“Azərbaycan mətbuatının gələcək inkişafı üçün kadr hazırlığına xüsusi diqqət yetirilməlidir”

 

Müsahibimiz Naxçıvan Dövlət Universitetinin “Jurnalistika və dünya ədəbiyyatı” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Surə Seyiddir.

– İnformasiyalı cəmiyyətə keçid şəraitində mətbuatın rolunu necə qiymətləndirirsiniz?

– Bütün sivil xalqların tarixində mətbuat önəmli rol oynayır. Azad və demokratik mətbuatın mövcud olduğu ölkələrdə fikir və düşüncə plüralizmi, hadisələrə obyektiv və qərəzsiz yanaşma tərzi onun xalq və hakimiyyət arasında körpü rolunu oynamasına kömək olur. Mətbuatın hakimiyyət üçün əvəzedilməz qüvvə olduğunu anlayan uzaqgörən liderlər onun inkişafına şərait yaratmaqla, eyni zamanda dövlətin inkişafının da təminatçısına çevrilirlər. Kütləvi İnformasiya Vasitələrini gücləndirmək dövlətin gücünü artırmaq deməkdir-prinsipinin öz fəaliyyətində uğurlu tətbiqinə nail olan dahi öndər Heydər Əliyevin bu sahəyə ardıcıl diqqət və qayğısının nəticəsidir ki, bu gün Azərbaycanda 4 mindən artıq KİV qeydə alınıb, mətbuatın inkişafı dövlətin strateji məqsədlərindən birinə çevrilib.

İnformasiyalı cəmiyyətə keçid şəraitində yaşayan məmləkətimizdə, qələm sahiblərinə yaradılan azad söz və plüralizm dövlətimizin bu sahəyə nə qədər önəm verdiyini bir daha təsdiqləyir. Naxçıvan isə həmişəki kimi Azərbaycanda gedən ictimai-siyasi proseslərin önündə dayanmaqla mətbuatın bayraqdarı missiyasını şərəflə yerinə yetirir. Güclü mətbuatın yaranması isə peşəkar jurnalist ordusunun formalaşması ilə bağlıdır. Jurnalist hazırlığı ilə məşğul olan ali təhsil ocaqları, məhz bu sahəyə önəm verməli və Azərbaycan mətbuatının gələcək inkişafını təmin etmək üçün kadr hazırlığına xüsusi diqqət yetirməlidirlər.

– Jurnalist hazırlığından söz düşmüşkən, deyə bilərsinizmi muxtar respublikanın ən böyük ali təhsil müəssisəsi sayılan Naxçıvan Dövlət Universitetində mətbuat işinin yaranması hansı dövrə təsadüf edir?

– Naxçıvan Dövlət Universitetində mətbuat işinin yaranması Azərbaycanın müstəqillik ərəfəsində keçdiyi tarixi dövrlə üst-üstə düşür. 15 oktyabr 1991-ci ildə Naxçıvan Dövlət Universitetində nəşrə başlayan “Fikir” adlı universitet qəzeti milli-tarixi proseslərin işığında meydana çıxan, Azərbaycan ali təhsil sistemində çap olunan ilk mətbuat orqanı kimi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan SSR Dövlət Mətbuat Komitəsinin 5 sentyabr 1991-ci il tarixdə verilmiş 330 saylı qeydə alınma şəhadətnaməsi əsasında nəşrinə icazə alınmış “Fikir” qəzeti Azərbaycan ali təhsil sistemində region universitetində çap olunan ilk mətbuat orqanı idi. Azərbaycan SSR Nazirlər Sovetinin 29 dekabr 1990-cı il tarixli qərarı ilə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun əsasında Naxçıvan Dövlət Universitetinin yaradılması da “Fikir” qəzetinin meydana çıxmasında mühüm rol oynamışdır. Universitet statusu qazanması ali məktəbin çoxtirajlı qəzetinin çıxmasına təminat verən əsas faktorlardan biri idi. O zaman Naxçıvan Dövlət Universitetinin mətbuu orqanının “Fikir” adlandırılması vaxtilə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin inspektoru Aleksey Osipoviç Çernyayevskinin həmin seminariyanın Naxçıvandan olan məzunu Əliməmməd Xəlilovla birlikdə Tiflisdə nəşr etdirmək istədikləri, lakin çapına nail ola bilmədikləri “Fikir” adlı maarifçi qəzetin adını yaşatmaq, ənənəsini davam etdirmək məramı ilə əlaqələndirilmişdi. Qəzetin 12 noyabr 1991-ci il tarixli ikinci sayında dərc edilmiş “Fikir” qəzeti – 98 il sonra” adlı məqalədə eyni zamanda bu mətbuat orqanı “fikirləşməyi, düşünüb müqayisə etməyi, nəticə çıxarmağı bacaranlar üçün söz kürsüsü” kimi də səciyyələndirilmişdi. “Fikir” qəzeti Naxçıvan Muxtar Respublikasında ali məktəb müəllimləri və tələbələrinin mətbuat tribunası kimi 1997-ci ilədək fəaliyyətini davam etdirərək maarifçi düşüncənin inkişafına kömək etmiş, universitet həyatının salnaməsini yaratmışdır.

Sonrakı illərdə Avropa universitetlərinə inteqrasiya sayəsində Qərb ali məktəblərində qəzetlərin deyil, informasiya bülleteni tipli jurnalların nəşr edilməsi təcrübəsinə istinad edilərək Naxçıvan Dövlət Universitetində “Fikir” qəzetinin bazasında eyni adlı informasiya bülleteninin çap edilməsi qərara alınmışdır. Ötən illər ərzində “Fikir” informasiya bülleteni uğurla Naxçıvanda ali məktəbin elmi-maarifçi mühitinin gedişatını işıqlandırmaqda davam etməkdədir. Naxçıvan Dövlət Universitetinin keçdiyi inkişaf yolunu, bu ali təhsil ocağında gedən yeniləşmə proseslərini öyrənmək istəyənlər üçün “Fikir” informasiya bülleteni mühüm əhəmiyyətə malik olan mənbədir.

– Bəs, Naxçıvan Dövlət Universitetində “Fikir” informasiya bülleteninə əlavə kimi “Yeni fikir” adlı ali məktəb qəzetinin nəşri hansı zərurətdən yaranıb?

–“Fikir” informasiya bülleteni universitet mühitində meydana çıxan elmi, yaxud ədəbi düşüncənin məhsulu olan əsərlərin və ya publisistika nümunələrinin geniş mənada ali məktəb auditoriyasına çatdırılmasına xidmət etmək imkanlarına malik deyildir. Doğrudur, Naxçıvan Dövlət Universitetinin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Respublika səviyyəli elmi nəşrlərin siyahısına daxil etdiyi “Elmi əsərlər” jurnalı da mövcuddur. Ancaq digər ali məktəblərdə olduğu kimi, Naxçıvan Dövlət Universitetində də “Elmi əsərlər” jurnalı əsasən alimlər üçün nəzərdə tutulduğundan bəlli bir tirajla nəşr olunur və ədəbi-publisistik fəaliyyəti əks etdirmir. Beləliklə, Naxçıvan Dövlət Universitetində çoxseriyalı “Elmi əsərlər” jurnalı və “Fikir” informasiya bülleteni ilə yanaşı, ali məktəb qəzetinin də fəaliyyətinə ehtiyac yaranmışdır. Xüsusən də universitetdə “Jurnalistika” ixtisası istiqamətində bakalavr və magistr pillələri üzrə kadr hazırlığının mövcud olması da gələcəkdə həm də qəzet nəşri sahəsində çalışacaq yeni nəsil mətbuat işçiləri üçün tələbəlik illərində ilkin təcrübə qazanmaq baxımından da qəzetin çap edilməsi zəruri bir amil kimi meydana çıxır. Bütün bunlara görə Naxçıvan Dövlət Universitetində “Fikir” informasiya bülleteninə əlavə kimi “Yeni fikir” adlı ali məktəb qəzetinin nəşri məqsədəuyğun sayılmışdır.

1 aprel 2011-ci il tarixdə nəşrə başlayan “Yeni fikir” qəzeti 20 il əvvəl Naxçıvan Dövlət Universitetində nəşrə başlamış “Fikir” qəzetinin davamıdır, yeni mərhələnin “Fikir” qəzetidir. Bu qəzet zəruri məlumatlarla yanaşı xarakterinə görə “Fikir” informasiya bülletenində gedə bilməyən bədii-publisist yazılara da meydan açan mətbuat orqanıdır. “Yeni fikir” eyni zamanda “Jurnalistika” ixtisasının müəllimləri və tələbələri, habelə taleyini mətbuatla bağlamaq istəyən hər kəs üçün peşə məktəbi funksiyasını da həyata keçirəcəkdir. Gələcək jurnalistlər bu qəzetin nəşri vasitəsilə publisistika sənətkarlığının xüsusiyyətlərini öyrənməklə yanaşı, həm də mətbəə ilə əlaqəli çalışmaq vərdişlərinə yiyələnmək, maket qurmaq, fotojurnalistikanı mənimsəmək baxımından münasib imkanlar qazana biləcəklər. “Yeni fikir” universitet mühitindəki elmi-maarifçi baxışların ədəbi-publisist düşüncə ilə zənginləşdirilməsinə də xidmət edəcəkdir.

– Müasir dövrdə NDU-da jurnalistika istiqaməti üzrə kadr hazırlığının vəziyyəti nə yerdədir?

– İnformasiya və multimedia əsri sayılan XXI əsr öz gəlişi ilə universitetdə mətbuatın da inkişafını sürətləndirərək onu operativ və dinamik bir sahəyə çevirdi. 2000-ci ildə universitetdə mətbuat xidmətinin yaradılması ilə ali təhsil ocağının ictimaiyyətlə əlaqələri quruldu. 2001-ci ildən NDU-da Jurnalistika ixtisasının fəaliyyətə başlaması, 2002-ci ildə “Jurnalistika və dünya ədəbiyyatı” kafedrasının açılması isə bu sahə üzrə kadr hazırlığının sistemli və mütəşəkkil aparılmasına kömək etdi. 2006-cı ildən Universitet nəzdində ayrıca kanalda yayımlanması nəzərdə tutulan Universitet Televiziyasının (UTV) yaradılması nəzəri biliklərin informasiya-kommunikasiya texnologiyalarının köməyi ilə tədrisinə təkan vermiş oldu. Müasir şəraitdə kabel televiziyası anlayışını gündəmə gətirən universitet televiziyası ali təhsil ocağının 110 hektarlıq ərazisində yerləşən tədris korpuslarının böyük auditoriyalarında qurulmuş monitorlar vasitəsilə bütün universitet ərazisində yayımlanır. Studiya, rejissor və montaj otaqları, redaksiya otağı, auditoriyalardan ibarət olan televiziya Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun diqqət və qayğısı ilə ən son texniki avadanlıqlarla da təchiz edilib. Texnologiya əsrinin müasir tələblərini gerçəyə çevirməklə tələbələrə tədris prosesində öyrəndikləri nəzəri biliklərin praktikada tətbiqinə nail olmağı və onlara yaradıcılıq imkanları açmağı qarşıya məqsəd qoyan televiziya, eyni zamanda, Azərbaycanda və dünyada baş verən elm və təhsil sahəsindəki yeniliklər, informasiya texnologiyalarının bugünkü vəziyyəti, Azərbaycan gəncliyini düşündürən məsələləri mavi ekran vasitəsilə akademik auditoriyaya çatdırmaq gücünə malikdir.

Universitet televiziyası qloballaşan dünyamızın tələblərindən biri sayılan telekörpü vasitəsilə professor-müəllim heyətinin aktuallıq kəsb edən mühazirələrini, universitetə dəvət almış xarici qonaqların arzu və tövsiyələrini televiziya vasitəsilə geniş dinləyici kütləsinə çatdıraraq özündə yenilik, inkişaf və inteqrasiya kimi anlayışları birləşdirir. Dövlətçilik prinsiplərini özündə əks etdirən televiziyada, ümummilli lider Heydər Əliyevin, ölkə başçısı İlham Əliyevin Naxçıvana, o cümlədən Naxçıvan Dövlət Universitetinə səfərləri də videolentin tarixi yaddaşına çevrilməklə televiziya arxivinin dövlətçilik guşəsini bəzəməkdədir. Fəaliyyət göstərdiyi müddətdə həm də sənədli filmlərin çəkilişi və montajı ilə məşğul olan televiziya universitet heyətini xarici səfərlərdə müşayiət edən tələbə operator və müxbirlər də yetişdirir. Universitet televiziyasının 2010-cu ildə Kentavr beynəlxalq film festivalında iştirakı və uğurlu təmsili tələbə və müəllimlərimizin operator, rejissor və montaj işinə, sənədli filmlər çəkilişi üçün qoyulan tələblərə daha məsuliyyət və həvəslə yanaşmasını tövsiyə edir. Hazırda dövlətimizin qayğısı və universitet rəhbərliyinin təşəbbüsü ilə televiziyanın davamlı fəaliyyət göstərməsi üçün lisenziya alınmış və universitet televiziyasında hazırlanan verilişlərin şəhər daxilində yayımlanması üçün tezlik ayrılmışdır.

– Müstəqilliyimizin 20 illiyinin qeyd olunduğu 2011-ci il universitetin mətbuat tarixində hansı əlamətdar hadisə ilə yaddaqalan olub?

– 2011-ci il universitetin mətbuat tarixində yaddaqalan illərdən birinə çevrilmişdir. Belə ki, aprel ayından nəşrə başlayanYeni Fikirqəzeti, daha sonra yeni yaradılan universitetinNuhçıxanradiosu, yenidən qurulan universitet televiziyası, əyani vasitələr, multimedia audio-vizual texniki imkanlarla zəngin televiziya radio tədris kabinələri, mətbuat xidməti jurnalistika kitabxanasını özündə cəmləşdirən ən nəhayət bütün görülən işlərin yekun zirvəsi sayılacaq Media Mərkəzinin açılması, məhz Naxçıvanda mətbuatın yaranmasının 90 illik yubiley təntənələrinə ən layiqli başlanğıc olmuşdur. Azərbaycan ali təhsil sistemində analoqu olmayan media mərkəzində tələbələrin peşəkar jurnalist kimi yetişməsinə, nəzəri biliklərin praktik tətbiqinə nail olmaları üçün heç bir meneə qalmamışdır. Milli Mətbuat Günü ərəfəsində açılışını qeyd etdiyimiz Media Mərkəzində geniş toplantı keçirilmiş, müxtəlif mövzularda məruzələr dinlənilmişdir. Daha sonra Media Mərkəzində yaradılan qurumların fəaliyyəti ilə tanış olan qonaqlar universitet televiziyasının 5 illik fəaliyyətini əks etdirən sənədli filmi izləmişlər. Canlı efiri izləmək imkanı qazanan qonaqlar UTV-nin hazırladığı xəbərlər proqramına baxmışlar. Daha sonra Studiyada canlı yayımla hazırlanan dəyirmi masanın qonağı olan tədbir iştirakçıları yaradılan şəraitdən mərkəzin fəaliyyətindən razılıqlarını bildirmişlər. Göstərilən qayğının, yaradılan şəraitin müqabilində müəllim tələbələrimizin üzərinə bir vəzifə düşürsəy əzmkarlıqla işləmək, fəaliyyət göstərmək, yaradıcılıqla məşğul olmaq.

Dahi öndərin uzaqgörən eyni zamanda humanist bir fikri isə qələm sahiblərinin seçdikləri peşələrinə, qələmə aldıqları yazılara məsuliyyəti ikiqat artırmaqla sözün əsl mənasında Heydər Əliyev jurnalistika məktəbinin məzunu olmaq şərəfini aşılayır: “Lap o qatı yalan yazan jurnalistlər jurnalistdir-qoy olsun. Azərbaycanda belə bir ifadə var: “Zaman hər şeyi saf-çürük edəcəkdir”. Kim bu imtahandan, rəqabətdən keçəcək, həqiqətən hörmətli bir jurnalist olacaqsa, olacaq. Kim bu yolu keçə bilməyəcəksə,- yəqin ki, o özünə başqa peşə axtarmalı olacaqdır”.

Dahi öndərin öz sağlığında reallaşdıra bilmədiyi bir arzusu bu gün hər birimiz üçün gələcək fəaliyyətimizin istiqamətini bildirməklə media mərkəzinin gələcəkdə media institutuna çevrilə biləcəyi ideyasını da nəzərdə saxlamağı tövsiyə edir: “Bəlkə ayrıca bir jurnalistika institutu yaradaq... Xüsusi jurnalistika İnstitutu yaradaq ki, oraya tələbə qəbul etmək üçün xüsusi qanunlar, orda jurnalistikaya lazım olan fənlər olsun. Qoy, qəbul testlə olsun, amma həmin test jurnalistika peşəsinin tələbələri ilə olsun, qabiliyyət imtahanı keçirilsin. Onda doğurdan da, jurnalistikaya həqiqətən jurnalist istedadı olan adamlar gələcəklər. Təbiidir ki, həmin institutdan da keyfiyyətli jurnalistlər çıxacaqdır”.

Mən əminəm ki, universitet media mərkəzi dahi öndərin arzusunu reallığa çevirəcək potensial, dövlətinə dövlətçiliyinə sadiq, peşəsini layiqincə mənimsəyən əməli tətbiqinə nail olan dünyagörüşlü gənclər formalaşdıracaqdır. Mən bu işin davamçılarına dövlətimizin onlara diqqət qayğısını dərindən dərk etməyi yaratdığı şəraiti qorumağı arzulayıram. Əminəm ki, tələbə müəllim kollektivimiz bundan sonra da öz fəaliyyətlərində yeniliyi, inkişafı, Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanı işıqlı sabahlara aparan gələcəyi yaradacaq gələcək nəsillərə ötürəcəkdir.

 

 

Rufik İSMAYILOV

 

525-ci qəzet.- 2011.- 25 oktyabr.-S.6.