“Türk
Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin
fəaliyyəti əhəmiyyətli nəticələr verir”
İNTİQAM QASIMZADƏ: “DÖRD
İLLİK TƏCRÜBƏ GÖSTƏRİR Kİ,
KONQRESİN YARADILMASI VƏ ARDICIL KEÇİRİLMƏSİ
FAYDALI İDEYADIR”
–
İntiqam müəllim, bildiyimizə görə, IV Şimali
Kipr Türk Respublikasının paytaxtı Lefkoşada Türk
Dünyası Ədəbiyyat Dərgiləri Konqresində
ölkəmizi təmsil etmisiniz. Bu barədə ətraflı
məlumat verməyinizi istərdik.
– 12-14 oktyabrda Şimali Kipr Türk
Respublikasının paytaxtı Lefkoşada Türk
Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin (TDƏDK)
dördüncü konfransı gerçəkləşib.
Ölkəmizi sözügedən konqresdə “Ulduz”
jurnalının baş redaktoru Elçin Hüseynbəyli və
mən təmsil etmişik. TÜRKSOY, TİKA, Avrasiya Yazarlar
Birliyi və Şimali Kipr Yaxın Doğu Universitetinin təşkil
etdiyi konfrans artıq dördüncü dəfədir ki,
keçirilir. Biz də hər il sözügedən konfransda
ölkəmizi təmsil etmişik. Krımın görkəmli
yazarı, krımlıların ədəbiyyatı, mədəniyyəti
və mənəviyyatında əvəzsiz xidmətləri
olan Çingiz Dağçı konqres ərəfəsində
Londonda vəfat etdiyindən tədbir onun xatirəsinə həsr
olunmuşdu. Konqres onun xatirəsinin bir dəqiqəlik
sükutla yad etməklə başladı. Bu çox
qürurverici idi. Dünyanın müxtəlif yerindən olan
türklər bir yerə toplaşaraq belə bir şəxsiyyəti
yad edirdilər. Konqresə 16 ölkədən 26 ədəbiyyat
dərgisinin baş redaktoru və yazıçıları
qatılmışdılar. Türkiyədən
“Çağla”, “Folklor ədəbiyyatı”, “Güncel sənət”,
“Kardeş kalemler”, “Sincan İstasyonu”, “Türk
düşüncəsi”, “Türk ədəbiyyatı”,
İrandan “Yarpaq”, “Səhra”, “Türkmənsəhra”, Ukraynadan
“Yıldız”, “Krım”, “Ümid karvanı”, Özbəkistandan
“Gülüstan”, “Özbək dili və ədəbiyyatı”,
Qazaxıstandan “Ulduz”, “Altın Tamır”, Makedoniyadan
“Körpü”, Başqırdıstandan “Agidil”, Kosovadan “Bay”,
İraqdan “Qardaşlıq” və başqa dərgilərin
baş redaktorları konqresdə iştirak edirdilər.
–
Konqresin əsas məqsədi, keçirilmə zərurəti
nədən ibarət idi?
–
Konfransın keçirilməsində əsas məqsəd
türk dünyasını əhatə edən bütün
dövlətlərdə nəşr olunan ədəbiyyat dərgilərinin
baş redaktorlarını toplamaq və bununla, ədəbiyyatımız,
eləcə də dərgilərimiz qarşısında duran
problemləri araşdırmaq, dərgilərin durumu,
yaradıcılıq münasibətləri və
imkanlarını müzakirə etməklə,
qarşılıqlı fikir mübadilələri
aparmaqdır. Bu dərgilərin bir-birinə
yaxınlaşması, Konqresin ardıcıl keçirilməsi
ayrı-ayrı türk dövlətlərinin ədəbiyyatlarına
yaxından bələd olmaq istiqamətində əhəmiyyətli
nəticələr verir. Dörd illik təcrübə
göstərir ki, konqresin yaradılması və fəaliyyət
göstərməsi faydalı ideyadır. Çünki hər
növbəti konqresdə əvvəlkilərdə qoyulan
problemlərin həlli yolları müzakirə edilirdi.
Bunlardan ən başlıcası isə ortaq dildir. Türkiyə
türkcəsi, azərbaycan türkçəsi Krım
tatarlarının türkcəsi arasında elə bir fərq
yoxdur. Türk dilinin başqa bir qolu var ki, məsələn,
qazaxlar, qırğızlar, özbəklərin dilini anlamaq, sərbəst
oxumaq, biz türklər üçün bir qədər
çətinləşir. Bu da digər türk
xalqlarının ədəbiyyatını öyrənmək,
mədəni irsinə müraciət etmək, maariflənməkdə
bizə çətinliklər törədir. Əslində bu
daimi söhbətdir. Hər konqresdə bu mövzuya geniş
yer verilib. Bu sahədə ədəbiyyat dərgilərinin
üzərinə böyük yük düşür. Konqresdə
keçirilən iclaslarda müxtəlif türk ölkələrindən
olan ədəbiyyat nümunələrinin dərc olunması,
təcrübə mübadiləsi üçün əvəzsiz
olduğu diqqətə çatdırılıb. Türkiyənin
məşhur “Kardeş kalemler” dərgisi müxtəlif
türkcələrdə danışan ədəbiyyat xadimlərinin
əsərlərini tərcümə edərək hər ay dərc
etdirir. Bu da türk dilinin təbliğində, dünyaya
inteqrasiyasında əhəmiyyətli mövqeyə malikdir. Bu
digər ölkələr tərəfindən təqdirəlayiq
qiymətləndirilir və bu təcrübə digər
ölkələr tərəfindən geniş şəkildə
tətbiq edilir. Bu dərginin varlığı konqresin əsas
bayraqdarıdır. Çünki konqresin keçirilməsindəki
əsas məqsədi birbaşa icra edir. Məlumat
üçün bildirim ki, “Azərbaycan” jurnalı
yarandığı gündən bugünədək türk ədəbiyyatından
Əziz Nesin, Rəşad Nuri Güntəkin, Orxan Kamal və
başqa yazarların əsərlərini dilimizə tərcümə
edərək nəşr edib. Lakin bu sistemli şəkildə
həyata keçirilməyib. Keçirilən konqres
işimizi sistemə salmağa bizi istiqamətləndirir.
Keçən konqresdən bu vaxta qədər bizim
jurnalımızda türkdilli xalqların ədəbiyyatından
sistemli şəkildə tərcümələr vermişik.
Türk dilindən iki böyük roman jurnalda dərc olunub.
Bunlan türk yazarları Sərdar Özkanın “Kayıp
gül” və Xalide Edip Adıvarın “ Atəşdən
köynək” romanlarıdır. Qazax və tatar,
başqırd ədəbiyyatlarından tərcümələr
dərgimizdə yer alıb. Konqres çərçivəsində
etdiyim çıxışımda da bu işi təşkil
etdikləri və sistemli şəklə saldıqlarına
görə, təşəkkürümü bildirdim. Lakin
konqresin “İlin ədəbiyyat Adamı”
ödülünün verilməsi üçün namizədlər
irəli sürüləndə biz bir-birimizin ədəbiyyat,
mədəniyyət adamlarını yaxından
tanımadığımızın şahidi olduq. Bu problemi həll
etmək üçün hər bir türk dövləti
özünün ədəbiyyat adamı haqqında məqalələr
yazmalı və bu məqalələr bütün ölkələrdə
dərc edilməlidir. Bu bir növ tanışlıq məqsədi
daşıyır.
–
Bilirik ki, Konqres “İlin Ədəbiyyat Adamı”
ödülünü xalq yazıçısı Anara verib.
Ödülün mahiyyəti və bundan öncə
mükafatlandırılanlar haqqında nə deyə bilərsiniz?
–
Konqresdə “İlin ədəbiyyat Adamı” ödülü
verilir. İlk dəfə bu ödülün verilməsi
ötən il, üçüncü konqresdə təsis
edilib. Keçən il ödülün verilməsi zamanı mən
və bir neçə ədəbiyyat Adamı “Kardeş
kalemler” dərgisinin baş redaktoru Əli Akbaşın namizədliyini
irəli sürdük. Konqres iştiraçılarının
çoxsaylı səslərini nəzərə alaraq
ödül Əli Akbaşa təqdim edildi. Belə bir qayda
mövcuddur ki, konfransda iştirak edən ölkə öz təmsilçisinin
namizədliyini irəli sürə bilməz. Bu il üç
namizədin adı çəkildi və müzakirə edildi,
lakin belə bir fakt ortaya çıxdı ki, heç kim həmin
nümayəndələr haqqında geniş bilgiyə sahib
deyil. Dörd saat davam edən müzakirədən sonra,
türk yazıçısı, “Kardeş kalemler” dərgisinin
nümayəndəsi İmdat Əfşar Azərbaycan
Yazıçılar Birliyinin sədri, xalq
yazıçısı Anarın namizədliyini irəli
sürdü. Hamı bir səslə bütün həyatını
türk mənəviyyatının inkişafına həsr edən
Anarın bu ada layiq olduğunu təsdiqlədi. Anar həqiqətən
də türk mənəviyyatı uğrunda yazıları və
fəaliyyəti ilə əvəzsiz
ziyalımızıdır. Beləliklə Anar 2011-ci ilin
“İlin Ədəbiyyat Adamı” ödülünə layiq
görüldü. Mükafat Konqresin gələn il Astanada
keçiriləcək beşinci konfransında təqdim
olunacaq.
–
Konfrans çərçivəsində hansı qərarlar qəbul
edilib?
–
Türk xalqlarının ədəbiyyatlarının
qarşılıqlı tanıdılması üçün
jurnallararası yazı mübadiləsinin sürətləndirilməsi,
Türk Dünyası Ədəbiyyat İlliyi
üçün işlərin aparılması qərarlaşdırılıb.
Həmçinin bu il Övliya Çələbi, Qabdulla Tukay,
M.Elebayev, Mehmet Akif Ersoy kimi Türk xalqlarının dəyərləri
olan yazıçı və şairlərin doğum və ya
vəfatının ildönümlərilə əlaqədar
Konqresə üzv jurnallarda xüsusi yazılara yer verilməsi
və başqa işlər görülməsi qərara
alınıb. Eyni zamanda sözügedən konqres tərəfindən
iki ildir ki, təsis edilən “Türk Dünyasında İlin Ədəbiyyat
Adamı” mükafatının builki laureatı, Azərbaycan
Yazıçılar Birliyinin sədri, xalq
yazıçısı Anarın əsərlərinin tərcümə
edilərək ilboyu oxuculara təqdim edilməsi nəzərdə
tutulub. Növbəti konqresin Qazaxıstanda keçirilməsi
qərarlaşdırılıb. Onu da qeyd edim ki, 2013-cü ildə
keçiriləcək konqresin ölkəmizdə təşkil
olunması planlaşdırılır.
Hüsniyyə İSMƏTQIZI
525-ci qəzet.- 2011.- 22 oktyabr.-
S.19.