətəndaşların
və hakimiyyətin qarşılıqlı münasibətlərini
tənzimləyən mənəvi-siyasi dəyərlərin,
davranış qaydalarının, adət və ənənələrin
məcmusunu ifadə edir.
Bütün demokratik cəmiyyətlərdə söz
azadlığı əsas azadlıqlar arasında mərkəzi
yer tutur. İnformasiya KİV vasitəsilə
yayımlanır. Bu gün informasiyanın
vətəndaşlara çatdırılması
üçün yeni texniki formalar və vasitələrdən
istifadə edən mətbuat bütün müasir cəmiyyətlərdə
və demokratiya formalarında ideyaların təbliği
üçün vacib vasitəyə çevrilir.
Ölkə
KİV-ləri Azərbaycan milli mətbuatının
qaranquşu sayılan “Əkinçi” qəzeti tərəfindən
bəyan edilmiş başlıca prinsiplərin – maarifləşmə,
müasirləşmə, məfkurə saflığı, bəşəri
dəyərlərin milli ənənələrlə üzvi vəhdətini,
ədəbi dilin danışıq dilinə
yaxınlaşdırılmasını, hadisələrin
obyektiv işıqlandırılmasını xatırladaraq
ümummilli mənafelərə xidmət etməyin vacibliyini
ortaya qoymalıdır.
KİV-lər siyasi mədəniyyəti
inkişaf etdirmir...
Bildiyimiz kimi, Sovet dövründə medianın birinci
funksiyası – partiyalılıq idi. Dövrün ideoloji
ruporuna çevrilən Sovet Azərbaycanı mətbuatı isə
çox da yüksək səviyyədə deyildi. Amma Sovet jurnalistika məktəbi kifayət qədər
güclü idi, ixtisaslaşma var idi. O illərdə
söz azadlığından başqa həyatın
bütün sferası nəşr olunan qəzetlərdə əks
olunurdu.
Azərbaycanın müstəqil mətbuatı isə
90-cı illərdən sonra yaranmağa başladı. Bu da çox maraqlı və
əhəmiyyətli bir proses idi. Sovet İttifaqının
dağılması və ondan əvvəlki dövr, milli hərəkatın
güclənməsi, Azərbaycan xalqının birləşməsi
və milli həmrəyliyin nümayişi, əlbəttə,
milli mətbuatımıza da güclü təsir göstərdi.
Bu gün isə ölkədə bəzi qəzetlərin
cəmiyyətdə ünsiyyətə deyil, partiyalara xidmət
etməsi qabarıq nəzərə çarpır. Partiyalılıq
xüsusilə də müxalifət qəzetlərində bu
gün də başlıca prinsip kimi qalıb. Bəzən haqlı olaraq KİV-lərin ən ciddi
qüsuru kimi onların həddən ziyadə siyasiləşməsində
görürlər. Həddən ziyadə
siyasiləşmə KİV-lərin informasiya məkanı
hüdudlarından çıxaraq siyasətə daxil
olmasına səbəb olur və bu halda demokratiyanın deyil,
siyasi qrupların mübarizə alətinə çevrilir.
Bu zaman KİV-lər siyasi mədəniyyəti
inkişaf etdirmir, siyasi gündəliyi müəyyən edir.
Bu amil KİV-lərin azad fəaliyyətinə
mane olur. Heç də təsadüfi deyil
ki, təcrübəli dövlətlər bu qüsurdan tez bir
zamanda azad olmağa çalışırlar. Fransanın, Skandinaviya ölkələrinin təcrübəsi,
həyata keçirdiyi tədbirlər bunu sübut edir.
Müasir
Azərbaycanın mövcud vəziyyəti, onun strateji
mövqeyi, enerji təchizatları, ərazisinin bir hissəsinin
işğal olunduğu ağır və çətin
vaxtında KİV-in siyasiləşməsini deyil, mediada siyasi
mədəniyyətin artırılmasını günün
vacib problemlərindən birinə çevirib. Söz
azadlığı demokratik cəmiyyətin əsas hərəkatlarından,
onun təkamülünün əsas şərtlərindən
biri olduğu kimi, siyasi mədəniyyət də
qarşılıqlı anlaşmanı tənzimləyən mənəvi-siyasi
dəyərlərin, davranış qaydalarının məcmusunu
ifadə edir. KİV yalnız ümumi qəbul
edilmiş, hamı tərəfindən bəyənilən
informasiya və ya ideyalara deyil, eyni zamanda, demokratik cəmiyyətin
təməl prinsipi sayılan plüralizm, tolerantlıq və
şəffaflığa əsaslanan cəmiyyətin siyasi mədəniyyətinin
yüksəldilməsinə töhfə verəcək
informasiyalar istehsal etməlidir. Müxtəlif sosial sahələrdə
mövcud problemlərin həllində fəal iştirak etməklə
KİV-lər həm də vətəndaş cəmiyyətinin
inkişafı və möhkəmlənməsi, ictimai-siyasi
proseslərdə rolunun artması, vətəndaşlıq
şüurunun aşılanması, siyasi mədəniyyətin
artırılması və s. məqsədlərə dəstək
olmalıdır.
KİV seçki prosesləri
zamanı siyasi mədəniyyəti yüksəldir...
KİV cəmiyyətdə seçki mədəniyyətinin
yüksəldilməsində də fəal rol oynayır. Hökumət
bu missiyanı uğurla yerinə yetirən KİV-ə
qarşı heç bir məhdudiyyət və ya akkreditə
tətbiq etmir. Müstəqil medianın da
seçkiləri işıqlandırması üçün
bütün imkanlar yaradılır. KİV
namizədlərin yarışlarını keçirə,
debatlar təşkil edə, namizədlərin imicini
formalaşdıra bilər. Seçki
dövründə medianın hüquq və vəzifələri
ölkə Konstitusiyası, AR Seçki Məcəlləsi,
KİV-lər, “Reklam haqqında” qanunlarda, MSK-nın qəbul
etdiyi təlimatlarda tam dolğunluğu ilə öz əksini
tapıb. Seçki Məcəlləsində
də bu prosesdə KİV-lərin təmsilçilərinə
bir sıra üstünlüklər verilib. KİV-lər
MSK-da və aşağı seçki komissiyalarında akkreditə
olunmadan proses ərzində bütün mərhələlərdə
istənilən məntəqədə seçkiləri
müşahidə etmək, onlara lazım olan bütün məlumatları
almaq hüququna malikdirlər.
Təcrübə göstərir ki, bir çox hallarda
seçki prosesi ilə seçkidən sonrakı vəziyyətin
işıqlandırılması arasında ziddiyyətlər
var. Seçki prosesindən sonra uduzan namizədlər
seçkinin normal keçmədiyini iddia edirlər. Əslində
siyasi mədəniyyətin fundamental dəyərləri ilə
uzlaşmayan bu kimi yanaşmaların doğru
olmadığının cəmiyyətə
çatdırılmasında KİV-in üzərinə
böyük məsuliyyət düşür. Belə ki, KİV-lər seçki prosesini obyektiv
müşahidə etməklə seçkidən sonra əks bəyanatlar
verən namizədləri və siyasi partiyaları ifşa etmək
gücündə olduqlarını nümayiş etdirirlər.
Siyasi mədəniyyətin inkişafına mane olan amillərdən
biri isə KİV-də “qara piar”dır. Bu vəziyyət
bizdə ənənəvi olan problemləri iki-üç dəfə
artırır. Bunlardan biri mediada, xüsusən
də müxalif mətbu nəşrlərdə “qara
piarı”ın artması məsələsidir. Yəni, təbii olaraq bəzi şəxslər
qarşı tərəfi gözdən salmaq üçün
etdikləri cəhd əksər zamanlarda onlara yaxın mətbu
səhifələrdə yer tutur. Bunun nə
dərəcədə siyasi mədəniyyətə düz gəlib-gəlmədiyi
ayrı mövzudur, amma əsas odur ki, bu hal artıq Azərbaycanın
müxalif yönlü mətbuatı üçün
xarakterikdir. Əslində bu, media və
jurnalistlərə öz perspektivləri üçün
şərəf gətirməyən haldır. Belə
bir həssas məqamda müxalif KİV-lər bəzi siyasi
diletantların çürük “ideologiyaları”nın girovuna çevrilirlər.
Niyaz NİFTİYEV
525-ci qəzet.- 2011.- 12 oktyabr.- S.6.