“Siyasi
məhbus” anlayışının beynəlxalq hüquqi əsası yoxdur
Cari
ilin 7-8 oktyabr tarixində bir sıra internet saytlarının
yaydığı məlumatlara əsasən, “İnsan
Haqları Uğrunda” İctimai Birliyi ilə Norveçin Xarici
İşlər Nazirliyi arasında “Azərbaycanda siyasi məhbusların
Avropa Şurası və BMT-nin meyarları əsasında
müəyyən olunaraq seçilməsi və onlar
haqqında məlumat bazasının yaradılması” layihəsinin
həyata keçirilməsinə dair saziş imzalanıb. Sazişi
“İnsan Haqları Uğrunda” İctimai Birliyinin sədri
Eynulla Fətullayev və Norveç XİN-in Avrasiya və
Regional Əməkdaşlıq Departamentinin rəhbəri Marit
Halsvik Lillealtern imzalayıblar. Tərəflər arasında
imzalanmış sazişin mövzusu, bu sazişə
Norveçin XİN-nin departament rəhbəri səviyyəsində
rəsmi imza atılması ciddi narahatlıq doğurur. Odur ki,
aşağıda göstərilən bir sıra vacib məqamlara
aydınlıq gətirilməsi zərurəti hesab edirəm:
1. BMT-nin müxtəlif qurumları tərəfindən indiyədək
“siyasi məhbus” anlayışı və onun meyarları ilə
bağlı hər hansı bir konvensiya, qətnamə və
ya digər sənəd qəbul edilməyib.
Qeyd
etməliyəm ki, BMT çərçivəsində “siyasi məhbus”
anlayışı yeganə hal kimi 1989-1990-cı illərdə
bu qurumun Namibiyada həyata keçirdiyi barışıq
missiyası zamanı professor Karl Aage Nerqaard tərəfindən
hazırlanmış və “Nerqaard prinsipləri”
adlandırılan meyarlar əsasında istifadə edilib.
Xüsusilə vurğulamalıyam ki, “Nerqaard prinsipləri” nə
Namibiyada tətbiq edildiyi zaman, nə də sonradan BMT-nin hər
hansı səlahiyyətli orqanı tərəfindən
bütün üzv dövlətlərə şamil edilə
biləcək universal sənəd kimi təsdiq edilməyib və
edilə də bilməzdi. Belə ki, həmin dövrdə
Namibiyada milli və irqi zəmində silahlı
qarşıdurma hökm sürürdü, onların cəmiyyətləri
parçalanmışdı, lakin digər dünya dövlətlərində,
xüsusən də inkişaf etmiş və inkişaf etməkdə
olan dövlətlərdə vəziyyət köklü şəkildə
fərqli idi və indi də fərqli olaraq qalır. Digər
tərəfdən, Namibiyada barışıq missiyası BMT
Baş Katibinin mandatı əsasında həyata
keçirilirdi və bu missiyanın tərkib hissəsi olan
“Nerqaard prinsipləri” presedent qüvvəsinə malik deyildi.
Odur ki, qeyd edilən prinsiplər digər dövlətlərə,
o cümlədən hazırda hərtərəfli dinamik
inkişaf edən, Avropa Şurasının üzvü olan və
Şərqi Avropa ölkəsi statusu almış Azərbaycan
Respublikasına tətbiq edilə bilməz. Beləliklə,
BMT-nin siyasi məhbuslar meyarlarının olması kimi iddialar
reallıqdan tam uzaqdır və bu universal təşkilatın
mövcud olmayan meyarları əsasında Azərbaycanda
növbəti dəfə siyasi məhbus axtarışına
başlanılması isə yuxarıda göstərilən
sazişdə iştirak edən tərəflərin ölkəmizə
qarşı qərəzli, məkrli mövqedən
çıxış etmələrindən xəbər verir.
2. İndiyədək Avropa Şurası tərəfindən
bütün üzv dövlətlərə şamil edilə
biləcək ümumtanınmış sənəd qəbul
edilməyib. Bu təşkilat çərçivəsində
yeganə hal kimi, 2001-ci ildə Ermənistan və Azərbaycan
Avropa Şurasına qəbul edilərkən bir sıra QHT rəhbərlərinin
bu ölkələrdə siyasi məhbusların olması barədə
iddialarına son qoymaq məqsədilə AŞ-nın Baş
Katibi tərəfindən müstəqil ekspertlər qrupu
yaradıldı. Müstəqil ekspertlər qrupu “Nerqaard
prinsipləri” əsasında 5 bənddən ibarət
meyarları özündə ehtiva edən məruzə
hazırlayıb Baş Katibə təqdim etdilər. lakin bu məruzə
sonradan hüquqi sənəd kimi AŞ-nın plenar
iclasında təsdiq edilmədi. Qeyd etməliyəm ki, bu
meyarlar konsensus şəklində qısa müddət ərzində
konkret məhbusların işlərinə
baxılmasını nəzərdə tuturdu və müvəqqəti
xarakter daşıyırdı. O dövrdən indiyədək
AŞPA-nın plenar iclasında siyasi məhbus məsələsi
ilə bağlı bütün üzv dövlətlərə
şamil edilə biləcək heç bir hüquqi sənəd
qəbul edilməyib. 3. Azərbaycan tərəfinin
ardıcıl olaraq AŞPA-nın siyasi məhbus
meyarlarını özündə əks etdirən hüquqi sənədinin
olmadığını bildirməsinə baxmayaraq, bəzi
maraqlı qüvvələr AŞPA-da “Azərbaycanda siyasi məhbuslar”
adlı 1272(2002) saylı qətnamə qəbul edilməsinə
nail oldu. Bildirməliyəm ki, bu qətnamədə siyasi məhbus
olmaları ehtimal olunan bir neçə nəfərin cinayət
işlərinə yenidən baxılması məsələsi
müzakirə edilirdi və “siyasi məhbus”
anlayışı ilə bağlı heç bir meyar göstərilməyib.
Daha sonra, quruma üzv olan 47 ölkədən yalnız Azərbaycana
siyasi məhbus problemi üzrə məruzəçi təyin
edildi. Lakin Avropa Şurasında Azərbaycan tərəfi təkidlə
ümumtanınmış hüquqi sənədin
olmadığını və ölkəmizə qarşı
ayrıseçkiliyin yolverilməz olduğunu diqqətə
çatdırmışdır.
Nəhayət, AŞPA-nın
Hüquq Məsələləri və İnsan
Hüquqları Komitəsinin 5 oktyabr 2011-ci il tarixli
iclasında “Azərbaycanda siyasi məhbus məsələsinin
araşdırılması” adlı məruzənin
adının dəyişdirilərək, “AŞ üzv
dövlətlərdə siyasi məhbus probleminin
araşdırılması” adlandırılması barədə
qərar qəbul edildi. Lakin məruzənin adının dəyişdirilməsi
məsələnin çözülməsi demək deyil, belə
ki, AŞPA-nın Plenar iclasında “siyasi məhbus”
anlayışının hüquqi təbiətini, onun
meyarlarını özündə ehtiva edən sənəd qəbul
edilməyib. 4. Qərarları presedent hüququna malik olan beynəlxalq
məhkəmələr, o cümlədən İnsan
hüquqları üzrə Avropa Məhkəməsi də
öz praktikasında “siyasi məhbus” anlayışından
istifadə etmir və özünün hər hansı bir qərarında
bu anlayışın meyarlarını müəyyənləşdirməyib.
Beləliklə, “Azərbaycanda siyasi məhbusların Avropa
Şurası və BMT-nin meyarları əsasında müəyyən
olunaraq seçilməsi və onlar haqqında məlumat
bazasının yaradılması” sazişini imzalayan tərəflərin
ölkəmizə qarşı əsassız,
düşünülmüş və qərəzli mövqe
nümayiş etdirmələri, dünya ictimaiyyətində
Azərbaycanla bağlı neqativ fikir formalaşdırmaq məqsədi
şübhə doğurmur. Norveç Avropa
Şurasının üzvüdür və əminliklə təsdiq
edə bilərəm ki, bu dövlətin Xarici İşlər
Nazirliyi Avropa Şurasının və BMT-nin siyasi məhbuslarla
bağlı ümumtanınmış meyarlarının
olmamasından xəbərdardır. Belə olan halda,
Norveçin Xarici İşlər Nazirliyinin AŞ və
BMT-nin mövcud olmayan meyarları əsasında Azərbaycanda
siyasi məhbus axtarışına çıxmasının
arxasında nə dayanır? Şübhəsiz ki,
imzalanmış sazişdə iştirak edən tərəflərin,
o cümlədən Norveç XİN-nin uzağagedən əsas
məqsədi müxtəlif bəhanələrlə Azərbaycanın
daxili işlərinə müdaxilə etmək və ölkədə
ictimai-siyasi sabitliyi pozmaqdan ibarətdir. Güman edirəm ki,
Azərbaycan Respublikasının müvafiq dövlət
qurumları məsələ ilə bağlı lazımi qərarlar
qəbul edəcək və bütün hallarda Azərbaycanın
daxili işlərinə kobud şəkildə
qarışmağın yolverilməz olduğunu Norveç tərəfinin
diqqətinə çatdıracaq. Düşünürəm
ki, avropalı siyasətçilər və politoloqlar
anlamalıdırlar ki, Azərbaycan beynəlxalq-hüquqi əsası
olmayan “siyasi məhbus” məhfununun tətbiq edilməsi
üçün poliqon deyil.
Elxan Süleymanov,
Milli Məclisin deputatı,
Azərbaycanın ATƏT-dəki
nümayəndə
heyətinin üzvü, Azərbaycanın
AVRONEST
PA-dakı nümayəndə heyətinin
rəhbəri
525-ci qəzet.- 2011.- 21 oktyabr.- S.5.