Əli Məsimli:
“Milli Məclisin komitələrinin işinin sürətləndirilməsinə böyük ehtiyac var”
Müsahibimiz
millət vəkili Əli Məsimlidir.
– Əli
müəllim, deputat Vahid Əhmədovla birgə
hazırladığınız “Təhsil kreditləri
haqqında” qanun layihəsi nəhayət, parlamentin payız
sessiyasının qanunvericilik işləri planına daxil
edilib. Bundan sonra da həmkarınızla birgə ayrı qanun
layihələri hazırlayıb parlamentə təqdim etməyi
düşünürsünüzmü?
– Biz
xeyli öncə Sovet dövründən qalma əmanətlərin
qaytarılmasına dair qanun lahəsini hazırlayıb Milli Məclisə
qanunvericiliklə müəyyən edilmiş qaydada təhvil
verdik. İkinci qanun layihəsi qeyd etdiyiniz “Təhsil kreditləri
haqqında” qanundur ki, onu da bu cür paket formasında
hazırladıq, təhvil verdik. Təşəkkür edirik
ki, artıq “Təhsil kreditləri haqqında” qanun layihəsi
payız sessiyasının qanunvericilik planına daxil edilib.
Biz dəfələrlə
parlamentdə başqa bir məsələni çox ciddi
formada qaldırmışıq. Məsələ ondan ibarətdir
ki, Azərbaycanın son 6 ildə büdcəsi nominal nisbətdə
götürəndə haradasa 7 dəfədən çox
artıb. Deməli, bu nadir haldır ki, 6 il ərzində
büdcənin 7 dəfədən çox artması nominal
göstərici üzrə gəlib 2011-ci ildə 16 milyard
manata yaxınlaşacaq. 2012-ci ildə isə bunu dollar ifadəsi
ilə götürsək artıq 22 milyarddan çox olacaq. Mən
parlamentdə çıxışlarımda da qeyd etmişəm
ki, indiki nəzarət sistemi şəraitində Milli Məclis,
Hesablama Palatası – indi Maliyyə Nazirliyində prezidentin sərəncamı
ilə xüsusi struktur da yaradılıb – nə qədər
fədakarlıq etsələr də, o vəsaitin çox az
hissəsinə tam nəzarət etmək mümkün olacaq.
Onun 10-15, maksimum 20 faizinə nəzarət etmək
mümkündür...
– Bəs
siz bu məsələdə həll yolunu nədə
görürsünüz?
–
Hesab edirik ki, bu rəqəm nəzarət mexanizminin təkmilləşdirilməsini
tələb edir. Onun da təkmilləşdirilməsi
üçün kompleks tədbirlər görmək
lazımdır. Kompleks tədbirlərin də əsasını
“Maliyyə nəzarəti haqqında” qanunun qəbul edilməsi
təşkil edir və Milli Məclisin tribunasından hər dəfə
qeyd etmişik ki, əgər hökumət bu məsələnin
həllini gecikdirmək fikri varsa, yaxud da belə bir qanun layihəsi
hazırlamaq fikri yoxdursa, biz, məmnuniyyətlə, bunu
hazırlayarıq.
Onu
da deyim ki, əgər sovet dövründən qalma əmanətlər,
təhsil kreditləri haqqında
hazırladığımız qanunlar vaxtında, yəni, qəbul
ediləndən sonra qanunvericilikdə müəyyən
edilmiş müddət ərzində vaxtında qəbul
olunsaydı, biz onlardan əlavə sayda qanunları
hazırlayardıq. Amma bu günün özündə yenə
də mənim dediyim həmin fikir qüvvədə qalır.
Hökumət əgər belə bir qanunu hazırlamaq istəmirsə,
biz belə bir qanunu hazırlayarıq. Ona görə ki, faktiki
Milli Məclis mənim iş yerimdi, hər bir deputatın ən
azı 5 illik iş yeridi və büdcə vəsaitindən
isitfadəsndən söhbət gedəndə Milli Məclis tənqid
atəşinə tutulur.
Özünüz
də görmüsünüz, neçə dəfə məsələ
qaldırmışam ki, 2011-ci ildən başlayaraq artıq
temp aşağı düşəcək. Özünüz də
bilirsiniz ki, nə qədər bu məsələyə ad
çəkmədən narazılıqlar bildirilirdi. Amma
çox təəssüflər olsun ki, mənim dediyim
artıq reallıqdır. Əgər son 7 ili götürsək,
Azərbaycanda iqtisadi artım tempi orta hesabla hər il 20 faiz
olub. Bəzi illərdə 25, bəzi illərdə hətta 35
faiz olub. Amma 2011-ci ilin indiki dövrünün rəqəmlərinə
baxanda iqtisadi artım bir faizin ətrafındadır. Əhalisi
1,1 faiz artan bir ölkə üçün bir faizlik artım
staqnasiyadır. Yaxud da 1,1 faizdən artıq artan və bir
neçə il bundan qabaq 35 faiz artıma nail olan bir ölkə
üçün bir faizlik artım özü staqnasiyaya bərabərdir.
Bəlkə də əhalisi azalan, əhalisinin sayı
durğun vəziyyətə ölkə üçün bir
faizlik artım nəsə deyir, amma Azərbaycan
üçün, Azərbaycanın qarşısında duran
sosial problemlərin həllini sürətləndirmək
üçün bizə 7-8 faizlik artım lazımdır.
Ona
görə biz bunu nəzərə alaraq, özünüz də
görmüşdünüz ki, vergi yükünün
azaldılması, iqsadi azadlıqların artırılması
istiqamətində bir paket hazırlayıb təqdim
etmişdik. Orada Vergi Məcəlləsinə əlavə və
dəyişikliklər, sair maraqlı məqamlar var idi. Təşəkkür
edirəm ki, Milli Məclisin rəhbərliyi həmin sənədləri
aidiyyəti nazirliklərə göndərdi və aidiyyəti
nazirliklərin hamısı birmənalı şəkildə
bizim təcrübəmizi dəstəklədi, amma iki ildən
artıqdır ki, biz oturub gözləyirik ki, görəsən,
həmin paketi nə vaxt, heç olmasa, bir-bir başlayıb həyata
keçirəcəklər.
Axı,
iqtisadi fəallığı artırmasan, iqtisadi
azadlıqlara geniş meydan verməsən hansı mənbələrin
hesabına yenidən artıma nail olmaq olar? Bax, biz neftlə ,
neftin qiymətinin qaldırılması ilə bağlı
xaricdən , xarici amildən asılıyıq. Konyukturadan can
qurtarmaq neftdən kənar sahənin köklü iqtisadi
inkişafına, fundamental inkişafına nail
olmalıyıq. Bunun üçün isə həmin sahədə
iqtisadi azadlıqlar bərqərar olmalıdır, orada məmur
özbaşınalığı, haqsız müdaxilələr
aradan qalxmalıdır, korrupsiya halları, rüşvətxorluq
aradan qaldırılmalıdır ki, neftdən kənar sahələr
sürətlə inkişaf edə.
Milli
Məclisin də bilavasitə – həmin bir faizlik artımdan
7-8 faizlik artıma nail olmaq işində özünün kifayət
qədər böyük potensialı var. Odur ki, Milli Məclis
də həmin potensialdan səmərəli istifadə etmə
kursunu götürməlidir...
VAHAB
525-ci qəzet.- 2011.- 14 oktyabr.- S.4.