Telekanallar ictimai rəyi nəzərə alırmı?

 

REKLAM BAZARININ DARLIĞI AZƏRBAYCAN TELEKANALLARINI CIDDI VERILIŞLƏRDƏN DAHA ÇOX ŞOU VERILIŞLƏRƏ, HAYLI-KÜYLÜ PROQRAMLARA YER VERMƏYƏ VADAR EDIR

 

Azərbaycandakı telekanallara qarşı, xüsusilə, şou-proqramlarla bağlı mövsümü, kampaniya xarakterli çıxışlar, ciddi iradlar olur. Sonradan isə bu məsələlər tamamilə unudulur. Etirazlara məhəl qoymayan telekanallar yalnız kosmetik dəyişiklik etməklə kifayətlənirlər. Həqiqətən bir televiziya verilişinin əhatə dairəsi, gördüyü işlər, ən kritik məqamda sərgiləyəcəyi obyektiv mövqeyin yaxud qərəzli münasibətin ictimai rəyə təsiri böyükdür.

İnternet qədər geniş yayılsa da, telekanallar yenə öz gücündədir. Bu sahə ilə bağlı narahatçılığın olması təbii qarşılanmalıdır.Çağrılmayan qonaq sayılan tv-lərin ictimai şüura təsir imkanları, bütün mənalarda böyük bir nəslin dünya görüşündə oynadığı rol hər zaman güclü olub. Elə ola bilər ki, məsuliyyətsiz, cahil bir şou aparıcısının proqramı böyük bir nəslə zərbə vursun. Təbii ki, bəziləri düşünəcək ki, veriliş xoşuna gəlmirsə, o zaman kanalı dəyiş. Ancaq bir vacib məsələ var ki, valideyn bütün günü əli silahlı azyaşlının, gənc övladının yanında dayanıb ona nəzarət edə bilməz.

Əslində şou verilişlər əttökən, şit zarafat meydanı demək deyil. Bu da müasir dünya teleməkanında cəmiyyəti məlumatlandırmaq baxımından bir yoldur, normal təqdimat formasıdır. Narahatçılıq doğuran odur ki, bəzi aparıcılar şou proqramları şit, lağ-lağı məkanı kimi təsəvvür edirlər. Bunun isə səbəbləri çoxdur. Ən əsası qeyri peşəkar veriliş aparıcılarının Azərbaycanın teleməkanında ortaya qoyduğu keyfiyyətsiz məhsullardır. Neçə illərdir bəzilərinin efirdə gecə-gündüz şit hırıltıları qulaqlarımızı yorub.

Yalnız tamaşaçını əyləndirməyə xidmət etməyən, bu şou proqramlar kommersiya tv-lərinin əsas gəlir mənbələrindən biridir. Çağdaş dünyanın televiziyalarında ciddi proqramların böyük əksəriyyətində əyləncə elementinin olması artıq müsbət ənənəyə çevrilib. Verilişdə tamaşaçını əyləndirərək hər hansı ciddi sosialbaşqa bir problemin müzakirəsi, cəmiyyətin maariflənməsinə yönələn addımların atılması normal hal kimi qəbul olunur. Bu şou proqramlar əyləncə xarakteri daşısa da bəzən ciddi məsələlərin müzakirəsinə həsr olunur.Çox normal şəkildə maarifçilik missiyasını yerinə yetirir.

Bu gün diqqət yetirsək görərik ki, hətta demokratiyanın atası sayılan ABŞ-da və həmçinin bəzi Avropa ölkələrində də tv proqramlarında əxlaqı dəyərlərin qorunmasına böyük diqqət yetirilir. Həmin ölkələrin tv-lərdə şou aparıcıları ənənəyə uyğun olaraq böyük məktəb keçirlər. Azərbaycanda isə yalnız tv-lərdə deyil, ümumilikdə, cəmiyyətin bir çox sahələrində təhsilsizlik acı nəticələrini verir.

Müşahidələr göstərir ki, Azərbaycanın telekanallarındakı bəzi aparıcılar təhsillərinə uyğun olaraq öz mədəniyyətlərini efirə gətirirlər. Lakin bu mədəniyyət, danışıq tərzi, davranış efirin tələblərinə nə dərəcədə cavab verir, bu başqa məsələdir. Yeri gəlmişkən bir məqamı da qeyd edim ki, 90-cı illərdə Bakı şəhərində iki milyon əhali olduğu halda bu gün bu rəqəm dörd milyona çatıb. Təbii olaraq əyalətlərdən gələn müxtəlif insanlar paytaxta öz mədəniyyətlərini gətiriblər. Bu çox normal haldır. Burada təəssüf doğuran odur ki, şou proqram aparıcıları əyalət təfəkküründən, kobud danışıq tərzindən qurtula bilmirlər.

Ədalətsizlik olar bütün tv proqramları haqqında eyni rəy bildirmək. Azərbaycan teleməkanında bəzi proqramları müsbət gözləntilər hesab etmək olar. Təəssüf ki, belə verilişlərin sayı o qədər də çox deyil. Tanınmış şou aparıcısı Kamran Həsənlidə və çox az sayda aparıcılarda bu müsbət keyfiyyətləri görmək olar.Ancaq nədənsə bu şoumenlik oturuşmuş ənənəyə çevrilə bilmir.

Tamaşaçının zövqü müxtəlifdir. Təbii ki, telekanal öz işini tamaşaçının zövqünə, istəyinə uyğun qurarsa, bu səhv olmaqla bərabər həm də ciddi fəsadlar verər. Ancaq istər çap mətbuatı olsun, istər elektron media olsun auditoriyaya yönəlməlidir, ictimai rəyi nəzərə almalıdır. Telekanal rəhbərləri bunun fərqində olmalıdır. Axı ən azından bir mənəvi məsuliyyət var.

Gerçəkdən hər bir şəxsdən kütləvi sürətdə səviyyə, peşəkarlıq tələb etmək mümkün deyil.

Ancaq milyonlarla auditoriyası olan telekanaldan bunu tələb etmək haqlı olar.

Dəfələrlə deyildiyi kimi biznes sahəsi sayılan medianın öz maraqlarını düşünməsi normal haldır. Elektron media sahəsində şou proqramlar məsələsinə baxışların fərqli olması təbii qarşılanmalıdır. Lakin bu münasibətlər aqressiv qeyri-peşəkar olmamalıdır. Azərbaycanda reklam bazarının mövcud iqtisadi inkişafa adekvat olmadığı məqamda medianın normal biznes sahəsinə çevrilməsi çətinlik yaradır. Bu da hər zaman deyildiyi kimi, peşəkarlığın aşağı düşməsinə gətirib çıxarır. Deməli, burada teleticarət işinin tənzimlənməsindən başlamaq lazımdır. TV-lərdə şou proqramların yayımı ilə bağlı qanunlar iqtisadi reallığa mövcud mənəvi dəyərlərə uyğun təkmilləşməlidir.

TV-lərin maliyyə problemləri bu sektorun inkişafında maneə yaradan başlıca amillərdən biridir.

Bu gün bəzi ölkələrdən fərqli olaraq Azərbaycanda kütləvi informasiya vasitələrinin geniş maliyyə imkanlarına çıxış imkanları zəifdir. Belə ki, telekanallarda yazılı mətbuatda gedən reklamların miqdarı keyfiyyəti özəl sektorun KİV- işləməkdə maraqlı olmadığını göstərir. Deməli, reklam bazarında əhəmiyyətli dəyişiklik etmək məqsədilə bütün tərəflərinin maraqlarını təmin edəcək bir qurumun yaradılmasına ehtiyac var. Çünki reklam bazarındakı fəsadlar daha da dərinləşə bilər.

İqtisadi Sosial İnkişaf Mərkəzinin araşdırmalarına görə, Türkiyədə reklamın bir dəqiqəsinin qiyməti orta hesabla 30-50 min dollar, Rusiyada 60 min dollar, Gürcüstanda reklamın bir dəqiqəsi minimum 3000 dollar təşkil edir. Azərbaycanda isə bu göstərici 1500 dollardır. Azərbaycan televiziyalarının reklamdan gələn illik gəlirləri hətta Türkiyə qəzetlərinin əldə etdikləri vəsaitdən aşağıdır.

Reklam bazarının darlığı Azərbaycan telekanallarını ciddi verilişlərdən daha çox şou verilişlərə, haylı-küylü proqramlara yer verməyə vadar edir. Çünki ciddi proqramların əhatə dairəsi reytinqi şou verilişlərlə müqayisədə çox aşağı olur.

 

 

Əkrəm BƏYDƏMİRLİ

 

525-ci qəzet.- 2011.- 26 oktyabr.- S.6.