Müstəqil Azərbaycan
– 20: uğurlu gender
siyasətinin nəticələri
Dövlət
müstəqilliyinin əldə olunmasının, Azərbaycan
xalqının azadlığına qovuşmasının 20-ci
ildönümünü qeyd etdiyimiz bir vaxtda bu gün hər
birimiz həm də müstəqil, inkişaf edən, daim yeniləşən,
gələcəyə doğru inamla addımlayan bir dövlətin
vətəndaşı olmaq xoşbəxtliyini də
yaşamaqdayıq. Bəşər tarixində müstəqil
dövləti olmayan çox xalqlar olmuşdur. Onların bəziləri
hətta assimilyasiyaya uğrayaraq bu gün faktiki olaraq öz
mövcudluğunu itirmək təhlükəsi ilə
üz-üzə qalmışdır. Azərbaycan xalqı isə
çox xoşbəxtdir ki, müstəqil dövləti var.
Biz xoşbəxtik ki, öz taleyimizə, öz sərvətlərimizə
sahibik.
20 il
dövlətçilik tarixi baxımından o qədər də
çox olmayan zaman periodudur. Amma buna baxmayaraq, Azərbaycan
Respublikası bu 20 illik dövr ərzində bir çox
dövlətlərin əsrlərlə əldə edə bilmədiyi
yüksəlişə, inkişafa nail olmuşdur. Azərbaycan
dövlətinin ötən 20 ildə əldə etdiyi
böyük nailiyyətlər hər bir vətəndaşımızda
haqlı qürur doğurmaqdadır. Təbii ki, bu nailiyyətlərin
qazanılması əsası Ulu öndərimiz, böyük
siyasi və dövlət xadim, xalqımızın Ümummilli
lideri Heydər Əliyev tərəfindən qoyulmuş
uğurlu siyasi kursun Prezident İlham Əliyevin rəhbərliyilə
uğurla davam etdirilməsi ilə birbaşa
bağlıdır. Son 8 ildə Azərbaycanda aparılan
davamlı və məqsədyönlü iqtisadi islahatlar nəticəsində
ölkəmiz iqtisadi inkişaf tempinə görə
dünyada liderliyini qorumuşdur. Respublikamızda ümumi
daxili məhsul istehsalı 50 milyard dolları
ötmüşdür. 2003-cü ildə 1 milyard 200 milyon
ABŞ dollarına bərabər olan Azərbaycanın dövlət
büdcəsi 2011-ci ildə 20 milyard dollardan çox
olmuşdur. Qeyd olunan dövr ərzində Azərbaycan
iqtisadiyyatına qoyulmuş investisiyaların həcmi 100 milyard
dollardan artıqdır. Müstəqillik dövründən
ötən 19 ildə Azərbaycana investisiya qoyuluşunun 80
faizindən çoxu son 8 il ərzində təmin
edilmişdir. 2003-cü ildə 2milyard ABŞ dollar təşkil
edən valyuta ehtiyatlarımız 2011-ci ilin
üçüncü rübündə 42 milyard ABŞ
dolları həcminə çatmışdır. Dünya
praktikasından da məlum olduğu kimi, dövlətin iqtisadi
qüdrəti artdıqca digər sahələrdə mövcud
olan problemlərin, çatışmazlıqların aradan
qaldırılması üçün də geniş imkanlar
yaranır. Azərbaycan dövləti də öz
imkanlarından istifadə edərək, beynəlxalq təcrübəyə
və milli dəyərlərimizə əsaslanaraq
bütün istiqamətlərdə, o cümlədən,
gender sahəsində mütərəqqi islahatların həyata
keçirilməsinə nail olmuşdur.
Heç
də təsadüfi deyildir ki, bu gün əsas beynəlxalq sənədlərdə
cinslər arasında bərabərlik insanın başlıca
hüquqlarından biri kimi təsbit edilir. Beynəlxalq
hüquqda haqlı olaraq, qadınlar xüsusi subyekt kimi dəyərləndirilir,
onlara hüquqlarının həyata keçirilməsi
üçün geniş təminatlar müəyyən olunur.
Milli dövlətlər isə bu təminatların
reallaşdırılması, nəzəri cəhətdən
mövcud olan yüksək dəyələrin praktikada tətbiq
olunması üçün səylərini ildən ilə
daha da gücləndirməlidir. Nəzərə almaq
lazımdır ki, qadınlar üçün bəyan edilən
bərabər hüquqlar real bərabər imkanların
olmaması üzündən çox vaxt gerçəkləşə
bilmir. Ona görə də, müasir dövrdə
qadınların ictimai həyata daha çox inteqrasiya
olunduğu bir zamanda zərif cinsin nümayəndələrinə
daha geniş hüquqların verilməsi, onların
bütün sahələrdə təmsilçiliklərinin
artırılması, fəaliyyət sferalarını təhsil,
səhiyyə kimi ənənəvi istiqamətlərdən daha
da genişləndirilməsi, iqtisadi, sosial sferalarda
qadınların potensialdan səmərəli faydalanması
kimi tədbirlər bu gün daha böyük nailiyyətlərin
əldə olunmasına şərait yarada bilər. Hər
halda Azərbaycan dövlətinin bu istiqamətdə
atdığı addımlar və əldə olunmuş nailiyyətlər
bu fikri daha da qüvvətləndirir.
Bildiyimiz
kimi, oktyabrın 18-də Azərbaycanın dövlət
müstəqilliyinin əldə olunmasının 20-ci
ildönümünü qeyd edəcəyik. Təbii ki, bu,
dövlətçilik tarixi baxımından o qədər də
çox olmayan zaman periodudur. Amma buna baxmayaraq, Azərbaycan
Respublikası bu 20 illik dövr ərzində bir çox
dövlətlərin əsrlərlə əldə edə bilmədiyi
yüksəlişə, inkişafa nail olmuşdur.
İqtisadiyyat, sosial həyat, siyasətdə, beynəlxalq aləmdə
mühüm nailiyyətlər qazanılmışdır. O
cümlədən, insan hüquq və azadlıqlarının
müdafiəsi istiqamətində də çox ciddi nailiyyətlər
əldə olunmuşdur ki, bu, da bütün beynəlxalq və
yerli müşahidəçilər, mütəxəssislər
tərəfindən etiraf olunmaqdadır. Ölkəmizdə
müxtəlif sahələrdə aparılan islahatlar, vətəndaş
cəmiyyətinin formalaşmasında vətəndaşların
fəallığının artırılması yolunda
görülən işlər qadınların cəmiyyətdəki
rolunun artırılmasını da təmin etmişdir.
Belə ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasında qadın hüquqlarının qorunması üzrə çox mühüm addımlar atılmış, müvafiq qərarlar qəbul olunmuşdur. İlk olaraq, Azərbaycan bütün mühüm beynəlxalq sənədlərə, o cümlədən 1992-ci ildə BMT-nin “Qadınların siyasi hüquqları”, 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” üzrə Konvensiyasına, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşulmuşdur. Gender siyasətinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Qadın problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. (2006-cı il fevralın 6-dan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adlanır). Komitənin qadınların hüquqlarının qorunması və ölkəmizin sosial-siyasi həyatında onların iştirakının artırılmasında müstəsna rolu vardır. 2000-ci ilin martında Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi” haqqında Fərman imzalamışdır. Bu sənəd Respublikamızın bütün dövlət strukturlarında qadın və kişilər arasında bərabərliyin təmin olunması, müvafiq dövlət proqramlarının hazırlanması ilə qaçqın və məcburi köçkün qadınların işlə təmin olunması, gender nöqteyi-nəzərindən qanunvericiliyə yenidən baxılmasını nəzərdə tutur.
2000-ci ilin iyun ayında Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul etmişdir. Bu proqram milli prioritetləri nəzərə alaraq, Pekin Strategiyası əsasında hazırlanmışdır. Proqram siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrini, eləcə də qaçqın və məcburi köçkün qadınların problemlərini əhatə edir.
Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, problemlərin həllində beynəlxalq əməkdaşlıq həmişə mühüm rol oynamışdır. O cümlədən, ölkəmizdə düzgün gender siyasətinin reallaşdırılması üçün beynəlxalq təcrübədən yararlanmaq və bu sahədə geniş əməkdaşlığa imza atmaq bu gün sadaladığımız uğurların əldə olunmasında müstəsna rol oynamışdır. Azərbaycan hökuməti genderin təşviqi sahəsində BMT, ATƏT/DTİHB (Demokratik Təsisatlar və İnsan Haqları Bürosu), AŞ kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Hazırda, Bakıda və Azərbaycanın digər bölgələrində qadınların siyasətə cəlb olunması və qərar qəbul etmə proseslərində iştirakı sahəsində müxtəlif layihələr həyata keçirilir. Eyni zamanda, Azərbaycan hökuməti beynəlxalq səviyyədə də qadın hüquqlarının təşviqində fəal iştirak edir. Bunun göstəricisi olaraq, 2008-ci il iyunun 10-11-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” adlı beynəlxalq forum keçirilmişdir. 2010-cu il 24-25 may tarixində Bakıda Avropa Şurasına üzv olan ölkələrin gender məsələlərinə məsul nazirlərinin “Gender bərabərliyinin de-yure və de-fakto təmin edilməsi” mövzusuna həsr edilmiş VII konfransı keçirilmişdir ki, həmin konfransda Avropa Şurasının üzv dövlətlərinə tövsiyələr və fəaliyyətlər üzrə Tədbirlər Planı qəbul edilmişdir. Həmçinin, Azərbaycan dövləti Avropa Şurası ilə də mütərəqqi əməkdaşlıq qurmuş, parlamentarilərimiz qurumun Kişi və qadınlar üçün bərabər imkanlar komitəsinin iclaslarında fəal iştirakları ilə müsbət mənada seçilmişdir. Bildirmək yerinə düşər ki, komitənin növbəti iclasının məhz Azərbaycan paytaxtı Bakı şəhərində keçirilməsi gündəmdədir.
Tam məsuliyyətlə söyləyə bilərik ki, bu gün Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir. Statistik rəqəmlər də bu fikri özündə ehtiva edir. Belə ki, Azərbaycanda qadınların üstünlük təşkil etdiyi sahələr içərisində səhiyyə (78,6 faiz), təhsil (71 faiz) və mədəniyyət (75 faiz) ən ön sıralardadır. Həmçinin səhiyyə sistemində rəhbər vəzifədə çalışanların 37 faizini, təhsil sahəsində 44 faizini, mədəniyyət və turizm qurumlarında 23 faizini qadınlar təşkil edir. Hazırda ölkəmizdə AMEA-nın 3 həqiqi üzvü, 12 müxbir üzvü qadındır. Bu məqamlar Azərbaycan hökumətinin imkanların genişləndirilməsi, qadınların cəmiyyətdə fəallığının artırılması və ümumiyyətlə, onların vəziyyətinin yaxşılaşdırılması məsələlərinə göstərilən yüksək qayğının əyani təzahürüdür. Lakin son illər qadınların həm də siyasi və ictimai qərar qəbuletmə səviyyəsində, iqtisadi sferada iştirakı nəzərə çarpacaq dərəcədə artmışdır. Təbii ki, bu görülən işlərin nəticəsində mümkün olmuşdur. Bu gün Azərbaycan hökuməti qadınların iqtisadi sferada öz potensiallarını artırması üçün müxtəlif həvəsləndirici və təşviqedici tədbirlər görür. Qadınların biznes sahələri yaratması üçün dövlət tərəfindən güzəştli kreditlərin verilməsi, müxtəlif vakansiyalara qadınların cəlb olunması kimi tədbirlər bunlardan sadəcə bir neçəsidir.
Bir məsələni də xüsusilə qeyd etmək istərdim. Bildiyimiz kimi, Azərbaycan tarixində xalqının, dövlətinin taleyində müstəsna rol oynamış, öz qərarları və atdıqları addımlarla xalqımızın gələcəyinə işıq tutmuş görkəmli qadınlarımız olmuşdur. Azərbaycan xanımları bütün dövrlərdə öz istedadı, zəkası, ağlı və iradəsi ilə milli mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Tariximizin və mədəniyyətimizin bir çox parlaq səhifələri də məhz Azərbaycan qadınının adı ilə bağlıdır. Çox sevindirici haldır ki, bu gün də bütün fəaliyyətini xalqımızın, dövlətimizin daha da inkişafına həsr edən belə işgüzar, cəsarətli, vətənpərvər xanımları vardır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti həm də hər bir azərbaycanlı qadın üçün fəxr, qürur mənbəyidir. Onun milli – mənəvi dəyərlərimizin qorunması, xalqımızın zəngin irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, gənc nəslin sağlam mühitdə böyüməsi və tərbiyə olunması, səhiyyənin, təhsilimizin, mədəniyyətimizin inkişafı sahəsində əvəzsiz xidmətləri yüksək ali ideallara və yalnız milli maraqlarımıza söykənir. Bu gün hər bir Azərbaycan qadını öz fəaliyyətində Mehriban xanım Əliyevanın cəsarətli addımlarını, yorulmaz fəaliyyətini örnək sayır.
Beləliklə, bir daha vurğulamaq lazımdır ki, bu gün iqtisadi qüdrəti, geostrateji çəkisi ilə Cənubi Qafqaz regionunun ən güclü dövləti olan Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının mühüm tərkib hissəsi olan qadın hüquqlarının qorunması, düzgün gender siyasətinin həyata keçirilməsi baxımından da örnək təşkil edir. Ölkəmizdə cinsindən asılı olmayaraq, hər bir vətəndaşımızın cəmiyyətin həyatında fəal iştirakına yaradılan əlverişli şərait nəticə etibarilə həm də dövlətimizin inkişafına müsbət təsir göstərməkdədir.
Sahibə Qafarova
Milli Məclisin üzvü,
filologiya elmləri doktoru,
professor
525-ci qəzet.-2011.- 25 oktyabr.- S.4.