“Naxçıvan”ın yeni sayı Behbud ağa Şahtaxtinskinin 130 illiyinə həsr olunub

 

“Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının bu günlərdə çapdan çıxan 23-cü nömrəsi qədim Naxçıvanın tarixində və taleyində çox böyük xidmətləri olan görkəmli şəxsiyyətlərdən biri, maarifçi-publisist, siyasi xadim, diplomat Behbud ağa Şahtaxtinskinin 130 illiyinə həsr edilib.

Behbud ağa Şahtaxtinskinin həyat və fəaliyyətilə bağlı bu nəşr Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun “Görkəmli dövlət xadimi və diplomat Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyinin keçirilməsi haqqında” 21 fevral 2011-ci il tarixli sərəncamı ilə başlayır.

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində 300 tirajla dərc olunan “Naxçıvan”ın növbəti sayında, cəmi 43 il ömür yaşayan siyasi xadim Behbud ağa Şahtaxtinskinin ömür və fəaliyyət yoluna nəzər salınıb. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, professor Hacıfəxrəddin Səfərlinin, həmin institutun şöbə müdiri Emin Şıxəliyevin, elmi işçi Musa Quliyevin, həmçinin digər elm adamlarının məqalələri görkəmli diplomatın həyatına yeni faktlarla işıq salıb.

Arxiv sənədlərindən istifadə olunan “Behbud ağa Şahtaxtinski: Naxçıvanın ərazi məsələsi və muxtariyyət statusu”, “Behbud ağa Şahtaxtinskinin siyasi fəaliyyəti və taleyi”, “Behbud ağa Şahtaxtinskinin həyatı və fəaliyyətinin bəzi məqamları haqqında”, “Türkiyə mənbələrində Behbud ağa Şahtaxtinskinin fəaliyyətinə dair”, “Behbud ağa Şahtaxtinski haqqında bəzi qeydlər və yeni məlumatlar” və digər başlıqlı məqalələrdə Behbud ağa Şahtaxtinskinin həyat yolu, siyasi və diplomatik fəaliyyəti dolğun bir şəkildə oxuculara çatdırılır.

207 səhifədən ibarət olan yeni nəşrdə “Behbud ağa Şahtaxtinskinin məktub və məqalələri”, “Moskva və Qars müqavilələri” də dərc olunub.

 

 

Türkanə BƏYLƏRLİ,

AMEA Naxçıvan Bölməsi

İnformasiya şöbəsinin əməkdaşı

 

525-ci qəzet.- 2011.- 14 oktyabr.- S.7.