Əməl dostluğu

 

Ədəbiyyat tarixinin sənət adamları, yaradıcılıq mühiti, poetika sistemi ilə bağlı öyrənilməmiş problemləri və çoxlu sirləri vardır. Bu sirlərin hələ də tam açılmamasıdır ki, hər hansı bir sənətkarın yaradıcılıq laboratoriyası bütün ədəbiyyatşünas və tənqidçilər üçün həmişə xam bir sahə olaraq qalır. Sənətkar şəxsiyyəti, onun məzmunu, sənətkarlarla müasirləri arasındakı əlaqələr həm ədəbiyyatşünasların maraq dairəsinə daxil olan məsələlər baxımından, həm də yeni ədəbi nəsillərin formalaşmasına göstərdiyi təsirə görə həmişə aktuallıq kəsb edir.

Dünya xalqlarının ədəbiyyatında ayrı-ayrı sənət adamlarının, şair və yazıçıların, tənqidçi və ədəbiyyatşünasların bir-biri ilə dostluğu uzun illər və əsrlər boyu diqqət mərkəzində olmuş və yeni nəsillərə nümunə kimi göstərilmişdir. Görünür, sənətkarlar müxtəlif ictimai həyat hadisələrinin fonunda özlərinə mənən, daxilən yaxın olan insanlarla qurulan dostluq tellərinə həmişə ehtiyac duymuşlar. Deməli, səni başa düşən və diqqətlə dinləyən insan sənə görə başqalarından daha yüksəkdədir və bütün bunlar ilk növbədə dostluq amilinin müqəddəsliyi kimi başa düşülür.

Bizim ədəbiyyatşünaslıqda sənət adamlarının dostluğu ilə bağlı söhbətlər, yazı-pozular professor Abbas Zamanovun ilk dəfə 1967-ci ildə “əməl dostları” anlayışını məqalə başlığı kimi geniş ədəbi dövriyyəyə çıxarmasından qaynaqlanmışdır. Bu ideya görkəmli alimin “Əməl dostları” kitabının çapından (1979) sonra daha da genişlənmiş və dərinləşmişdir. Abbas Zamanovun çox böyük həyat təcrübəsi əsasında irəli sürdüyü “əməl dostluğu” ideyası birbaşa İsmayıl Qaspiralının “dildə, fikirdə və əməldə birlik” konsepsiyasına söykənmişdir. Abbas müəllim sənətkar və ziyalı dostluğunu , əməl və nəhayət, əqidə dostluğu səviyyəsinə qaldırmış, eyni zamanda ədəbi fikrin diqqətini çox böyük ustalıqla bu istiqamətə yönəltmişdi.

Professor Abbas Zamanovun həyat və yaradıcılığını, onun geniş ictimai fəaliyyətini mərhələ-mərhələ araşdırmaq olar və belə bir yanaşma daha doğru elmi nəticələrin də əsası deməkdir. Hər hansı bir tədqiqatçının yanaşma üsulundan asılı olaraq, bu mərhələlərin sayını həm çoxaltmaq, həm də azaltmaq mümkündür. Əslində isə Abbas Zamanovun həyat və yaradıcılığının iki mühüm mərhələsi var: 1967-ci ilə, yəni əməl dostları ideyasının ilk dəfə mətbuata çıxmasın qədər və ondan sonrakı dövr.

1967-ci ilin mayında Abbas müəllimin bir-birinin davamı kimi “Əməl dostları” adlı iki məqaləsi çap olunur. Həmin məqalələr Cəlil Məmmədquluzadəyə həsr edilsə də, məqalələrdə daha çox Cəlil Məmmədquluzadənin, Eynəlibəy Sultanovun, Məhəmmədağa Şahtaxtılının, Ömər Faiq Nemanzadənin yaradıcılıq əlaqələrindən söhbət açılır. Amma belə bir zəruri və aktual sual meydana çıxır ki, əməl dostluğu ideyası Abbas Zamanovun dünyagörüşünə haradan sızıb gəlmişdir?

Öncə, həmin ideyaya Abbas müəllimin acı həyat təcrübəsinin nəticəsi kimi baxmaq lazımdır. Məsələ burasındadır ki, 1960-cı ildə Azərbaycan MEA-nın Rəyasət Heyətinin yerləşdiyi binanın geniş iclas salonundakı bir tədbirdə Abbas Zamanov tarixi çıxışı ilə qədim Azərbaycan torpağı olan Naxçıvanı bədnam qonşulara vermək istəyənlərə qarşı üsyan səsini ucaldır. Gözlənilmədən atılan bu qeyri-adi addım öz lazımi müsbət təsirini göstərir, amma həmin çıxış Abbas müəllim kimi bir vətənpərvər insana o qədər də asan başa gəlmir. Ona qarşı təqib və təzyiq maşını işə düşürAbbas müəllimə sovet sisteminin ən ağır bir cəzası verilir; onu partiya sıralarından xaric edirlər. Totalitar rejimdə hər hansı bir insanın bu vəziyyətə düşməsi 37-ci illərin təkrarına bənzəyirdi və fürsət gözləyən bədxah insanlar tərəfindən Abbas Zamanov üçün arzuolunmaz ölümlə çarpışmaq meydanı açılır. Bütün bunlara qarşı bir addım belə geri çəkilməyən Abbas müəllim bu qeyri-bərabər döyüşdə orta əsr cəngavərlərini və xalq dastan qəhrəmanlarını xatırladır. Bəli, o əzablı və keşməkeşli günləri heç vaxt unutmaq mümkün olmasa da, Abbas Zamanov dastan qəhrəmanı kimi bu qeyri-bərabər döyüşdə qalib gəlir və unudulmaz şəxsiyyətə çevrilir.

Daha bir məntiqi sual meydana çıxır: bəs ötən əsrin 60-cı illərinin başlanğıcında Abbas Zamanovun fövqəladə hadisəyə çevrilən bu tarixi çıxışının energetik mənbəyi nə idi?

Bir az geniş baxsaq, aydın olur ki, Abbas Zamanov 50-ci illərdə Azərbaycan ədəbiyyatının C.Məmmədquluzadə, M.Ə.Sabir, S.S.Axundov, Ə.Haqverdiyev, S.M.Qənizadə, Ə.Qəmküsar, Ə.Nəzmi kimi tanınmış nümayəndələrinin həyat və yaradıcılıqlarından bəhs edən sanballı məqalələr yazmışdı. Əslində Abbas müəllimin müraciət etdiyi həmin şəxsiyyətlərin əksəriyyəti öz həyat fəaliyyətlərində mübarizlik keyfiyyətləri ilə sayılıb seçilən sənət adamları idilər. Abbas müəllimin yalnız Süleyman Sani Axundovla bağlı ədəbi fəaliyyətinə qısaca bir nəzər yetirsək, görkəmli alimin S.S.Axundov şəxsiyyətinə və yaradıcılığına marağının ardıcıllığının və sistemliliyinin şahidi olarıq. Belə ki, Abbas müəllimin ilk tərtib işi 1951-ci ildə nəşr olunmuş S.S.AxundovunSeçilmiş əsərləri”dir. Abbas müəllimin mətnşünas kimi hazırladığı ilk nümunə də yenə S.S.Axundovun 1958-ci ildə çap olunmuşQorxulu nağıllar” kitabıdır. Abbas Zamanovun ötən əsrin 50-ci illərində ən çox və ardıcıl müraciət etdiyi obyektS.S.Axundovun həyat və yaradıcılığıdır. Onun bir-birinin ardınca çap olunan “Vətənpərvər yazıçı” (1954), “S.S.Axundovun həyatına dair yeni sənədlər” (1955), “Unudulmaz müəllim, sevimli yazıçı” (1955), “Uşaqların sevimli yazıçısı” (1955) kimi məqalələrində iki cəhət daha qabarıq səslənir: biri S.S.Axundovun böyük ziyalılıq tituluna yiyələnməsi, digəri isə onun xalq və millət yolunda çalışmasıdır. Abbas Zamanov “Azərbaycan müəllimlərinin birinciikinci qurultayları, ana dilinin tədrisi sahəsində aparılan islahatlar, məktəblər üçün yeni proqramların və dərs kitablarının hazırlanması, yeni əlifbanın tətbiqi yolunda inadlı mübarizə, uşaq ədəbiyyatının yaranıb təşəkkül tapması kimi xalqın tarixində dərin iz buraxan mühüm hadisələrin” S.S.Axundovun adı ilə bağlı olmasını böyük qürur hissi ilə qeyd edir.

Bununla yanaşı, Abbas müəllim “aydan arı – sudan durubir yazıçı və tanınmış pedaqoq olan S.S.Axundovun həyatını mübariz bir insanın həyatı kimi də dəyərləndirir. Belə ki, S.S.Axundovun həyatının Qori Müəllimlər Seminariyası dövrü ilə bağlı olanmübarizlik keyfiyyətləri ilə aşılanan faktları Abbas müəllim böyük bir həvəs və məmnunluq hisləri ilə təqdim edir. Əslində Abbas Zamanov tərəfindən S.S.Axundovun həyatının önəmli tərəflərini əks etdirən faktların tapılması və onların ürəkgenişliyi ilə elan olunması S.S.Axundovun qürur və cəsarətinin təqdimatı demək idi.

Abbas Zamanovun tarixi çıxışından öncə, yəni ötən əsrin 50-ci illərində onun ardıcıl olaraq çap etdirdiyi məqalələrdə mübarizlik keyfiyyətlərinin təbliği, sadəcə olaraq, həmin məqalələrin ümumi ruhunda və sətiraltı mənalarında gizlənməmişdi, həmçinin bundan daha artıq dərəcədə məqalələrin sərlövhəsini çıxmışdı: “Mübariz Mollanəsrəddinçi” (1954), “Mübariz jurnal” (1956), “Mübariz satirik” (1960). Bu yazılar “Molla Nəsrəddin” jurnalına, mollanəsrəddinçilərə və ayrıca olaraq Əliqulu Qəmküsara həsr edilsə də, onların sonuncusu birbaşa Abbas müəllimin tarixi çıxışının ərəfəsinə aid idi. Amma qətiyyən seçmək olmur ki, Abbas müəllim bu məqalələrdə, kitablarda, ədəbi fəaliyyətdə həmin dəyərləri üzə çıxarıb onların təbliği ilə məşğul olurdu, yoxsa sadalanan faktlarla özünü ifadə etmək istəyirdi. Bizcə, ən yaxşı qərar hər ikisinin qovuşuq halda olmasını etiraf etməkdir.

Əlavə olaraq nəzərə almaq lazımdır ki, 1941-1947-ci illərdə döyüşən ordu sıralarında olan Abbas Zamanovun döyüşkənlik əhvali-ruhiyyəsi hələ də yaşayırdı və müharibədən sonra tərcümə edərək çapa verdiyiAleksandr Matrosov” povestinə də təsadüf kimi baxmaq olmaz. Xatırlayırsınızsa, bu povestin qəhrəmanı 21 yaşında ikən Böyük Vətən müharibəsində sinəsi ilə düşmən pulemyotunun qarşısını sipər kimi kəsərək böyük rəşadət göstərən, mübariz bir gənc olan və əfsanəvi qəhrəmana çevrilən A.Matrosov idi.

Beləliklə, Abbas müəllimin ötən əsrin 50-ci illəri ilə bağlı tərcümeyi-halının real mənzərəsini təsəvvür etmək çətin deyil: xalq sevgisi, ziyalılıq etalonu, mübarizlik keyfiyyəti və döyüşkənlik xarakteri. Əslində bütün bunlar həm də Abbas Zamanovun xatırladığımız məşhur çıxışının energetik mənbələri idi!

Abbas Zamanovun ötən əsrin 50-ci illərində qələmə aldığı məqalələrdə mollanəsrəddinçiləri bir araya gətirməsi əməl dostluğu ideyasının ilk cücərtiləri hesab edilə bilər. Bununla belə etiraf etmək lazımdır ki, həmin dövrdə Abbas müəllim tərəfindən “əməl dostluğu” anlayışı ilə bağlı elə bir konkret addım atılmamışdı. Bir başqa məsələ var ki, yazıçı və dramaturq Ə.Haqverdiyevə həsr etdiyi məqalədə Abbas müəllim Ə.Haqverdiyevin 1905-ci ildə yazdığı “Millət dostları” adlı kiçik komediyasını onun yaradıcılığındakı yeni dövrün başlanğıcı sayır və imkan düşmüşkən, “millət dostları” barədə söhbət açır, amma bu dostluq hələlik satiranın hədəfidir və əməl dostluğu ideyasından son dərəcə kənardadır.

Bəs Abbas Zamanovun həyatının 1960-cı ildən – məlum çıxışından 1967-ci ilə, yəni “Əməl dostları” adlı məqalələrinin çapına qədər olan dövrünü necə dəyərləndirmək olar? Qısa şəkildə desək, əzab-əziyyətli bir dövr. Çünki onu işlədiyi Azərbaycan Dövlət Universitetindən uzaqlaşdırırlar və Abbas müəllim 15 ilə yaxın bir müddətdə çalışdığı doğma kollektivdən, deməli, pedaqoji fəaliyyətdən ayrılır. Şübhə yoxdur ki, burada əsas hədəf Abbas Zamanovu böyük tələbə auditoriyasından təcrid etmək idibuna nail olurlar. Bir müddət işsiz qalan Abbas müəllim sonralar Azərbaycan MEA-nın Nizami adına Dil və Ədəbiyyat İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətini davam etdirir.

Totalitar rejimin təqib və təzyiq maşını Abbas müəllimlə ziyalılar, elm adamları, ali məktəb işçiləri, tələbələr, hətta yaxın olduğu həmkarları arasına yavaş-yavaş böyük sipər çəkirdi. Abbas müəllimə salam verib salam alanların sayı get-gedə azalırdı və Abbas müəllim nə qədər çətin olsa da, bu vəziyyətə dözürdü. Amma unutmaq olmaz ki, həmin vaxtlar Abbas müəllimi tək qoymayan dəyanətli insanlar da var idi.

Abbas Zamanova vurulan başqa bir zərbə ondan ibarət idi ki, mətbuat səhifələri yavaş-yavaş Abbas müəllimin üzünə qapanırdı. Həmişə yazmaq-yaratmaq eşqi ilə çırpınan, yazı-pozu işindən ləzzət alan Abbas müəllimi bu eşqdən, bu ləzzətdən məhrum etmək istəyirdilər. Bunu təsəvvür etmək üçün xatırladaq ki, Abbas Zamanovun 1960-1967-ci illər arasındakı yeddi ildə çap olunan məqalələrinin ümumi sayı 50-ci illərin yalnız bir, yaxud da iki ilində yazdığı məqalələrin sayına bərabər tutula bilər. Bu, həmçinin Abbas Zamanov kimi görkəmli elm adamının Azərbaycan ədəbiyyatı tarixiçiliyinə verəcəyi töhfələrin qabağını əngəlləmək demək idi.

Beləliklə, Abbas Zamanov həm şəxsi planda, həm də ədəbiyyatşünas alim kimi ictimai-ədəbi mühitdə “millət dostları” ilə əməl dostları arasında qalmalı olurilk dəfə əməl dostluğu ideyası da buradan təşəkkül taparaq reallığa çevrilir: “Əməl dostları” adlı məqalələr çap olunur. “Əməl dostları” adlı məqalələr Abbas Zamanovun XX əsrin 60-cı illərinin əvvəllərində bilavasitə həyatda az-az rast gəldiyi möhkəm dostluq telləri ilə ədəbiyyatda öyrənib təbliğ etdiyi mollanəsrəddinçilərin tarixi dostluğunun vahid bir mövqedən təqdimi demək idi.

Abbas Zamanovun həyatının və yaradıcılığının yeni mərhələsi onun 1967-ci ilin dekabrında “M.Ə.Sabir və müasirləri” mövzusunda yazdığı dissertasiyaya görə Azərbaycan ədəbiyyatşünasları içərisində ilkson dəfə birbaşa filologiya elmləri doktoru alimlik dərəcəsi alması ilə başlayır. Dissertasiyada XX əsrin əvvəllərinə aid ədəbi mühit, bu dövrdə yaşayıb yaratmış M.Ə.Sabirin həyat və yaradıcılığı, eyni zamanda Sabirlə müasir olan ədəbi şəxsiyyətlərin və ayrı-ayrı adamların fəaliyyəti geniş təhlil edilmişdir. Bu dissertasiya bütün başqa təqdirəlayiq cəhətləri ilə yanaşa, ilk növbədə fakt zənginliyi ilə seçilir. Bəlkə də, Abbas müəllimin həmin tədqiqatına qədər Azərbaycan ədəbiyyatşünaslığının heç bir nümunəsində belə bir fakt zənginliyinə rast gəlinmir. Bizcə, tədqiqatdakı fakt zənginliyi mənzərəsi Sabiri dəfələrlə həqiqət çarçısı kimi təqdim edən Abbas Zamanovun Sabir haqqında məhz həqiqətləri demək arzusundan irəli gəlmişdi.

Professor Abbas ZamanovM.Ə.Sabir və müasirləri” adlı orijinal tədqiqatı ilə M.Ə.Sabiri elm aləminə daha da yaxınlaşdırdı, elm adamlarını və ədəbi ictimaiyyəti o vaxta qədər məlum olmayan bir çox yeniliklərlə tanış etdiSabir yaradıcılığı ilə bağlı yeni tədqiqatlara qol-qanad verdi.

Həmçinin qeyd etmək lazımdır ki, bu dissertasiya Sabirin dostları haqqında olan bir araşdırmadır. Təsadüfi deyil ki, Abbas Zamanov həmin elmi tədqiqatda yeri gəldikcə, “dostsözünü işlətməkdən də çəkinmir, Sabirin müasirləri içərisindən çıxan bu əsl dostların Sabirə yanğısının və qayğısının təmənnasızlığını göz önünə gətirir. Hətta böyük şairin ölümündən sonra “Hophopnamə”nin nəşrini öz üzərinə götürən Abbas Səhhətin əməl dostluğu bariz bir nümunə kimi qabardılır.

Bəli, əməl dostluğu ideyasının Abbas Zamanov üçün bu qədər bəlli və aydın olması, onun haradan başlayıb haraya getməsinin bütün cizgiləri ilə görünməsi Abbas müəllimdə yalnız ədəbiyyatda deyil, həyatda da əməl dostluğuna olan real münasibətin təzahürlərini formalaşdırdı. İllər keçdikcə ədəbiyyatda araşdırdığı əməl dostluğunu Abbas müəllim yenidən və yeni formada həyatda axtarmağa başladı və tapdı.

1967-ci ildən sonra Abbas Zamanovun əməl dostları çoxaldı və Abbas müəllimin dostluq xəritəsinin miqyası xeyli genişləndi. Buraya hələ Azərbaycanı demirik, ondan kənarda yaşayan xeyli adlar daxil oldu: Moskvada Əziz Şərif, Türkiyədə Yavuz Akpinar, İranda Cavad Heyət və Fərzanə, İraqda Əbdüllətif Bəndəroğlu, Almaniyada Əhməd Şmide, İngiltərədə Qulamrza Səbri Təbrizi və s.

Çoxlarına yaxşı bəllidir ki, Abbas Zamanovun ictimai fəaliyyətinin bir sahəsi xarici ölkələrdə yaşayan azərbaycanlılara, eləcə də Azərbaycanla maraqlananlara yeni çap olunan kitabları göndərməklə bağlıdır. Bu sırada Türkiyə ilə yanaşı İran da xüsusi yer tuturdu. Lakin ötən əsrin 70-ci illərinin sonundakı İran inqilabı Tehrana kitab göndərmək işini son dərəcə məhdudlaşdırdı və çətinləşdirdi, bir az sonra isə heç mümkün olmadı. Tezliklə bunun əks-sədası eşidildiİrandan gələn xəbərlədə kitab istəyi daha da çoxaldı.

Bu məsələ Abbas müəllimi xeyli çətinliyə saldı, o, gecə-gündüz çıxış yolları axtarmağa səy göstərdi və nəhayət, belə bir yol tapıldı. Beləliklə, Abbas müəllim Bakıda nəşr olunan kitabları Almaniya Federativ Respublikasında yaşayan Əhməd Şmidenin və İngiltərədə yaşayan Qulamrza Səbri Təbrizinin ünvanlarına göndərməli oldu. Onlar isə aldıqları kitabları poçt vasitəsi ilə yaşadıqları ölkələrdən TehranaCavad Heyətin, yaxud da Fərzanənin ünvanına yollayırdılar. Həmin ölkələrdən İrana gedən poçt bağlamalarına o qədər də qadağa qoyulmadığına görə göndərilən kitablar öz ünvanına vaxtında çatırdı. Bizcə, bu fakt Abbas Zamanov, Əhməd Şmide, Qulamrza Səbri Təbrizi, Cavad Heyət, Fərzanə arasında olan əməl dostluğunun ən bariz nümunəsidir.

Abbas Zamanovun real dostluğunun başqa bir faktı müxtəlif illərdə onun özünün yazdığı və öz dilindən səslənən vida sözlərindən açıq-aydın hiss edilməkdədir. Belə ki, professor Əlyar Qarabağlının vəfatı ilə əlaqədar “Əlvida, əziz dostumuz” (1969), professor Mirzağa Quluzadənin vəfatı ilə əlaqədar “Əlvida, əziz dost” (1979), Həbib Sahirin ölümü ilə əlaqədar “Qələm dostumuzun xatirəsi” (1986) adlı vida sözlərini yazanda Abbas müəllimin dostluq anlayışını sərlövhəyə çıxarması təsadüfi deyil, çünki artıq bu şəxsiyyətlərin itkisi əsl dost itkisi idi.

Abbas Zamanovun şəxsiyyəti bu gün bizim üçün əsl dostluğun simvoludur və əsl dostluğun simvolu olaraq qalacaq.

 

 

Kamran ƏLİYEV,

filologiya elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2011.- 15 oktyabr.- S.24-25.