Azərbaycanın
müstəqilliyi ən böyük
nailiyyətimizdir
Azərbaycan
xalqı tarixən azadlığa, istiqlala, müstəqilliyə
can atmış bir xalqdır. Bunun üçün qurbanlar
verib, mərhumiyyətlərə dözüb və
addım-addım ona nail olmağa çalışıb. Tarixə
qısa nəzər salsaq görərik ki, Şimali Azərbaycan
iki əsrə yaxın əvvəl çar Rusiyasının,
sonra isə Sovet imperiyasının əsarətində
yaşayıb. XIX əsrin sonlarında Azərbaycan milli
burjuaziyası çətinliklə özünə yol
açmağa başlayıb. Onun mütərəqqi dairələri
çarizmin müstəmləkəçilik siyasətinə
qarşı çıxaraq sosial ədalətsizliyə
qarşı çıxıb. 1918-ci il mayın 26-da Zaqafqaziya
seymi buraxılandan sonra Azərbaycan demokratları mayın 28-də
Milli Şuranın adından “İstiqlal bəyannaməsi”ni
elan etdilər. Azərbaycan işğal edilib Rusiyaya birləşdirildikdən
sonra ilk dəfə həmin gün Azərbaycan dövlətçiliyi
bərpa olundu. Bu hadisə Azərbaycan xalqının tarixində
yeni mərhələ oldu. Eyni zamanda bu, tam suverenliyə gedən
yolun başlanğıcı idi. Lakin cəmi 23 aydan sonra
imperiya siyasəti bir kabus kimi Azərbaycanın
başının üstünü yenidən aldı. 1920-ci
ildə xarici müdaxilə və daxili çəkişmələr
nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti
süquta uğradı. Bunun ardınca Şərqdə ilk
demokratik respublikanın qurucularının bir qismi həbsxanalarda
məhv edildi, bir qismi sürgünə göndərildi, bir
qismi isə xaricə mühacirətə getməyə məcbur
edildi. Amma buna baxmayaraq onlar Azərbaycanın gələcəyinə
və bu dövlətin nə vaxtsa yenidən istiqlala yetişəcəyinə
ümidlərini itirmədilər. Düz 70 il sonra bu ümidlər
yenidən özünü doğrultdu. Tarixi ədalət yenidən
bərpa olundu. XX əsrin əvvəlində oyanmağa
başlanan milli şüur, milli müstəqillik ideyaları
1990-cı ildən sonra da susdurula bilmədi...
Çətinliklərə
baxmayaraq Azərbaycan yenidən öz müstəqilliyinə
nail oldu. 1991-ci ildə SSRİ dağıldıqdan sonra
respublikalar müstəqillik əldə etdi. Xalqın tələbi
ilə Ali Sovetin 1991-ci il oktyabrın 18-də toplanmış
sessiyası “Azərbaycan Respublikasının Dövlət
müstəqilliyi haqqında Konstitusiya Aktı”ni qəbul etdi.
Bununla Azərbaycanın itirilmiş dövlət müstəqilliyi
bərpa olundu. Müstəqillik əldə etmək çox
böyük nailiyyət olsa da, bu müstəqilliyi qoruyub
saxlamaq , onu əbədi olaraq yaşatmaq daha çətin və
müqəddəs vəzifə kimi qarşıda dayandı. O
zamankı siyasi hakimiyyətin yarıtmaz fəaliyyəti, vəzifə,
şəxsi mənafe uğrunda savaşın genişlənməsi,
hərc-mərcliyin baş alıb getməsi, ölkənin vətəndaş
müharibəsinə sürüklənməsi Azərbaycanı
müstəqilliyini itirmək təhlükəsi ilə
üz-üzə qoydu. Ölkənin belə bir çətin
vəziyyətində xalq bu bəladan qurtulmağın yeganə
yolunu ulu öndər Heydər Əliyevin respublikaya dəvət
edilməsində gördü. Xalqın təkidli tələbi
ilə ikinci dəfə siyasi hakimiyyətə gətirilən
ümummilli lider H.Əliyev ölkənin taleyüklü məqamında
vacib tədbirlər həyata keçirərək, Azərbaycanı
üzləşəcəyi bəladan xilas etdi. 1993- cü il
oktyabrın 3-də Azərbaycan xalqı səs
çoxluğu ilə Heydər Əliyevi Azərbaycan
Respublikasının prezidenti seçdi. Elə həmin
gündən Azərbaycan əsl müstəqillik yoluna qədəm
qoydu. Ümummilli liderin hakimiyyətə
qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında
taleyüklü dəyişikliklərin
başlanğıcı oldu. Heydər Əliyevin rəhbərliyilə
Azərbaycanın hərtərəfli tərəqqisi,
iqtisadiyyatın inkişaf etdirilməsi sahəsində bir
sıra irihəcmli layihələrin həyata keçirilməsinə
başlanıldı. Aparılan uğurlu siyasət nəticəsində
dünyanın nəhəng neft şirkətlərinin
iştirakı ilə 1994-cü ildə “Əsrin müqaviləsi”
imzalandı. “Əsrin müqaviləsi”nin imzalanma mərasimindəki
çıxışında Heydər Əliyev birmənalı
şəkildə bəyan etdi ki, “Əsrin müqaviləsi” ilə
qoyduğumuz təməl XXI əsrdə Azərbaycan
xalqının inkişafı, firavan həyatı, müstəqil
Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi
üçün gözəl imkanlar yaradır və
inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti
üçün ən xoşbəxt dövr olacaqdır”.
Doğrudan da, “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan
iqtisadiyyatında ciddi dönüş yaratdı, ildən-ilə
ən müxtəlif fəaliyyət sahələrində ciddi
nailiyyətlərə imza atıldı.
1995-
cil noyabrın 12- də “Azərbaycan Respublikasının
Konstitusiyası”” ümumxalq səsverməsi ilə qəbul
edildi. Yeni konstitusiya ölkədə demokratik, hüquqi,
dünyəvi və unitar dövlət qurulması işinə
zəmin yaratdı. Bu ali sənədə əsasən hakimiyyətin
yeganə mənbəyi Azərbaycan xalqıdır və biz
müəllimlər də məktəblərdə Konstitusiya
dərsini sevərək tədris edib, şagirdlərimizin
öz hüquqlarını yaxından tanımasına dəstəyimizi
göstəririk.
Dövlətimizin
apardığı uğurlu siyasəti nəticəsində
2001-ci ildə Azərbaycan Avropa Şurasının tam
hüquqlu üzvünə çevrildi. Avropa
Şurasının Strasburq şəhərində yerləşən
iqamətgahı qarşısında ölkəmizin dövlət
bayrağı qaldırıldı və bu bizim
üçün fəxredici bir hadisədir.
Respublikamızın
müstəqilliyi bərpasından sonra xalqımız azad
yaşayır, öz milli dövlətini möhkəmləndirərək
inkişaf edir. Ölkəmiz qısa müddətdə siyasi,
sosial-iqtisadi və mədəni sahələrdə
böyük nailiyyətlər əldə edib. Hətta Azərbaycanın
mədəniyyət və incəsənət xadimləri milli
mədəniyyətimizin dünyaya çatdırılması
istiqamətində daim çalışıblar və buna nail
olublar. Bu istiqamətdə Heydər Əliyev Fondunun və onun
rəhbəri Mehriban Əliyevanın fəaliyyəti əvəzsizdir.
Fondun təşəbbüsü ilə Azərbaycan
muğamı YUNESKO tərəfindən bəşəriyyətin
mədəni irsi siyahısına daxil edilməsi, müxtəlif
zamanlarda el sənətkarlarının düzəltdiyi əl
işlərinin və toxuduğu xalçaların
dünyanın məşhur muzeylərində mühafizə
olunması buna əyani sübutdur.
Son
20 ildə aparılan məqsədyönlü siyasət nəticəsində
ölkə həyatında əldə edilmiş nailiyyətlər
göz qabağındadır. Respublikada demokratiyanın
inkişaf etdirilməsi, əsaslı islahatların həyata
keçirilməsini təmin edilib. Ölkədə ictimai – siyasi
sabitlik yaranıb. Bu gün bölgələrdə və
paytaxtda tikinti-abadlıq işləri aparılır.
Görülən işlərin nəticəsində Azərbaycan
hər cəhətdən böyük potensiala malik və
yüksək inkişafa qadir bir ölkəyə çevrilib.
Biz sərbəst yaşamağımıza, sakitlik, əmin-amanlığa
görə Heydər Əliyevə və onun qurduğu
Müstəqil Azərbaycan dövlətinə minnətdarıq.
Ümummilli
liderin qurduğu müstəqil Azərbaycan bu gün daha da
möhkəmlənir. Müstəqilliyimizin vur-tut 20
yaşı olsa da, bu gün dünyanın ən nəhəng
dövlətləri Azərbaycanı tanıyır və
onunla əməkdaşlıq etməyə
çalışır.
20
illik müstəqil dövlətimizin qədrini bilmək, onu
yaşatmaq, müstəqillik yaşının üstünə
minlərlə yaş gəlməsini təmin etmək, onu
qorumaq, inkişafına əlimizdən gələn köməyi
göstərmək, dövlət bayrağımızın
dünya ölkələrində və beynəlxalq təşkilatlarda
əbədi və daimi dalğalanmasına nail olmaq hər
birimizin və gələcək nəsillərin müqəddəs
borcudur.
Ülviyyə İSMAYILOVA,
Xətai rayonundakı 55 saylı
orta
məktəbin müəlliməsi
525-ci qəzet.-
2011.- 26 oktyabr.- S.2.