Yazıçı
Günel Anarqızı Almaniya
və Yunanıstanda keçirilən beynəlxalq tədbirlərdə
iştirak edib
“AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN
TƏBLİĞİ, AVROPA VƏ DÜNYA MƏDƏNİYYƏTİNƏ
İNTEQRASİYASI ÜÇÜN BELƏ TƏDBİRLƏRDƏ
FƏAL İŞTİRAK ETMƏK VACİBDİR”
Bugünlərdə
Almaniyadakı Azərbaycan diasporunun təşkilatçılığı
ilə “Qadınlar ənənə və emansipasiya
arasında” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycanın
Almaniyadakı səfirliyinin əməkdaşları, Azərbaycan
diasporunun nümayəndələri, Azərbaycan Evinin sədri
Tofiq Qarayev, Almaniyada təhsil alan azərbaycanlı tələbələr
və alman ictimaiyyətinin nümayəndələri, eləcə
də incəsənət və ədəbiyyat sahəsinin təmsilçiləri
iştirak ediblər.
Berlin-Bakı
Qalereyasında Almaniyadakı Azərbaycanlıların
Koordinasiya Mərkəzi (AAKM) ilə birgə keçirilən
tədbirin qonağı “Ölkəm” və “Pəncərə
(mədəniyyətə baxış)” jurnallarının
baş redaktoru, yazıçı-publisist Günel
Anarqızı olub.
Görüşü
Berlin-Bakı Qalereyasının direktoru İbrahim Ehrari
giriş sözü ilə açaraq, qonaqları
salamlayıb və Günel Anarqızını tədbir
iştirakçılarına təqdim edib. AAKM-in
icraçı direktoru xanım Samira Patzer-İsmailova tədbiri
idarə edərək yüksək texniki inkişaf
dövründə qadının cəmiyyətdəki yerindən
və rolundan qısa söhbət açıb və Azərbaycan
qadınının keçdiyi mübarizə və inkişaf
yolundan danışmaq üçün sözü Günel
Anarqızına verib.
Günel
Anarqızı Azərbaycan qadınının ədəbiyyatda
təsvir edilən obrazı, tarixi inkişaf dövründə
bu obrazın dəyişməsi haqda məlumat verib.
G.Anarqızı bildirib ki, müasir Azərbaycan qadını
– iki böyük sivilizasiyanın məhsuludur. Kökləri
şərq mədəniyyətinə bağlı olan Azərbaycan
qadını intellektual cəhətdən Avropa mədəniyyəti
ilə tərbiyələnmişdir. Azərbaycan mədəniyyəti
və tarixi, Azərbaycan qadını təsəvvürünün
formalaşması qədim köklərə malikdir. Azıx
mağarası və Qobustan qayaüstü şəkilləri
buna sübutdur.
Azərbaycanda
sovet hakimiyyətinin qurulmasından və ondan əvvəlki
dövrdə qadınların savadlanması, cəmiyyətdə
və ailədə tutduğu mövqe barədə məruzəni
tədbir iştirakçıları maraqla dinləyib və
müasir Azərbaycan qadınının indiki dövrdə cəmiyyətdə
tutduğu yer, Azərbaycanda qadınların peşə
seçimi barədə G.Anarqızına suallar veriblər. Əsasən
diskussiya şəklində keçən
görüşün sonunda AAKM-nin əməkdaşı Naibə
Hantel G.Anarqızının “Ağac” adlı hekayəsindən
parçalar oxuyaraq Günel xanımın əsərini alman
dilində tədbir iştirakçılarına təqdim
edib. Berlin-Bakı Qalereyasının icraçı direktoru
İbrahim Ehrari Azərbaycanı, Azərbaycan
qadınını və ədəbiyyatını Almaniyada
tanıtdığı üçün Günel
Anarqızına öz təşəkkürünü
bildirib. Sonra qonaqlar G.Anarqızının kitabları və
baş redaktoru olduğu jurnallarla tanış olub və onunla
söhbəti masa arxasında davam etdiriblər.
G.Anarqızı
bizimlə söhbətində bildirdi ki, bugünədək
Berlin-Bakı Qalereyasında bir-birindən gözəl sənət
əsərləri nümayiş olunub: “Berlin-Bakı Qalereyası
Almaniyada yaşayan həmvətənimiz, rəssam İbrahim Əhrari
və azərbaycanlı incəsənət xadimi Emil Məmmədovun
təşəbbüsü ilə yaradılıb. 2007-ci ildən
fəaliyyət göstərən bu qalereya Bakıdakı
“Qız qalası” rəsm qalereyasının Berlindəki
filialıdır. İndiyədək burada 62 Azərbaycan, 46
alman rəssamının sərgisi keçirilmişdir.
Açılışından bəri qalereyada 43 sərgi, bu
ilin ötən dövründə isə 12 sərgi təşkil
olunub. Hazırda qalereyada alman rəssamı İnqa Şmitin və
Azərbaycan rəssamı Əli İbadullayevin rəsm əsərləri
sərgilənir. Bir neçə gün sonra Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva Almaniyaya səfəri
çərçivəsində bu qalereyada oldu.
Bakıdakı “Qız qalası” rəsm qalereyasının
direktoru Emin Məmmədov Berlin-Bakı Qalereyasının fəaliyyəti
barədə Mehriban Əliyevaya məlumat verdi. Azərbaycanın
birinci xanımı Berlin-Bakı Qalereyasının rəhbəri,
tanınmış rəssam İbrahim Əhrari ilə
görüşdü. Bu qalereya Azərbaycan mədəniyyətinin
təbliği baxımından mühüm əhəmiyyət
kəsb edir. Fikrimcə, burada belə görüşlərin
təşkili Azərbaycanın müsbət imicinin
formalaşmasına müsbət təsir göstərir”.
G.Anarqızı
bildirib ki, Yunanıstanın Rodos adasında “Sivilizasiyaların
dialoqu” adlı növbəti mötəbər forum
keçirilib. Forum artıq doqquz ildir ki, hər ilin oktyabr
ayında Rodosda təşkil olunur. Foruma hər il
dünyanın müxtəlif ölkələrindən
çox sayda nümayəndə qatılır:
“Sivilizasiyaların dialoqu” adlı bu forum Rusiya prezidentinin
patronajı altında keçirilir. Forumun prezidenti Rusiyanın
nüfuzlu və məşhur simalarından olan Vladimir
Yakunindir. Tədbirdə iştirak üçün hər il mənə
təşkilatçılar tərəfindən dəvət
göndərilir. Mən ilk dəfə 2008-ci ildə bu forumda
iştirak etmişəm. 2009-cu ildə də təşkilatçılar
tərəfindən mənə dəvət göndərilmişdi.
Ancaq müəyyən səbəblərdən mən 2009-cu
ildə keçirilən foruma qatıla bilmədim. Ancaq ötən
il il böyük məmnuniyyətlə gedib forumda iştirak
etdim. Bu il də mənə dəvət gəldi və mən
dəvəti qəbul edib tədbirə qatıldım”.
G.Anarqızı deyir ki, forumda MDB ölkələrindən
çoxlu nümayəndə iştirak edib: “Çox
sevindirici haldır ki, bu il Azərbaycan də geniş bir heyətlə
tədbirə qatılmışdı. Məndən başqa
alim Zaur Həsənov, AAKM-in icraçı direktoru xanım
Samira Patzer-İsmailova və digər ictimaiyyət nümayəndələri,
gənclər nümayəndə heyətinin tərkibinə
daxil idi. Biz, Azərbaycandan olan nümayəndələr
bacardığımız qədər ölkəmizi forumda fəal
təmsil etməyə çalışdıq. Müxtəlif
seksiyalarda iştirak etdik. Əvvəlki illərdə forumda
Gürcüstan, Ermənistan və digər ölkələr
daha geniş tərkibdə iştirak edirdilərsə bu il Azərbaycanın
nümayəndə heyəti daha geniş tərkibdə idi. Bu
da məni doğrudan da çox sevindirir. Ümid edirəm ki,
gələn il bizim nümayəndə heyətinin tərkibi
daha da genişlənəcək”. Baş redaktorun dediyinə
görə, forumda əsasən müxtəlif sivilizasiyalar
arasında münasibətlər qurulmasından və
ünsiyyətin inkişafından bəhs olunub. Mədəni,
iqtisadi, siyasi, sosial və başqa sahələr üzrə fəaliyyət
göstərən cəmiyyətlərin üzvləri forumda
iştirak ediblər. Forum çərçivəsində
sözügedən sahələr üzrə
çalışan insanların qarşılıqlı dialoqu
qurulub. Tərəflər arasında fikir və təcrübə
mübadiləsi aparılıb: “Forumda çox maraqlı
mövzular müzakirə olunurdu, dəyərli təkliflər
irəli sürülürdü. Məruzələrin
mövzuları da çox maraqlı idi. Cənab Yakuninə
sual verəndə ki, artıq neçə ildir bu forum təşkil
olunur, bəs bu forumun məqsədi, məramı, əldə
olunan nəticələr nədən ibarətdir, o,
cavabında bildirdi ki, bu illər ərzində forumda
müzakirə olunan əksər məsələlər öz
həllini tapıb, irəli sürülən təkliflər
həyata keçirilib. Bu bir daha onu göstərir ki, forum əbəs
yerə təşkil olunmayıb, çəkilən zəhmət
hədər getməyib. Foruma hər il dünyanın
bütün ölkələrindən çoxlu sayda nümayəndənin
qatılması bu tədbirə insanlar tərəfindən
böyük maraq göstərildiyini sübut edir. Tədbir
zamanı müxtəlif sahələrin təmsilçilərin
arasında ünsiyyət, əlaqələr qurulur və gələcəkdə
onların işbirliyi yaranır. Biz də forumda bir sıra
insanlarla ünsiyyətdə olduq. Onlar arasında elələri
var idi ki, Azərbaycan haqqında az məlumatlıydı və
bizdən ölkəmiz haqda ətraflı məlumat verməyi
istəyirdi. Biz də, təbii ki, Azərbaycan haqda onları
maraqlandıran bütün suallara ətraflı və
dolğun cavab verdik. Biz həmçinin forumda iştirak edən
digər ölkələrin nümayəndələrinə də
Azərbaycan, onun qədim tarixi və zəngin mədəniyyəti
barədə geniş danışdıq”.
G.Anarqızı
qeyd edib ki, o, forum çərçivəsində müxtəlif
seksiyalarda, dəyirmi masalarda iştirak edib, diskussiyalara
qatılıb: “Mən forumun əksər
iştirakçıları ilə sıx təmasda idim və
biz tez-tez görüşür, müxtəlif mövzular ətrafında
müzakirələr aparırdıq. Biz forum
iştirakçılarına bildirdik ki, Qafqaz sıra
dağları Xəzər dənizi arasında yerləşən
Azərbaycan planetin nadir guşəsidir. Azərbaycan qədimdən
“odlar ölkəsi” adlandırılır. Buna səbəb səthə
yaxın yerləşən neft və qaz yataqları idi.
Çatlardan yuxarı çıxan təbii qaz tez-tez
ildırım və ya tonqalın pis yandırılması nəticəsində
alışırdı. Torpaqdan qalxan bu alov məşəlləri
qədimdə adamlara çox güclü təsir
bağışlayırdı. Buraya XIX əsrin sonuna qədər
Hindistandan atəşpərəstlər ziyarətə gəlirdilər.
Onların məbədləri bu günə qədər
Bakının yaxınlığında Abşeron
yarımadasında qalmışdır. Buradan Bizans sirli “yunan
alovu” üçün neft aparırdı. Bu gün də yeni
müstəqil Azərbaycan dövləti bütün
dünyada əsasən öz neft mədənlərinə
görə məşhurdur. Lakin bu cavan ölkə zəngin və
qədim tarixə malikdir. Onun ərazisində ibtidai insanın
sakin olduğu ən qədim yerlərdən biri – Azıx
mağarası – aşkar edilmişdir. Bakının
yaxınlığında Qaradağ dağlarında
yaşı təxminən 10 min il olan qaya üzərində həkk
olunmuş şəkillər qalmışdır. Fikrimcə,
Azərbaycanın zəngin mədəniyyətinin, adət-ənənələrinin
təbliği, Avropa və dünya mədəniyyətinə
inteqrasiyası üçün belə tədbirlərdə fəal
iştirak vacibdir. Mən imkanım olduğu təqdirdə
növbəti illərdə keçiriləcək forumlara da
qatılmaq fikrindəyəm”.
G.Anarqızı
vurğulayıb ki, forum çox yüksək səviyyədə
və gözəl bir məkanda – Rodos adasında təşkil
olunub: “Rodos Yunanıstana məxsus olan və ölkə
paytaxtı Afinadan 270 dəniz mili aralıda, Egey dənizində
yerləşən adadır. Adanın ərazisi 1398 kilometrdir.
Böyüklüyünə görə Rodos adası
Yunanıstan adaları arasında 4-cü yeri tutur. Adanın əhalisi
125 000 nəfərdir. Rodosun iqlimi Aralıq dənizi hövzəsi
iqliminə uyğun olaraq mülayimdir. İlin 300 günü
günəşli olur. Adanın uzunluğu 78 km, eni isə 38
km-dir. Sahillərini qərbdən Egey dənizinin, şərqdən
Aralıq dənizinin suları yuyur. Egey dənizinin yuduğu
sahil ərazilərdə bitki örtüyü daha zəngindir.
Rodos Yunanıstanın ən əsas turizm mərkəzlərindən
biridir. Adanın inzibati mərkəzi şimal-şərqdə
yerləşən Rodos şəhəridir. 1912-ci ilə
İtaliya-Osmanlı müharibəsinin nəticəsində
İtaliya adanı ələ keçirib. 1948-ci ildə isə
Rodos adası Yunanıstana birləşdirilib. Oranın gözəl
iqlimi və yaradılan rahat şərait tədbirin yüksək
səviyyədə keçməsinə böyük kömək
etdi”.
Yaradıcılıq
planlarından söz açan G.Anarqızı qeyd edib ki,
“İbrus” teatrında onun əsəri səhnələşdiriləcək:
“Artıq işin 90 faizi görülüb, kiçik bir hissəsi
qalıb. Fikrimcə, çox maraqlı bir tamaşa
alınacaq son nəticədə. Mənə elə gəlir
ki, həm bizim teatr aləmi üçün həm də,
kino aləmi üçün çox maraqlı bir yenilik
olacaq. Mən novatorluğu xoşlayıram,
çalışıram ki, daim
çalışdığım sahəyə yenilik gətirim.
Mənə elə gəlir ki, bizim bu son işimiz yeni ab-hava gətirəcək.
Hazırda teatrda təmir işləri gedir. Deyilənlərə
görə bu yaxınlarda təmir işləri başa
çatacaq. İnanıram ki, bu ilin axırına kimi biz bu
tamaşanı tamaşaçılara təqdim edəcəyik”.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2011.- 15 oktyabr.- S.11.