Milli mətbuatımızda mötəbər bir ünvan – 90 yaşlı “Şərq qapısı”

 

Azərbaycan mətbuatının zəngin ənənələrini yaşadan və inkişaf etdirən, insanları maarif işığı ilə nurlandıran, Naxçıvan Muxtar Respublikasının (NMR) salnaməsini öz səhifələrində tarixə çevirən “Şərq qapısı” qəzeti tarixdə böyük xidmətləri ilə seçilməkdədir.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra yerlərdə mətbu orqanların nəşrinə böyük diqqət göstərilmiş, bu istiqamətdə geniş tədbirlər həyata keçirilmişdir. Naxçıvan inqilab komitəsinin ilk tədbirlərindən biri mətbu orqanın yaradılması olmuşdur. İnqilabın ilk illərində naxçıvanda ilk dəfə inqilab komitəsinin orqanı olan “Kommunist””” qəzetinin nəşr edilməsi ilə bağlı məlumatlar var. Filologiya elmləri namizədi, dosent Lətif Hüseynzadə qeyd edirdi ki, qəzetin yazılmasına gözəl xətti olan məktəblilər və müəllimlər cəlb edilirdilər. O, öz məqaləsində bu qəzetin 50-60 nüsxə, 2 səhifə həcmində ərəb əlifbası ilə əlyazma şəklində buraxılması haqqında məlumat verirdi. Bu mətbu orqanın nəşrində Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, professor Cümşüd Zülfüqarlı və uzun müddət məsul vəzifələrdə çalışmış Nemət Novruzovun böyük xidmətləri olmuşdur. Qəzet hazır olduqdan sonra şəhərin müxtəlif yerlərində divarlardan asılarmış. Qısa müddətdən sonra vərəqələr dövrün tələblərinə cavab vermədiyi üçün nəşri dayandırılır.

“Şərq qapısı” qəzetinin 31 mart 1925-ci il tarixli 100-cü nömrəsində bu haqda belə məlumat verilir: “1921-ci ilin əvvəllərində ölkə inqilab komitəsinin daxili işlər şöbəsi tərəfindən divar qəzetəsinə oxşar əl yazısı ilə “Kommunist” nam qəzetəsinin nəşrinə şüru edildi. Bu qəzetə həftədə bir dəfə olaraq əlli nüsxə buraxılırdı. Bir neçə vaxt keçəndən həman qəzetə bir taqım səbəblərdən qapanmağa məcbur oldu. Bundan sonra mərkəz ilə əlaqə bir növ düzəlincə Naxçıvana rus hürufatı ilə bir amerikanka (makina) gətirilməsindən istifadə edərək rus dilində inqilab komitəsi tərəfindən “Naxrespublika” namında 2 səhifəlik qəzetənin nəşrinə şüru edilsə də, yenə də göstərilən səbəblərə görə bağlanmağa məcbur oldu”.

Beləliklə, xəbərdən aydın olduğu kimi 1921-ci ildə Naxçıvan inqilab komitəsi Bakıdan ərəb və rus şriftləri olan mətbəə avadanlığı və bu avadanlığı işlətmək üçün iki mütəxəssis gətirir. Görülən ilk tədbirlərdən biri də 1921-ci ildə iki qəzetin nəşrinə başlamaq olur. Bu qəzetlərdən biri inqilab komitəsinin və hərbi hissənin orqanı olan, çətinliklər üzündən qısa müddətdə nəşrini dayandıran “Naxrespublika” qəzeti, ikincisi həmin ilin noyabr ayının birindən, şənbə günü “Cavanlar həyatı” adı ilə nəşr olunan qəzet idi. Qəzetin üz səhifəsində nəşr tarixi 9 noyabr yazılmasına baxmayaraq bütün elmi məqalələrdə qəzetin 1 noyabrdan işıq üzü görməsi haqda məlumatlar öz əksini tapıb. Bu məsələyə aydınlıq gətirmək üçün Lətif Hüseynzadənin “İlk komsomol qəzeti” başlıqlı məqaləsinə müraciət edirik: “Cavanlar həyatı” qəzeti 1921-ci ilin noyabr ayının 1-dən nəşrə başlamışdır. Bəzi texniki səbəblər üzündən qəzet noyabrın 9-da nəşr olunmuşdur”. “Naşiri-əfkari Naxçıvan Sosialist Şura Cümhuriyyətinin Cavanlar İttifaqının ölkə komitəsi” olan “cavanlar həyatı” qəzeti ərəb əlifbası ilə kiçik həcmdə, 100-150 tirajla dərc olunurdu. Müxbirlərin və mətbəə avadanlığının çatışmaması, əhalinin savadsızlığı ucbatından qəzetin nəşri tez-tez dayandırılırdı. 1921-ci ilin dekabr ayından qəzet həftədə bir dəfə olmaqla daha geniş həcmdə “Füqəra səsi” ilə əvəz olunur. Qəzetin üz səhifəsində “AK(b)P Naxçıvan ölkə komitəsinin, Naxçıvan İctimai Şura Cümhuriyyətinin, Mərkəzi İcraiyyə Komitəsinin və Həmkarlar İttifaqı Şurasının naşiri-əfkarı olan, həftədə bir dəfə çıxan türk qəzetidir” sözləri yazılmışdır.

“Şərq qapısı” qəzetinin 10 illik yubiley nömrəsində qəzetin yaranma tarixi belə təqdim olunur: “1921-ci ilin tam noyabrın 1-dən bu gün 10 yaşını keçirən “Şərq qapısı”nın ilk rüşeymi 3 sütundan ibarət “Cavanlar həyatı” adında kiçik bir qəzetdən ibarət olmuşdur. Bu qəzet bir az sonra-1921-ci ilin son həftələrindən “Füqəra səsi” ilə əvəz edilmişdir. Qəzet həftədə bir dəfə çıxmaqla ölkənin iqtisadi və siyasi məsələlərini əhatə edərək günü-gündən öz nüfuzunu artırmaqla və həm də tirajı etibarı ilə böyüməkdə idi. 1922-ci ilin yanvar ayında Azərbaycanda lazımi qədər mətbəə ləvazimatı alındıqdan sonra “Füqəra səsi” öz mövqeyini bu gün 10 sənəlik yubileyini keçirdiyimiz “Şərq qapısı”na vermişdir” .

“Şərq qapısı” qəzetinin 100-cü nömrəsinə həsr olunmuş xüsusi nömrədə ana səhifədəki “Yüz nömrə” başlıqlı məqalədə yazılır: “1922-ci ildə ölkə firqə komitəsi tərəfindən “Füqəra səsi” qəzetəsinin intişarına başlanıldı. Bir neçə nömrə çıxandan sonra makina hürufatının, ələlxüsus kağızın olmadığından bu qəzetə də əvvəlkilər kimi çox uzun ömür sürmədi”.

Daha sonra məqalə müəllifi “Şərq qapısı”nın yaranma tarixini belə xatırlayır: “1922-ci ildə yoldaş Əhməd Haşımov xalq maarif komissarı vəzifəsini ifa edən zaman Azərbaycan hökuməti ilə əlaqəyə girib və indi mövcud olan makinələri bir az miqdarda hürufat ilə Naxçıvana gətirdilər. Bundan sonra ölkə firqə komitəsi və mərkəzi icrayə komitəsi tərəfindən “Şərq qapısı” namında qəzetənin nəşrinə başlanılsa da, həman qəzetənin müdire-məsulunun ölkədən getməsi bir tərəfdən, müxbirlərin olmaması, maddi zəiflik və bu kimi səbəblər bu qəzetənin qapanmasına bais oldu”.

Qəzetin mətbəə və avadanlıq məsələsi 1922-ci il dekabr ayının 9-da Naxçıvan Xalq Komissarları Sovetinin iclasında müzakirə olunur və müvafiq qərar qəbul edilir. Məqalədə daha sonra deyilir: “1923-cü ildə Naxçıvan hökumətinin şuralaşması günü münasibətilə ölkə firqə komitəsinin məsul katibi yoldaş Tahirovun təşəbbüsü ilə yenidən “Şərq qapısı” qəzetəsinin intişarına başlanıldı. İndiyə tək bu qəzetə davam edir”.

Qəzetin ilk redaktoru, Naxçıvan xalq maarif komissarı vəzifəsində işləyən Həmid Mahmudov olmuşdur. Qəzetin 100-cü yubiley nömrəsində “Qəzetimizin rəhbərləri” başlığı altında Həmid Sultanovun və Əhməd Haşımovun şəkilləri verilmişdir. Qəzetin məsul redaktoru Həmid Mahmudov və onun müavini Abbas Gülməmmədovun, katib Mahmudovun da şəkilləri bu sayda dərc olunmuşdur.

“Şərq qapısı” qəzetinin ilk müxbirləri sırasında Əkbər Abbasov, Məmmədəli Əsədullazadə, Seyid Səbri, Nemət Hüseynov, Lətif Hüseynzadə, Hüseyn Əsədov (Naxçıvan), Həsən Əlizadə, Məmməd Rəsulov, Bağır Qazıbəyov (Şahtaxtı), Rəhim Babayev (Qarabağlar), Qədim Qədimov (Sədərək), İbnyəmin Əlverdiyev, Məmməd Axundovun (Ordubad) imzalarına rast gəlmək olar.

1923-cü ildə Bakı şəhərindən Naxçıvana gətirilən daha mükəmməl mətbəə avadanlıqları sayəsində fasilələrlə çıxan qəzetin müntəzəm nəşrinə imkan yaradılır. Əvvəllər 100-150 nüsxədən çox çıxmayan qəzet bu dövrdən 500-700 nüsxə tirajla çap olunur. Hətta yazıçı və müxbirlərə yazı haqqı da verilir. Redaksiya tərəfindən müxbirlərə şəxsiyyəti bildirən şəhadətnamələr də təqdim olunur. Lakin bununla belə qəzetin vəziyyəti qənaətbəxş sayılmır.

1924-cü ilin ortalarından “Şərq qapısı”nın həyatında dönüş nöqtəsi yaradılır. mərkəzi hökumət tərəfindən qəzetə maddi vəsait ayrılmasından sonra maddi-texniki bazası gücləndirilir. Hakimiyyət öz mətbu orqanının fəaliyyətinə həssaslıqla yanaşır. bu da qəzetin səviyyəsinin əvvəlki illərə nisbətən yüksəlməsinə səbəb olur. Qəzet həftədə iki dəfə olmaqla daha yüksək tirajla nəşr olunur.

1925-ci ilin mart ayının 31-də qəzetin 100-cü nömrəsi işıq üzü görür. Qəzetin bu yubiley nömrəsi böyük təntənə ilə qeyd edilir. Yubileylə əlaqədar qəzet 1000 nüsxə ilə buraxılır. Həmin nömrədə dərc olunan baş yazıda deyilir: “Əsrlərdən bəri maarif və mədəniyyətin parlaq ziyasından məhrum olaraq cəngavərlər, cəlladlar pəncəsində inləyən Naxçıvan tarixində bu gün göstərilməmiş bir bayram; gələcək nəslə şərəfli bir yadigar buraxacaq həman bu yadigar, şərqin qapısında yaşayan Naxçıvan ölkəsinin türk əməkçiləri tərəfindən mövhumat və cəhalətə qarşı vurulan 100 ədəd maarif qurşunu və 100 nömrəyə varmış olan bir türk qəzetəsidir” .

Müxbirlərin sayını artırmaq, onların bilik səviyyəsini yüksəltmək üçün müntəzəm olaraq tədbirlər keçirilir. Bu mənada, müxbirlərin konfranslarının keçirilməsi ənənəyə çevrilir, Azərbaycan müxbirlərinin qurultayına nümayəndələr seçilir. XX əsrin 20-ci illərinin ortalarından qəzetlə əməkdaşlıq edən yeni nəsil müxbirlər, ziyalı və şairlərdən Məhəmməd Rəsizadə, Fəraməz Mahmudbəyov, Əli Həsənzadə, Xəlil Abbasov, Abbas Qasımov, Müzəffər Nəsirli, Əkbər Ənnağıyev, Əsgər Kəngərli, Bayram Mərdanlı, Əkbər Dadaşlı, Qurban Yusifzadə, Seyidtağı Seyidov, Xəlil Məhərrəmov, Hüseyn İsmayılov, Müseyib Mehdiyev, Qulam Babayev, Cabbar Haqverdiyev, Bəhlul Tarverdiyev, Nağı Novruzov, Hüseyn Vəkilov, İsmayıl Əylisli, Möhbalı Qasımov, Bünyamin Yusifzadə, hətta qadın müxbirlərdən Anna Xarlamova, Rübabə Sadiqova, Səkinə Rzalı, Xanım Mehdiyevanı misal göstərmək olar.

1931-ci ildə isə “Şərq qapısı” qəzeti 10 illik yubileyini qeyd edir. Qəzetin 25 iyul 1931-ci il tarixli nömrəsi yubileyə həsr olunub. Bu münasibətlə Bakıda çıxan “Kommunist”, tbilisidə çıxan “Zarya vostoka” qəzetləri, Gürcüstan K(b)P Mərkəzi Komitəsinin orqanı olan “Yeni kənd” qəzeti də “Şərq qapısı” qəzetinin 10 illik yubileyi münasibətilə təbrik məktubu göndərmiş və yaradıcı kollektivə uğurlar arzulamışlar.

1933-cü ilin 30 dekabr tarixi də qəzet üçün yaddaqalan günlərdən birinə çevrilir. Həmin gün qəzetin 1000-ci nömrəsi çapdan çıxır. Bu münasibətlə də rəngli formatda yubiley nömrəsi nəşr olunur. Beləliklə, belə nəticəyə gəlmək olar ki, Gənclər İttifaqının orqanı olaraq həyata vəsiqə alan “Cavanlar həyatı”nın qısa müddət ərzində təkmilləşərək daha geniş formatda və məzmunda nəşrini davam etdirməsi siyasi baxımdan daha önəmli olduğundan hakimiyyət “Füqəra səsi”nin davamlılığında məqsədli olmuş və həmin qəzet 1922-ci ilin aprel ayından “Şərq qapısı” adı altında yenidən bərpa olunsa da, 1923-cü ilin ortalarından varlığını bugünədək qoruyub saxlaya bilmişdir.

“Şərq qapısı” qəzeti 1930-cu ilədək ərəb, 1930-1940-cı illərdə latın, 1940-cı ildən 2001-ci ilin iyununadək kiril əlifbası ilə çap olunub. Həmin dövrdən indiyədək latın əlifbası ilə nəşr olunur.

Vətənin işğalçılardan azadlığı uğrunda mübarizədə sözün, xüsusən mətbuatın təsiri əvəzsizdir. Əsasən xalqda vətənpərvərlik hissinin gücləndirilməsində təbliğatın hansı formada və necə aparılması böyük rol oynayır. Bu baxımdan, XX əsrin ən dəhşətli müharibəsi sayılan II dünya müharibəsi illərində NMR-in aparıcı mətbu orqanı olan “Şərq qapısı” qəzetində dərc edilən materiallar insanlarda faşizm üzərində qələbəyə inamı gücləndirmiş, onlarda dövlətin gücünə, əyilməzliyinə əminlik hissini artırmışdır. Ən çətin vaxtlarda, müharibədən dəhşətli xəbərlər gəldiyi anda belə, mətbuat öz nikbin baxışlarını dəyişməmiş, yazarlarımız öz qələmilə qələbənin qazanılmasında müstəsna rol oynamışlar.

Böyük Vətən Müharibəsindən sonra mətbuatda əvvəlki illərlə müqayisədə dönüş nöqtəsi yaranmışdır. Müharibədən sonrakı quruculuq dövrü mətbuatın inkişafını stimullaşdıran qüvvəyə çevrilmişdir. Həmin dövrdə “Şərq qapısı” qəzeti ədəbi mühitlə yanaşı, xalq təsərrüfatının ayrı-ayrı sahələrindən təsirli yazılar vermişdir. Redaksiyanın əsas heyətini fəhlə-kəndli müxbirlər təşkil etsə də, qəzet öz səviyyəsini və operativliyini qoruyub saxlaya bilmişdir. Dövrün sosial həyatda yaratdığı boşluq redaksiyanın fəaliyyətində qəzet çapının zəifliyi və klişelərin aşağı səviyyədə olması ilə yadda qalmışdır.

XX əsrin 70-ci illərinin ədəbi həyatında baş verən əlamətdar hadisələr mətbuatdan da yan ötməmişdir. “Şərq qapısı” qəzetinin həyatında da 1970-ci ildən sonra yeni mərhələ başlanır. Keçən əsrin 70-80-ci illərində respublikamızın hər bir bölgəsində olduğu kimi, Naxçıvanda da mətbuatın inkişafına xüsusi qayğı və diqqət yetirilmiş, məhz bu dövrdə mətbuat orqanlarının və işçilərinin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Ötən əsrin 70-ci illərinin əvvəllərində Naxçıvanda böyük redaksiya-nəşriyyat kompleksi inşa olunmuş, “Şərq qapısı” qəzetinin gündəlik və böyük formatda nəşri təmin edilmişdir. Bu dövrdə də qəzet adamların sosialist ideologiyası uğrunda tərbiyə olunması ilə bərabər Muxtar Respublikanın ictimai-siyasi, sosial həyatının işıqlandırılmasında, qabaqcıl, yaradıcı və ziyalı adamların portretlərinin yaradılmasında, Naxçıvanın iqtisadi potensialının dirçəlişində və tərənnümündə mühüm rol oynayıb. Bu dövrdə qəzetdə millilik prioritetləri önə çəkilmiş, dil, ədəbiyyat, mədəniyyət və tarixə həsr olunmuş, Azərbaycançılıq ideologiyasına xidmət edən yazılar da dərc olunmuşdur.

NMR-in salnaməsini öz səhifələrində tarixə çevirən “Şərq qapısı” qəzetinin tarixində yubiley ili xüsusilə yaddaqalan olub. Belə ki, 50 illik fəaliyyəti dövründə qəzetin 1 yanvar 1972-ci il (¹1) tarixli sayının ilk səhifəsində “Şərq qapısı” Naxçıvan Respublika qəzetinin “Şərəf nişanı” ordeni ilə təltif edilməsi haqqında” 30 dekabr 1971-ci il tarixli fərman dərc olunub. Bu fərman 50 illik fəaliyyəti dövründə qəzetə və onun əməkdaşlarına verilən ən yüksək qiymət idi. Qeyd edək ki, “Şərq qapısı” qəzetinin 50 illik yubileyində ən yüksək dövlət mükafatı ilə qiymətləndirilməsi, qəzet əməkdaşlarının yüksək fəxri adlar alması, məhz həmin dövrdə Azərbaycana rəhbərlik edən Heydər Əliyevin şəxsi təşəbbüsu və qayğısı sayəsində mümkün olmuşdur.

XX əsin 70-ci illərində “Şərq qapısı” öz rəngarəngliyi, böyük formatda nəşri ilə də diqqəti cəlb edir. Böyük inkişaf yolu keçən qəzetin tarixində 1980-ci il yeni bir mərhələnin başlanğıcını qoyur. Azərbaycan KP MK-nın 25 sentyabr 1979-cu il tarixli qərarı ilə qəzetə “Sovet Naxçıvanı” adı verilir. 30 oktyabr 1979-cu ildən isə Azərbaycan KP MK-nın 19 ¹li büro protokoluna əsasən Mərkəzi Komitənin Azərbaycanda və Özbəkistanda çıxan yerli qəzetlərin yanvar ayından rus dilində dublikatının çıxarılması barədə qərarını əsas tutaraq “Sovet Naxçıvanı” qəzetinin rus dilində 5000 tirajla “Sovetskaya Naxiçevan” başlıqlı dublikatı çıxmağa başlayır. Akademik İsa Həbibbəyli bu tarixi dəyişikliyin əsl səbəbini özünün elmi araşdırmasında belə dəyərləndirir: “Sovet rejiminin son illərində dövlət səviyyəsində “Şərq qapısı” qəzetinin adının dəyişdirilərək “Sovet Naxçıvanı” adlandırması heç də təsadüfi hadisə olmayıb, keçmiş sosialist dövlətinin Azərbaycanın qonşu şərq ölkələri ilə, həmin ölkələrdə yaşayan çoxmilyonlu soydaşlarımızla əlaqələrindən ehtiyatlanmasından, xoflanmasından irəli gəlmişdi. Adının dəyişdirilməsinə baxmayaraq, “Sovet Naxçıvanı” qəzeti böyük ənənəyə malik olan “Şərq qapısı”nın yolunu davam etdirmiş, varislik ənənələrini qoruyub saxlamışdır”. 1989-cu ilin oktyabrın 24-dən qəzetin əvvəlki tarixi adı-”Şərq qapısı” özünə qaytarılır.

Maarifçilik, operativlik, insanları bilgiləndirmə kimi nəcib təşəbbüslərə xidmət edən “Şərq qapısı” qəzeti sovet ittifaqının dağılması ilə öz tarixində yeni və daha böyük mərhələnin başlanğıcını qoyur.

1990-cı ilin əvvəllərindən baş verən qarışıq siyasi hadisələr burulğanı ilin ortalarına doğru daha da güclənməyə başlayır. Ən çətin gündə xalqı ilə bərabər olmaq istəyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi Moskvadan Naxçıvana gətirir. Təbii ki, bu hadisələr dövri mətbuatdan da yan ötə bilmir.

Doğma Vətəninə qayıdışından sonra 22 iyul 1990-cı ildə Naxçıvan şəhərindəki indiki Azadlıq meydanında xalq qarşısında ilk tarixi çıxışını edən milli lider, siyasi hadisələr fonunda mətbuatımızı da unutmamış, ilk müsahibəsini jurnalist Möhsün Möhsünova “Şərq qapısı” qəzetinin 26 iyul 1990-cı il tarixli nömrəsində vermişdi. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Şakir Yaqubov isə məqalələrinin birində bu hadisəni “Vətənə qayıtdıqdan sonra Heydər Əliyevdən alınıb Azərbaycan mətbuatında dərc olunmuş ilk orijinal müsahibə” kimi dəyərləndirmişdir.

Ulu öndər Heydər Əliyev Azərbaycana tarixi qayıdışında Naxçıvanı seçdiyi bir dövrdə, hətta muxtar respublikanın blokadada olmasına baxmayaraq, bütün dünyanın nəzərlərini mətbuatın gücü ilə Naxçıvana yönəltməyə nail olmuşdur. Bu haqda “Şərq qapısı” qəzetinin 75 illik yubileyi münasibətilə Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun qəzet redaksiyasına göndərdiyi təbrik məktubunda deyilir: “1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən möhtərəm Heydər Əliyevin şəxsiyyəti və fəaliyyəti ətrafında Azərbaycan Respublikasına o zaman rəhbərlik etmiş şəxslərin yaratdıqları sərt informasiya blokadasının yarılmasında “Şərq qapısı” qəzeti xüsusi rol oynamışdır... Möhtərəm Heydər Əliyevin Naxçıvanın erməni təcavüzündən qorunması, muxtar respublikanın statusunun möhkəmləndirilməsi, sərt blokada və ağır iqtisadi şəraitdə yaşayan əhalinin soyuqdan və aclıqdan xilas edilməsi ilə əlaqədar qonşu İran və Türkiyə Respublikaları ilə apardığı danışıqların, imzaladığı protokolların səmərəli nəticələri barədəki həqiqətlər qəzetin nəşr etdiyi xüsusi bülletenlər vasitəsilə Azərbaycan Respublikasının digər bölgələrindəki əhaliyə çatdırılırdı”.

“Şərq qapısı” qəzeti dahi öndər Heydər Əliyevin müstəqillik illərində Naxçıvandakı həyat və fəaliyyətinin güzgüsü olmaqla yanaşı, ulu rəhbərin müharibə şəraitində Naxçıvanda blokadanın yaratdığı ağır sosial-iqtisadi durumdan yaxa qurtaran tədbirlərini, imzaladığı fərman və sərəncamları, apardığı beynəlxalq səviyyəli danışıqları dolğun əks etdirmişdir. Bütün bunlarla yanaşı, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə tarixi qayıdışını zəruriləşdirən, onu doğuran məqamlardan biri də Azərbaycan ziyalılarının “Şərq qapısı” qəzeti vasitəsilə xalqa etdikləri müraciətlər olmuşdur.

“Şərq qapısı” qəzetinin 9 may 1992-ci il (¹56 (16148) tarixli sayında Zeynal Vəfanın qələmə aldığı “Şəxsiyyət” adlı məqaləsi dediklərimizə əyani sübutdur. Müəllif öz məqaləsində Azərbaycanın düşdüyü ağır böhranı təsvir etməklə, Heydər Əliyev fenomeninin aydın təsvirini verir. Müstəqil Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində işıq üzü görən bu məqalədə müəllif vəzifə hərisləri və hakimiyyətdən öz şəxsi mənafeləri üçün istifadə etmək istəyənlərə müraciətlə atdıqları hər addımı yüz ölçüb-biçməyi və qəflət yuxusundan ayılıb Heydər Əliyev şəxsiyyətinin varlığını qəbul etməyi tövsiyə edir. Müəllif Azərbaycanı çətin vəziyyətdən qurtara biləcək şəxsiyyəti belə təsvir edir: “Əgər o şəxs faciələrimizi doğuran səbəbləri aşkarlayıb bizi boğazadək batdığımız böhran bataqlığından çəkib çıxara biləcəksə, bakirəliyi tapdalanmış qızlarımızın, başları kəsilmiş ağsaqqallarımızın, tonqallarda yandırılmış körpələrimizin intiqamını almaq üçün bayquşlar yuvası daşnakstanın baş kəndini ikinci Xocalıya döndərə biləcəksə, öz polad yumruğunu günahsız xalqımızı qızıl xəzinələri üstə dilənçi kökünə salmış acgöz Azərbaycan mafiyasının təpəsində Koroğlu kürzünə çevirə biləcəksə, buyursun....Bunun üçün qüdrətli şəxsiyyət olmaq gərəkdir. Belə bir şəxsiyyət isə 7 milyonun içində hələlik bir nəfərdir, təkcə bir nəfər: H.Əliyev. Qurtardıq!”.

“Şərq qapısı” qəzetində dərc olunmuş Xıdır Alovlunun “Əliyev və erməni termitizmi” başlıqlı geniş məqaləsi 1969-cu ildən 1992-ci ilədək Heydər Əliyevin siyasi fəaliyyətinin şərhinə həsr olunub. Siyasi hakimiyyəti dövründə erməni termitləri ilə apardığı mübarizənin nəticələrindən bəhs edən müəllif dahi rəhbərin Naxçıvandakı bir illik fəaliyyətindən bəhs edərək yazır: “Əliyev Naxçıvan Muxtar Respublikasına yeniliklər gətirmədi. Vaxtilə Azərbaycan üçün etdiklərinin kiçik bir hissəsini bir ildən də az bir müddət ərzində təkrarladı...Ən başlıcası erməni termitizminin gözlərinə bıçaq kimi batan yüksək səviyyəli Naxçıvan-Türkiyə qarşılıqlı müqaviləsini bağlamağa nail oldu”.

“Şərq qapısı” qəzetinin 14 noyabr 1992-ci il tarixli ¹115 (16207) sayında Respublika ziyalılarının Heydər Əliyevə müraciəti dərc olunmuşdur. “Azərbaycan sizin sözünüzü gözləyir” başlıqlı tarixi müraciət Azərbaycan siyasi fikir tarixində xüsusi yer tutmaqla Heydər Əliyev şəxsiyyətinin dərkinə yönəlmiş əvəzsiz siyasi sənəddir. Müraciətdə deyilir: “Möhtərəm Heydər bəy! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs sizsiniz!...Yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə şəxs Siz ola bilərsiniz. Yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrindən olan xalq kütlələrini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi-iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərinə öz layiqli töhfəsini verə bilər”.

Elə həmin nömrədə müraciətə cavab olaraq ümummilli lider Heydər Əliyevin “Yeni, müstəqil Azərbaycan uğrunda” başlıqlı məktubu onun siyasi fəaliyyətində dönüş nöqtəsi və Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı sayıla bilər. Bu tarixi gediş düşünülmüş siyasi uzaqgörənliklə yeni, müstəqil Azərbaycanın xilası demək idi.

1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə gələn ümummilli lider xaos və anarxiyanın yaratdığı müharibə sindromunu öz güclü iradəsi və siyasi uzaqgörənliyi ilə dəf edə bilir. Müharibə və parçalanma təhlükəsi altında olan Azərbaycanda həmin dövrdə hərbi vəziyyətlə bağlı 1993-cü ilin 15 aprelindən senzuranın tətbiqinə başlanılmışdı. Azərbaycanda ictimai sabitliyin tam bərpasına, dövlət quruculuğunun əsasını təşkil edən bazaların möhkəmlənməsinə nail olduqdan sonra 1996-cı ilin 14 noyabrında “Dövlət sirri haqqında” qanun qəbul edildi. Bu qanun senzuranın ləğvini reallaşdırsa da, buna 1998-ci ilin aprelin 6-da tam nail olundu.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra muxtar respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatının digər sahələrində yaranan boşluqlar, yerli hakimiyyət orqanları arasındakı anlaşılmazlıqlardan “Şərq qapısı” redaksiyasından da yan ötmür. Bu səbəbdən 1994-cü ildən qəzet öz tirajını və dövriyyəliyini xeyli azaltmış, ondan sonrakı ildə isə fasilələrlə nəşr olunmuşdur.

1995-ci ilin axırlarında Azərbaycan Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən parlament seçkilərindən sonra muxtar respublika ali qanunverici orqanının yeni tərkibdə fəaliyyətə başlaması durğunluğa, ətalətə son qoymuş, yeni həyat quruculuğu sahəsində geniş imkanlar açmışdır. Bu səbəbdən 1996-cı ilin əvvəlindən qəzetin fəaliyyətində də canlanma yaranmış, onun üzləşdiyi maliyyə problemləri birdəfəlik həllini taparaq həftədə iki dəfə işıq üzü görməyə başlamışdır.

Müstəqillik dövründə qəzetin ilk yubileyi 1996-cı ilin dekabr ayında keçirilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev “Şərq qapısı” qəzetinin onun həyatında oynadığı rolu qiymətləndirərək, hətta Azərbaycan Respublikasının Prezidenti işlədiyi dövrdə onun 75 illik yubileyini unutmamış, ölkə rəhbəri kimi qəzet redaksiyasına təbrik məktubu ünvanlamışdır. Qəzetin 26 noyabr 1996-cı il (¹82 (16529) tarixli sayında dərc olunan təbrik Naxçıvan mətbuat tarixində ölkə başçısı tərəfindən qəzet redaksiyasına ünavanlanan ilk məktub idi. Ölkə başçısının onun həyat və fəaliyyətində mühüm rol oynamış doğma qəzetinə təbrik məktubu göndərməsi qəzetin respublika səviyyəli nüfuzunu artırmış, onun dövlət səviyyəsində diqqətdə olduğunu bir daha təsdiqləmişdir. Dahi rəhbər təbrik məktubunda redaksiya əməkdaşlarının əməyini yüksək qiymətləndirərək onun gələcək fəaliyyət istiqamətini də göstərirdi: “Azərbaycan müstəqillik əldə etdikdən sonra “Şərq qapısı” qəzetinin kollektivi öz fəaliyyətində canlı dönüş yaratmış, ölkəmizdə gedən yeni cəmiyyət quruculuğu və demokratik dəyişikliklərin həyata keçirilməsi prosesinə fəal qoşulmuşdur. Əminəm ki, “Şərq qapısı” qəzeti Azərbaycanın azad və demokratik mətbuat sistemində layiqli yer tutaraq dövlətçiliyimizin möhkəmlənməsi yolunda bütün qüvvələri səfərbər etmək, hər oxucuda müstəqil Azərbaycanın sabahına inam yaratmaq üçün var gücünü sərf edəcəkdir”.

Ümumiyyətlə, Azərbaycan tarixində Kütləvi İnformasiya Vasitələrinin hüquqi bazası, KİV və dövlət münasibətlərinin tənzimlənməsi, medianın IV hakimiyyət kimi formalaşması dahi öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik illərinə təsadüf edir. Senzuranın aradan qaldırılmasından sonra bir-birinin ardınca imzalanan fərman və sərəncamlar medianın dövlət üçün xüsusi əhəmiyyəti ilə seçildiyini bir daha təsdiqləyir. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında” 27 mart 2000-ci il tarixli fərmanını rəhbər tutaraq Muxtar Respublika Ali Məclisi Sədri “Naxçıvan Muxtar respublikasının Dövlət Mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” (29 mart 2000-ci il) sərəncam vermişdir. Sərəncamda muxtar respublikanın aparıcı mətbu orqanı olan “Şərq qapısı” qəzetinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması ilə yanaşı, şəhər və rayon icra hakimiyyətlərinin orqanları olan qəzetlərin də bu sahədəki problemlərinin həlli istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulurdu. “Şərq qapısı” qəzetinin xərclərinin azaldılması üçün redaksiyanın yerləşdiyi binanın Dövlət Mətbuat Komitəsinin balansına verilməsi və əsaslı təmiri də sərəncamda nəzərdə tutulan müddəalardan idi.

5 iyul 2000-ci ildə qəzetin yerləşdiyi redaksiya binası əsaslı təmirdən sonra istifadəyə verilir. Redaksiya binasının ən son texnoloji avadanlıqlarla təmin olunması və “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyinin ofset üsulu ilə qəzet nəşrinə başlamasından sonra isə qəzetdə daha yüksək keyfiyyət dəyişikləri müşahidə edilməyə başlayır.

2001-ci ildə “Şərq qapısı” qəzetinin 80 illik yubileyi təntənə ilə qeyd edilir. Qəzetin 24 noyabr 2001-ci il tarixli (¹147-148 (17036) nömrəsi 80 illik tarixi yola həsr olunub.

2004-cü ildə Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Milli Mətbuatının yaradılmasının növbəti ildönümündə Naxçıvan jurnalistləri ilə keçirdiyi görüşdə onların gələcək fəaliyyətlərinə istiqamət verməklə, bir sıra tövsiyə və tapşırıqlar verir. Elə həmin il Ali Məclisin Sədri redaksiyanın maddi-texniki bazasına yeni avadanlıqlar əlavə etməklə bərabər, qəzeti dövrün tələbləri səviyyəsində görmək arzusunu da ifadə edir.

Azərbaycan mətbuatının 130 illik yubiley tədbirləri isə muxtar respublikada böyük təntənələrlə yadda qalmış, keçirilən tədbirlərin yekununda Ali Məclis Sədrinin jurnalistlərlə növbəti görüşü keçirilmişdir. Elə həmin tədbirdə Naxçıvan Muxtar Respublikasında jurnalistikanın inkişafındakı xidmətlərinə görə “Şərq qapısı” qəzetinin baş redaktoru Məmməd Məmmədov “Əməkdar jurnalist” fəxri adına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə qəzet əməkdaşlarından Cəfərqulu Paşayev Azərbaycan Respublikasının əməkdar jurnalisti, Məhəmməd Fərəcov isə “Tərəqqi” medalı ilə qiymətləndirilmişdir.

2006-cı ilin noyabrında “Şərq qapısı” qəzetinin 85 illiyi təntənə ilə qeyd edilir. Bu münasibətlə qəzetin 4 noyabr 2006-cı il (¹203 (18128) tarixli sayı 85 illik tarixi yola həsr olunub. Baş redaktor Məmməd Məmmədovun “Naxçıvanın 85 illik söz tribunası” başlıqlı məqaləsi mərhələli şəkildə qəzetin inkişaf tarixini özündə əks etdirir. Akademik İsa Həbibbəylinin “Şərq qapısı” məktəbi” adlı genişhəcmli məqaləsi “Şərq qapısı”nın tarixi və metodoloji mənzərəsini aydın canlandırır.

“Şərq qapısı” qəzetinin növbəti sayında verilmiş xəbərdən məlum olur ki, 85 illik yubileylə bağlı Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov qəzetin yaradıcı heyəti ilə görüşmüşdür. Qəzetlə bağlı fikirlərini bildirən Ali Məclisin Sədri müasir dövrdə qəzetçilik peşəsinin məsuliyyətindən, mətbuatın bir universitet və məktəb qədər cəmiyyət həyatı üçün əhəmiyyətindən söz açmışdır. Naxçıvanda mətbuatın maddi təminatına, mətbuat işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına ardıcıl qayğısı və diqqəti ilə fərqlənən Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov gördüyü işlərə və mətbuata himayəsinə görə 2010-cu ildə Naxçıvan Mətbuat Şurası tərəfindən “Mətbuatın dostu” fəxri adına layiq görülmüşdür.

Hazırda öz fəaliyyət tarixinin ikinci intibah dövrünü yaşayan qəzet dövlətin ardıcıl diqqət və qayğısı altında öz nəşrini davam etdirir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan Milli Mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı sərəncam isə mətbuat işçilərinə dövlət qayğısının daha bir ifadəsi oldu. Ölkə başçısı 21 iyul 2010-cu il tarixdə Azərbaycan Milli Mətbuatının inkişafındakı xidmətlərinə görə bir qrup mətbuat işçisinə Azərbaycan Respublikasının fəxri adları və “Tərəqqi” medalı verilməsi haqqında Sərəncam imzalamışdır. Təltif olunanlar arasında Elman Məmmədov və Məmməd Məmmədov “Əməkdar jurnalist”, Adil Babayev və Ruqiyyə Əliyeva “Əməkdar mədəniyyət işçisi”, Firudin Kərimov “Tərəqqi” medalı ilə mükafatlandırılmışdır.

Prezident İlham Əliyevin 22 iyul 2010-cu ildə imzaladığı “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” Sərəncamının 2.2 bəndinə əsasən 32 qəzet redaksiyasının hər birinə 20,0 min manat birdəfəlik maliyyə yardımı ayrıldı. Qeyd edək ki, maliyyə yardımı alan qəzet redaksiyaları arasında “Şərq qapısı” qəzeti də vardı.

Milli Mətbuatın 135 illik yubiley tədbirləri Naxçıvan MR Ali Məclisinin təsdiq etdiyi “Tədbirlər Planı”na uyğun olaraq Naxçıvanda da davam etdirilmiş və zirvə tədbiri iyulun 22-də “Şərq qapısı” qəzeti redaksiyası, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin yeni binasının və mətbəənin açılışı ilə qeyd edilmişdir. Yeni mətbəədə Almaniya istehsalı olan birinci çap qülləsindən çevirmə sistemi ilə təchiz edilmiş beşrəngli B2 formatlı ofset çap maşını istifadəyə verilmişdir. Məhsuldarlığı saatda 15 min nüsxəyə çatan bu çap maşını ilə bərabər Almaniya və Yaponiya istehsalı olan müasir kağızdoğrayıcı, kəsici, qatlayıcı, cildləyici, dəstələyici və nömrəvuran avadanlıqlar da quraşdırılmışdır. Elə həmin gün Ali Məclis Sədrinin iştirakı ilə ən müasir texnoloji avadanlıqlarla təmin olunan mətbəədə “Şərq qapısı” qəzetinin ilk rəngli nüsxəsi çap olunmuşdur.

Ümumiyyətlə, qəzetin müasir müstəqillik dövründəki nəşri məsuliyyətini çiyinlərində daşıyan Cəfər Kərimov, Səxavət Kəngərli, Sevindik Həmzəyev, Xuraman Sadiqova, Afət Məmmədov, Allahverdi Aqil, Hafizə Əliyeva, Bəxtiyar Hüseynov, Kərəm Həsənov, Məhəbbət Mirzəyeva, Muxtar Məmmədov və başqaları kimi Naxçıvan mətbuat tarixinə imza atan tanınmış jurnalistlərlə bərabər, Rahil və Sahil Tahirli qardaşları, Türkanə Bəylərli, Sara Əzimova, Elxan Yurdoğlu, Rufik İsmayılov, Ziya Məmmədov, Şəbnəm Həsənəliyeva, Nuray Əsgərova, Ülkər Əliyeva, Əzəmət Həsənov, Türkan Hüseynli, Səbuhi Hüseynov və adlarını qeyd edə bilmədiyimiz qəzetlə əməkdaşlıq edən onlarla gənc qələm sahibinin də əməyini qeyd etməmək olmaz. Müstəqillik illərində jurnalistlərimizdən Səxavət Kəngərli, Məmməd Məmmədov, Rabil Kətanov və nəhayət gənc yazar Tural Səfərov qəzetə redaktorluq etmiş yaradıcı insanlardır.

Azərbaycan dövlətinin, muxtar respublika rəhbərliyinin mətbuatın inkişafına göstərdikləri yüksək səviyyəli qayğının müqabilində isə jurnalistilərimizdən yalnız öz əməli fəaliyyətləri, iti və kəsərli qələmi, operativliyi ilə onlara göstərilən inamı doğrultmaları tələb olunur.

Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov çıxışlarından birində demişdir: “Muxtar Respublikada kütləvi informasiya vasitələri hər cür dövlət qayğısı ilə əhatə olunmuşlar. Belə bir şəraitdə jurnalistlərimiz öz üzərlərinə düşən tapşırıqları layiqincə yerinə yetirməli, dövlətçilik və ümummilli prinsipləri uca tutmalı, günün tarixini yazmalıdırlar”.

Ümid edirik ki, müstəqil dövlət quruculuğu, dövlətçilik, vətənpərvərlik, insanları maarifləndirmə kimi nəcib təşəbbüslərə xidmət edən “Şərq qapısı” qəzeti bundan sonra da öz inkişafının daha böyük zirvələrini fəth edəcəkdir.

 

 

Surə SEYİD,

Naxçıvan Dövlət Universiteti 

“Jurnalistika və dünya ədəbiyyatı”

kafedrasının müdiri

 

525-ci qəzet.- 2011.- 19 oktyabr.- S.6.