Eynəli bəy Sultanov haqqında kitab çap olunub

 

XIX əsrin sonları XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan görkəmli yazıçı, dramaturq, publisist, tərcüməçi, pedaqoq, ictimai xadim Eynəli bəy Sultanovun anadan olmasının 145 illik yubileyi ilə əlaqədar olaraq hazırlanmış “Eynəli bəy Sultanov: taleyi və sənəti” adlı kitab bugünlərdə işıq üzü görüb.

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin tərtib etdiyi kitabda maarifpərvər yazıçı Eynəli bəy Sultanovun (1866-1935) fədakarlıqla dolu həyatından, taleyindən danışılır, çoxcəhətli yaradıcılıq fəaliyyətindən, mədəni tədbirlərin həyata keçirilməsində ictimai xadimin əvəzsiz rolundan və Naxçıvanın maarifçi mühitinin formalaşmasında göstərdiyi xidmətlərindən ətraflı məlumat verilir. “Elm və təhsil” nəşriyyat-poliqrafiya müəssisəsi tərəfindən çap olunan 240 səhifəlik yeni nəşrdə eyni zamanda Naxçıvan teatrının yaradılmasında mühüm xidmətləri olmuş Eynəli bəy Sultanovun teatr tarixində göstərdiyi böyük fədakarlığından bəhs olunur.

Qeyd edək ki, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsi, AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor İsa Həbibbəylinin rəhbərliyi ilə Naxçıvan ədəbi mühitinin öyrənilməsi istiqamətində bir çox görkəmli ədib və alimlərin həyatı və yaradıcılıqları ilə bağlı yeni materiallar toplamış, sistemləşdirmiş və çap etdirmişlər. Görkəmli yazıçı, dramaturq, ictimai xadim Eynəli bəy Sultanovun 145 illiyinə qiymətli bir hədiyyə olan “Eynəli bəy Sultanov: taleyi və sənəti” adlı kitab da bu tədbirlərin davamıdır.

 

 

525-ci qəzet.- 2011.- 19 oktyabr.- S.7.