“İsa
Həbibbəyli məktəbi”ndə öyrəndiklərim
Onunla
ilk görüşüm bakalavr pilləsinin
üçüncü kursuna təsadüf edir. Universitetdə
təhsil aldığım illərdə ədəbiyyat tarixi
fənnini bizə tədris edən, nurani və ilk
baxışda bir az zəhmli görünən müəllimin
sonradan mənim və eləcə də universitet məzunu
olan onlarla gəncin həyatında böyük rol
oynayacağı ağlıma belə gəlməzdi.
Apardığı gərgin elmi axtarışların
yorğunluğunu əlindəki təsbehin dənələrini
çevirməklə çıxaran bu müəllimin dərsini
bütün tələbələr kimi mən də böyük
səbirsizliklə gözləyirdim. Onun böyük auditoriya
qarşısında etdiyi maraqlı mühazirələri, tələbə
gənclərə aradakı fasilələrdə çəkdiyi
misallardakı ibrətamiz hekayətlərindən mən də
özüm üçün böyük həyat dərsi
götürürdüm. Bakalavr pilləsində diplom işimə,
sonra magistr dissertasiyama, daha sonra namizədlik dissertasiyama rəhbərlik
zamanı verdiyi istiqamət və tövsiyələr gələcəkdə
elm yolu ilə inamla addımlamaqda mənə stimul verdi.
Mübaliğəsiz deyə bilərəm ki, XXI əsrə qədəm basdığımız ilk illər universitet həyatında bir çox yeniliklərlə yadda qaldı. Naxçıvan Dövlət Universiteti beynəlxalq Tempus proqramına qoşulmaqla beynəlxalq əlaqələrinin yeni mərhələsinə qədəm qoydu. Daha sonra okeanın o tayı –Amerika ilə qurduğu əlaqələr Amerika Əlaqə Mərkəzinin, mətbuatla əlaqələr Mətbuat xidməti vəzifəsinin təsis olunması ilə nəticələndi. Bütün bunlar isə universitet məzunu olan gənclərin universitetin müxtəlif qurumlarında geniş təmsil olunmasına səbəb oldu. Mən və mənim kimi onlarla gənc universitet rəhbərliyinin bizə yaratdığı imkanlardan faydalanaraq, yeni vəzifələrimizin məsuliyyətini çiyinlərimizə götürməklə rektorumuzun bizə etimadını fəaliyyətimizlə doğrultmağa çalışdıq.
Xatirimdədir ki, 2000-ci ildə magistrant kimi məzun olmağa hazırlaşdığım günlərdə universitet rektorluğu nəzdində mətbuat xidmətini təsis edən rektorumuz məni qəbuluna dəvət edib bu vəzifəni üzərimə götürməyi təklif edəndə düzü tərəddüd etmişdim. Düşünürdüm ki, rektorun mənə olan etimadını doğrulda bilməyəcəyəm. Lakin onun “öhdəsindən gələ biləcəksən, mən buna əminəm!” deməsi və mənim universitet məzunu kimi mətbuat xidmətinin rəhbəri kimi fəaliyyətə başlamağımla demək olar ki, həyatım da büsbütün dəyişdi.
2000-ci ilin 6 aprel tarixi mənim tərcümeyi-halıma “İsa Həbibbəyli məktəbi”nə qəbul günü kimi yazıldı. Bu tarixdən mən hələ tələbəlik illərindən dərslərini səbirsizliklə gözlədiyim müəllimim, daha sonra elmi rəhbərim və ilk rektorum kimi akademik İsa Həbibbəylidən “həyat dərsi” almağa başladım.
Mən və mənim kimi fəaliyyətə universitet həyatından başlayan gənclərin “İsa Həbibbəyli” məktəbindən öyrənəcəyi çox dərs oldu.
Nə öyrətdi bizə “İsa Həbibbəyli məktəbi”?
Ən əsası bizlər dövlətçilik dərsi keçdik bu məktəbdə. İşə qəbul anından ta bugünədək dövlətçilik ideologiyasını bütün çıxışlarında, məruzələrində, təkbətək görüşlərindəki tövsiyələrində bizə təlqin edən rektorumuz bizi dövlətçiliyə sadiq, vətəninə, millətinə layiq vətəndaş kimi yetişdirdi. “İsa Həbibbəyli məktəbi”nin heç bir tələbəsinin indiyədək bu dərsdən “zəif” nəticə göstərməməsi də dediklərimizə əyani sübutdur.
Siyasət dərsi öyrətdi bizə “İsa Həbibbəyli məktəbi”. Ölkə başçıları kimi ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin iki dəfə universitetimizə səfərlərini yüksək səviyyədə təşkil edən rektorumuzdan siyasi sayıqlıq, ölkə başçılarına hörmət, onlara etdiyi məruzələrində məsuliyyətin ağırlığını hiss etdirdi bizə “İsa Həbibbəyli məktəbi”. Onların fəaliyyətini, xalqına və ölkəsinə sevgisini bizlərə nümunə göstərməklə əsl vətəndaş kimi yetişməyi öyrətdi bizə rektorumuz.
Elm dərsi öyrətdi bizə “İsa Həbibbəyli məktəbi”. Hər çıxışında Aristoteldən, Nizami Gəncəvidən, Mirzə cəlildən çəkdiyi misallarla elmli olmağın üstünlüklərindən, bu yolu tutmağın nə qədər böyük şərəf olduğundan bəhs etdi, elmi axtarışların, elmi nəticələrin alim üçün, xalq üçün zəruriliyini öyrətdi bizə İsa müəllim. Uğurlu namizədlik dissertasiyalarının müdafiəsində hamıdan çox sevinən də, universitetin illik elmi göstəriciləri yüksək olanda hamıdan çox fərəhlənən də, elmi adlar təqdim olunanda hamıdan çox qürurlanan da İsa müəllimi gördük rəyasət heyətində. Bizə elm adamları ilə fəxr etməyi, diqqət və qayğı göstərməklə, fəaliyyətləri üçün sağlam mühit yaratmaqla onları qiymətləndirməyi öyrətdi bizə “İsa Həbibbəyli məktəbi”.
Davranış, etika və etiket dərsi öyrətdi bizə İsa Həbibbəyli məktəbi. Dünyanın müxtəlif ölkələrinin universitet rəhbərləri ilə apardığı danışıqlarda, rəsmi qəbullarda, müxtəlif səviyyəli görüşlərdə qarşı tərəfi təbiiliyi, səmimi çıxışı və ən əsası inandırmaq qabiliyyəti ilə “mat etmək” bacarığı öyrətdi bizə İsa müəllim. Naxçıvanın bugünkü inkişaf səviyyəsi, Naxçıvan Dövlət Universitetinin yüksək elmi kadrların yetişməsindəki fəaliyyəti haqqında azacıq şübhəsi olanları öz qonaqpərvərliyi, qeyri-adi gedişlər edərək məyusluğa uğratması ilə məqsədə nail olmaqda yüksək səviyyəli davranış və etiket qaydalarını öyrəndik rektorumuzdan.
İnsanlıq dərsi öyrəndik “İsa Həbibbəyli məktəbi”ndə. Köməksizə əl tutmaq, qapısına gələni naümid qaytarmamaq, öz vəzifə borcu ilə yanaşı insanlıq borcunu unutmamağı öyrətdi bizə bu məktəb. Bəzən insanlıq borcunu vəzifə borcundan da yüksəkdə tutması ilə müəllim-tələbə münasibətlərində səmimiliyi, vicdanın səsini, ədaləti unutmamağı öyrətdi bizə “İsa Həbibbəyli məktəbi”.
İnkişaf, inkişaf və yenə də inkişaf dərsi öyrəndik “İsa Həbibbəyli məktəbində”. Zamanla ayaqlaşmağı, informasiya texnologiyaları sahəsində ən son yenilikləri tətbiq etməyi, fəaliyyət zamanı yalnız irəli baxmağı öyrətdi bizə İsa müəllim. Naxçıvanı elektronlaşdırmaq təşəbbüsü ilə “Elektron Naxçıvan”ları ilə dünyanın nəzərlərini Naxçıvana çevirməyi, regionda mümkün olmayanı da mümkünə çevirməyi öyrətdi İsa Həbibbəyli məktəbi. Hətta operativ gedişləri ilə zamanı da qabaqlamağı öyrətdi bizə bu məktəb.
Universitetdə fəaliyyətə başlayan hər bir gənc İsa Həbibbəyli məktəbində hətta “fərdi dərslər” almaqla öz fəaliyyətinin gələcək strategiyasını da müəyyənləşdirə bildi. Şəxsən mən Jurnalistika dərsi öyrəndim bu məktəbdə. Xəbərçiliyə jurnalistikada aparıcı janr kimi dəqiq, vicdanlı və qərəzsiz yanaşmağı öyrətdi mənə İsa müəllim. Operativ işləməyin vacibliyini, ilk zamanlarda yazdığım hər xəbərdə onun məsləhəti ilə “suyunu sıxmağın” zəruriliyini, Kütləvi İnformasiya Vasitələri ilə əlaqələr qurma bacarığını, mətbuatda gündəmdə qalmağı öyrətdi mənə İsa müəllim. Mənimlə hər görüşündə – “Mətbuat xalqın dalınca yox, xalq mətbuatın ardınca getməlidir, Seyid Surə! Operativ ol və xalqı öz arxanca aparmağı öyrən!”- kimi tövsiyələrinin sayəsindədir ki, mən və məndən sonra mətbuat xidmətinin rəhbəri işləyən Mehriban Sultan Azərbaycan təhsil nazirinin yazılı təşəkkürləri və fəxri fərmanları ilə təltif olunmuşuq. Qələmin müqəddəs vəzifəsinin xalqa xidmət olduğunu hər fürsətdə bizə xatırladan İsa müəllim jurnalistikanın çətin və şərəfli yollarından bəhs etməklə bizi ayıq-sayıq olmağı, informasiyanın yayımında məsuliyyəti dərk edib dəqiqliyi qorumağı öyrətdi bizə.
Mübaliğəsiz deyə bilərəm ki, mətbuat xidməti kimi 8 illik fəaliyyətim dövründə müxtəlif səviyyəli tədbirlərdə, açılışlarda, səfərlərdə, tələbə və müəllimlərlə görüşlər zamanı İsa Həbibbəyli haqqında apardığım müşahidələr məndə belə qənaət yaratdı ki, Naxçıvan torpağının yetişdirdiyi və Naxçıvanda yaşayan ilk akademik kimi ensiklopedik biliyə, güclü yaddaşa, geniş dünyagörüşə, ən əsası isə həmişə bütün fəaliyyətini inkişafa və dinamikaya əsaslandıran belə alimi tarix ikinci dəfə bəlkə də yetişdirməyəcəkdir.
Bəs nədir onu bu qədər bu ali məktəbə və bu kollektivə bağlayan? Düşünürəm ki, İsa müəllimi onun özünün də təhsil aldığı və onu akademiklik səviyyəsinə çatdıran bu mühitə bağlayan yurd sevgisidir, öz soykökünə, canından çox sevdiyi Naxçıvan Dövlət Universitetinə bağlılığıdır. Düzünü deyim ki, bu bağlılıq və bu sevgi də qarşılıqsız deyil. Bu gün müəllimindən tutmuş tələbəsinə qədər, sıravi vətəndaşından yüksək çinli məmurlarına qədər İsa Həbibbəyli qədər hörməti əziz tutulan, sevilən ikinci rektor tapmaq çətindir.
İsa Həbibbəyli idarəçiliyi də, məhz bu amallar üzərində qurulub: inkişaf, dünəninə, bugününə, gələcəyinə hörmət və etibar, səmimiyyət və ən əsası düzgün kadr siyasəti.
Əminəm ki, İsa Həbibbəyli məktəbinin tələbəsi olmaq şərəfini yaşayan mənim kimi onlarla gənc bu gün bu məktəbin məzunu kimi öz müəlliminə və öz prinsiplərinə sadiqliyini gələcək fəaliyyəti ilə doğruldacaq, yorulmadan fəaliyyət göstərəcək və elmi yenilikləri ilə məzunu olduğu məktəbin adını həmişə yüksəkdə tutacaq.
Surə SEYİD,
filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.-
2011.- 14 oktyabr.- S.4.