“Allahı, yoxsa Əzrayılı qatil edənlər?”

 

Nəhayət ki, Azərbaycan ədəbiyyatında dövlətin və cəmiyyətin əsas hissəsi olan ordumuz haqqında tənqidi roman yazıldı. Söhbət Aqil Abbasın “Allahı qatil edənlər” əsərindən gedir. Məni əsas təəccübləndirən bu romanı Aqil Abbasın yazmasıdır. Çünki görüşlərimizdə, mətbuata açıqlamalarında ordumuz haqqında ən çox dözümlülük göstərən, ordudakı neqativ halları xəsisliklə öz qəzetində yerləşdirən elə bu romanın müəllifidir.

“Öz ordusunu yedizdirməyən xalq, başqa ordunun əsgərlərini yedizdirməyə məcbur olacaq” kəlamı romanda qırmızı xətlə keçir.

Məlumdur ki, son zamanlar orduda ölüm sayları əsasən intiharların ayağına yazılır. Bu roman məhz bir neçə intiharın ümumiləşdirilməsi nəticəsində yaranıb, desək yanılmarıq.

Bütün dövlətlərin ordusunda belə hallar olur. Şəhid, qəza, döyülmək, söyülmək, təhqir olmaq və ya çoxsaylı başqa hallar. Bu halları təhqiq edən müstəntiqlər, kriminalistlər, polkovniklər (bilərəkdən, Aqildən fərqli olaraq adları kiçik hərflərlə yazıram, yalnız yaratdığın “Akademik”, böyük hərflə yazılmağa layiqdir) başqa ölkələrdə ədalətlə bu işin axırına gedir, cavabdehləri qanunla mühakimə edirlər. Yəqin ki, kimsə romanın əvvəlində ölüm hadisələrini oxuyanda fikirləşəcək ki, Aqil Abbas da bu yolla gedəcək və N saylı hərbi hissədə baş verən intihar hadisələrinin səbəbkar, yaxud səbəbkarları tapılacaq və layiqli cəzalarını alacaqlar və roman sizə quru süjet üzərində qurulan əsər kimi deyil, yaxud quru məhkəmə prosesi qədər maraqlı gəlməyəcəkdir.

Yox, yox, tələsməyin, romanı oxumaqda davam edin. Aqil də Aqil Abbas olmazdı ki, əsəri quru və konyuktur süjet üzərində qursun. Hadisələr tez- tez dəyişir. Aqil Abbas qatilin axtarışına çıxdıqca gah müstəntiqin, gah da kriminalistin dili və məntiqi ilə Şerlok Holms kimi axtarışa çıxır, mülahizələr yürüdür. Nəticədə istədiyinə çatır. Qanunsuz işlər görən, hərbi hissəni öz dükanı hesab edən alay komandirini oğlunun ölümünə görə güllələyən şəxs nəhayət ki, tapılır. Qatil Anadır, ölən əsgər- Akademikin anası.

Bax burada Aqilin improvizəsi baş gicəlləndirir. Necə yəni alay komandirinin qatili qadındır, özü də böyük hərflərlə yazılan ANA. Bəs atalar, oğullar haradadır? Bəs qanunlar haradadır? Hə, bax burada oxucuları intizarda saxlamağa məcbur olacam ki, özləri oxuyub ədalətin necə bərpa olunduğunu görsünlər.

Aqil Abbas bu romanda çox ciddi bir problem qoyub. N saylı hərbi hissədə qanun işləmirsə, kimsə etdiyi cinayətə görə həbsxanada deyil, azadlıqda gəzirsə, bu cəzasızlıq sindromu yaradır. O zaman cəzasızlıq sindromu özbaşınalıqla əhatələnir. Və... ürəyi param-parça olmuş insan intiqam hissi ilə alışıb yanır. Bu intiqamı almağı əsərdə ANA boynuna götürür və həyata keçirir. Amma əsərdə Aqil bəy onu da cəzasızlıq sindromuna yuvarlayır və haqq da eyləyir.

Nə isə, Aqil bəy demişkən, yenə qırx bulağın suyunu bir çaya axıtdım deyəsən. İstənilən halda Aqil Abbas romanında cəmiyyətdə bu gün yaşanan problemin üzərinə cəsarətlə gedib və onu cəsarətlə açıb göstərib, həm də həllini tələb edir... “Axı biz bu ölkədə hamımız qardaşıq, müsəlmanıq, bir yerdə çörək kəsib yemişik”.

Təşəkkürlər Aqil Abbas!!!

P.S. Dünyaya gəlmək və ölmək əmrini Allah verir. Amma bu əmri mələklər və insanlar həyata keçirir. Əgər bu romanı mən yazsaydım onu belə adlandırardım: “Əzrayılı qatil edənlər”.

 

 

Yunus OĞUZ

 

525-ci qəzet.- 2011.- 22 oktyabr.- S.17.