Media orqanlarının ordudakı
proseslərə münasibəti: inamsızlıqdan etimad mühitinə doğru
Ordu cəmiyyətin
yığcam bir modelidir. Media isə cəmiyyətin güzgüsü
adlandırılır. Ordu toplumun müxtəlif xüsusiyyətlərini özündə
daşıdığı kimi,
media da bütün bunları əks etdirir, cəmiyyətin özünü tanımasında
və dəyərləndirməsində
mühüm rol oynayır.
Hər bir dövlətin Silahlı Qüvvələri həmin
cəmiyyətin çox
mühüm tərkib
hissəsini təşkil
edir. Media isə həm orduya, həm də ümumən cəmiyyətə,
dövlətə münasibətində
müəyyən prinsiplərə
əsaslanaraq, öz yanaşmasını ortaya
qoyur, eyni zamanda, müvafiq funksiyalarını yerinə
yetirir. Amma Silahlı Qüvvələrin
elə xüsusiyyətləri
də var ki, onlar orduya
xüsusi yanaşmanı
zərurətə çevirir.
O cümlədən media da
bu baxımdan istisna sayıla bilməz.
Əvvəla, Silahlı Qüvvələr
hər bir dövlətin ərazisinin,
müstəqilliyinin, suverenliyinin
qorunmasının təminatçısıdır. Bir dövlətin
ordusu nə qədər güclüdürsə,
dövlət də o qədər güclüdür.
Ordu cəmiyyət içində
bir cəmiyyətdir.
Orada ciddi nizam-intizam, qaydalar hökm sürür. Digər tərəfdən
ordu elə bir sahədir ki, orada əsgər
əlində silah Vətənin keşiyində
dayanır. Ona görə də burada bəzi mənəvi-psixoloji aspektləri
nəzərə almaq
lazımdır. Buraya Azərbaycanın müharibə
vəziyyətində olmasını,
torpaqlarının 20 faizinin
düşmən tərəfindən
işğal edilməsini
də əlavə edəndə orduya yanaşmada son dərəcə
həssas və diqqətli olmaq zərurəti ortaya çıxır. Əks halda diqqətsizlik düşmən ölkənin
kəşfiyyat orqanlarının
köməyi ilə “onların dəyirmanına
su tökmə” ilə nəticələnir...
Müharibə şəraitində olan
ölkənin ordusu ilə bağlı məlumatların yayılmasında
həmişə ehtiyatlı
olmaq lazımdır. Amma bu o demək
deyil ki, ordu tamamilə cəmiyyətdən təcrid
olunmalıdır. Bu mümkün
deyil. Belə ki, ordunu cəmiyyətin
üzvləri formalaşdırır.
Sadəcə, ordu ilə ailə, cəmiyyət arasındakı
münasibətlər düzgün
qurulmalıdır. Bu sahədə
medianın işi elə qurulmalıdır ki, mülki cəmiyyətin orduya münasibətində və
hərbi sahədəkilərin
ictimai mühitə yanaşmasında kəskin
problemlər ortaya çıxmasın.
Təəssüflər olsun ki, bizdə KİV-in xeyli fərqli istiqamətdə fəaliyyətinə
də rast gəlinir. Bəzən müəyyən mətbu
orqanlar və ictimai qurumların əsas işi Azərbaycan ordusu ilə bağlı yanlış informasiyalar yaymaq, orduya qara yaxmaq, kiçik
bir faktı, hər hansı hadisəni şişirtməklə
ictimaiyyətə yalnış
fikir formalaşdırmaq
kimi bir təəssürat oyadır.
Müharibə şəraitində
olan bir ölkənin mətbu orqanlarında gedən orduya yönəlik neqativ yazılar, yayılan çaşdırıcı
xəbərlər öz
ziyanımıza işləyir.
Əslində KİV bu sahədə
fəaliyyətini tam fərqli
şəkildə qurmalı,
ordu ilə cəmiyyət arasında körpü rolunu oynamalı, cəmiyyətə
ordu ilə bağlı müsbət informasiya çatdırılmasına
çalışmalı, ordunun
cəmiyyətdəki nüfuzunun
daha da artırılması
istiqamətində fəaliyyət
göstərməlidir. Bunun
üçün ən
müxtəlif formalardan
yararlanmaq mümkündür.
Məsələn, bizə
yaxın olan Rusiyada ordu ilə
cəmiyyətin münasibətlərinin
qurulması istiqamətində
çoxlu tədbirlər
həyata keçirirlər.
Bu ölkənin “Krasnaya
zvezda” qəzetindəki
yazıların birində
göstərilir ki, Rusiyanın “Bizimkilər” gənclər hərəkatı
ordu ilə bağlı müxtəlif
tədbirlər həyata
keçirir. Həmin tədbirlərdən biri kimi, hərəkatın 10
nəfərlik qruplarla
seçilmiş üzvləri
ordunun hansısa bölməsində yerləşdirilirlər.
“Təcili xidmət” adı altında keçirilən bu tədbir çərçivəsində
gənclər hərbi
hissələrdə olduqları
müddət ərzində
həm təhsillərinin
davam etdirəcəklər,
həm də şəxsi heyətlə
birlikdə master-klasslarda
iştirak edəcəklər.
Bu prosesin hamısı,
qəzet və televiziyalarda işıqlandırılacaq.
Burada əsas məqsəd rusiyalı gənclər arasında orduya münasibəti kardinal şəkildə dəyişməkdir. Rusiya
cəmiyyətinə göstərmək
istəyirlər ki, ordu həbsxana deyil, əksinə kişilik, igidlik məktəbi olmaqla yanaşı, gənclərin
düzgün formalaşması
üçün də
bir məktəbdir.
Və yaxud Rusiyada yaradılan İctimai Şura nəzdindəki müxtəlif təşkilatların
fəaliyyətinə baxaq.
Şuranın nəzdindəki
komissiyada əsasən
keçmiş zabitlər
cəmləşib. Komissiyanın
rəhbəri ehtiyatda
olan polkovnik Aleksandr Kanışin “Krasnaya zvezda”ya müsahibəsində bildirib
ki, onların əsas məqsədlərindən
biri hərbçinin cəmiyyətdəki mənəvi-psixoloji
reablitasiyasını təşkil
etməkdən, hərbi
xidməti ən müxtəlif səviyyələrdə
müsbət mənada
reklam etməkdən ibarətdir. Keçmiş
polkovnik hesab edir ki, orduda
baş verən neqativ halların mətbuata çıxarılması
müsbət haldır,
amma bundan müəyyən qüvvələrin
qara piar məqsədilə istifadə
etməsi doğru deyil. Əksinə ordu ilə bağlı
müxtəlif yazılar
dərc edilməli, əsgərin gündəlik
həyatı qəzetlər
və televiziyalar vasitəsilə cəmiyyətə
çatdırılmalıdır. Amma bəziləri ordunu ancaq problem yarananda yada salır....
Bu sadəcə təqdim etdiyimiz iki faktdır.
Çox yaxşı olardı ki, Azərbaycanın bütün
KİV orqanları ordumuzla
bağlı münasibətdə
sağlam mövqe tutsunlar. Amma hələlik bu, bir arzu olaraq
qalır. Cəbhə
xəttində hansısa
əsgərin həlak
olması və ya bu kimi
faktların baş verməsi faciədir, amma müharibə vəziyyətində bundan
yaxa qurtarmaq da çox çətindir.
Nəzərə almaq
lazımdır ki, Azərbaycan müharibə
şəraitindədir və
əsgərlərimiz cəbhə
xəttində düşmənlə
üz-üzə dayanıb.
Hansısa bir əsgərimiz şəhid
olursa və ya başqa neqativ
hallar baş verirsə, media bundan qərəzli şəkildə
faydalanıb dövləti
və onun Silahlı Qüvvələrini
bütövlükdə hədəfə
almamalı, inam və etimad prinsiplərinə söykənərək,
bu barədə lazımi ölçü
götürüləcəyi rəyini yaratmağa səy göstərməlidir.
BƏXTİYAR
525-ci qəzet.- 2011.-13 oktyabr.- S.6.