“Mənimlə dərd
ortaqlığı çətindi...”
ƏBÜLFƏT MƏDƏTOĞLUNUN
POETİK DÜNYASINA QISA BİR SƏYAHƏT
Dərd ortaqlığına güc yetməyən
çağımızın kədər yox, məhz dərd
şairi kimi adını ədəbiyyat tariximizin səhifələrinə
yazan dəyərli qələm sahibi Əbülfət Mədətoğludu...
Ona bu dəyəri ilk öncə verənlərdən biri
Qarabağ və bütöv Azərbaycan yanğılı
böyük şairimiz Bəxtiyar Vahabzadə olub: “Əbülfət,
sözün əsl mənasında, şairdi. Dərd
yağır, Qarabağ fəryadı hıçqırır
misralarından. Onu oxuyanda varımdan yox oluram, tüstüm təpəmdən
çıxır. Köz-köz olur ürəyim. Bax, budur sənətin
qüdrəti.” Bəxtiyar Vahabzadənin
tüstüsünü təpəsindən çıxaran Əbülfətin
qəmin kölgə saldığı, kədərin
naxış vurduğu misralarıdı:
Olubdu daş atan qaçqın adıma,
Olubdu əl tutan, çatan dadıma.
Özüm sarğı qoyub
qol-qanadıma,
Kədər şairi tək adnan gəlmişəm...
ömrümün yazısı təzələnmədi,
ancaq dərd daşıdı məzələnmədi,
nə qədər cəhd etdi bəzənəmmədi,
əridi zamanın, bəxtin əlində...
çətindi mənimlə dərd
ortaqlığı
ancaq dərd tökülür, dərd
yağır məndən.
əvvəldən deyəydim bu
sözü gərək:- incimə, dünyaya qəm baxır
məndən...
Gözlərindən dünyaya qəmin
baxdığı şairin qəm dəftərini vərəqləmək
istəyirəm... Bu gün şeirlərində
özünü “bir az dərd dəlisi (dəliliyin
azı-çoxu olmaz ki, Əbülfət müəllim, o da
ola dərdin dəlisi-E.F.), dərdin oğlu, dərdin
balası, bir az da söz adamı” kimi təqdim edən Əbülfət
Mədətoğlunu əlli iki il, düz yarım əsr əvvəl
Əlahəzrət Tanrının qədim oğuz
yurdunda-Dağlıq Qarabağ adlı başı bəlalı
elin elə başının bəlası olan erməni
vandallarının sıx məskunlaşdığı bir ərazidə
– M.F.Axundovun “Hacı Qara” komediyasında da adı çəkilən
Xocavənd rayonunun məşhur Tuğ kəndində
dünyaya bəxş etməsi təsadüfi deyilmiş... Bu
doğuluşuyla sevinclə qəmin təzadlı
ortamını görəcəkmiş, “Qismətini
gözündə, ümidlərini daş üstündə
qoyan, işığını qibləsində,
arzularını sac üstündə yandıran, yuxusunu
ulduzların ətəyində” edən bəndəliyinə
aparan yol da başlanğıcını elə onun təsadüfi
olmayan bu doğuluşundan götürməliymiş.... TV
kanallarında və radio dalğalarında dostluq nəğmələrinin,
“Qardaş olub Hayastan, Azərbaycan” mahnısının tez-tez
səsləndirildiyi çağlarda, keçən əsrin ən
şən, təntənəli qeyd edilən yeni il
bayramında – 1959-cu təqvim ilinin ilk günündə-yanvarın
1-də dünyaya göz açması da təsadüfi
deyilmiş. Deməli, o, zahirən sakit görünən,
“qurdla quzunun birlikdə otladığı” bir dövrdə
dünyaya gəlməliymiş, ermənilərlə
göz-gözə, iç-içə
yaşamalıymış, illərlə dost bildikləri həmkəndlilərinin
– hayların elə gözünün qabağındaca
yağıya, qarı düşmənə çevrilib qoca,
cavan, qadın, uşaq bilmədən qırğına verərək
xalqının qanını içdiklərini görəcəkmiş.
Hələ Qarabağ ellərini qazdan ayıq ermənilərin
vəhşicəsinə yağmaladığının,
türk ailələrinin yeni fəlakətlərinin, müsibətlərinin
başlanacağının, yüzlərlə say-seçmə
qadının, qız-gəlinin Xocalıdan əsir
aparılacağının yana-yana, çarəsiz-çarəsiz
şahidi olacaqmış. Və günlərin birində aram,
rahatlıq tapmayan ürəyinin səsini dinləyərək
qüruru, ləyaqəti tapdalanmış xalqının
müdafiəsinə qalxmış ordumuzun igid
döyüşçülərinin mərdlik səlnaməsinin
özünəxas səhifələrini yazmaq
üçün cəbhəyə yollanacaqmış və məmləkətimizin
Müdafiə nazirliyinə ərizə ilə müraciət
edərək döyüş bölgəsinə
könüllü yollanan ilk hərbi jurnalisti – cəbhə
müxbiri olacaqmış ki, hər şeyi – savaşı, xəyanəti-rayonlarımızın
bir-bir düşmən əlinə keçdiyini,
ölüm-itimi öz gözləri ilə görsün,
şəhid olan hər mərdlə birlikdə
ölüb-dirilsin... Gördüyü dəhşətlərdən,
yaşadığı vəhşətlərdən ürəyində-könlündə
dərddən bir səltənət, dərd qalası qurulsun və
bu qaladan bir ah, fəryad kimi göylərə yüksələn
odlu misralar Qarabağ həsrətli oxucularının da
düz ürəyinə millənsin:
Gecə-gündüz arası,
Üzümdə dərd qarası.
Şəhidlikdi çarası
Dərd məni oyur, eşir.
Qaranlığa mayak ola bilmədim,
Qarabağa dayaq ola bilmədim,
Tuğ kəndində bayraq ola bilmədim
Mən özümü belə namərd
bilməzdim!
Bu, şair yanğısıdı, şair
qəlbinin təəssüfü, utancı, özünü
qınağıdı, həm də Qarabağ
olaylarının indiki dəhşətli durumu almasında
günahkar olan hər kəsə, çinli-çinsiz
bütün günahkarlara, şairin, xalqın və Vətənin
üzünü qara edən namərdlərə
tuşlanmış bir ittihamdı...
Lap körpəliyindən guşənişinliyi,
saflığı, həm də ayıqlığı, asan və
tez qavrama qabiliyyəti ilə ailədə və elat
içində diqqət çəkirmiş, sözü
sözə calayıb bədahətən şeir də
qoşurmış və beləcə, söz
yaradıcılığına sevdalı böyüyür, könlündə
qövr edən mətləbləri ipə-sapa düzüb
ağ kağızlara köçürürmüş, hətta
şeirləri oxuduğu məktəbi divar qəzetində də
dərc edilirmiş və balaca şair bu özəlliyinin
sevincini də yaşayırmış ta 1991-ci ilin məşum
payız günlərinədək. Dədə-baba
torpağından didərgin salındığı tarixədək...
Ev-eşiklərini bütün cah-cəlalı ilə
yağıya qoyub ellə birgə qaçqınlıq həyatı
yaşamağa məhkum edilən Əbülfətin şeirlərində
həmin gündən taledən, zamanın gərdişindən
şikayət ana xəttə, baş mövzuya çevrildi,
canında isə sevinc, nəşə duyğularını
birdəfəlik qovan dərdin özü yuva qurdu, “taleyi də
qəmi ilə bağırdaş” oldu:
dərdə köynək biçmişəm,
bir az sıxır-dar gəlir,
dərdim, keç dur arxada-
görüşümə yar gəlir,
qorxuram, kölgən düşər
üstünə!
Nəsə bu məqamda İradə
Tuncayın “Sarı odalar” kitabından xalqın məhz
canıyananlarının – sənətkarların
yaşadığı kəm tale-qədərlə
bağlı fikirlərini xatırladım: “...Mənim bu
xalqın sənətkarlarına, bu xalq üçün
yananlara ürəyim yanır. Bu xalq onu yaşadanları, bir əsrdən
o biri əsrə aparanları özü məhv eləyir. Hərəsini
bir adla-birinə kafir deyir, birinə əyyaş, birinə dəli,
birinə satqın, lap başqa sözlər də deyirlər.
Öz sənətkarlarına dürlü-dürlü
“titullar” yapışdıranlar bu şəxsləri
yaşatmaq üçün nə edirlər? (Biri
qatıq-süd satır, biri daş-dəmir, biri
böyü-böyük binalar, biri torpaq... Sənətkarın
sata biləcəyi sənətidi. Onu da xalq almırsa, hakimlər
alır. Və bu sathasatın içində sənətkarın
satdığına maddiyyat çatmırsa, deməli,
xalqın mənəviyyatı yoxsuldur. Qarnını doyurur,
amma beyini və ruhu acdır.)” Bəlkə
“satdığına maddiyyatı çatmayan” Əbülfətin
də, kipriyində bircə damla yaşı donduran sosial
problemlərinin həllini tapmamasının (O bu gün də
ailəsi ilə birgə kirayənişindi!..) səbəbi
“al-ver adamı”, “zəmanə adamı” ola bilməməsindədi?
“Ayağı üzəngidə, əli yalmanda” bircə
gününün də qayğısız ötməməsindədi!
“Mən qabıq qoysam da dil yalmanmadı, məmur
qarşısında, para önündə”- deyən şairin
vəzifələrinin əsiri olan məmurlar
qarşısındakı məğrurluğu, “Döymək
istədiyi qapıları” döyə bilməməsindədi?
Mən zaman adamı ola bilmirəm,
içimdə min cürə fikir
dolaşır.
hara üz tuturam özüm cəhənnəm-
qeybətə, gileyə sözüm
bulaşır.
Sönmüş, puç olmuş
ümidlərinə, bu ümidlərin yerində at oynadan qəmə,
onu, hətta həyatdan əlüzmə anlarına yetirən
kədərə, fələyin yazdığını bəndə
poza bilmir həqiqətinə və bu həqiqət
qarşısında göstərdiyi dözümə bəzən
laqeyd-laqeyd əl sallamalı olur Əbülfət. Və bu
çarəsizlik ona “Onsuz da mən yaşayan bu ömrün
yazı yox, qışı gəlir payızının
önündə”... misralarını yazdırır:
Dərdli-dərdli gəzməklə
guya dərdə dözməklə,
tək canımdan bezməklə-
nə dəyişdim dünyada?
Ömür-gün yoldaşına
içində bir minnətdarlıq duyğusu bəsləyir.
İllər keçsə də, ona və uşaqlarına
isti bir yuva, başlarının üstündə bircə dam
qurub ocaq çata bilməyən bir kişiyə-şair ərə
gileylənmədən, mövcud vəziyyətinə asi
düşmədən, müəyyən dərəcədə
“fərasətsizliyini” başına qaxınc etmədən
onunla qoşa addımlayan fədakar qadınına
şükranlıq duyğusu ilə yazır:
Yol gəlmişik sənlə odsuz
ocaqsız,
Keçinmişik biz bir isti bucaqsız.
Min şükürlər, neyləyərdik
bu çağsız?-
İndi bizə “gözlə” qalıb,
”döz” qalıb.
Bu misralardakı kinayə, mövcud duruma
acıma, həm də ironiyaya bükülmüş acıq,
qəzəb, taleyə-qədərə üsyan notları
insanı dövrün paradoks-ları barədə
düşünməyə kökləyir.
Düşünürsən ki, həmin paradokslar, əksliklər
dövrün şairinə “Hərdən üzüquylu
düşüb ölümümü ağlamaq istəyirəm
– nə vaxt gələcəyini bilməsəm də... hərdən
əllərimi uzadıb Tanrının gözlərini
bağlamaq istəyirəm – mənim necə
ağladığımı gördüyünü bilsəm də...”
misralarını yazdırır.
Yurdsuz, Qarabağsız, doğma kəndi –
Tuğsuz o, yarımçıqdı, aldığı nəfəs
də ciyərlərinə tam çatmır, o yerlərdə
qurulan obalar, ata evlərinin daş-divarı, odu-ocağı, həyət-bacası
üçün burnunun ucu göynəyir, ağılı
başından çıxır:
Zamanımın olammadım adamı
Həyat məni şişə çəkdi
görk üçün.
Sellər yuyub aparıbdı odamı-
Tay hara var, həyətində
görüküm.
Beləcə, dərdin qoynunda öz yerini
tapıb el-obasız, ev-eşiksiz şair. Və sinəsinə
bu dərd deyilən sağalmaz azarı əbədi sakin eləyən
yurdsuz şair üzüntülərini, çəkdiyi
acıları kimsə ilə bölüşmək istəmir,
həmdərdinin də canının üzülməsindən,
yükün ağırlığına dözə bilməməsindən
qorxur. Bəzən özünü: –Ancaq qəm paylayan bu
dünyanın nəyindən inciyim, nəyindən
küsüm? – sualı ilə qarşı-qarşıya qoyur,
lakin bu zaman hər şeyin yaxşılığa doğru dəyişəcəyinə
bəslədiyi ümid də qeybə çəkilir və bu
halda o, unutmaq, doya-doya yaşadığı dərd qismətindən
qaçmaq istəyir və üzünü göylərə
tutur: “yerdə yerim qalmayıb, göy üzü, aç
qapını! Yaman düyün salmışam-dərdlərimin
sapını, dərdlərim xəstə,
qısır-Allahım baxır, susur üzə-üzə
canımı,” – deyir... İncə şair ürəyi anidən
Tanrıya qarşı haqsızlıq etdiyini hiss edir və
geri çəkilir: – Allahın nə günahı, mən
bacarmıram başqa cür olmağı, hamı kimi
yaşamağı...Və həyatımın bir adı var:
solmuş şair gündəliyi!
Hamı kimi yaşamağı bacarmayan
şairin köz-köz yanan sinəsindən üzü sabaha
doğru doğulan sözlərin əksəriyyəti göz
yaşlarındaca boğuldu... və qəmə bükülən
bu şeirlərində nazını çəkdiyi dərdin
özünəməxsus obrazını yaratdı... Beləliklə
də Əbülfət çağdaş ədəbiyyatımıza
yeni söz, yeni düşüncə gətirən şair
kimi daxil olmağı bacardı.
Cənnət-sənli anlarım
Cəhənnəm təkliyimdi!
Dünyada ən ağır yük,
Mən, sənsiz çəkdiyimdi!!
Arif oxucu, əlbəttə, inanmadı ki,
bu bayatı “Ürəyimdəki sənsən” kitabına
yazdığı ön sözdə oxucularına: unutmayın
ki, bu, sevgililərin kitabıdı,- ismarıcını
göndərən Əbülfətin bir qadına-real gözələ
olan sevgi təşnəlyi, özləmidi... Elə mən də
inanmadım... Könül verdiyi gözələ “sənə
damla sevinc, damla təbəssüm bəxş edə bilmirəm,
bacarmıram mən, sevgim göz önündə, amma ki,
gülüm – sənə çox dərdimi açammıram
mən” yazan və hətta isti duyğulara söykənən
sevgi şeirində belə “sığal çəkib
oxşadığı” dərdlərini də unutmayan
şairin sıradan bir aşiq kimi
qayğısız-qayğısız sevə bildiyinə necə
inansın? Lap əvvəldən, sənətdə ilk
addımlarını atmağa başladığı andan
poeziyanın əsrarəngiz dünyasında Füzuli
eşqi, Füzuli dərdi onu ovsunlamışdı... Bu
günədək də məhəbbət və kədər,
eşq və iztirab mövzusunda yaranmış şeirin
peyğəmbəri sandığı dahi Füzulinin güclü
təsirindən çıxa bilməyən şair
ustadına qibtə və xoş həsəd
duyğularını, dünyanınsa
türlü-türlü oyunlarına heyrətini gizlətmir:
Heyrətim dünyanın oyunlarına,
həsədim Füzuli sevgisinədi.
Baxıb qurdlarına, qoyunlarına,
görürəm kimlərin sevgisi nədi?
Füzuliyanə saf məhəbbət, Vətən,
yurd eşqi, torpaq təəssübü, insana hörmət, dəyərlərə
qiymət, yaxşılıq və s. kimi ruhuna yaxın olan, qəlbinə
təsir edən, ürəyini titrədən doğma
mövzulardan kənara çıxmayan Əbülfət
üçün şeir ruhun ehtiyacıdır. O zaman əlinə
qələm alır ki, yazmamaq onun üçün fəlakətdir.
O, güclü müşahidə qabiliyyətinə
malik poetik tapıntılar şairidir. Metaforik
düşüncənin məhsulu olan orijinal ifadələr
istər-istəməz oxucunu düşündürür: “Sənsizliyim
dil bilməyən qəm-kədər, Məni onlar ürəyimdə
asırlar! Sonuncu qara kağız, ya vida nəğməsi kimi
göz yaşları ilə yazılmışam; Onsuz da vaxt
hakimdi, dərd sinəmə sakindi; bu gecənin
aydınlığı, içimdə uyuyan işıq;
arxanca bir dəli ürək mələyir, bircə yol
üzümə dönüb gülsənə; ömrü
xırmanında ələkdən keçir, dəyirman
qapısı hələ dumandı, tale yazısını
könlümə köçür, çiyninə
düşəsi şələ gümandı...” və s.
“Edəməm tərki Füzuli səri
kuyin yarın, vətənimdir, vətənimdir, vətənimdir,
vətənim,” – deyirdi ölməz qəm şairimiz... Əslində
Vətən yarın kuyindən, hər evin kandarından
başlayır. Çox yəqin ki, belədir. Çünki
doğulduğu evi, küçəni, kəndi, rayonu, şəhəri,
sonra isə ölkəni, onu yaradan atanı, dünyaya gətirən
ananı sevən kəs, böyük Vətənini, millətini
və xalqını da sevməyi bacarır və sonunda elə
özü də əsil vətəndaş olur, məmləkətinin
təəssübünü çəkməyə qüdrəti,
qeyrəti çatır. Tökdüyüm göz
yaşları hansısa günahlarımın bədəlidi...-
deyibən düşdüyü sosial vəziyyətin-bəlaların
səbəbini özündə, xarakterində axtaran Əbülfət
itirdiyimiz Qarabağın bir vaxt millətin, xalqın əlində
al bayrağa dönəcəyinə və tezliklə azad
olunacaq Vətən torpaqlarında dalğalanacağına
ümid edir...
Heyrət də, qeyrət də
düşdü ayağa,
Ümidim üz tutdu o son dayağa.
Mənim Qarabağım dönər
bayrağa
Millətin əlində, taxtın əlində!
Esmira FUAD
525-ci qəzet.-
2011.- 13 oktyabr.- S. 7.