Məhəmməd Əmin Rəsulzadə

 

Nəşrin redaktorları:prof. Şamil Vəliyev  və elmi işçi Samir Mirzəyevdir.

 

Əsərləri üçüncü cild (1915-1916)

 

Ön söz

 

Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.

 

(Əvvəli ötən şənbə sayımızda)

 

“Arşın mal alan”

 

“Arşın mal alan” operettası ictimai azarımızı operetta zəminində gülgü və “guf” ilə qarışdıraraq tənqid edən lətif bir əsərdir.

Bu dəfə “Arşın mal alan”ın əsil lətafətinə oyunun olduqca səlis və müntəzəm bir surətdə keçməsi bir daha lətafət əlavə elədi.

Soltan bəyin mülkədar rolunu ifa edən Ə.Hüseynzadə cənabları nə qədər gözəl bir “pambıq bəyi” tipi verdi. Hüseynzadə ciddi rollara girərək elədigi “günahlar”ın “kənarə”sini verdi.

Hüseynzadəyə məxsus bəzi rollar vardır ki, onda artist adına bir xilaflıq ibraz ediyor. Soltan bəy rolu Hüseynzadənin əlində öylə muma dönüb yumuşalıyor ki, artist tamamilə öz vəzifəsinə hakim olur və oyunu su kibi axır.

Ağdamski cənabları doğrudan da təkrar söylədigimiz vəchlə arvadsız səhnəmiz üçün böyük bir təsəllidir. Gülcöhrə rolunu nə qədər lətif, nə qədər təbii oynıyordu. Başqa arvad rollarını yeni oynayan xanım Alinskaya lap gözəl oynadılar.

Sarabskinin oynadıqları ciddi aşiq rolları olduğu halda, qeyri-ciddi bir aşiq rolunda da müvəffəqiyyət göstərə bildi. cahan xanım rolunu oynayan cənab Süheyli də gözəl oynayır və sadəlövh bir “xalanın” vəzifəsini tamamilə dərk ediyordu.

Əsgər bəy rolundakı Tanrıqulov Tanrı vergisi var, bir artist olduğunu isbat elədi.

Vəli rolunu ifa edən X.Həsənov cənabları da rolunu hüsn ifa edə bildi.

Musiqi gözəl idi.

Bir kərə səhnədən şikayət ediləcək bir şey olmayıb. Xəlq olduqca məmnun olduğunu qəhqəhələr çalıb gülməsi ilə göstəriyordu. Fəqət bu gecə şikayət olunacaq bir şey varsa, o da xəlqin şuluğluğudur.

Nə olsaydı da xəlqimizdə bir az tərbiyeyi-ictimaiyyə olsaydı...

M.Ə.

“İqbal”, 18 yanvar 1915, ¹841

 

Hərbzədə müsəlmanlar üçün

 

Karsdan gələn faciə xəbərləri haman cəmaətimizin hissi-həmiyyətini təhrik etməkdədir. Hər təbəqədən ziyadə bu haldan mütəəssir olub da, müavinətə tələsən cəmaətimizin “əvam” və əsnaf qismidir. O qism ki, onun “qəpigi” üçün “qapısına getməgi” “ağır və zənli” xeyratçılarımız bir az “yüngüllük” ədd ediyorlar. Fəqət, əhali bu kibi şeylərə alışdırılmaqla bərabər öz manatları və abbasılarını fələkzədə qardaşlarına yetirmək üçün “yüngüllük” göstərib idarəmizə qədər gəlməyi müvafiq görüyorlar.

Əlbəttə, ianə təşkilatı daha vasim və daha rəsmi bir əsas üzərinə təsis olunursa, o zaman şübhəsiz ki, ianələr imdiki halı ilə degil, daha parlaq, daha faidəli bir surətdə cəm olacaqdır.

cəmiyyəti-xeyriyyə idarəsindən elədigimiz təhqiqata nəzərən bu xüsusda cəmiyyət idarəsi tərəfindən qorodonaçalnikə ərizə verilib, bu günlərdə ianə dəftəri açmaq icazəsi gözlənilməkdədir.

Fəqət “Nicat” məarif cəmiyyəti bir növ ənənəsini təşkil edən həssaslıqla haman zavallı hərbzədə qardaşlarına müavinətini yetirmək qəsdinə düşərək “Leyli və Məcnun” operasının mövqei – tamaşaya qoyulması ilə Kars və ətrafındakı müsəlmanların ələmlərini azaltmaq istəmişdir.

Bəli, bu axşam Nicat məarif cəmiyyəti tərəfindən Hacı Zeynalabdin Tağıyevin teatrosunda məşhur milli operamız “Leyli və Məcnun” tamaşası veriləcəkdir.

“Leyli və Məcnun” xəlqimizin sevdigi bir əsərdir. Hər daim böyük gəlirlər təmin eləmişdir. Fəqət bu dəfəki “Leyli və Məcnun” digər bir nöqteyi-nəzərdən tərcih verməli və oraya böyük şövq və həvəslə getməlidir. Bu kərə Leyli ilə Məcnunun eşqlərini seyr edənlər eyni zamanda baxanlarına məhəbbəti-millət və milliyyətə eşq hissləri ilə də sinələrini qabartmalı və bilməlidirlər ki, verdikləri pul müqabilində ədəbi və musiqi bir zövq və ləzzət bulmaqla bərabər, mənəvi bir vəzifəni ifa ediyorlar.

“Leyli və Məcnun”dan gələcək hasılatın hamısı Kars və ətrafındakı müsəlman hərbzədələrinin mənfəətinə gedəcəkdir.

Həmişə teatrolarımızı dolduranlar “qara cəmaət”dir. O “qara cəmaət” ki, cəmaətimizin “az təbəqəsində” bulunanlar onların ruh və qəlbləri haqqında olduqca yanlış bir təsəvvürdədirlər. İştə bugünki “Leyli və Məcnun” tamaşası bizə göstərməlidir, görəlim ki, cəmiyyətimiz cəmaətimiz içindəki təbəqələrdən hankısı millət ələm və amalı ilə daha ziyadə əlaqədardır.

Bu günki teatroya gəlmək yalnız çalğı və oyuna tamaşa eləməkdən ibarət degildir. Bu günki tamaşada bu əməl, bir məhəbbət və milliyyət əlaqəsi göstərmək rəmzi və əlaməti vardır. İştə bu əlaməti nəzərə alaraq dövlətli, kasıb, xəvvas, əvam və ziyalı qismimizin hər sinfi hazır olmalı və bilet üstündə adəta biri-birilə müsabiqəyə girişməlidirlər.

“Leyli və Məcnun” operası xeyriyyə məqsədi üçün ikinci dəfədir ki, oynanıyor. İlk dəfə xəstə və yaralı əsgərlərin nəfinə oynanması və olduqca müntəzəm-parlaq və mənfəətli keçmişdi.

Bu qabaqdakı mütaliə elədigimiz mülahizələrin hamısı o dəfəki “Leyli və Məcnun” tamaşasında mövcud idi. Şəhərin əyan və əşrəfindən bir çoxları ilə ürəfa qismindən əksəri də heç türk (müsəlman) teatrosuna gəlmədikləri halda – o gün gəlmişlərdi. Gözləməlidir ki, bu dəfə də eyni ruh və həvəslə gəlib də ürəklə verdikləri pullarla teatro kassasını – daha istilahınca – deyəlim – bombardman edəcəklərdir.

“Nicat” cəmiyyətlərimiz məbadidən əvvəlincisidir ki, bu xüsusda öhdəsinə düşən vəzifəni dəröhdə etmək üçün qədəm qoyur. Xəlqimizə tərtib edən vəzifə də odur ki, bu qismi canü-dildən alqışlayıb onun dəvətini qəbul ilə bu gecə Tağıyevin teatrosunda hazır olmağına, bu münasibətlə öhdəsinə düşən vəzifənin ifasına tələssin.

Bir həftədən bəri xəlqimizi karslıların imdad və müavinətə dəvət etməkdə olan “İqbal” idarəsi böylə bir mütalimədədir ki, yenə karslılara məxsus olmaq üzrə idarəmizə verilən ianə pullarının müqabilində alınan məqbuzun əhəmiyyəti nə isə, bugünki Tağıyev teatrosunun teatro bileti də o əhəmiyyətdədir.

Gediniz, qardaşlar, bu günki operaya, biliniz ki, oraya getmənizlə ac və çıplaq qalmış müsəlmanlara müavinət edirsiniz. Əlbəttə ki, siz böylə cüzi bir müavinəti əsirgəməzsiniz. Bilxassə ki, verəcəginiz məbləğ müqabilində özünüz də ruhani bir zövq alacaq və bu gecənizi zövq və ruhi qidalandıracaq bir surətdə keçirəcəksiniz.

M.Ə.Rəsulzadə

“İqbal”, 18 yanvar 1915, ¹841

 

Məqbuz – alınan, alınmış

 

Müharibənin altı aylığı

 

Böyük və dəhşətli müharibə altı ayını buldu.

Dün yanvarın 19-u idi.

İyulun 19-dan tam altı ay keçiyor.

İyulun 19-da Almaniya ilə Rusiya arasında hərb elan edilmişdi. Bir Serbiya ixtilalçı uşağının partlatdığı bomba Avstriya-Serbiya ixtilafına səbəbiyyət vermiş və bu surətlə imdiki dünya yanğınının məntiqi-ərbabı təbirincə “cəzə axir illət tam” təşkil eləmişdi.

Əvət, ümumi Avropa ixtilafını mucib olan səbəblər çoxdan bəri ehzar edilmişdi. Böyük bir yanğın vücuda gətirəcək məvaddi-ehtiraqiyə haman toplaşıb durmuşdu. Hər tərəf neftlənmiş, hər yana planlar konulmuşdu. Yalnız bir kibrit lazım idi ki, bu böyük bina od tutub yansın və bugünki Avropa mədəniyyəti ta əsasından sarsılsın.

Diyorlardı ki, Avropa müvazinei-siyasiyyəsini sarsacaq şey haman Balkan məsələsi olacaq, diyorlardı ki, Balkan müvazinəsi pozulunca Avropa da biri-birinə dəgəcək. Çünki yek-digərilə həyat və məmat qovğasına mühəyya olan iki ünsürün ən həyati mənafeləri burada biri-birilə təsadüm ediyor və ancaq buradakı müvazinə üzərinə bir növ sükun bulub duruyorlar.

German irqilə slav irqinin tarixi keşməkeşləri haman burasında vüqu bulmuş və nəhayət, mənfəətləri iqtizası olaraq slavlıq aləminə yardım etməni müvafiqi-məqsəd görən İngiltərə dövlərilə Fransa Cümhuriyyəti dəxi bu xüsusda slavlığa zəhir çıxararaq məsələyə təbir caizsə – Avropaşümul bir şəkil və mahiyyət vermişdir.

Balkan müvazinəsinin sütunu Türkiyə hakimiyyəti ədd olunuyordu.

Balkan müharibəsinin əsnasında bu sütun yıxıldı. Daha o zaman hər kəs bunun Avropa müharibəsinə səbəbiyyət verəcəyindən qorxmuş və zühur edəcək böyük bir dünya yanğınının dəhşətnüma mənzərəsi təsvirinin önündə tit-tir titrəmişdi.

Şübhəsiz ki, germanlıq aləmi slavlığa digər bir rükni-əzim təşkil edəcək “Balkanıstan ittifaqını” çəkəməz və Türkiyənin qəti bir məğlubiyyətə uğraması dəxi onun üçün bir fali-xeyir təşkil edəməz idi. Binaən gözlənilirdi ki, german militarizmi haman əldə silah olaraq işə girişəcək.

Fəqət o zaman bu təsvirlər tətbiq olunamayıb qaldı. German silahından ziyadə Avstriya siyasəti işə girişdi. Məlum olduğu üzrə “Balkanıstan” ittifaqı haman müttəfiqlərin öz qanlarına qərq etdirildi.

Nəhayət, Türkiyə məğlubiyyəti üzərinə zühuru gözlənilən xətər Avstriya vəliəhdinin öldürülməsi münasibətilə vüqu buldu. Müharibənin zühuru və buna səbəbiyyət verənlər həqqində bir çox söz söylənmiş. Bir çox mülahizələr yürüdülmüşdür. Tərəfindən hər biri ötəkini haman bu böyük qanın səbəbi olaraq göstərməkdə və qüsuru ovza və haldan ziyadə əşxasə təhmil etmək istəməkdədirlər.

Avropa mədəniyyətini iyicəsinə tədqiq etmiş olanlar, oradakı tərəqqiyati-maddiyənin əfkar üzərindəki təsirini təhlil etmiş zatlar və bu maddi mənfəətlər ilə bunlardan doğan milli idealların ixtilafına aşina olanlarca vazeh və aşkardır ki, sənələrdən bəri biri-birinə qarşı silahlanmaqda olan iki Avropa kütləsi şübhəsiz ki, bir gün gələcək də kəllə-kəlləyə dəgəcəklərdi. İştə təbii olduğu hər kəscə təsdiq edilməkdə olan toqquşma – hər hanki bir surətlə olursa olsun, bunun əhəmiyyəti yoxdur – vaqe oldu.

 

lll

 

Müharibə elan olunur olunmaz Avropanın tərəqqiyati-maddiyə və ticariyəsi ilə bunun millətlər arasında vücuda gətirdigi irtibat və münasibatı nəzərə alaraq bir çox nəzəriyyəçilərə təbən əksər əhali öylə təsəvvür eləmiş idi ki, bu dəhşətli müharibə haman üç aydan fəzlə sürməyib bu yanlıq, yaxud o yanlıq olacaq.

Fəqət heyhat, bu gün yeddinci aya girdigimiz halda daha müharibənin intihasına yaxınlaşmaqda belə degiliz. Daha bir tərəf digərinə “qələbə çaldım” deyəcək qədər bir zərbə endirə bilməmişdir. Müharibənin dairəşümulu isə haman gündən günə genişlənməkdə və yanğın evləri kənarda olanları belə yalayıb yandırmaqdadır.

Altı ay zərfində müharibənin varid etdigi xəsarəti saymaq qabil olsa, yekunu ehtimal ki, əsrlərdən bəri vaqe olan müharibələrin verdikləri maddi və mənəvi xəsarətlərin yekununa baliğ olar.

Bu altı ay müddətində müharibədən gələn zərər və ziyanları saymaq həm imkandan xaric, həm də qeyri-mümkündür, bu xüsusda ən doğru məlumatı və ən maraqlı həvadisi bittəbii müharibələr bitdikdən sonra oxuyacağız.

Germanlıq xaricində olan Avropa millətləri meydani-müharibəyə gedərkən bütün mədəniyyət aləmini təhdid etməkdə olan german cəngculuğuna qarşı mübarizə etməkdə olduqlarını elan etməklə bərabər təftin sovlətini qırmaqla da bütün millətlərin kəmali-hürriyyət və istiqlalla yaşayacaqlarını təmin etmək üçün fədai halına mühəyya bulunduqlarını elan ediyorlar.

Bu xüsus, həm də imdiki müharibələri vücuda gətirən böyük illət (ki o da bir millətin digər millət üzərindəki zülm və etisafından ibarət olub küçük millətlərin əsarətindən ibarətdir) hər kəsdə öylə bir iman vücuda gətiriyor ki, tökülən bu qədər qanların ən müvafiq bir kəffarəsi varsa, o da müharibələrdən sonra hər bir millətin öz hürriyyət və istiqlal ilə yaşamasının təminindən və hər kəsin öz yağında qovrulacaq bir hala gəlməsindən ibarətdir.

Bu müharibə dünyanı milliləşdirəcək, milliyyəti-nəzəriyyə, siyasiyyə və mədəniyyəsinə olduqca mətin bir əsas verəcək və təkrar qanlı və böyük müharibələrə meydan buraxmamaq üçün hər kəsin həqqi üzərinə verilmək bir dəsturi-ittixaz olunacaq; böylə bir dəsturun ittixazı qabil olmasa belə şübhəsiz ki, bu əqllərə nafiz və hakim bir ideal şəklini alacaqdır.

Ümumi cahan müharibəsinin ən ağır yükünü dəröhdə edən Rusiya vətəndaşları bu qədər fədakarlıqdan sonra əlbəttə ki, düşmənə qalib gələcək və bu qalibiyyətlərinə mükafat olaraq şübhəsiz ümuri-daxiliyyədə Rusiya vətəndaşı olan bütün millətlərin hürriyyəti-milliyyə və müsavati-hüquqiyyələrini təmin edən ədalət qanunlarına nail olacaqlar. Ümumi fəlakət qarşısında müəssir bir surətdə qardaşlıq və vətəndaşlıq imtahanı vermiş olan rusiyalılardan ötrü şübhəsiz ki, bu bir amaldır.

Bütün Rusiya tərəqqipərvər mətbuatı bu gün bu böyük və müqəddəs amalın mürəvvicidir. Arada (Novoye vremya) kibi “Əski reçdən” ayrılmayanlar varsa da, Rusiyada bunların o qədər daha nüfuz və əhəmiyyəti qalmadı, deyə düşünmək istəriz.

Polşaya, Qaliçiya və Buqovinaya hürriyyət və müsavat aparan, Avstriyadakı millətlərə qarşı milli azadlıqlar elan edən bir qüvvət şübhəsiz ki, əsl rusiyalıları da fəramüş etməyəcək və böyük Rusiyanı, böyük küçük bütün millətlərinə isindirmək üçün haman doğma bir ana edəcəkdir.

Əvət, vətənin müdafiəsində ögey doğmalıq göstərməyən Rusiya vətəndaşları arasında əvət, dəhşətli hərb kabusu dəf edildikdən sonra da ögey doğmalıq qalmasın!

İştə altı aylıq müharibənin Rusiya vətəndaşlarında bilafərq millət və məzhəb vücuda gətirdigi yeganə bir ideal.

Bu idealdan rusiyalılar ilham alıyor və bu ümidlə qüvvətlənərək ənid düşmənə ən möhlik zərbəni endirmək qüvvətini özlərində buluyorlar.

 

lll

 

Müharibə ikinci yarım illiyinə girməklə ikinci bir dövrünə dəxi girməkdədir.

Qazmalarda birləşib biri-biri qarşısında şiddətli surətdə müdafe bir vəziyyət almış olan düşmənlər hər bir qarış yer üçün böyük tələfat vermək və böyük riyazətlər görmək məcburiyyətindədirlər. Müharibələr gərək şərqdə və gərək qərbdə böylə “həll edilməz” bir şəkil alınca, haman uzandıqca və adətən imdiki müharibənin bizi alışdırdığı dəhşətlərinə nisbətən vaqe olan toqquşmalar haman “cüzi atışmalar”dan ibarət olub qalıyor.

Fəqət təbiidir ki, iş böylə qalmayacaq və bu surətlə də həll olunmayacaq.

Düşmənlər hər tərəfdə haman bahar üçün hazırlıqlar görməkdədirlər. İngilis hökuməti neçə zamandan bəri az çox təfsilatı qəzetələr vasitəsilə bildirilən, böyük bir qara ordusu hazırlamaqda olduğu kibi, almanlar da bu baharda dörd milyonluq bir qüvvə hazırlamaq təşəbbüsündədirlər.

Bahar olunca havalar qızacaq, qarlar əriyəcək və şübhəsiz ki, bu bahar tovlid edə biləcəgi xəstəliklərlə bərabər bəşəriyyətə yeni bir takım böyük və qanlı müharibə səhnələri də gətirəcəkdir. Şübhəsiz ki, baharda olacaq bu vuruşlar qəti olub bəlkə də bizi müharibənin ikinci ilini görməkdən xilas edəcəkdir.

Yeni il arzuları miyanında rusca qəzetələrdə ən görkəmli yer tutanı haman qələbə və sülh idi. Kim bilir bəlkə də müharibənin ikinci səhifəsini təşkil edəcək olan “bahar vəqələr”indən sonra arzu olunan sülhün didarilə könüllərimiz şad olacaq!

M.Ə.Rəsulzadə

“İqbal”, 20 yanvar 1915, N-843

 

Mühəyya – hazırlanmış, tədarük olunmuş

Ehtiraq – yanma, alışma

Cəngcu – militarizm

Təftin – fitnə salma, ara qarışdırma

Sovlət – şiddət, çox iti, qızğın

Etisaf – məcbur etmə; təcavüz etmə

İttixaz – qəbul etmə; əldə etmə

 

Əndişəli əlamətlər

 

Görünüyor ki, səhneyi-hərb təşkil edən hüduddakı yerlərdə uyğunsuz hallar hala davam edib duruyor. Görünüyor ki, Kars və həvaliyyətindəki müsəlmanlar general qubernator Zuyevin “dəfələrlə nəşr olunan dəvətnamələrinə” rəğmən hala “xristian əhalisinin ədavətkaranə həmlələrinə” məruz olub qalıyorlar.

“Xristian əhalinin qeyri-mədəni qismi” tərəfindən vaqe olan təcavüzlərin durdurmaq üçün məlum olduğu üzrə Kars general qubernatoru dekabrın 22-i tarixində şiddətli bir bəyannamə nəşr edib müqəssirləri edam cəzası ilə qorxutmuşdu. General qubernatorun “İqbal”ın 842-ci nüsxəsi vasitəsilə tərcümə və nəşr etdigimiz digər bir bəyannaməsindən anlaşılır ki, “xristian əhalinin düşmənanə həmlələri o gündən bəri əksik degil, biləks getdikcə daha ziyadə şiddətlənməkdədir”. General qubernatora yetişən xəbərlərə görə “xristian əhalisi qətiyyən günahsız və biqüsur müsəlmanları öldürməklə qalmayıb türklər girdikdən sonra intiqam almaq qəsdilə silahlanıb müsəlman kəndlərini talan və yəğma etməglə, qarətgərlik eləməklə girişir və hər dürlü zülm, təədi və cəbrlik yapıyorlar”.

General qubernator Zuyev cənablarının-misani-rəsmiyyəsinin icab elədigi vəchlə qısa və müxtəsər bir surətdə elam elədigi “zülm, təədi və cəbr”in nədən ibarət olduğunu bir az olsun təsəvvür edə bilmək istəyənlər Faiq əfəndinin məqalələrini, bilxassə “Bir loğma ətmək”ini oxusunlar.*[Ömər Faiq Nemanzadənin bu məqaləsi “İqbal” qəzetinin 1915-ci il yanvarın 19-u 842-ci nömrəsində dərc olunmuşdur. Bax: Seçilmiş əsərləri, 1992, səh.210-213 – Ş.H.]

General qubernator cənablarının birnci bəyənnaməsi ilə ikincisinin fasiləsi tamam igirmi gün çəkmişdir. Bu igirmi günün ərzində Rusiya təbəəsi “sülhpərvər və sadiq” müsəlmanlar haqqında rəva görülən “zülm, təədi və cəbrlər” haman dəvam edib durmuş, hətta güni-gündən də şiddət etmişdir.

Görünüyor ki, general qubernatorun ən dəhşətli bir cəza ilə vaqe olan təhdidi belə caniləri qorxutmuyub, yapdıqları cinayəti əksildə bilməmişdir.

Aldığımız xüsusi xəbərlərdən biliyoruz ki, müsəlmanlar həqqində yapılan “zülm və cəbr” icra edənlər çox da xristian əhalisinin əvam zümrəsindən olmuyub, işin içərisində başqa amillər mövcuddur. Bu amilləri yapdıqları cinayətdən saklatmaq üçün də “atlı qarağolların gözətçiligi” kafi degildir.

Nə imiş bu zavallı müsəlmanların günahı ki, böylə “zülm və ğədrlərə” düçar oluyorlar?

Burasına aid olmaq üzrə general qubernator öz bəyənnaməsində diyor ki: “Əgər vilayətin müsəlman əhalisi hal-hazırda türklərə meyl və hüsni-təvəccihat bəsləməkdə və hətta bizim əsgərlərə və xristian əhalisinə təcavüzdə onlar iştirak eləməkdə müqəssir görülsə, o halda bunun üçün onlar hökumət məmurlarının tədbiri muzibincə ən şiddətli məcazati-vüquatə giriftar olurlar. Amma intiqam surətilə xristian əhalisinin müsəlmanlar üzərində hər dürlü təcavüz və qəddarlıq etmələrinə heç bir fəchlə müsaidə verilməz”...

Görünüyor ki, canilər öz məqsədlərini ifa edərkən bəhanə olaraq müsəlman əhalini “xain” göstərmək təşəbbüsünə də girişiyor və bu surətlə “əl-qollarının açıq qalmasını” ümid ediyorlar. Müsəlmanların hökumətlərinə qarşı vaqe olan sədaqətləri izhari-mən-əlşəms olduğu halda bu kibi “bəhanə”lərlə “cinayəti örtmək” mümkün olmaz zənnindəyiz.

Bunun, yəni müsəlmanlar üzərində “bir qism əhali” tərəfindən yapılan “ğəfr və zülm”ün əsil səbəbləri bitərəflik və ədalətlə aranılırsa, o zaman burada başqa şeylərin mövcud olduğu meydana çıxar.

Fəqət, biz bu sırada bu kibi “başqa şeylər”i arayıb-araşdıracaq degiliz. Bu əsnada bizcə yapılacaq bir şey varsa, o da bir tərəfdən müsəlmanların qalkıb da kəmali-həmiyyət və qeyrətlə hürzədə müsəlmanlara müavinət etmələrindən, digər tərəfdən də keçəndə yazdığımız kibi ürəfa qisminin əl-ələ verib də, mümlanəs önünü almaqdan ibarətdir.

General qubernator Zuyevin ilk bəyannaməsi münasibətilə yazdığımız “Tarixi vaqelər qarşısında qonşuluq münasibati” məqaləmizə bu vəqtə qədər hər hanki bir əks-səda bulunmadığı kibi, Kars ətrafından gələn fəci xəbərlər də təskinavər bir şəkil almayıb. Biləks daha dəhşətəngiz bir hal aldı.

Böylə bir dəhşətin önünü almaq üçün təbiidir ki, tədabiri-mövcudə bəs degildir. Bu xüsusda daha ciddi, daha şiddətli və qəti tədbirlər lazımdır.

Biz müsəlmanlar əla biliriz ki, bu gün Qafqasiya əhalisi miyaninə nəuzü-billah düşəcək niza hali-hərbdə bulunan məmləkətimiz üçün böyük bir fəlakət təşkil edəcək. Bunu daha ziyadə mədəni olmaları ilə təfaxur edən “qismi-əhali” dərk etmiyorsa, “az mədənilikdə” ittiham olunan bizlər pək əla anlıyoruz. Biliyoruz ki, igirmi günün ərzində daha bir dürlü onu altamayan Kars vaqeələri şədid tədbirlər və qəti əmrlər vasitəsilə dayandırılmazsa, o vaxt çox fəna nəticələr verə bilərlər ki, bu hal vətən müdafiəsi zamanı tarixinin ləkəli bir səhifəsini təşkil edəcəkdir.

İştə general qubernator Zuyev cənablarının ikinci bəyannaməsindən aldığımız təəssürat iştə əndişəli əlamətdir!

Bu əlamətlər daha asanlıqla yatırılacaq: qolaylıqla rəf olunacaq bir haldadır. Haman çarəsinə baxmalı, çünki:

“Sər çeşme şayət giriftən bebil

Çupər şəd nəşayəd güzəştən bepil”

M.Ə.Rəsulzadə

“İqbal”, 20 yanvar 1915, ¹843

 

Havali – ətraf

Niza – qovğa, tutuşma

Təfaxur – fəxr etmə, öyünmə

Mümli (mümlakəs) – imla yazdıran

 

(Ardı var.)

 

 

Şirməmməd Hüseynov

 

525-ci qəzet.- 2011.- 15 oktyabr.- S.26-27.