Tələbə Gənclər Təşkilatları İttifaqının “İnformasiya Texnologiyaları Evinin açılışı olub

 

Dünən Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) yaratdığı “İnformasiya Texnologiyaları evi” və “Sağlam Həyat Tərzi üzrə Gənc Təlimçilərin Resurs Mərkəzi”nin açılış mərasimi keçirilib.

Mərasimdə çıxış edən Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov xatırladıb ki, Azərbaycanın dövlət müstəqilliyinin 20 illik yubileyi qeyd olunur: “Bu tədbir çox önəmli bir dövrə təsadüf edir. Bir tərəfdən dövlət müstəqilliyimizin 20 illiyini qeyd edirik, digər tərəfdən indi keçid dövrüdür. Bu dövr gələcəyə doğru ölkəmizi inkişafa aparan yoldur. Prezidentin müstəqilliklə bağlı dövlət tədbirində dediyi kimi, gün o gün olsun ki, müstəqilliyimizin yaşı 50, 100, 200 olsun. Eyni zamanda arzu edirəm ki, Tələbə Gənclər Təşkilatı İttifaqı 10, 20, 50 illiklərini qeyd etsin”. E.Aslanov ATGTİ-nin iki il ərzində böyük yol keçdiyini qeyd edib. Onun sözlərinə görə, bu müddət ərzində təşkilat öz üzərinə düşən vəzifələri yerinə yetirib: “Xüsusən də, təşkilatın indiki rəhbəri Şahin İsmayılov öz üzərinə düşən missiyanı yerinə yetirib. Tələbələrin problemlərini qaldıra bilib. Bu, böyük bir nailiyyətdir. Bu nailiyyət dövlət idarəçiliyinin səmərəli şəkildə həyata keçirilməsinin, cənab prezidentin apardığı güclü ordu, güclü iqtisadiyyat, güclü dövlət siyasətinin bariz nümunəsidir. Gənclər ümumiyyətlə indi önəmli bir dövrdə yaşayırlar. Onlar güclü dövlət siyasətinin həyata keçirilməsində mühüm rol oynayırlar”.

E.Aslanov həmçinin qeyd edib ki, informasiya texnologiyaları həyatımızın ayrılmaz bir hissəsinə çevrilib: “Həyatımız səhər tezdən axşama qədər İKT ilə bağlıdır. Bir növ insan həyatı informasiyanın yeni texnologiyaları ilə üzbəüzdür”.

Təhsil naziri Misir Mərdanov bildirib ki, ATGTİ-nin layihələrinə kollecdə təhsil alan gənclərin də cəlb olunmasının vacibliyini vurğulayıb: “Azərbaycanda, deyilən kimi, 120 min yox, kolleclər də daxil olmaqla, 200 minə yaxın tələbə kontingenti var”. Nazir bu kimi tədbirlərin yerindən asılı olmayaraq bütün ölkə ərazisində keçirilməsinin tərəfdarı olduğunu deyib.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov ATGTİ-nin gənclərlə bağlı həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib. Onun sözlərinə görə, təşkilat həyata keçirdiyi layihələrə geniş tələbə kütləsini cəlb edib. A.Rəhimov qeyd edib ki, “İT Evi” – ittifaqın nəzdində yaradılan və tələbələrə informasiya texnologiyaları sahəsindəki biliklərini artırmağa dəstək olacaq təlimlərin keçirilməsi üçün nəzərdə tutulmuş geniş mərkəzdir.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2011.- 20 oktyabr.- S.2.