Nəfs
hekayə
Axşamdan
xeyli ötmüşdü. Uşaqların bütün gün
vurnuxduğu dolanbac, tozlu-torpaqlı kənd yollarından əl-ayaq
çəkilmiş, ətrafa sakitlik
çökmüşdü. Güldəstə həyət-bacanı
süpürmüş, toyuq-cücəni hinə
salmış, qapalağını bərkitmişdi. Qonşusu
Tamaşa xalanın kürt düşmüş çil
toyuğunu tülkü aparandan sonra gözü yamanca
qorxmuşdu. Toyuq-cücənin yaxın həyətlərə
dadanan bu şələquyruğa yem olmasından
ehtiyatlanırdı. Ocağın gözünə atmaq
üçün bir qucaq çırpı gətirmişdi.
Örüşdən qayıdan mal-qaranı tövlədə
rahatlayıb, altını təmizləmiş, yemini-suyunu
vermişdi. Yanıbalalı Bəzək inəyini
sağmış, üzlü süddən qatıq
çalıb, qazanın üstünü bərk-bərk
basdırmışdı. ...
Səhər tezdən su
qırağından yığdığı təzə-tər
pencərdən bişirdiyi xörəyi boşqablara çəkib
süfrəyə düzdü. Təndirə
yapdığı ətirli çörəkdən, yuxadan
qalaqlayıb ortaya qoydu. Balalarını başına
yığıb qarınlarını doyurdu. Sonra onları
yatağına salıb arxayınlaşdı. Könlündən
bürünüb yatmaq keçsə də, yerindən
qalxdı. Bir neçə görüləsi işi vardı.
Barmaqlarının ucunda otaqdan çıxmaq istəyirdi ki,
sonbeşiyi, iki yaşlı Gülyazın səsinə geri
döndü. Qızcığazın yuxuya getməsi ilə
oyanması bir oldu. Mürgülü-mürgülü nəsə
mızıldanırdı. Gülyazın
nasazlığını düşündü: “Yəqin
uşağa soyuq dəyib, yeməyi, yatmağı da
azıb-çaşıb”. Artırmaya çıxdı.
Qonşu qızı Validə ilə birgə köməkləşib
ertədən bişirdiyi böyürtkən mürəbbəsini
ləyəndən şüşə qablara boşaldıb
çardağa yığdı. Taxçalara
düzdüyü yarpaq tutması və şorabalara, əncir
riçalına, torbalardakı tut, xurma qurusuna nəzər
saldı. Qışa tədarük gördüyünə, bu
gün-sabah qapını alacaq soyuq fəsil üçün
balalarına az-çox azuqə hazırladığına
görə sevindi. Çardaq çox sərin idi.
Üşüdüyünü hiss elədi. Küpədə
saxladığı yağı götürüb pillələri
ehmalca endi. Nəzərləri dünən mal nobatına gedib
yağışa-çiskinə düşmüş
böyük oğlu Əhmədin qapalağın
ağzında atılıb qalmış qaloşlarına
dikildi. Ərinməyib rezin ayaqqabıları yerdən
qaldırdı, zığ-palçığını yudu,
çəpərin yanındakı iri
çaydaşının üstünə qoydu. Yalın
başında, iki gözdən ibarət evdə yaşayan
Güldəstənin ailəsi kənddə ən kasıb ailələrdən
sayılırdı. Yenə əri Məmmədin
sağlığında dolanışıqları babat idi.
Yük maşını sürən Məmməd ağır
yol qəzasında öləndən sonra ailənin
bütün qayğıları Güldəstənin
çiyinlərinə düşmüşdü. Evin həm
kişisi, həm arvadı olmaq, doğrudan da, çətin
idi. Cavan və sağlam ərinin itkisi Güldəstəni
yandırıb-yaxmış, əlini hər yerdən
üzmüşdü. Bəlkə də qürurlu, mərd
olduğuna görə onu lap çox sevmişdi. İndi
dörd uşaqla damın altında başsız
qalmış, tənha gecələrdə Məmmədin
vaxtsız-vədəsiz ölümünə o ki var göz
yaşı axıtmışdı. Qonşu arvadları, qohum-əqrəba
yığışıb ona təsəlli vermiş, necə
deyərlər, qaradan çıxmağı məsləhət
görmüşdülər. Çəpər qonşusu,
ağbirçək Telli xala sinəsini irəli verib
demişdi: “Bir sənin başına gəlməyib ha, nə
birinci, nə də axırıncı deyilsən. Odur hey,
Tamaşanın qızı Səkinə vur-tut üç ilin
gəlini oldu. Olacağa çarə yoxdu, Allah səbr versin,
qızım”. Güldəstə indi bütün bunları
yada salır, çətin anlarında, ailəsinin
yavanlığı olmayanda dadına yetənləri,
xeyirxahlıq edib kömək göstərənləri
xatırlayırdı. Ailəsinə ən çox əl
tutan, son ümid yeri – təkcə qardaşı Səftər
idi. O, özü elə də böyük imkan sahibi olmasa da,
dayı borcunu yerinə yetirib atasız qalmış
uşaqlara tez-tez baş çəkir, dərd-sərindən
xəbərdar olurdu. Elə keçən şənbə
payızlıq buğdadan dəyirmanda
üyütdürdüyü iri un çuvalını
bacısının qapısında düşürüb,
Güldəstəni sevindirmişdi. Qarşısına
çıxan on dörd yaşlı Əhmədə:
“Bacıoğlu, hazırlaş, səni avtoçilingərlik
kursuna yazdıracağam, əlin çörəyə
çatsın,” – deyib getmişdi. Dayısının bu canıyananlığı,
Əhmədi bir yana çıxarmaq barədə
düşünməsi Güldəstəni əməlli-başlı
kövrəltmişdi. Fikirləşirdi ki, oğlu
yaşıdı olan kənd cavanları kimi dəhrədən,
beldən, oraqdan yapışmaz, əlləri qabar bağlamaz,
bir sənətin qulpundan tutar: Bu xəyalların içində
ikən birdən qulağına taqqıltı səsi gəldi.
Əvvəl elə düşündü ki, yuxuludur, onu qara
basır. Ayaq səsləri, hənirti yaxınlaşdıqca
ürəyinə şübhələr, qara-qorxu dolmağa
başladı. Gecənin yarısında onun həyət-bacasına
kim girə bilərdi? Yorğanı üstündən atıb
yatağından qalxdı. Uşaqlar oyanmasın deyə,
barmaqlarının ucunda yeriyərək pəncərəyə
yaxınlaşdı. Tül pərdəni ehmalca aralayıb ətrafa
boylandı. Gözünə qaraltı göründü və
bir anda yoxa çıxdı. Sonra tövlənin
qarşısında iki kölgə peyda oldu. Başı
papaqlı, ayağına uzunboğaz çəkmə
geymiş, iri gövdəli, yöndəmsiz kişi əlindəki
tüfəngi havada yelləyərək tövlədən
çıxıb qoyunları qabağına qatan cavan
oğlana göstəriş verir, onu tələsdirirdi.
Güldəstə həyət qapısının kilidini
qırıb tövləyə girmiş mal-qara
oğrularını görəndə damarında qanı
dondu. Nə edəcəyini bilmirdi. Evinin ruzi-bərəkətinə
göz dikən talançıların qarşısını
necə alsın? Götür-qoy etməyə macal yoxuydu. Xələtini
əyninə geyib, güllü şalını başına
doladı, başmaqlarını ayağına keçirib həyətə
endi. İns-cins gözə dəymirdi. Qapısı taybatay
açıq qalmış tövlədən aparılan
heyvanların ayaq izləri açıq-aydın sezilirdi.
Yüyürərək darvazadan çölə
çıxdı. Özünü oğrulara
çatdırıb heyvanları geri qaytarmaq istəyirdi.
Nankor, başqasının varı-mülkü hesabına
ömür-gün sürənləri dodağının
altında o ki var söyüb-yamanlayırdı: “İşə
bir bax, nə qədər yaramaz olasan, onun-bunun həyətinə
xəlvətcə dürtülüb oğurluq edəsən.
Kasıb balasının boğazına şərik
çıxasan”.
Qoyun-quzunu
qabağına qatıb aparanlar isə Güldəstəni
xeyli arxada qoymuşdular və bu talesiz qadının onları
qarabaqara izləməsindən xəbərsiz idilər. Güldəstə
yalın başından çayın kənarınadək
uzanan torpaq yolla gedir, necə deyərlər, hirsindən
dişi bağırsağını kəsirdi. Əvvəlcə
düşünürdü ki, bu quldurların dalınca gedib
onların yerini-yurdunu öyrənsin və polisə bildirsin. Bəlkə,
bu minvalla istəyinə çata. Tez də fikrindən
daşındı, az qala özünü qınamağa
başladı: “Sənin nəslində polisə, milisə
gedib, şikayət edən olmayıb. Dul arvadsan, ailən
başsız qalıb, sənə belə şeylər
yaraşmaz. Bir də ki, bu işin düşər-düşməzi
olar, fırlanıb-dolanıb öz başında çatlar.
Yazıq, köməksiz balalarından hayıf
çıxarlar. Onları qoru, axı, bu haqsız dünyada sənin
kimin var?” Gecənin qaranlığında
üzüaşağı yolla irəliləmək elə də
asan deyildi. Sakit-sakit axan çayın qamış
basmış, çala-çuxurlu sahili ilə gedir, kol-kosa
ilişirdi. Birdən ayağı iri bir kötüyə dəyib
zərblə yerə çırpıldı. Ağrıdan
qışqırıb ufuldamağa başladı.
Üz-gözü sıyrılmış, sağ dirsəyi bərk
əzilmiş, dizləri göynəyirdi. Qarğış eləməkdən
özünü saxlaya bilmədi. Qoyunları haraylayıb
aparan oğrular qəfil qışqırıq səsinə
geriyə dönüb ətrafa boylandılar. Bir kölgə
kimi onları izləyən qaraltını görəndə
bir anlıq özlərini itirdilər. Düşündülər
ki, gecənin bu vədəsində tənha qadın buralarda nə
gəzir? Yoxsa, bizim əməlimizdən xəbərdar
olduğu üçün arxamızca gəlib? Güldəstə
heyi-hərəkəti qalmasa da, qamətini düzəldib
üst-başının toz-torpağını
çırpdı, iki-üç addım irəlilədi. Əliçomaqlı
kişinin ona tərəf yeridiyini görüncə canına
üşütmə düşdü. Bu yekəpər, eybəcər
adama zəndlə baxdı. Zülmət gecədə üz
cizgilərini sezmək çətin olsa da, çalpapaq
kişinin çənəsindəki dərin çapıq
gözündən yayınmadı. Birdən qeyri-iradi:
– Ay aman bu ki Çapıq Məhərrəmdir!
– deyə var gücü ilə çığırdı.
– Arvad, sən kimsən? Kimin külfətisən?
– Çapıq Məhərrəmin
kor-kobud səsi gecənin qaralığında əks-səda
verdi.
–
Kimin gözünə kül üfürürsən, yoxsa məni
tanımırsan?
– Bu sözləri deyən Güldəstənin
qorxu-hürküsü sanki əriyib yoxa
çıxmışdı: – Kimin evini
taladığını yaxşı bilirsən,
özünü tülkülüyə vurma! Qabağına
qatdığın doqquz baş heyvanı Məmmədin yetimlərinin
boğazından kəsmisən, namərd oğlu namərd, nəfsinə
yiyəlik eləyə bilmirsən, belə vicdansızlıq,
tamahkarlıq olar? Təxminən on il əvvəl baş
vermiş hadisə Güldəstənin gözü
önündə canlandı. Gor qonşuları, əri cavan ikən
ağır xəstəlikdən vəfat etmiş, bir çətən
külfəti olan Səlimənin iki inəyini oğurlayıb
satmış Məhərrəmin bu alçaq hərəkətinə
dözməyən Məmməd onu tapıb kənd içində
üzünə tüpürmüş, nakişi
adlandırmışdı. Sonralar oğurluq şakərindən
əl çəkməyən Məhərrəmi tutub dama
basmışdılar. Bir neçə il cəzasını
çəkib qayıtmışdı. Türmədən ona
yadigar qalan isə üzündəki dərin çapıq
idi. Kənddə danışırdılar ki,
arvad-uşağa sataşdığına, kasıb-kusubun
malını apardığına görə “vorzakonlar” Məhərrəmi
məhbəs qanunları ilə cəzalandırmışdı.
Amma bu da ona dərs olmamışdı. Güldəstə ona
daşın haradan dəydiyini indi bir daha başa
düşdü. Hər cür naqislik, dələduzluq,
müftəxorluq boyuna biçilmiş bu yaramaz vücud onun
qarşısında idi. Odur ki, dişinin dibindən
çıxanı onun sifətinə yağdırmağa
başladı:
– Sən də adını kişi
qoymusan, hələ bir başında papaq da gəzdirirsən? Məmməd
sağ olsaydı, bu qələti eləyə bilməzdin, dərinə
saman təpərdi. Əlinə girəvə keçib,
fürsət tapıb bizdən hayıf çıxırsan.
Onun-bunun hesabına yaşamaqdan nə vaxt əl çəkəcəksən?
Xalxın malını-mülkünü qarət etməkdən
doymursan? Hələ bu cavanı da yolundan çıxarıb
yaramaz işlərə qoşmusan. Güldəstə dərindən
nəfəs alıb səsinə ara verdi və
oğruların qarşısına keçib daha qətiyyətlə:
–Amma
balalarımın boğazından kəsdiyin bu heyvanları
basıb yeyə bilməyəcəksən. Göydə Allah
var. Qaytar balalarımın qoyun-quzunu,- dedi. Çapıq Məhərrəm
o biri əlindəki qoşalülə tüfəngi silkələyib
amiranə tərzdə:
– Aaz, boş-boş danışma, səsini
kəs, keçinin buynuzu gicişəndə başını
cobanın çomağına sürtər. Zənən
xeylağı olmağına baxmaram, ha! Yolumu kəsmə, evinə
qayıt, get yetimlərinə yiyəlik elə.
– Qorxmursan ki, yetimlərin ah-naləsi
səni tutar. Sənin bu hərəkətin Allaha da, bəndəyə
də xoş getməz. Gəl bu daşı ətəyindən
tök!
–
Güldəstənin səsi titrədi, lakin tez
özünü ələ alıb:
–
İstəyirsən atəş aç, ya başımı kəs!
O heyvanları ancaq meyitimin üstündən apara bilərsən.
Qarşısındakı qadının cəsarətini,
dönməzliyini, ölümdən belə
qorxmadığını görən Çapıq Məhərrəm
bir addım geri çəkildi. Ürəyindən nələrin
keçdiyini bir Allah bilirdi. Deyəsən, heç belə vəziyyətə
düşməmişdi. Güldəstənin inadı
qarşısında duruş gətirə bilmədi. Əzazil,
zalım, yırtıcı xislətinə görə
hamının çəkindiyi, üz-göz olmaq istəmədiyi
bu yalquzaq sanki rəhmə gəlmişdi.
O, əlindəki zorba
çomağı yerə tullayıb xırıltılı səslə:
–Götür apar, sox
gözüyün giləsinə! İt aparan olsun! lll Bu
payız gecəsi yaşadıqlarımı kaş Allah
ömrümə yazmayaydı. Haram tikə ilə
böyüyüb müftəxorluqla dolanan,
başqasının malına-puluna qənim kəsilən bir
nadürüstün əliylə qətlə yetirilərdim. Səssiz-səmirsiz
gecənin zülmətində canımı elə alardılar
ki, heç bir tikəm də ələ düşməzdi.
Onda binəsib balalarım kimin ümidinə qalardı?
Güldəstə bütün bunları düşünə-düşünə
gəldiyi yolla geri qayıdır, qoyun-quzunu haylayıb evinə
aparırdı. Tikan kollarının daladığı,
qanatdığı ayaqlarına, sıyrılıb göynəyən
dizlərinə fikir vermədən yeriyir, darvazası
açıq qalmış, körpə balaları
mışıldayan isti ocağına tələsirdi.
İşdən-gücdən yorulub yatmış doğma kəndinin
sükut anları da gözəl idi. Güldəstənin bəxtindən
buludların arxasından ay doğmuş, ətrafı
işıqlandırmışdı. Bədirlənmiş,
parlaq ay tənha qadının başı üstündə
cövlan edərək onunla qoşa addımlayırdı...
Zemfira MƏHƏRRƏMLİ
525-ci qəzet.- 2011.- 18 oktyabr.- S.7.