Vətəndaşları
ilə öyünən Azərbaycan, adın mübarək!
O kəs
xoşbəxtdir ki, müstəqil məmləkət deyilən
bir diyarda Vətənin hər daşını sevə-sevə,
hər qarışını gəzə-gəzə
yaşayır. Və o kəs qürurlana bilər ki, Vətənin
hər daşını sevə-sevə məmləkətinin
vətəndaşına çevrilir. Bu gün Azərbaycan
Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan
adlı məmləkətin insanları alnıaçıq,
heç bir tərəddüd etmədən bu ölkənin vətəndaşı
olmaqla qürur duya bilər. Əslində, fikirləşəndə
ki, müstəqil Azərbaycan adlı vətəndaş 20
yaşını qeyd edir, bir anlıq düşünürsən
ki, bu vətəndaş ötən illər ərzində nələrə
nail olub, hansı uğurlara imza atıb, nələri süzgəcdən
keçirib, sonunda özü süzgəcdən keçib,
dostunu, düşmənini ayıra bilibmi? Ötən günlərə
nəzər yetirəndə, heç şübhəsiz, ilk
andaca Azərbaycan dövlətinin vətəndaşının
bələkdə ikən öz qonşusunun xəyanəti ilə
üzləşdiyinin şahidi olursan. Gözünü
açıb dünyaya öz düşüncəsi ilə
baxmaq istərkən arxadan zərbə aldı. Ancaq,
şükürlər olsun ki, sınmadı, əyilmədi, əlində
vətən daşı, yaba mübarizə apararaq tankların
lüləsinə sinə gərdi. Elə ilk müasir Azərbaycan
vətəndaşı bədxah qonşulardan xəyanət
görərkən, qanlı 20 Yanvar gecəsində azadlıq
eşqi ilə alışıb yananda formalaşdı. O
gündən müstəqil Azərbaycan dövlətinin vətəndaşları
dünyaya göz açdılar. Müstəqilliyimizi 1991-ci
ilin oktyabrında qazansaq da, məhz həmin gün – 1990-cı
ilin qanlı 20 yanvar gecəsində Azərbaycan öz müstəqil
vətəndaşları ilə öyündü. Şəhid
verdik, ancaq “şəhid qanı ilə qurulan ölkənin
bünövrəsi möhkəm olur” deyənlər
yanılmırlar. Müstəqilliyini bərpa edən Azərbaycanın
bünövrəsi elə qurulub, ölkənin inkişafı
üçün elə strateji seçim olub ki, ildən-ilə
böyüdükcə Avropaya inteqrasiya edir, regionun
aparıcı dövlətinə çevrilir, güclü
iqtisadi baza yaradır. Bunun nəticəsidir ki, Azərbaycan
Avropa ailəsinin içindədir, artıq öz siyasi,
iqtisadi iradəsini ortalığa qoya bilib. Ölkənin
böyüklüyündən, balacalığından,
hegemonluğundan çəkinməyərək, vətəndaşlarına,
milli maraqlarına zərrə qədər xələl gələcəyi
halda öz iradəsini nümayiş etdirmək iqtidarındadır.
Buna səbəb isə Azərbaycan dövlətinin 1993-cü
ildən başlayaraq düzgün strategiyanı seçməsi
oldu. Siyasi, iqtisadi və sosial islahatlar paralel aparıldı.
Müstəqilliyin ilk illərində – 1991-1993-cü illər ərəfəsində
yaranan xaos vəziyyət ölkənin müstəqilliyini
şübhə altına almışdı. Xalqın təkidi
və tələbi ilə hakimiyyətə gələn Heydər
Əliyevin seçdiyi yol, apardığı islahatlar bu
gün Azərbaycana müstəqil siyasət aparmaq, öz iradəsini
ortaya qoymaq kimi üstünlüklər verib. Məhz bunu 20
yaşlı Azərbaycanın, onun vətəndaşının
əsas uğurlarından biri saymaq olar. İndi Azərbaycanın
azadlığı, gələcəyi öz vətəndaşlarının
əlindədir. Ölkədə yaradılan əlverişli
investisiya mühiti, möhkəm hüquqi baza Azərbaycanı
tərəqqiyə aparan amillərdən biridir. Azərbaycanın
daxili və xarici siyasətinin prioritetləri elə
seçildi ki, bu gün ölkəmizin xarici
asılılığı yoxdur. Daxildə ideologiya elə
formalaşdırıldı ki, hər bir vətəndaş Azərbaycan
adlı məmləkətini sevir, onu qoruyur. Bu siyasət Azərbaycan
dövlətçiliyini möhkəmlədib inkişaf etdirməyə
və milli mənafeləri qorumağa yönəldilib. Bu
ideologiyanın balanslılığı elə seçilib ki,
həm türkçülük, həm müasirlik, həm də
islam var. Hər üçünü içində
formalaşdıran Azərbaycan vətəndaşı islam
ölkələri üçün əlverişli model
yaradıb. Dil, ərazi, din və ideoloji birlik xalqın, millətin
və dövlətin tarixi varlığının əsas
atributlarıdır. İdeologiya cəmiyyətdə milli
birliyi və ümumxalq münasibətlərini qorumaq, millətin
və onun dövlətinin mövqeyini izah və təsdiq etmək
üçün yaradılır.
Azərbaycanın seçdiyi ideoloji model milli birliyin qorunmasına yönəlib. Azərbaycanda formalaşan ideologiyada zora yer yoxdur,
xalqa zorla özünə hörmət
etdirmək yoxdur.
Buna görə də, bu ideologiyanın
əsası xalqın
ləyaqətini uca tutmaqdır. Bu ideologiyanın mövcudluğu
Azərbaycanda insanların
şəxsiyyət kimi
formalaşmasına, vətəndaş
mövqeyindən çıxış
etməyə birbaşa
təsir edib. Düzdür,
bizim bu gün hələ həllini gözləyən
ən ağrılı
yerimiz – Dağlıq Qarabağ yarası var. Bu yaramız çox iliklərə yeriyib.
Təəssüflər olsun ki, beynəlxalq aləmin ikili siyasəti, hegemon dövlətlərin
Azərbaycanın bu problemin həll ediləcəyi təqdirdə
daha qüdrətli olacağı qorxusu münaqişənin ədalətli,
beynəlxalq hüquq və prinsiplər çərçivəsində həllini yubadır.
Ancaq bədxahlarımız, onları
himayə edənlər
anlamalıdırlar ki,
tarix boyu döyüşlərdə, mübarizələrdə
formalaşan azəri türkünü bu cür işlərlə sındırmaq qeyri-mümkündür.
Buna nə Azərbaycan
dövləti, nə onun başında duran Prezidenti, nə də vətəndaşları yol
verməyəcəklər. Biz bu gün problemin
həlli üçün
sivil yollar axtarırıq, ancaq o da tükənəndə,
sözsüz ki, illər boyu “gəlin münaqişəni
sülh yolu ilə həll edək” deyən Azərbaycan sonunda öz hüququnu, tapdalanmış haqqını
başqa vasitələrlə
bərpa edəcək.
Mən böyük fəxrlə deyə
bilərəm ki, Azərbaycanın əldə etdiyi,
qazandığı ən böyük sərvəti onun vətəndaşıdır.
70-il əsarətdə yaşayan Azərbaycanın qısa
müddətdə, sözün əsl mənasında, vətəndaşları
bol olan ölkəyə çevrilməsi hər dövlətə
və millətə qismət olmur. Bu, bir daha onu göstərir
ki, bizim çox böyük tarixi, dini, milli ənənələrimiz
olub. Zatımız pak olub, vətənpərvər olub. Vətəndaşı
bol olan dövlət heç zaman basılmaz, əyilməz. Nə
gözəl ki, sən varsan, AZƏRBAYCAN, nə gözəl
ki, sən varsan, AZƏRBAYCAN VƏTƏNDAŞI! Vətəndaşları
ilə öyünən Azərbaycan, adın və ad günün
mübarək!
Emil HÜSEYNLİ,
“Trend”in Azərbaycan
redaksiyasının rəhbəri
525-ci qəzet.- 2011.- 18 oktyabr.- S.6.