“Zirvədəki şəxsiyyətlər:Səməd Vurğun – 105”

 

Xalq şairi Səməd Vurğunun 105 illik yubileyi münasibətilə anım mərasimi gerçəkləşəcək. “Zirvədəki şəxsiyyətlər: Səməd Vurğun – 105” adlı tədbir Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Səməd Vurğunun ev – muzeyi və Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin “Bura Vətəndir” məclisi tərəfindən birgə həyata keçirəcək. Öncə tədbir iştirakçıları Səməd Vurğunun Fəxri Xiyabandakı məzarını ziyarət edəcək, ədibin xatirəsini bir dəqiqəlik sükutla yad edəcək, məzarı üzərinə güllər qoyacaqlar. Burada ədibin nəvəsi, Səməd Vurğun Fondunun və ev-muzeyinin rəhbəri Aygün Vəkilova çıxış edəcək. Daha sonra mərasim iştirakçıları Səməd Vurğun bağında ucaldılmış şairin heykəli önündə onu bir daha xatırlayacaqlar. Burada filologiya üzrə fəlsəfə doktoru, Vurğunşünas Aslan Salmansoy çıxış edəcək, muzeyin elmi işçisi Mələk Musayeva Vaqif Səmədoğlunun “Atamın məktublarına cavab” şeirindən bir parça səsləndirəcək.

Tədbirin davamı şairin ev-muzeyində olacaq. Tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olacaq və ədəbi-bədii proqrama uyğun çıxışları dinləyəcəklər. Burada Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov, muzeyin direktoru Aygün Vəkilova, əməkdar mədəniyyət işçisi, “Bura Vətəndir” məclisinin sədri Səriyyə İsmayılova, filologiya elmləri doktoru Adilxan Bayramov, filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədli və başqaları çıxış edəcəklər.

Tədbirdə S.Vurğunun şeirlərindən nümunələr səsləndirəcəklər. Xalq artisti Ağaxan Salmanlı, aktyorlar Elşən Rüstəmov, Elşən Şıxəliyev, Eyvaz İbrahimov Səməd Vurğunun “Vaqif” poemasından bir parça göstərəcəklər. Şairin poeziyasından nümunələri Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artisti Vahid Əliyev və aktrisa Xalidə Şərifova səsləndirəcəklər. Bundan başqa, tədbirdə teatrın aktyoru İlham Əsədov musiqi parçası ilə çıxış edəcək.

Mərasimdə həmçinin, İtaliyada gənc ifaçılar arasında keçirilən Beynəlxalq müsabiqədə birincilik qazanan şairin nəticəsi Vurğun Vəkilov və İtaliyada vokal üzrə uşaqlar arasında keçirilən Beynəlxalq müsabiqədə birinci yerə layiq görülmüş Emin Xəzər musiqi parçası ifa edəcəklər.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 19 oktyabr.- S.7.