Sözlə
ucalan qəsrlər
XALQ YAZIÇISI
ELÇİNİN ONCİLDLİYİ HAQQINDA
DÜŞÜNCƏLƏR
Müasir
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi
Elçin istər ədəbi tənqiddə, istərsə də
nəsrdə öz yeri olan istedadlı qələm sahiblərindən
biridir. Bəzən onu necə təqdim etməkdə çətinlik
də çəkirsən. Çünki müəllifin
müxtəlif teatrlarda tamaşaya qoyulan əsərlərinin
uğurlu taleyi onun həm də qabil dramaturq olduğundan xəbər
verir. Tərcüməçiliklə məşğul olan
yazıçının bu sahədəki fəaliyyəti də
təqdirəlayiqdir. Publisistikasında da örnək ola bilən
cəhətlər çoxdur. Xalq yazıçısı Mirzə
İbrahimov vaxtilə onun barəsində yazırdı:
“Böyük ümidlər oyadan budur ki, Elçin narahat və
hərarətli bir ürəklə daim axtarır. Həyati
müşahidələrini dərinləşdirir və
genişləndirir”. Elə bu səbəbdəndir ki,
Elçinin təqdim etdiyi hər bir əsər həcmindən,
janrından asılı olmayaraq əlvanlığı,
koloriti, həyat həqiqətinə sadiqliyi ilə
seçilir.
Bu
günlərdə sevimli yazıçımız mənə
bir bağlama göndərdi. Kitablardan ibarət olan bu sovqat məni
xeyli sevindirdi, düşündürdü və onları
oxumağa sövq etdi.
KÖRPÜ
Riyaziyyat
dəftərinin vərəqlərini xatırladan üzlüyə
bürünmüş on kitab. Üst-üstə
yığaraq onlara diqqətlə nəzər saldım. Mənə
elə gəldi ki, on möhtəşəm və sirli qəsrlə
üzbəüz dayanmışam. İçindəkilərdən
hələ ki xəbərim yoxdur. Amma düşünürəm
ki, tanış yollarla, cığırlarla – bir sözlə,
nə vaxtsa təmasda olduğum, ən azından səhnədə
pərvazlanan – mənim gördüyüm obrazlarla mütləq
üzləşəcəyəm. Elə bu niyyətlə də
birinci qapıdan başladım.
Müəllifin
“Hakim oxucudur” ön sözü bu on qapını ürəklə
döymək üçün mənə bələdçilik
etdi. Bələdçidən daha çox düşüncələrimi,
keçirdiyim hissləri, duyğuları bir araya gətirərək
onların vəhdətini yaratmaq üçün körpü
oldu, uzun yola bir kəsəlik gətirdi. Bu cildliyə
Elçinin müxtəlif illərdə qələmə
aldığı əsərləri daxil edilib. Sözün
gücünə elə mən də ötənlərə
qayıtdım. Sanki bu mənzərəni gözlərimlə
seyr etdim. Balaca bir uşaq jurnalın arasına gizlincə
qoyduğu vərəqlərdə öz yazdıqlarını
özgənin adına (guya ki aldadır) nənəsinə həvəslə
oxuyur. Aldanan da sevinir, aldadan da. Azərbaycan ədəbiyyatına
İlyas Əfəndiyev kimi böyük bir nasir bəxş
etmiş, geniş dünyagörüşlü, savadlı, bəy
qızı, bir neçə dili mükəmməl bilən,
klassik poeziyadan xəbərdar Bilqeyis xanım nəvəsinin –
Elçinin gələcəkdə yazıçı
olacağından xatircəm və şad-xürrəmdir.
Uşaqsa özünə belə mehriban, sözə baxan, ona
diqqətlə qulaq asan, oxuduqlarını bəyənən
oxucu tapdığından xoşbəxtdir. Əslində
Elçinin elə ilk oxucusu da Bilqeyis nənə olub.
Müəllifin
oxucudan cavabını gözlədiyi suallar da düşündürücüdür:
Nə yazmısan? Yaxud da necə və niyə yazmısan? Təbii
ki, bu sualların cavabını onuncu qapıdan sonra verməli
olacağam. Əgər yazıçı böyük ürəklə
bildirirsə ki hakim oxucudur, mən də öz “hökm”ümdə
ədalətli olmağa çalışacağam.
BİRİNCİ QAPI
“Qonağa”
“xoş gəldin” deyən qəsrin öz sahibidir. “Mənlə
mən arasında”kı xəbərdarlıqdan sonra duydum ki,
bu qəsrin sakinləri işindən, peşəsindən, mənəviyyatından,
dünyagörüşündən asılı olmayaraq həyatdan
gəlmədirlər. Onları bu qəsrdə birləşdirən,
fərqləndirən müəllifin qələmindən,
mövqeyindən çox elə öz xarakterləri, əməlləri
və daxili aləmləridir. Qəsrin sakinləri – sarı
pencəyi ilə “vuruşan” bəstəkar S.Qayıblı, sərnişin
Məleykə xanım, suallarına doğru cavab tapmayan balaca
Tolik də, Çadra xanım da, Çal Papaqlar da... bizim ətrafımızda
olan doğma və yad adamlardır. Bəziləri ilə hətta
dostluğumuz, qonşuluğumuz,
tanışlığımız, get-gəlimiz var.
“Baladadaşın
ilk məhəbbəti”. Bu hekayə barədə ayrıca
danışmağa dəyər. Çünki onun əsasında
çəkilmiş film də tamaşaçılar tərəfindən
maraqla qarşılandı. Hekayənin adı çəkilən
kimi gözlərimiz qarşısında həmin filmdən
fraqmentlər canlanır. Film sadə insanların romantik
duyğularından, məhz özlərinə məxsus sevgi
dünyasından təsirli, yaddaqalan şəkildə
danışmağı və göstərməyi bacardı.
Bu əsərdə xoşa gələn əsas cəhət
“aerodrom” papaqlı Baladadaşın sadəliyi ilə həmahəng
gələn saflığı, təmizliyi və hissləridir.
Əsərin sonluğu da çox
düşündürücü və mənalıdır.
“Baladadaş qaça-qaça aerodrom kepkasını, miləmil
trikotaj köynəyini, parusin şalvarını, səndəllərini
çıxarıb özünü dənizə verdi, bir az əl-qol
atıb arxası üstə suyun üzərində uzandı
və göyə baxdı; göy təmiz və sonsuz idi...”
Sanki bütün pisliklərdən, xoşagəlməz hadisələrdən
uzaqlaşaraq dənizin ləpələnən sularına bələnən
Baladadaş bu mavi dalğaların qoynunda bir duruluq timsalı
idi. Həqiqətən də biz çox zaman avam və sadəlövh
təsiri bağışlayan insanların geniş mənəviyyatından,
əsl insani duyğularından xəbərsiz oluruq.
Elçin
şüura fəal təsir edə biləcək, adamı
gözlənilməz hadisələrlə üzləşdirəcək,
oxucu ilə mənalı söhbət qurmağı bacaran
müəllifdir. Bu mənada “Qış nağılı”
hekayəsi də çox təsirlidir. Kərim kişinin
insani xüsusiyyəti, etibarlığı mənə itini zəncirdən
aça bilməyən qaçqın qonşumuzun ağlar səsini
xatırlatdı. Hekayədən bəlli olur ki, Bakıya
yağan qəfil qar, başlayan şiddətli çovğun
bütün şəhəri və onun ətrafını
iflic vəziyyətə salıb. Kərim kişi isə
bütün çətinliklərə baxmayaraq Bilgəhdə
zəncirdə bağlı qalan itinin acından ölməməsi
üçün ora üz tutub. Yadımdadır, qonşumuz
Göyüş kişi də son nəfəsində
deyirmiş: “Məni Müdrünün (itin adıdı – F.X.)
qarğışı tutdu. Kafirlər macal vermədi ki, onu zəncirdən
açım”. Kərim kişi isə qara, çovğuna
qalib gələrək Nabrana (itin adıdı) baş çəkə
bildi. Onun yolunu erməni kəsməmişdi, qar,
yağış döyürdü.
Bədii
əsər o zaman təsirli, yaddaqalan olur ki, məzmununa həyatdan
gələn ətirlər qatılır. Elə bu qəsrin də
bütün ab-havası həyatdan gəlib. Hansı pərdəni
qaldırsan (yəni hansı səhifəni oxusaq), o hücrədə
həyatın bir parçası var.
“Bu
dünyada qatarlar gedər”, “Talvar”, “Baladadaşın toy
hamamı”, “Ayaqqabı” kimi hekayələrdə məhz həyatdan
gələn səslər eşidilir. Bu qəsrin hər
guşəsində həm də Abşeronun havası var. Bu
doğmalığın içində “Şuşaya duman gəlib”dən
ayrıca danışmağı lüzum bildim. Çünki
uzun ayrılıqdan sonra məhz bu hekayə mənə o yerlərin
sözlə çəkilmiş şəkli təsirini
bağışladı. Ruhumuzun vətəni olan Şuşa
ilə bağlı hər sözü, bayatını
havasızlaşmış adam kimi varlığıma çəkmək
istədim:
Şuşaya
duman gəlib,
Ürəyimə
güman gəlib.
Hər
dərdimi, sərimi
Sinəmdən
qovan gəlib.
Bu
hekayənin gücünə dünyanın çox bəxtəvər
çağlarına qayıtdım. Hekayənin
saldığı cığırlarda doğma yerləri
dolaşdım. “Qarşıdakı yarğanın dibi ilə
axan Daşaltı çayının qıjıltısı
aydın eşidilirdi. Yarğanın o tayındakı Xəznə
qayasının isə kölgəsi qaralırdı,
sıldırımları hiss olunurdu və Cavanşir
uşaqlıqda bu yerlərə çox gəlmişdi. Bilirdi
ki, Xəznə qayasına Qızıl qaya da deyirlər: Qacar
Şuşaya basqın edəndə İbrahim xan var-dövlətini
Xəznə qayasının üstündə basdırır,
bu işi iki nəfər görür, sonra biri o birini qayadan
tullayır ki, xəzinənin sirrini heç kimə verməsin,
sonra özü də Xəznə qayasında yoxa
çıxır”. Ürəyimin başı göynədi. Əllərimi
Allaha tutub söylədim: “İgidlərimiz bizi səsləyən
o torpaqlarda Şuşaya qənim kəsilmiş
yağıları eləcə tullaya bilələr”.
Bilirsiniz
ürəyimdən nə keçdi? O dağlarda üçrəngli
bayrağımızı asan oğul haqqında Elçin
müəllimin bir hekayəsini oxumaq mənə qismət
olaydı. “Sarı gəlin”, “Qarabağ şikəstəsi” də
qəsrin ən maraqlı, yaddaqalan hücrələrindəndir
desəm, yanılmaram. Həqiqətən də unudulmaz
şairimiz Xəlil Rza Ulutürkün söylədiyi kimi
Elçinin oxucusu olmaq çox çətindir. Çünki
onun incilərini yığıb-yığışdırmaq
olmur. Bilmirsən ki, əsərin ideyasından
danışasan, məzmunundan söz açasan, yoxsa sənin
ruhunu varlığından alan o qiymətli sözlərin əlindən
yapışıb qulağına gələn bir sədaya
qoşulub haraya gedəsən?..
Saçın
uzun hörməzlər,
Səni
mənə verməzlər.
Nə
ola, bir gün görəm
Nazlı
yarın, ah üzünü...
Neynim
aman, aman,
Neynim
aman, aman,
Sarı gəlin...
Elçinin əsərlərini oxuyanda həqiqətən
də milli iftixar duyğusu keçirərək mənsub
olduğun xalqın böyüklüyü
qarşısında baş əyməli olursan. Əlinə qələm
aldığı gündən bizi mənəvi saflığa
çağıran, mənəvi gözəllikləri vəsf
edən, əxlaqi kamilliyin keşiyində fədakarlıqla
dayanan Elçin bir ustad yazıçı kimi oxucusu ilə qəhrəmanı
arasında vəhdət yaratmağı bacardı. Bəlkə buna görə də biz onun qəhrəmanlarının
dərdinə şərik olur, sevincinə
şadlanırıq.
Bu qəsrdə uşaqların da üz tutacağı
hücrələr var. Çox suallara “Mənə niyə
gülürlər?”, “Gör necə top vururam?”, “Belə də
iş olar?”, “Kukla, yoxsa Aysu?”, “Qar yağıb-yağmayıb?”
və s. uşaq hekayələrində cavab tapmaq olar.
“Adda-budda” çərçivəsində
naxışlanan yazılarda da həyatdan gələn səslərə
qulaq asmaq mümkündür. Müəllifin qəlbini titrədən,
onu heyrətləndirən, bəzən də kədərləndirən
anlara, ovqatlara münasibəti var. Məsələn, “Habilin
kamançası” adlanan ovqat yazısında oxuyuruq: “Habilin
kamançası səslənir mən Qarabağı
görürəm, Şirvanı, Naxçıvanı, Milli,
Muğanı, Lənkəranı, Abşeronu, ömrümdə
heç vaxt getmədiyim, görmədiyim Təbrizi
görürəm, Ərdəbili görürəm, Sərabı
görürəm. Ərk qayasının önündə
dayanıb babaların ucalığında dayanıram...” Budur Habil kamanının qüdrəti. O səsə
qoşulub vətəni seyrə çıxmaq həqiqətən
mümkündür. Bu, kamançının
qüdrəti, Habilin böyüklüyü, Elçinin isə
bir yazıçı kimi həssaslığıdır.
İKİNCİ QAPI
Burada bizi “Bir görüşün tarixçəsi”
qarşıladı. Məmmədağa ilə Məsmə
xanımın təmiz duyğuları qəlbimizə hakim kəsildi.
Bu əsərdə saflıqla
yalançılıq üz-üzə dayanıb. Düz yolları kəsməyə
çalışan əyriliklərin çoxluğu dəyanətli
insanları heç zaman öz cərgəsinə çəkə
bilmir. Elçin yeganə
yazıçıdır ki, sadə, adi iş-güc sahiblərinin
geniş qəlbə sahib olduğunu, saflıqlarını məhəbbətlə,
özünəməxsus rəğbətlə ədəbiyyata
gətirib. Məhz onların simasında
İnsan adlanan varlığın ləyaqətindən
danışmaqla bir maqnit cazibəsi yaradıb. Deyirlər ki, söz insanın içinin ətridir.
Elə buna görə də müəllifin
öz duyğuları qəhrəmanlarının sinəsində
bulaq kimi qaynayır. Bu personajların
pislikdən uzaqlığı, paklığı oxucuya sirayət
edir.
“Toyuğun
diri qalması”, “Dolça” adlı povestləri də oxuduqca –
uzaq dağ kəndindən Bakıya gəldiyimiz günləri,
beş qış universitetdə təhsil
aldığımız illəri xatırladım. Kirayədə qaldığımız, minbir arzu və
istəklə yaşadığımız o zamanın
çox gözəl, qeyri-adi xatirələri yada
düşdü. Bu əsərlərdə
sanki o əlçatmaz günlərin
görüntüsünü izlədim. Elçin
qəhrəmanlarının hər birini öz dili ilə
danışdırır. Ona görə də
povestdəki koloritlik bu qəsrə bir istilik gətirib. Ədəbi tənqid də təsdiqləyir, elə
oxucuların da rəyi budur ki, Elçin nə yazırsa
mükəmməldir. Bu mükəmməlliyi
yaradansa mövzunun həyatdan alınması və müəllifin
onu ustalıqla işləməsidir.
“Bayraqdar” isə bu qəsrin zirvəsidir. Ötən əsrin
sonlarından yaşadığımız ağır günlərin
rəngi çökdü ovqatıma. 1988-ci ildə ermənilər
“Qarabağ kartı”nı ortalığa
ataraq xalqımızın və torpağımızın
başına zülmlər gətirdilər. Surxay
kimi vətən sevdalı, torpaq qeyrətlilər
ömrünü azadlıq uğrunda odlara tapşırdı.
Surxay üçrəngli
bayrağımızı ilk dəfə elə Şuşada –
Bazar başında qaldırmışdı. Sonra... Sonrası çox bəd gəldi. Şuşa da getdi, torpağımızın sinəsinə
çalın-çarpaz dağlar çəkildi,
soydaşlarımız qaçqına, köçkünə,
didərginə çevrildi. Surxay Buzovnada
məskunlaşdı. Əslində bu əsərdə
yeganə kamil obraz var – Azərbaycan! Havadarlarından güc alan, təlim görən ermənilərin
iç üzünü açan “Bayraqdar” Qarabağ
mövzusunda yazılan ən mükəmməl bədii əsərlərdən
birincisidir.
Bu qəsrdəki pyeslərin əksəriyyətinin əsasında
film çəkilib. Məramına və əqidəsinə sadiq qalan müəllifin
bu yöndəki yaradıcılığının da baş
qəhrəmanı Azərbaycandır!
“Ox kimi bıçaq” – bu kinopovest əsasında çəkilmiş
“Arxadan vurulan zərbə” filmi illərdir ki, maraqla izlənilir. Buradakı Fəttah
kişini həmişə özünə oxşar obrazlarla
yanaşı görürəm: “Yaşar”dakı
(C.Cabbarlı) İmamyar, “Mehman”dakı (S.Rəhimov) Qaloş,
“Komsomol” – “Yeddi oğul istərəm”dəki (S.Vurğun) Kələntər.
Bu obrazlar zahirən fağır, hörmətcil, avam təsiri
bağışlayır. Əslində isə
hiyləgər, qəddar, başkəsən və
evyıxandılar. Bu eyni xarakterli obrazların
ayrı-ayrı müəlliflər tərəfindən
yaradılması onları bir məqsəd və əqidədə
birləşdirir: zalımın iç üzünü
açmaq – sonda məğlubiyyətinə nail olmaq!
ÜÇÜNCÜ QAPI
Köhnə tanışlarla görüşdük. Buradakı
pyeslərin əksəriyyəti müxtəlif teatrlarda
tamaşaya qoyulub. Əlbəttə,
onların hər biri barəsində saatlarla danışmaq
mümkündür. Bu əsərlərə
xas olan əsas xüsusiyyət mənəvi
saflığın, daxili böyüklüyün qorunmasına
xidmətdir. Müəllif qəhrəmanlarını
mürəkkəb və çətin durumlardan məhz ləyaqətin,
mənəviyyatın köməyi sayəsində xilas edir.
Vaxtilə tənqidçi Yaşar Qarayevin uzaqgörənliklə
söylədiyi bir fikir mənim düşüncələrimlə
üst-üstə düşür: “Bu əsərlərdə
Elçin məhz mənəvi zənginlik və ucalıq
mövqeyindən psixoloji yekrənglik və bitərəfliliyi
tənqid edir, adi adamların həyatında müşahidə
etdiyi qeyri-adiliyin, gözəlliyin şeiriyyəti haqqında
hekayələr söyləyir”. “Poçt şöbəsində
xəyal”, “Ah, Paris, Paris!”, “Mənim ərim dəlidir” və
s. pyeslərin səhnə təcəssümü
tamaşaçılar tərəfindən də rəğbətlə
qarşılanıb.
DÖRDÜNCÜ QAPI
Yenə də qiymətli incilərlə rastlaşırıq. Tanış
obrazların qəribə taleləri bizi çox
düşündürür. “Qatil” pyesi
Mehriban Ələkbərzadənin quruluşunda həm Azərbaycanda,
həm də vətənimizdən kənarda tamaşaya
qoyulub. Bu dramdakı Qadının mənəvi
əzabları, təkliyi, həyat eşqi, insanlara inamı sonda
onu elə çıxılmaz vəziyyətə salır ki,
qatilə çevirir. Əsər olduqca
düşündürücü və təsirlidir. Çoxumuzun ətrafında belə təzadlı həyat
tərzinə, tənhalığa məhkum edilmiş
qadınlar var. Onların əzablarını, mənəvi
sarsıntılarını müəllif çox təsirli,
yaddaqalan hadisələrlə yaradıb. Havanın
solğunluğu da, qonşunun marağı da, Kişinin
yalanı da Qadının iç dünyasının
açılmasına xidmət edir.
“Mahmud və Məryəm”, “Ağ dəvə”
romanları da ədəbi ictimaiyyətdə böyük əks-səda
doğurdu. Tənqidçi
Nizaməddin Şəmsizadənin bu romanlar haqqında söylədiyi
lakonik bir fikir müəllif düşüncəsinin əsas
mahiyyətini çox dürüst ifadə edir: “Əslə-kökə
qayıdışın zərurətini təsdiq edən əsərlər”.
Bu romanların oxucu coğrafiyası da çox
genişdir. Onun sorağı Azərbaycandan
başlayaraq Avropaya qədər gedib çıxdı. Elçinin dərin müşahidə qabiliyyəti
onun əsərlərinə bir əlvanlıq gətirib.
Bu əsərləri birnəfəsə oxumaq həvəsi
oxucunu tərk etmir.
BEŞİNCİ QAPI
Burada isə ilk növbədə “Ölüm
hökmü”ndən xəbər tuturuq. Ötən əsrin
30-cu illərində repressiyaya məruz qalan
xalqımızın müsibətlərindən bəhs edən
romanda dövrün sərt həqiqətləri,
acınacaqlı insan talelələri ilə üzləşirik.
Əslində bu roman çox mürəkkəb
surətlərlə zəngindir. Qarışıq
bir zamanın övladlarının surətlərini –
Tumsatandan Bağırova qədər uzanan sırasında
onların dolğun xarakterlərini yaratmaq həm
yazıçı ustalığıdır, həm də vətəndaş
mövqeyi. Ağır hadisələrdən
yazmaq da çətindir, onu oxutmaq da. Amma Elçinin təhkiyəsi
yoruculuqdan uzaqdır...
Bu qəsrdə diqqətçəkən “İlyas Əfəndiyev
şəxsiyyəti və sənəti” adlı sənədli
romanda Azərbaycan ədəbiyyatının çox görkəmli
bir nümayəndəsinin bəlkə də indiyədək
oxucuya o qədər də geniş məlum olmayan məziyyətlərindən,
həyat yolundan, nəslindən söz açılır. Romanın girişində
oxuyuruq: “İlyas Əfəndiyev ən dərin hisslər ilə
Azərbaycana, Azərbaycanın içində isə
Qarabağa, Qarabağın içində isə Füzuliyə,
öz nəsil-nəcabətinə bağlı bir adam idi... Hərdən uşaqlıq illəri
haqqında danışdığı xatirələr, o xatirələrdəki
etnoqrafitk detalların zənginliyi, müşahidələrin
dərinliyi, çoxdan haqq dünyasına köçüb
getmiş insanlara, o dövrün mənəvi dəyərlərinə
ehtiramı üç cümlə ilə uşaqlıq
dövrünün koloritini, onu əhatə edən
adamların xarakterini verə bilmək bacarığı adama
elə təsir edirdi ki, elə bil özün bütün
vaxt, zamanın qanunlarını pozub, onunla birlikdə onun o
uşaqlıq dövrünə getmisən”. Təkcə
elə bu abzasda görkəmli yazıçımızın
işıqlı portretini görürük. İndi onun ruhu da narahatdır. Çünki
doğma yurd-yuvası yağı tapdağında
saralmaqdadır. Mənim düşüncəmə
görə Qarabağ canlı bir orqanizmdir. Onun qəlbi Şuşa, vuran əli Ağdam,
düşünən beyni Füzulidir. Gün o
gün olacaq ki, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə,
elminə dahilər yetirmiş bu ulu torpağın yarası
sağalacaq. Biz də Füzuliyə,
böyük İlyas Əfəndiyevin dədə-baba yurduna –
yaradılacaq ev-muzeyinə gedəcəyik.
ALTINCI QAPI
Müxtəlif janrlarda paralel şəkildə, eləcə
də uğurla işləyən və bu ədəbi fəaliyyətində
öz yolu, düşüncələri, hadisələrə
münasibət ilə seçilən Elçinin
altıncı qəsrdə topladığı yazılarda sərhədlər
keçilir. Dünyada mövcud olan ölkələrin mənzərələri
görünür, müxtəlif iqlim qurşaqlarının rəngləri
sezilir. Bu, “Səyahət notları”na
qulaq kəsildikcə vaxtilə heyrətləndiyimiz günlər
yadıma düşdü. 1979-1980-ci illərdə
“Azərbaycan” jurnalında yazıçının dərc
edilmiş “Yaxın, uzaq Türkiyə” adlı silsilə səyahət
yazısı bizi həm sevindirmişdi, həm də təəccüb
içində qoymuşdu. “Türk” sözünün
qadağan olunduğu illərdə məhz Elçinin bizim
üçün əlçatmaz, ünyetməz görünən,
yalnız Nazim Hikmətin şeirlərində, R.N.Güntəkinin
əsərlərində görə bildiyimiz Türkiyəyə
səfəri və bununla əlaqədar silsilə yazılarla
görüşümüzə gəlməsi həqiqətən
də qeyri-adi təsir bağışlayırdı. O zaman biz
Elçinin bu cəsarəti qarşısında ürəyimizdən
keçirdiyimiz hissləri ifadə etməyə çətinlik
çəkirdik. Elçin özü də həmin təəssüratın
əvvəlində sanki fikirlərimizə şərik
çıxırdı: “Təskinliyi onda tapıram ki, belə
bir şərti ilkin pozan, yəqin mən deyiləm və
güman ki, sonuncu da mən olmayacağam”. Bu
eyhamlı fikrin arxasında cəsarət və vətəndaşlıq,
kökə, ənənəyə bağlılıq dayanırdı.
O yazıda oxuduğumuz bir fikir arzu şəklində deyilsə
də, böyük mətləblər
pıçıldayırdı: “Uşaqlarımız Azərbaycan
yazıçılarının əsərlərini, Sabiri, Cəlil
Məmmədquluzadəni, Cəfər Cabbarlını, Səməd
Vurğunu oxumaq istəyir. Onların
kitablarını latın əlifbasında çap edib bizə
göndərmək olmaz?” Bir Allah bilir ki,
bu sual hansı təzadların kəskinliyindən,
dolaşığa düşmüş arzularımızın
nə vaxtsa gerçəkləşəcəyindən xəbər
verirdi. Dövlət müstəqilliyimizi qazandıqdan
sonra latın qrafikasına da keçdik, sərhədlər
də açıldı. Bu gün
qarşılıqlı əlaqələrimiz də genişlənib.
Artıq “Bir millət, iki dövlət”
olduğumuzu çəkinmədən, qürurla bütün
dünyada səsləndiririk. Açığı,
o illər biz Elçinin bu yazısını dönə-dönə
oxuyur, nə vaxtsa xəyallarımızın həqiqət
olacağına ümid bəsləsək də, elə də
arxayın deyildik.
Bu qəsrdə Elçinin bələdçiliyi ilə
Macarıstan, Bolqarıstan, Tunis, Qana kimi ölkələrə
səfər edir, bir çox həqiqətləri öyrənir
və nəticə çıxarırıq. Esse və ədəbi
düşüncələri də oxucu qəlbini fəth edən,
yazı tərzi, orijinal üslubu, forma yeniliyi və məzmun
dolğunluğu ilə seçilən Elçinin dili də
şirəlidir. Onun nəsrində, ədəbi
tənqidində də qətiyyətlə bərabər bir
şeiriyyət də var.
YEDDİNCİ QAPI
Bu sirli aləmdə də Elçin istedadlı tənqidçi
və ədəbiyyatşünas alim kimi də diqqət
çəkir.
İstər sovet dövründə, istərsə
də müstəqillik illərində onun ədəbiyyatımızın
aktual problemlərinə həsr olunmuş elmi-nəzəri məqalələrində
Mirzə Fətəli Axundovdan tutmuş müasir tənqidçi
ədəbiyyatşünaslara qədər Azərbaycan ədəbi
tənqidinin ən görkəmli nümayəndələri
haqqında fikirlər vardır. O, bütün
yaradıcılığı boyu ədəbi mühitə fəal
tənqidçi münasibəti bəsləyib. Əxlaqımıza,
mənəviyyatımıza zidd əsərlərə
qarşı Elçinin münasibəti kəskindir: “Bunlar əsl
ədəbiyyat, poeziya nümunələri yox, antiədəbiyyatdır,
antipoeziyadır. Azərbaycan mətbuatında ədəbiyyatla
bağlı yazıları nəzərdən keçirdikdə
mənə elə gəlir ki, estetik dəyərlərimiz, bədii
meyarlarımız öz yerini yenidən uşaqlıq mərhələsinə
təhvil verib. Mənim təsəvvürümdə
“ədəbi kəmfürsətsizlik” deyilən bir qara əxlaq
göstəricisi var və çox təəssüf ki, Azərbaycan
mətbuatına ayaq açıb. Vulqarlıq
sənətə zidd bir şeydir. Mən
sidq ürəkdən arzu edərdim ki, yaradıcılıqla
ancaq istedadlı insanlar məşğul olsunlar və hər
bir tənqidçi ədəbiyyatın təəssübünü
çəksin, hər əsərə, ədəbi hadisəyə
münasibətini bildirsin. Biz ədəbiyyata
xidmət etməklə yanaşı onun keşiyində də
durmalıyıq”. Dediklərinə əməl
edən tənqidçimiz illər boyu ədəbiyyatın
mühafizəçisi kimi çıxış edir.
SƏKKİZİNCİ QAPI
Burada toplanmış məqalə və monoqrafiyalarda
milli ruh və vətəndaşlıq mövqeyi hakimdir. Qəlbimizdən
keçənləri sözün min bir rəngində bizə
çatdıran Elçin qibtə və rəğbətimizin
ünvanıdır.
Azərbaycan
mədəniyyətinin inkişafında özünəməxsus
xidməti olan bu məşhur yazıçı səkkizinci qəsrdə
öz oxucuları ilə səmimi söhbət quraraq qənaət
və düşüncələrini
bölüşdürür: “Azərbaycan mədəniyyətinin
inkişaf etdirilməsində mənim fikrimcə, iki prinsip əsas
\götürülməli, dəqiq işlənməli və həyata
tətbiq edilməlidir: 1). kökə, bünövrəyə
qaydış, milli mədəni mənbələrdən
faydalanmaq; 2). məhdudluğa, özünə qapanmaya yol verməmək,
dünya sivilizasiyasının mədəni nailiyyətlərindən
istifadə etmək”. Maraqlıdır ki, bu iki
prinsip müəllifin yaradıcılığında da
özünü aydın göstərir. Klassik və
modern yazıçıdır Elçin!
DOQQUZUNCU QAPI
“Yazıçının dəftərindən”
süzülən 125 məqalədə Elçinin müxtəlif
illərdə qələmə aldığı
düşüncə və fikirləri yenidən
könlümüzdə bir təlatüm yaradır. Əksəriyyəti
də tanışdı. Nə vaxtsa mətbuat
səhifələrində oxumuşuq. Sədaqətinə
inandığımız, mənəvi zənginliyinə heyran
qaldığımız, bir sözlə, köhnə dostla
yeni görüş həm əziz olur, həm də bir xiffət
keçirirsən. Çünki müəllif
də, oxucu da yaşlanır. Bu yazılar
isə eləcə təzətər qalıb. Ötən əsrin 60-cı illərindən
bugünümüzədək yol gələn bu ədəbi
yürüşdə öz arzularımız da yaşayır,
gəncliyimiz boylanır.
Elçin yazır ki, “ustad” sözünün izahı
elm və sənət sahəsində dərin məlumatı və
qabiliyyəti olan şəxs deməkdir. Bu
sözün işığında qəsrləri
dolaşdıqca bütün yollar boyu fikirlərindən
güc və sevinc aldığımız “İstiqlal” ordenli
yazıçımızın öz portretini də
görürdük. Ustadın müasiriyik
– deməmək olmur.
ONUNCU QAPI
Nə xoş ki, müxtəlif illərdə mətbuat səhifələrində
dərc edilən müsahibələrin içində mənim
də suallarım səslənib. “Kitabi-Dədə Qorqud”
dastanının 1300 illiyi ilə əlaqədar 2000-ci ildə
xalq yazıçısı ilə apardığımız
söhbətə söykənərək fərəhlə
deyim ki, Elçinin cavabları bu gün də aktualdır: “Dədə
Qorquda qayıtmaq qəhrəmanlıq dolu keçmişimizə
mənəvi körpü salmaq deməkdir və yəqin ki, bu
hadisə təkcə bizim ədəbiyyatımızda,
folklorşünaslığımızda, tariximizdə deyil, həm
də ruhumuzda, mənəviyyatımızda əks-səda
salacaqdır”.
Bu da faktdır ki, Elçin xarici dillərə ən
çox tərcümə olunmuş
yazıçılarımızdandır. Unudulmaz tənqidçi Məmməd
Cəfər Elçinin yaradıcılığını həmişə
yüksək dəyərləndirirdi: “Elçində bədii
dərk duyğusu güclü və cəlbedicidir”. Bu səbəbdən də nə yazıbsa, hansı
əsərə öz imzasını ürəklə
atıbsa, oxucu tərəfindən qəbul edilib, sevilib.
Ssenarisi əsasında çəkilən filmlər
də kinosənətimizə uğurlar gətirib. Səhnəyə qoyulan əsərləri də
teatrımızda yeni nəfəsə, duyğuya çevrilib.
HAKİMİN HÖKMÜ
Yazının əvvəlində söylədik ki,
Elçin hakimlik missiyasını oxucunun ixtiyarına verərək
üç suala cavab almaq istədi. Nə yazmısan?
Yaxud da necə və niyə yazmısan? On möhtəşəm qəsrin
qapılarını açdıqca üzləşdiyimiz incilər,
sərvətlər, bizə xoş təsir
bağışladı. Duyduğumuz budur
ki, 1959-cu ildən üzübəri Elçin çox dəyərli
əsərlər yazıb. İlk hekayəsi
“O inanırdı”, ilk romanı “Mahmud və Məryəm”
Elçinin yaradıcılığına əbədi
uğur gətirdi. Bu əsərlərin qədəmləri
yüngül oldu, kitabları əl-əl gəzdi. Niyə yazdı Elçin? Yazmaya
bilərdimi? İlyas Əfəndiyev kimi
azman bir ədibin mühitində böyüyən, lap
uşaqlıqdan qələmə, kağıza, yazıya
aşiq olan bir kəs qandan və gendən gələn bir əbədi
tapşırığa əməl etməyə bilərdimi?
Yarım əsrdən artıq bir zaman kəsiyində
başını yalnız kağız üzərinə əyən,
qəlbindən keçənləri, duyğu və
düşüncələrini, müşahidələrini
istedadının sayəsində ona söyləyən
Elçin nə yazmayıb ki? Hekayə, povest, roman, dram,
nağıl, esse, məqalə, ədəbi tənqidi
düşüncələr, qeydlər, səfər təəssüratları,
nitqlər, çıxışlar, rəylər... Hələlik biz bunların seçilmişləri
ilə on qəsrdə görüşdük. Gün olacaq ki, qırxıncı qapını da
döyəcəyik. Cavabın biri də
necə yazmasına tuşlanır. Ölən əsərləriniz
yoxdur, Elçin müəllim! Sovet
dövründə də, dövlət müstəqilliyimizi
qazandıqdan sonra da yazdıqlarınız əsl ədəbiyyat
üçündür. Qərəzdən
və mədhiyyədən uzaq olmusunuz. İçinizin
gözəlliyini, duyğu və düşüncələrinizin
əlvanlığını, müşahidələrinizin zənginliyini
istedad sayəsində bədii sözün gücünə təmkinlə
və həm də əfsunlu deməyi bacarmısınız.
Sizi həmkarlarınızdan fərqləndirən
bir yaradıcılıq məziyyətimizi də mütləq
deməliyəm. Əsərlərinizdə
oliqarxların, məmurların, vəzifəlilərin deyil, məhz
sadə insanların böyük dünyasından, daxili zənginliklərindən
söz açdınız. Yazmaq da şərt
deyil. Siz sadəliyə enməklə
ucalmağı bacardınız. Məmməd
Araz demişkən, dünənizi döşdən asıb
sabahınıza qəbir qazmadınız. Siz
həm də yaradıcı insanların qədir-qiymətini
bilərək onlara həmişə həssas münasibət
göstərdiniz.
Bütün bunlar isə zahiri xoş sözlər deyil. Özünüzün
verdiyiniz imtiyazın nəticəsində hakim – oxucunun qəti
hökmüdür! Şahidsiz-filansız, əfvsiz
ədəbiyyat aləminə əbədi olaraq – yəni
ömürlük məhkum edilirsiniz. Yazmaya bilməzsiniz!
Hökm qətidir!
Flora XƏLİLZADƏ,
yazıçı-publisist
525-ci qəzet.- 2011.-
25 oktyabr.- S.7.