İnformasiya cəmiyyətinin inkişafında əyalət mətbuatı zərurəti

  

Dünyada insan hüquqları, söz azadlığı və plüralizmin inkişafı ideyası bəşəriyyətin ən böyük nailiyyətlərindəndir. Bu fakt qarşılıqlı münasibətlərin universal dəyəri kimi tarixi təcrübədən, sınaqdan çıxaraq müasir cəmiyyətin və onun təhlükəsizliyinin təmin olunması sisteminin ən optimal mövcudluq forması qismində çıxış edir. Əslində, məsələyə bu cür yanaşma da tam mütləq deyil. Dünyanın bəzi nəzəriyyəçiləri insan hüquqları anlayışını şərh edərkən tamamilə fərqli düşüncədən çıxış edirlər. Məsələn, alman filosofu İ.Kant deyir ki, insan azadlığı və onun azad iradəsi şəxsiyyətin mənəvi müstəqilliyi və muxtariyyətinin mənasını ifadə edir.

Azərbaycanda söz və məlumat azadlığı, fikir plüralizminin həqiqi mənada bərpa olunması, onun müdafiəsinin dövlət siyasətinin tərkib hissəsi kimi prioritetlik qazanması daha çox Sovet İttifaqı dağıldıqdan sonraya təsadüf edir.

 

Plüralizmin, söz azadlığının inkişafında dövlət dəstəyinin izləri

 

Bu məsələ Azərbaycanda 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra öz tərəqqisini tapdı. Məhz ulu öndərin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəlişindən sonra digər sahələrdə olduğu kimi, bu sahədə də mövcud olan problemlər tədricən və planlı şəkildə aradan qalxmağa başladı. Azad sözün, mətbuat azadlığının inkişafına əngəl yaradan süni məhdudiyyətlərin, o cümlədən, senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi, bu istiqamətdə verilmiş bir sıra fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlər ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ müdaxilə – bütün bunlar Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır.

Ölkəmizdə söz və məlumat azadlığının təmin olunması istiqamətində yürüdülən siyasət indi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Müasir informasiya cəmiyyətində iki fərqli qütb: mərkəz və region mətbuatı

 

Bu gün Azərbaycanda söz və məlumat azadlığının, fikir plüralizminin, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində bütün zəruri addımlar atılıb. Dövlət tərəfindən uğurla davam etdirilən konseptual inkişaf strategiyası ölkəmizdə insan hüquq və azadlıqlarının daha da möhkəmlənməsini və Azərbaycan xalqının iradəsinə əsaslanan demokratik, suveren müstəqil dövlət quruculuğu prosesinin yüksək nəticələrlə gələcəkdə də davam etdirilməsini şərtləndirir. Bu dövlət tərəfindən verilən dəstəkdir.

Əyalət qəzetlərində texniki təchizat, informasiya-kommunikasiya texnologiyaları və jurnalist fəaliyyətini asanlaşdıran digər zəruri ehtiyaclara nail olmaq çətindir. Bu çətinliklərdən ən başlıcası isə iqtisadikadr çatışmazlığı problemidir. Qəzetlər işləmək üçün kadr, insanlar isə onlara normal xəbər daşıyan jurnalistləri tapa bilmir. Bu səbəblər üzündən əyalətdə fəaliyyət göstərən müstəqil qəzetlərin xəbər daşıyıcısı funksiyasını yerinə yetirmək şansları da sıfıra bərabər olur. Çünki, bu qəzetlər ən yaxşı halda həftədə, ən pis halda isə ayda bir dəfə işıq üzü görür. Bölgədə bu gün baş verən hər hansı bir hadisəni əyalət qəzeti ən yaxşı halda bir həftədən sonra oxucuya çatdırır. Ona qədər isə oxucu həmin xəbəri elektron KİV-dən və yaxud da paytaxtda nəşr olunun yazılı mediadan çox asanlıqla əldə edə bilir.

Əyalətin müstəqil qəzetləri fəaliyyətlərində regionun tarixi, mədəniyyəti, adət-ənənəsi, əhalinin məşğuliyyəti, ictimai-siyasi, sosial uğurları və problemlərinin təbliği üzərində qurmalıdırlar. Bu işdə təbii ki, rayon rəhbərliyi başda olmaqla digər yerli strukturların mənəvi dəstəyinə ehtiyac var. Çünki onlarla qarşılıqlı əməkdaşlıq olmadan rayonlarda baş verən hadisələri oxucuya obyektiv çatdırmaq problemi ilə üzləşə bilərlər.yaxud da məqalələr, informasiyalar birtərəfli qaydada işıqlandırılar.

Müstəqil qəzetin digər mühüm məqsədi ölkənin regionlarının sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən Dövlət Proqramının bölgə mətbuatında daha keyfiyyətli işıqlandırılmasını və vətəndaşların bununla bağlı intensivdolğun informasiya əldə etmələrini təmin etməkdir. Yerli mətbuat nümayəndələrinin peşəkarlıq bacarıqlarını artırmaqla paralel, regionların sosial-iqtisadi inkişafı ilə bağlı maarifləndirmə işində mətbuatın rolu gücləndirilməlidir. Hazırda Azərbaycanın müxtəlif regionlarında ölkənin sosial-iqtisadi inkişafının təbliği sahəsində yerli mətbuatın fəaliyyətində çatışmazlıqlar var. Əvvəla, yerli mətbuat regionların inkişafı ilə bağlı Dövlət Proqramlarına uyğun olaraq görülmüş işləri yetərincə işıqlandıra bilmir. Bir çox hallarda regionların sosial-iqtisadi inkişafı üzrə dövlət siyasətinin mahiyyətindən məlumatsızlıq yerli jurnalistlərin də bu mövzularda peşəkar materiallar hazırlamasına, təhlillərin, kəmiyyət və keyfiyyət müqayisələrinin aparılmasına mane olur. Bu baxımdan xüsusilə bölgələrdə regionların sosial-iqtisadi inkişafından yazan jurnalist kontingentinin formalaşdırılmasına və inkişaf etdirilməsinə böyük ehtiyac var.

 

Reallıqla üz- üzə...

 

Region əhalisinin maarifləndirilməsində əyalət mətbuatının rolu müstəsnadır. İctimai formasiyadan asılı olmayaraq Azərbaycan mətbuat tarixində bu praktikaya kifayət qədər rast gəlinir. Məsələn, 1875-cü ildə “Əkinçi” qəzetinin təsis olunması və sonrakı illərdə ana dilində bölgələrə də sirayət etməsi Azərbaycanın o dövrkü mədəni və ictimai fikir müstəvisində inqilabi dəyişikliklər yaratdı. Plüralizm, söz azadlığı qısa bir müddətdə tüğyan etməyə başladı. Məhz mətbuatın rolu sayəsində ötən əsrin əvvəlində Azərbaycan cəmiyyətində plüralist ideyalar formalaşmağa başladı.

Azərbaycanın dinamik formada siyasiiqtisadi inkişafını nəzərə alsaq, informasiya mübadiləsində bölgə əhalisinin mütəmadi maariflənməsi üçün müasir tələblərə cavab verən əyalət mətbuatına ciddi ehtiyac var.

 

Region mətbuatı oradakı inkişafa mütənasib deyil

 

Qeyd edək ki, son illər həyata keçirilən sosial-iqtisadi proqramlar çərçivəsində regionların inkişafı prioritet sahəyə çevrilib. Çox güman ki, yaxın gələcəkdə həll olunan sosial problemlərin içərisində region mətbuatına dəstəyin daha da artırılması öz yerini tutacaq. Çünki, dəfələrlə dövlət başçısı, o cümlədən də ölkə ziyalıları bölgələrdə müasir informasiya cəmiyyətinin inkişafının zəruriliyindən bəhs edirlər. Bunun üçün də təbii ki, yeganə vasitə söz azadlığı, mətbuatın yüksək fəaliyyətidir.

Region mətbuatı oradakı inkişafa mütənasib deyil. Məhz bu səbəbdən müasir informasiya mübadiləsinə bölgələrdə ciddi ehtiyac var. Nə qədər ki, əyalətlərdə bazar münasibətləri ölkə paytaxtında, iri-iri şəhərlərdə olduğu kimi inkişaf etməyib, regionlarda reklam bazarı zəifdir, insanların alıcılıq qabiliyyəti aşağıdır. Belə olan halda normal inkişafdan söhbət aparmaq olmaz. Regionlarda müstəqil fəaliyyət göstərən qəzetlərin iqtisadi bazasını möhkəmlətmək, onların sayını çoxaltmaq lazımdır.

Göründüyü kimi, müstəqil qəzetin prinsipləri tamam fərqlidir. Elə ona görə də bu gün əyalətdə müstəqil qəzet çıxarmaq çox çətindir. Bu mənzərəyə nəzərə salsaq, regionda fəaliyyət göstərmək daha çox fədakarlıq tələb edir. Paytaxtda bu hal qismən fərqlidir. Ən azı istənilən qəzetin fəaliyyətə başlaması üçün stimul var. Cüzi şərtlər daxilində istənilən hüquqi şəxs burada öz qəzetinin fəaliyyətini bərpa edə bilir və paytaxtın sıx informasiya şəbəkəsi daxilində dövlət dəstəyindən yararlanır.

 

 

N.NİFTİYEV

 

525-ci qəzet.- 2011.- 13 oktyabr.- S.6.