Payızın bir yaz günü

 

Azərbaycan Praktik Psixoloqlar Assosiasiyasının Prezidenti, tanınmış psixoloq – pedaqoq Elmira xanım Mirzəyevanın yubileyinə beş-on kəlmə ürək sözü

 

Dahi Hötenin belə bir müdrik kəlamı var: “Dostluq əntiq əşya kimidir, zaman ötdükcə qiyməti artır.” Bu kəlam mənalı ömründə saysız-hesabsız dost qazanan Azərbaycan Praktik Psixoloqlar Assosiasiyasının prezidenti, Dünya Pozitiv Psixoterapiya Akademiyasının, Rusiya Təhsil Psixoloqları Federasiyasının üzvü, Psixoloji məsləhət psixososial reabilitasiya üzrə mütəxəssis, Bakı Xəzər Universitetinin Təhsil şöbəsinin baş müəllimi, “Dünyaməktəbinin psixoloqu Elmira Mirzəyevanın sınaqdan keçirdiyi böyük həqiqətlərdən biridir. O, hər işdə olduğu kimi dost qazanmaqda da bəxti gətirib. Kimdir onun dostları? Şagirdlər, tələbələr, ədalətsiz müharibənin pərən-pərən saldığı insanlar, qadınlar, kişilər, əllilər, qocalar, cavanlar, psixoloji zədə alan uşaqlar... siyahını kifayət qədər uzatmaq olar.

Elmira xanımın dostları sırasında yer almaq asan olduğu qədər çətindir. O, mənəvi köməyə ehtiyacı olan hər kəsə ürəyinin mərhəmət qapılarını açar, insanların əlindən tutar, yıxılmağa qoymaz. Sanki Elmira xanımın altıncı, yeddinci, onuncu hissiyyatı var. Nankoru, nanəcibi gennən tanıyar. Hər kəsin qapısını açmaz. Açdığı qapını ürəklə həmişəlik açar. Evin əziz qonağı sonra isə əbədi dostu olar. Ondan qopmaq, qırılmaq çətindir. Elmira xanım yaxşı mənada inadcıl dost, həmdəm, sirdaşdır. Nail olduğunu qorumağı bacarır.

Onunla beş il əvvəl tanış olduq. Söz vaxtına çəkər, deyiblər. ilin payız fəsli idi. İlk dəfə kimsəsiz, ata-ana himayəsindən məhrum olan uşaqların pənah gətirdiyiÜmid yerisığınacağında rastlaşdıq.

Gülə-gülə, uzun illərin tanışı kimi salam verib əhvalımı soruşdu sürətlə ötüb keçdi. Yaddaşımı vərəqlədim. Haradan tanıdığımı xatırlaya bilmədim. Amma üzündəki sakit, işıqlı, son dərəcə doğma cizgilərin əksi gözlərimdə şəkilləndi. Təbii ki, qayğılarım vardı həmin ani görüşü unutdum...

Bunu yalnız atılmış uşaqların arasında yaşayanlar bilər. Redaktoru olduğumHumanitarqəzetin redaksiyası uşaq sığınacağında yerləşirdi. Müxtəlif qəbildən müxtəlif yaşda olan, təhsilsiz, küçə həyatı yaşamaqdan kobudlaşıb, sərtləşən uşaqların arasında qəzet çıxarmaq müşkül məsələ idi. təbii ki, redaksiya əməkdaşları şəraitinə alışmalıdılar.

Qəzetin növbəti nömrəsi hazırlanırdı. Hər kəs rahatca öz işini görürdü. Elman (tələbə yoldaşım, Allah qəni-qəni rəhmət eləsin) siqaret çəkən idi tez-tez fikirlərinitüstüdə əritməküçün dəhlizə çıxardı. Hər kəsin başının işə qarışdığı bir vaxtda rəhmətlik qayıtdı ki, millət, deyəsən uşaqları binadan köçürüblər. Mən də deyirəm niyə belə rahat işləyirik, çöldə bir ins-cins yoxdu. Rəhmətliyin bu sözündən sonra hər kəs başını işdən ayırıb ətrafı dinlədi. Həmin an təbii ki, heç kim bu qəribə sükutunolduğunu anlaya bilmədi. Əslində sükut bizim xeyrimizə işləmişdi. Ertəsi günHumanitar” qəzetin nömrəsi əl-əl gəzdi. Bir gün sonra yenə qiyamət qopdu. Səs-küydən divarlar çatlayanda uşaq evinin və “Humanitar” qəzetin təsisçisi Nigar xanım Mənsimli əlində qəzetin yeni nömrəsi Elmira xanımla otağa daxil oldu. Kimsəsiz, atılmış uşaqlara qəlbən bağlı olan Nigar xanım sözün əsl mənasında onlara analıq eləməyi bacarırdı. Amma təbii ki, bəzən uşaqların gurultulu səs-küyü, qışqır-bağırı onu da zinhara gətirirdi. Gülə-gülə əlindəki qəzeti göstərib, – Yoldaşlar, elə bilməyin ki, bu gözəl nömrə təkcə sizin xidmətinizdir.

Sonra o Elmira Mirzəyevanı təqdim elədi. Bəlli oldu ki, Elmira xanım YUNİSEF-in layihəsi əsasında uşaqlarla reabilitasiya işi aparır və onun maraqlı treninqləri o qədər gözəl bəhrə verib ki, uşaqların çığır-bağırı kəsilib və nədənsə biz yaranmış səssizliyin fərqinə varmamışıq.

Tanışlığımız belə başladı və növbəti nömrədə “xilaskarımız haqdakiçik bir yazı verdik.

Elmira xanım təxminən bir il uşaqlarla çalışdı. Bu müddət ərzində bir-birimizlə daha yaxından tanış olduq, dostlaşdıq. Və elə bu vədələr, beş il əvvəl onun əlli beş yaşının tamamında “Elmira – Zərifliyin gücü” adlı kitabım çapdan çıxdı.

Artıq Elmira xanım ömrünün altmışıncı payızına “xoşca qal”, deyir. Beş il əvvəl yazılan kitab masamın üstündədir. Üz qabığında böyük nəvəsi (o zaman yalnızca Vüqar var idi. İndi nəvələrin sayı beşdir. Allah qorusun!) Vüqarla şəkli əks olunub. Zümrüd meşənin qoynunda çiyin-çiyinə söykənən qoşa palıd ağacı və o qoşa palıdın sinəsinə sığınaraq günəşə gülümsəyən əlli beş yaşlı nənə, bir yaşlı nəvə. Foto, başqa sözlə fotodakı nənə və nəvə o qədər canlılar ki, deyirsən, indicə sənə əl yelləyib səninlə salamlaşacaqlar.

Elmira xanımın yubileyi ərəfəsində kitabı yenidən oxudum. Bir az kövrəldim, bir az da qürurlandım. Niyə? Ona görə ki, həyatda arxam, sirdaşım, kimsəyə söyləyə bilmədiyimi söyləyəcək bir dostum varbu ailəvi dostluq həyatın mənasını anlamaqda hər ikimizə çox kömək edir.

Elmira xanım altmış ili hünərlə başa vurub ömrünün altmış birinci payızına yol alır (Əslində o bütün fəsilləri sevir. Canı təbiətdədir. Payız isə ruhunun qidasıdır).

Doğmalarımızı doğum günündə kiçikolsa hədiyyə ilə anmaq adətdəndir. Ona yaraşan, ruhunu dinləndirən, duruldan hədiyyənin nə olduğunu bilirəm. Amma...

Mən ilin, günün payız vədəsində haradan alım çiçəkli yaz fəslini ki, qoşulum onunla gedim Gədəbəyə, dolanaq Yasamal dağı aşırımlarını. Enək dağ yalına, qan qırmızı lalənin sinəsində itək-bataq. Narzanın diş göynədən suyundan içib, oxxay – deyək. Sonra da yol alaq kükrəyib-daşan çayın yan sahilində adamı bihuş eləyən kəklikotulu qayalara. Pəh-pəhlə yığıb dolduraq torbamızı, can dərmanı itburnu çiçəyini (bilirsiz, nə mürəbbəsi olur, amma gərək Elmira xanım özü bişirə) yarpız, kəklikotu, qantəpərlə... Sonra da Elmira xanım əlini gözünün üstünə qoyub (günəş yaman qamaşdırır dağda adamın gözünü) dağ döşündə meşə moruğu, çiyələk yığan kənd uşaqlarına öz şirin ləhzələrində səsləyib-soraqlasın:

– Ağrın aleyim, çiyələm çoxdumu oralarda?!

Və qəfil səsdən diksinən balaca oğlan da tez-tələsik əlindəki vedrəni gülün-çiçəyin arasında gizləyib var gücü ilə qışqırsın:

– Çiyələm nə gəzeyr, az!..

– A köpəyuşağı, bəs nə yığeyrsız, – deyib uşaqları doyunca güldürsün, özüşaqqanaq çəkib onlara qoşulsun.

indi bu dar macalda haradan toplayım ölkənin hər istiqamətindən ata-anasız, himayəsiz, könlüqırıq uşağı Şamaxının, Qəbələnin, İsmayıllının ya da Lerikin cənnət meşəsinə ki, orada səsləri ilə sükutu sındırsınlar, dağı, dərəni, meşəni əldən düşənəcən gəzib dolaşınlar. Sonra da dupduru suyunda xırda əlvan balıqlar süzən çayın zümzüməsindən xoşhallanıb mürgüləsinlər. O da ürəyinə yatan mənzərəyə baxıb sinədolusu nəfəs alsın və desin: – Bax buna deyərəm , buna deyərəm relaksasiya. Təbiət qədər insan ruhunu nə dirildə bilər.

Mən vaxtı haradan oğurlayım ki, onu Bərdəyə aparım, ağdamlı köçkün (Elmira xanım uzun illərdir ki, ev-eşiklərindən didərgin düşən insanlara psixososial yardım göstərir) canı, ciyəri, evinin qapısını şəstlə açdığı Ətrabənin yanına ki, onunla birgə qurduğuna, tikdiyinə, yetişdirdiyinə baxıb qürurlansın, ürəyi dağa dönsün.

Əlində yağı daşsa desəm ki, gedək Hacıkəndə, Bərdəyə, Lənkərana, Füzuliyə, harda ki onun gəlişini gözləyən insanlar var ora, – deyəcək ki, – Boy, qadan alım, ta axşama nə qalıb, uşaqların yeməyini hazırlayım, məktəbdə işimi yoluna qoyum, bir-iki zəng olunası yer var, zəngləşim, pay-pürüşü də elə yolüstü alaram, tez qaçım qatara bilet dalınca...

Elmira xanıma mənim bəxşişim ancaq bunlar ola bilər.

Tanrının baharı, yazı, payızı, qışı bitən tükənən deyil. Hələ qarşıda nə qədər illər var. Hacıkəndə yenə gedərik, Gədəbəyi bir də qarış-qarış gəzərik. Tovuzda – həyətinizdə gilas ağaclarının barını-bəhərini birlikdə dərərik. Doyunca yeyərik, hələ üstəlik umana-küsənə pay verərik, geri dönəndə bir-iki səbət də şəhərdəkilərə gətirərik ki, görsünlər əsil gilas necə olur.

Qəm yeməyin, kartofu da gedib özümüz çıxararıq. Dərmansız ağçiçək kartofu danadişilərə yem eləyəsi deyilik ha. Bilirəm, könlündən Rəfiqə bacını görmək keçir. Tovuza gələsən, Şəmkir – dədə-baba yurdun əl çatan qədər ola gedib hal-əhval tutmayasan. Olacaq deyil. Əlbəttə, bu yazı ənənəvi bir yubiley təqdimatı şəklində də yazıla bilərdi, onun tərcümeyi-halınə illər üzrə, xronoloji ardıcıllıqla təqdim etmək təcrübəli jurnalist üçün o qədər də çətin deyil. Onun elmi, ictimai fəaliyyəti, cəmiyyətə xidməti o qədər zəngin uğurlarla doludur ki, söz yazmaq sarıdan heç kəsi peşiman olmağa qoymaz. Yəqin ki, bunlar barədə Elmira Mirzəyevanın ömür yoluna, ictimai, pedaqoji fəaliyyətinə həsr olunmuş toplantılarda toxunulacaq. Bu toplantılar haqqında mətbuatda xəbərlər yer alanda E.Mirzəyevanın cəmiyyətimizdəki vətəndaş mövqeyini bir daha duyacaqlar. Mən isə bütün bunlardan qəsdən yan keçdim. Əziz bacımın payıza düşən böyük bayramına yaz havası gətirmək istədim. ömrünün yeni yaz fəsli mübarək olsun, Elmira xanım!

 

 

Rəhilə GÜLGÜN

 

525-ci qəzet.- 2011.- 19 oktyabr.- S.5.